Siyavuş Novruzov: "Milli Şuradakılar “Çevir tatı, vur tatı” ilə məşğuldurlar"

img

31-07-2013 [12:45]



"Görüşün harada keçirilməsindən asılı olmayaraq, müzakirə edilən məsələlər eynidir”. Bunu "Qafqazinfo”ya açıqlamasında YAP-ın icraçı katibinin müavini, millət vəkili Siyavuş Novruzov dünən Tiflisdə keçirilən Milli Şuranın İbrahimbəyovla görüşünə münasibət bildirərkən deyib.

S. Novruz bildirib ki, Milli Şuradakılar atalar sözündəki kimi, "Çevir tatı, vur tatı” ilə məşğuldurlar: "Mən dünən də bildirmişdim ki, onlar sadəcə olaraq, turist kimi gəzməyə gediblər. 20 ildir bunlar bu işlə məşğuldurlar. Bunlar özlərini başqa dövlətlərə, qurumlara, təşkilatlara bənzədirlər, yeni quruluş yaratmaq arzusu ilə yaşayırlar. Bunların hamısı utopik düşüncələrdir, xülyadan başqa bir şey deyil. Bu insanların heç bir ideyası, düşüncə tərzi yoxdur. Bunların necə fəaliyyət göstərdiyini xalq özü görür”.

YAP rəsmisi qeyd edib ki, əslində Rüstəm İbrahimbəyov özü qanunu pozub: "Kimin hansı düşüncə tərzində olmasından asılı olmayaraq qanun hamı üçün eynidir. İkili vətəndaşlığı olan biri, qanun pozuntusuna yol verdiyi halda necə rəhbər vəziəsinə iddialı ola bilər axı?”

S. Novruzov Milli Şura üzvlərinin Rüstəm İbrahimbəyovun Azərbaycana qayıtmaması üçün hakimiyyətin süni maneələr yaratdığı ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib: "Bəyəm, Azərbaycan hökuməti ondan xahiş etmişdi ki, Rusiya vətəndaşı olsun. Bunlar münəccimlik edirlər, guya Rüstəm İbrahimbəyov Azərbaycana gəlsə, Moskvaya qayıtmasına mane olunacaq. Həmin şəxslər səhv cəhətlərini deməkdənsə, böhtan, şantaj, dezinformasiya xarakterli məlumatlar yaymaqla məşğuldurlar, Belə görünür ki, Rüstəm İbrahimbəyov üçün Rusiya vətəndaşı olmaq daha əzizdir”.

S. Novruzov onu da əlavə edib ki, Milli Şura üzvləri İbrahimbəyovun Rusiya vətəndaşlığına xitam verilməsi ilə bağlı prosedurun sürətləndirilməsi üçün Vladimir Putinə, Milli Şuranın vahid namizədinin seçkidə sərbəst iştirakına təminat yaradılması üçün ABŞ Konqresinə və Dövlət Departamentinə müraciət edəcəklərini deyirlər: "Prezident seçkisi Azərbaycanda keçirilir, yoxsa həmin ölkələrdə? Xalqa müraciət etməkdənsə, müxtəlif ölkələrə, qurumlara müraciətlər ünvanlayırlar. O dərəyə, bu təpəyə qaçırlar”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA