8 Gənclər təşkilatının seçkilərlə bağlı birgə bəyanatı

img

30-07-2013 [12:54]



Biz, aşağıda imza atan gənclər təşkilatlarının təmsilçiləri, gənc fəallar, tələbə və gənclər bildiririk ki, 2013-cü ilin Azərbaycanda prezident seçkisinin keçiriləcəyi il olmasına baxmayaraq, hazırda ölkədə azad və ədalətli seçki keçirmək üçün mühit yoxdur. Seçki mühitinin yoxa çıxması 2013-cü ilin əvvəlində gənclər tərəfindən təşkil olunmuş və gənclərin iştirakı ilə keçirilmiş kütləvi aksiyalarda iştirak edən gənclərin cərimələnməsi ilə başladı.

Biz, bu cərimələrin gənclərin sərbəst toplaşmaq azadlıqlarından istifadəsinə ciddi sədd olduğunu bildiririk. Daha sonra gənc fəalların, gənclərin siyasi proseslərdə iştirakına əhəmiyyətli töhfə verən gənclərin qondarma ittihamlarla həbs edilməsi siyasi fəallığı daha da boğdu.

Biz, qondarma ittihamlarla həbs edilmiş gəncləri seçki məhbusları sayır, onların həbsdə olduqları təqdirdə keçiriləcək seçkiləri azad və ədalətli seçkilər olaraq tanıya bilməyəcəyimizi bəyan edirik.

Biz, prezident seçkiləri ərəfəsində hakimiyyəti tənqid edən jurnalistlərin intim görüntülərinin yayılmasını qətiyyətlə pisləyir, azad və ədalətli seçkilər keçirəcəyini bəyan edən ölkə üçün bunu utanc verici hadisə kimi qiymətləndiririk. Biz, hakimiyyəti seçkilər zamanı daha məsuliyyətli və mənəviyyatlı davranmağa səsləyirik.

Biz, beynəlxalq təşkilatların Bakıdakı nümayəndəliklərinin, aparıcı dövlətlərin səfirliklərinin də Azərbaycanda demokratik institutların formalaşması üçün mövqe nümayiş etdirməsini gözləyir, onları müvafiq addımlar atmağa səsləyirik.

Biz, Azərbaycan hakimiyyətini gənclərin inzibati qaydada həbs edilməsini dayandırmağa, həbsdə olan seçki məhbuslarını azad etməyə, sərbəst toplaşmaq və ifadə azadlığını təmin etməyə, gənclərin siyasi proseslərdə iştirakına görə onlara edilən təzyiqləri dayandırmağa səsləyirik. Eyni zamanda, bütün tərəfləri ədalətli və mənəvi dəyərləri aşmayan seçki kampaniyası aparmağa səsləyirik.

1) AXCP Gənclər Komitəsi

2) Müsavat Gənclər Təşkilatı

3) NİDA vətəndaş hərəkatı

4) VHP Gənclər Təşkilatı

5) Dalğa Hərəkatı

6) Müsbət Dəyişiklik Gənclər Hərəkatı

7) Gənclər Klubu İB

8) Azad Gənclik Təşkilatı


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA