"Elə ki, dövlətin cəza siyasəti işə düşür, onda..." - Zahid Orucdan maraqlı açıqlamalar

img

06-12-2019 [22:35]


Sosial Tədqiqatlar Mərkəzinin sədri, millət vəkili Zahid Oruc Redaktor.az-a müsahibə verib.
 
Mia.az həmin müsahibəni təqdim edir: 
 
- STM seçkiyə qatılıb-qatılmayacaqları ilə bağlı müxalif partiyalar arasında sorğu keçirəcəkmi? Sizcə, müxalifətin parlamentdə təmsil olunma ehtimalı hansı səviyyədədir?
 
- Hətta istəsək belə, onu təmin etmək o qədər də asan deyil. Çünki narazı elektoratın hamısı siyasiləşmiş qüvvələrin elektoratı deyil. Digər tərəfdən, ölkəmizdə sərt üzvləşmə və partiyalaşma bütün ucqarlara qədər dərinləşmədiyindən, iqtidar əleyhdarlarının coğrafiyasını tərtib edib onların hansı tələbləri irəli sürdüklərini müəyyənləşdirmək olduqca çətindir. 
 
Əslində bir Mərkəz olaraq, biz, bütün məsələlərdə neytrallıq və elmi prinsipləri qoruyub saxlayaraq, hakimiyyətdə olmayan təşkilatların insan resurslarının dəqiq çəkisini bilmək istərdik və hətta onların rəhbər şəxslərinin iddialarının yerlərdəki tərəfdarlarının rəyi ilə necə uzlaşdığını obyektiv olaraq göstərməkdə maraqlıyıq. Lakin nə Milli Şura, nə də Müsavat partiyası, o cümlədən, digər qüvvələr həftəlik toplantılarında bir araya gələn məhdud sayda adamların bəyənatından başqa, bütün ölkə boyu müxalif mövqeli vətəndaşların əslində nə istədiyinin bilinməsində o qədər də istəkli görünmürlər. 
 
Halbuki, demokratik idarəetməni rəhbər tutduqlarını deyənlər, qərarlarını aşağılardan soruşaraq, onlarla razılaşaraq verməlidilər. Biz belə mənzərəni qarşımızda görmürük. Əksinə, 19 oktyabrda insanları polislə toqquşmaya təhrik etməklə 2003-cü ilin 15 oktyabr seçki nəticələrini dəyişməyə çalışanların əzildikdən və məğlub olduqdan sonra, uzun müddət məruz qaldıqları xəyal qırıqlığı səhnəsi sanki təkrar olunur. Halbuki, seçkilərdə iştirak münasibətləri duruldar, bütün hərəkətləri hüquq müstəvisinə qaytarar və xalqın səsi ilə udan və uduzanların müəyyən olunması sabitliyi möhkəmləndirərdi. Axı, seçkilər maraq konfliktlərini çözən ən yaxşı hakimdir.
 
- Hər halda MM-in buraxılması ictimaiyyətdə müsbət qarşılanıb, o cümlədən rəqib cinahda müəyyən bir toparlanma özünü göstərməyə başlayıb. Üstəlik, onlar seçkilər əleyhinə birlik yaratmağa da cəhd edirlər..
 
- Bəli, virtual aləmdə, bloqerlərin kontentlərində insanların əksəriyyəti bu qərardan məmnunluğunu, sevinc hissini nümayiş etdirir. Deməli, yeni seçkilər xalqın dövlətçilik həyatına daha aktiv qoşulması fürsətinə çevrilə bilər. Bütün ölkə miqyasında problemlərin əsasında tərtib olunan yeni gündəlik meydana çıxar. Heç şübhəsiz dövlətin verdiyi qərarlara cəmiyyətin reaksiyası çox önəmlidir. Bununla bərabər, uzun illər ərzində parlamentin fəaliyyətindən narazılıq edən, bu qurumu yalnız hakimiyyətin iradəsinə bağlı olmaqda günahlandıran, ələlxüsus da son illərdə konkret şəxslərin ehtiyatsız çıxışları üzərindən bütün iqtidarın üstünə yeriyən, buna görə az qala bütöv parlamenti linç etməyə çalışan, yeni Məclisin qurulmasının zərurətini bəyan edən, seçkinin vacibliyini irəli sürən adamlar, bu gün çox maraqlı davranış sərgiləyirlər. Onların əvvəlki fikirlərinin, müsahibələrinin hamısı internet resurslarında qalır. İndi 100 il əvvəlki vaxt deyil. Tarixin arxivini üzə çıxarmaq bir an məsələsidir.
 
Qış mövsümünün seçkilər üçün əlverişsizliyi arqumenti müharibələrin yalnız yay aylarında aparılması kimi gülünc bir yanaşma ilə eynidir. Məgər xalqlararası silahlı savaşları nə vaxt başlamağa dair standart bir təqvim var ki? Təzad ondadır ki, uzun illər Ana qanunu tanımaq istəməyənlər indi həmin ali sənədlə az qala mövcud parlamentin qalmasının tərəfdarları kimi çıxış edilər. Müxalifətin irəli sürdüyü şərtlər qəbul olunsa, seçki prosesi hakimiyyətdə olmayanların iradəsindən asılı vəziyyətə düşür və nəticədə heç bir qanunverici orqan formalaşa bilmir. Elə olanda hakimiyyətin bir qolunun yaradılması mümkünsüz olur və bu, siyasi böhran mənbəyinə dönə bilər. İndiki reallıqda müxalifətin ölkə həyatında iştirakına əlverişli şərait yaranıb.Yalnız "Real"dan və "Ümid"dən şərtsiz yanaşmanı görürük.
 
Toparlanmaya gəldikdə, Əli İnsanovla birgə əyləşmək və kameralara düşmək əgər vahid bir İttifaqdırsa, onda bütün diskreditasiya etmək üçün nə qədər korrupsiyaya ugrayan kadrlar var, onları rəqib düşərgəyə göndərməklə əks platformanın idealları ləkələmək olar. Yaxşı xatırlayıram, keçmiş Baş nazir Pənah Hüseyn bir dəfə demişdi ki, Rəsul Quliyevin onların düşərgəsinə transferi müxalifətin ideya-siyasi simasını qarşırdırdı və bir amorfluq yaratdı. Halbuki, sabiq Səhiyyə naziri sırf qisasçılıq xəttini irəliyə sürür və onun keçmişi gələcəyini təhdid edir. O, hakim partiyadan seçki iddiaları zəminində qopanlar olsa, onlara da qapı açmağa hazırlaşır. Belə şəraitdə ən demokratik seçimdə təkcə administrativ resurs prosesin taleyini həll edəcəkdir.
 
Prezidentin BDU-nun 100 illiyi ilə bağlı yubiley çıxışında vurğuladığı kimi, bu gün yeni müxalifətin də formalaşması üçün yaxşı imkanlar yaranıb. Bir çoxları bu bəyanatdan sonra söyləyirlər ki, çox güman artıq hanısa konstruksiyalar cızılıb. Bu partiyaları əvəz edən başqa qüvvələrin səhnəyə çıxarılacağını düşünənlər də az deyil. Məsuliyyətlə deyirəm ki, bu, ümumiyyətlə, qeyri-mümkündür. Hakimiyyətin özünə müxalifət yaratması real məsələ deyil. Bu təşəbbüs insanların özündən gəlməlidir.
 
Ölkədəki təhlükəsizliyi qorumaq, sabitliyi hifz etmək, xalqın qarşısına getmək, insanların tələblərinə cavab vermək və s. asan məsələlər deyil. Mən hərdən təklif edirəm ki, bəzi müxalif qüvvələrə orta və aşağı həlqələrdə yer vermək lazımdır ki, idarəetmənin nə demək olduğunu başa düşsünlər. Bəzən qazı, suyu gəlməyən, işığı yanmayan, haradasa bir çətinliklə qarşılaşan adamların gündəlik tələblərinin nə demək olduğunu anlasınlar. Bu qüvvələrə elə gəlir ki, məmur olmaq yalnız isti kabinetlər deməkdir. Əksinə, müxalifət olmaq klaviatura arxasında ultimatumlar və siyasi pamfletlər yazmaq, dünya inqilabları haqda marselyozalar bəsləmək, ölkədə heç nəyə məsuliyyət daşımamaq və səfirliklərin ziyafət məclislərində dövlətdən şikayətlər vermək deyil. Onu bolşeviklər 100 il əvvəl Qərbin diplomatiya dəhlizlərində edirdilər..
 
Hər halda, ümumiləşdirib demək olar ki, iqtidar müxalifətsiz mübarizədə  qalibiyyətini elan etməyə hazırlaşmır.
 
- Yeni parlament seçkiləri keçirildikdən sonra hakimiyyətin 3 qanadı arasındakı münasibətlər necə tənzimlənəcək?
 
- Açığı desək ki, proseslərin məhkəmə sistemini əhatə etməsi və insanların hüquqa inamının artması, ədalət mühakiməsinə etibarının güclənməsi ilə bütövlükdə ölkədə bütün hakimiyyət qolları arasında son dərəcə sağlam əlaqələr formalaşdıra biləcək. Biz başa düşməliyik ki, hakim öz funksiyalarını yerinə yetirməyəndə, qanunun normalarını düzgün tətbiq etməyəndə, insanlar inamla gəldikləri yerdən narazılıqla çıxıb gedəndə, digər hakimiyyət qolları istər-istəməz yüklənmiş olur.
 
Məhkəmə-hüquq sistemində çatışmazlıqlar şikayətlərin ya Məclisə, ya da dövlət rəhbərliyinə yönəlməsinə səbəb olur. Təsəvvür edin, onların sayı bir ayda 10 mindən çoxdur. Müəyyən qismi sosial qəyyumluq istəkləri olsa da, müraiciətlərin çəkili hissəsi aşağı dövlət orqanların fəailiyyəti və ya fəaliyyətsilziyi haqdadır. Sirr deyil ki, uzun illərdir Heydər Əliyev Fondu digər hakimiyyət qollarının yükünü daşıyır.
 
Apardığımız tədqiqatlardan məlum olur ki, Azərbaycan dövlətinin üzərinə gələn qüvvələrin mühüm bur hissəsi Qarabağ məsələsi, regional təhlükəsizlik və s. problemləri deyil, əfsuslar olsun ki, məmur obrazları ilə silahlanırlar. 
 
Məsələn, bir insan nazirlikdən istefaya göndərilir. Həmin adamın daxildə və xaricdə olan, ya uydurulan villalarının, mülklərinin, əmlakların siyahısını yayırlar. Bundan sonra hakimiyyətin nə üçün o qüvvələrə nəzarət etmədiyi gündəmə gətirilir. Ardınca bütün idarəçilik sistemi suçlandırılır və müasir kommunikasiya vasitələri ilə kütləvi linçetmə kampaniyasına start verilir. Elə ki, dövlətin cəza siyasəti işə düşür, onda bütün əvvəlki ittihamları unudaraq, "zərərdidə”nin ətrafında siyasi çətir qurulur, müdafiə istehkamları tikilir. Keçmişdə Ali Sovetin rəhbərini ən ağır ibarələrlə ittiham edirdilər. Adam Amerikaya gedəndən sonra, iqtidar əleyhdarları onu demokrat elan etdilər. Bu günə qədər də ondan bu adı geri almayıblar.
 
- Qeyd etdiyiniz kimi, bir çox sahələrdə reformlar davam etməkdədir. Cəmiyyət ən çox məhkəmə-hüquq sistemində reformlara ehtiyac olması qənaətindədir. Bəs bu sahədə hansı reformların aparılması planlaşdırılır?
 
- Birinci növbədə, vəkillərinin sayının artırılması davam etməlidir. Hazırda Kollegiya problemi həll etmək üçün böyük işlər görür. Bölgələrdəki durumu dəyişməkdən ötrü sistemli işlər aparılır. Digər tərəfdən, hakimlərin sayının Avropa Şurasına daxil olan ölkələrin normasına çatdırılması, qərarvermədə müstəqillik, proseslərə aşkarlıqda baxılma mexanizmlərinin gücləndirilməsi və nəhayət, ekspertiza sisteminin yenidən qurulmasına dair son dəyişikliklərin gerçəkləşdirilməsi o quruma vətəndaş inamını artıra bilər. Unutmaq olmaz ki, xarici investor üçün də bir nömrəli təminat onların iqtisadi fəaliyyətinə müdaxilələrdən qanunlarla necə müdafiə olunmaqlarından asılıdır.
 
Gəlin, sovet dövrünün məhkəmələrini xatırlayaq. İmperiyanın tərkibində olduğu üçün Moskvadan gələn əmrləri həyata keçirsələr belə, milyonlarla insan sovet hakimlərinin ədalətinə inanırdı. İndi biz müstəqilik və paytaxt Bakıdan idarə olunuruq. Hər bir məhkəmə qərarı dövlətin məhək daşlarına təsir edir.
 
- Yeni parlament formalaşdıqdan sonra, hakimiyyətin strukturunda hansısa dəyişikliklərin edilməsi gözlənilirmi?
 
- İndi hamı İstiqlaliyyət küçəsi 19, bir nömrəli Kabinetdən verilən qərarları gözləyir. Hər kəs yaxşı başa düşür ki, bu dövlət, millət həyatının həlledici ünvanı məhz oradır. Bəli, məmur yükü azaldılır, idarəetmənin yığcamlaşdırılması, bürokratizmin sərtliyinin aradan qaldırılması baş verir və nəticədə büdcədən asılılıq... Şəffaflıq, ünvanlı xərclənmə problemləri də yoluna qoyulacaq. Təbii ki, parlamentdə yeni kadrların, simaların və ən başlıcası, aktiv fəaliyyət mexanizmlərinin önə çıxması imkan verəcək ki, idarəetmə sistemi Cənubi Qafqazda və regional səviyyədə tamamilə qansız-qadasız, küçə savaşları, vətəndaş toqquşmları olmadan yeniləşə bilsin!
 
- Ölkə başçısı yanvar ayında  çıxışında bildirmişdi ki, qurumlar arasında paralellik var. Bu da idarəetmənin şişirdilməsinə səbəb olur. Məsələn, bizdə Nazirlər Kabineti və I Vitse-prezidentlik institutu fəaliyyət göstərir. Qarşıdakı dövrdə NK-nın ləğv edilməsinin şahidi olacağıqmı?
 
- Mehriban Əliyevanın dövlət quruculuğunda aparıcı missiyası son illər yeni mərhələyə qədəm qoyub. Elə bu yaxınlarda Azərbaycan nümayəndə heyətinin başçısı kimi Birinci Vitse prezidentin Rusiyaya səfərini izlədik. Dövlət idarəçilik sistemində 2-ci pillədə olan şəxsin Rusiyada Vladimir Putin, Dmitri Medvedyev, Valentina Matvienko səviyyəsində qəbulu mühüm hadisə idi.
 
İkinci tərəfdən, Mehriban Əliyeva daxildə- idarəçilikdə humanitar siyasət, mədəniyyət və təhsillə yanaşı, sosial-iqtisadi problemlərin, məsələn, devalvasiyanın nəticələrinin aradan qaldırılmasında, qaçqın və məcburi köçkünlərlə bağlı çox ağır sahələrdə də ön plandadır. Bütün bunlar dövlət başçısını tamamlayan siyasətdir. İlham Əliyev hakimiyyəti bütün bu addımlarla güclənir. 
 
Bununla bərabər, Nazirlər Kabinetinin ləğv olunması, hökumətin hər hansı bir şəkildə Vitse-prezidentlik institutuna tabe etdirilməsi yalnız referendumla həll olunacaq məsələdir. İndiki gerçəklikdə hakimiyyətdə bu cür konfiqurasiya dəyişikliyinə gedilməsi böyük ictimai diskussiyalar tələb edir. Fikrimcə, prezident institutunun güclü olması, bütün prosesləri əldə saxlamağa imkan verir. Əks halda, xüsusilə müharibə təhlükəsi olan ölkələrdə proseslərin məcrasından çıxması təcrübəsini də unutmalı deyilik. Bu isə arzuolunmazdır. Bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi islahatlar səngərdə əsgərlərin, Azərbaycan ordusunun çiyinləri üzərində dayanır. Qazaxıstanda yaxud da Norverçdə islahat aparmağa nə var ki?!
 
Çünki onların ərazi bütövlüyünə qəsd edilməyib. Lakin bir sıra digər sahələrdə də yeniləşmələrə ehtiyac var. İlk növbədə, bələdiyyəyə itirilən etibarı geri qaytarmalıyıq, demərkəzləşməyə getməliyik, icra hakimiyyətləri ilə bələdiyyələr arasında səlahiyyət bölgüsünün balansını yaratmalıyıq, hər bir bölgənin iqtisadi müstəqilliyini artırmalıyıq, paytaxta axını azaltmalıyıq, maaş və pensiyaların hər bir şəxsin normal yaşayışını təmin edəcək həddə gətirib çıxartmalıyıq və s. Bütün bu işlər indiki hökumət reallığında mümkündür. Yetər ki, hər bir hökumət üzvü keçmişin kölgəsindən çıxmağı bacarsınlar.
 
- Zahid bəy, bələdiyyələrin səlahiyyətlərinin artırılmasından bəhs etdiniz. Amma növbədənkənar parlament seçkilərinin gündəmə gəlməsi onsuz da maraq az olan 23 dekabar bələdiyyə seçkilərini tamamilə kölgə altında qoydu. Sizcə, 2020-ci ildə yenidən növbədənkənar bələdiyyə seçkilərinin keçirilməsi mümkündürmü?
 
- Bu gün başa düşmək lazımdır ki, 20 il öncəki eyforiya bir qədər arxada qalıb. Bunun obyektiv səbəbləri var. İlk vaxtlar insanlar hesab edirdilər ki, bizdə də bələdiyyələr Türkiyə modeli kimidir. Bütövlükdə idarəçilik bələdiyyələrə məxsusdur. Hətta Türkiyədə proseslər o miqyasdadır ki, bələdiyyə seçkiləri siyasi hakimiyyət məsələsini də həll edir. Bizdə ancaq siyasi məkanda qüvvələr nisbəti dəyişsə, çoxlu partiyalar, siyasi təşkilatlar birdən-birə səlahiyyətləri artırılan bələdiyyələrə üz tutmağa qərar verə bilərlər. Amma bunun baş verməsi inandırıcı deyil. Çünki siyasi məkanda o qədər partiya yoxdur. Hazırda əsas məsələ icra hakimiyyətləri ilə bələdiyyələr arasında münasibətləri aydınlaşdırmaq və şəffaflaşdırmaqdır. Bunu etsək, onların bir-birinin fəaliyyətinə olan müdaxilələrini tam ortadan qaldıracağıq. Bundan sonra formalaşacaq yeni tərkib də əminəm ki, yerlərdə insanlarımızın ən ümdə arzularını yerinə yetirmək üçün şərait yaradacaq. Bu sahədə kifayət qədər qanunlar var. Özünüidarə prosesinə xalqın cəlb edilməsi üçün ilk növbədə bələdiyyələrin sayını azaltmaq lazımdır. Əlbəttə açıq demək lazımdır ki, öz ağırlıq dərəcəsinə görə qanunverici orqanın növbədənkənar seçkilərə hazırlaşması bələdiyyələrlə müqayisə oluna bilməz. Bir seçkinin digəri ilə paralelləşməsi prosesə təsirsiz ötüşməyəcək. Bir çoxları buna uyğunlaşmaq üçün ayrı-ayrı koalisiyalara gedəcək, birləşəcəklər. Fərdi şəxslər çərçivəsində biz hər iki seçkidə iştirak arzusunu dilə gətirənləri görəcəyik.
 
 - Bəs, ümumiyyətlə, ikinci növbədənkənar seçkilər bələdiyyələrlə bağlı keçirilə bilərmi?
 
- Xeyr. Çünki ölkə normal siyasi dinamikadadır. Parlamentin formalaşmasından sonra hakimiyyət qolları arasında sinxron fəaliyyyət yenidən bərpa olunacaq.
 
- Qonşu ölkələrdə baş verən proseslər bizə də təsirsiz ötüşmür. Hazırda Gürcüstanda proporsional seçki sisteminə keçidlə bağlı aksiyalar davam etməkdədir. Azərbaycanda da bu sistemə keçid baş verə bilərmi?
 
- Bizim müstəqilliyimizin ilk 10 ilində belə bir praktika mövcud idi. Lakin sonrakı dövrdə 100 nəfər Məclis üzvü majoritar, 25 nəfər isə proporsional şəkildə formalaşırdı. Lakin həmin sistem özünü doğrultmadı. Səbəbləri də çox dəqiqliklə ifadə edilmişdi. Partiyalar 100-cü dərəcəli bir adamı çox rahatlıqla öz siyahılarının önünə yaza bilirdilər. Vətəndaş rəyləri toparlanırdı, ortaya çıxan nəticədən heç kimin tanımadığı bir  fiqur da Məclis üzvlüyünə şans qazanırdı. Xalq əvəzinə partiyaların seçdiyi belə qaydanın ziyanı bunla bitmirdi. Konkret dairədən səs almayan parlamentari özünü heç bir seçici qarşısında öhdəlikli saymırdı.Bir sözlə, seçən və seçilən bir-birini tanımaq istəmirdi.
 
Majoritor üsul ümümazərbaycan təmsilçiyinə hüquq verməklə yanaşı, ayrıca bir bölgə əhalisi qarşısında siyasi-mənəvi cavabdehlik yaradır. Reallıqda kim onu necə yerinə yetirir, biz ondan danışmırıq.
 
Majoritor modellə Azərbaycan xalqının iradəsini təmsil etmək mümkündür. Lakin partiyaların vitrinində olan şəxslər ortadadır. Bu gün kölgə parlamenti kimi çağırışlar var. Real səlahiyyəti olmayan, verdiyi hansısa qərarın icrasını təmin edə bilməyəcək yüzlərlə təşkilat formalaşdırmaq olar. Amma bununla hökumət qurmaq, hakimiyyət formalaşdırmaq mümkün deyil. Bu gün pəncərə açılır. Bundan istifadə etmək lazımdır.
 
Firuzə Vahid 
Digər xəbərlər
SON XƏBƏRLƏR