"Tamaşaçılar düşük, səviyyəsiz verilişləri boykot etməlidirlər"

img

19-09-2019 [21:19]


"Dövlət büdcəsindən maliyyələşən AzTV, Mədəniyyət TV, İdman Azərbaycan, İTV, Respublika radiosu, İctimai Radio və "ASAN” radionun efirində daha çox ictimai maraqlara xidmət edən yayımlar həyata keçirilir”. 

Bu barədə Milli Televiziya və Radio Şurasının məlumatında bildirilib. 

Qurumdan verilən açıqlamada vurğulanıb ki, hazırda Azərbaycanda 92 teleradio yayımçısı və operatoru fəaliyyət göstərir: "Son dövrlər bu yayımçıların proqram siyasətində müsbət dəyişikliklər, dinamika özünü qabarıq şəkildə göstərməkdədir. Belə ki, proqram səbətində yer alan, auditoriyanın müxtəlif seqmentlərini hədəfləyən yeni layihələr tamaşaçı və dinləyicilərin rəğbətini qazanır. Ancaq özəl teleradio yayımçıları maarifləndirici və informasiya verilişləri ilə yanaşı, şou-əyləncəli proqramlar yayımlayır. Nəzərə almaq lazımdır ki, özəl yayımçı həm də sahibkarlıq subyektidir və təbii olaraq, auditoriya toplamaq, daha çox reklam cəlb etmək və bununla da maddi gəlir əldə etmək naminə rəqabət aparır. Reytinqli layihələr isə əsasən şou və əyləncə janrlı proqramlar hesab edilir. Nəticə olaraq bu gün özəl yayımçıların efirində şou və əyləncəli proqramlar çoxluq təşkil edir”. 

MTRŞ-nin məlumatında vurğulanıb ki, seçim imkanlarının genişliyinə baxmayaraq, ictimaiyyət tərəfindən ümumölkə kanallarında bəzi proqramların məzmun keyfiyyəti ilə bağlı narazılıqlar dilə gətirilir. Bu kontekstdə Milli Televiziya və Radio Şurasının fəaliyyəti müzakirəyə çıxarılır, qurumdan daha sərt addımlar gözlənilir. Lakin nəzərə alınmalıdır ki, Azərbaycanda senzura 1998-ci ildən ləğv edilib və MTRŞ yalnız mövcud teleradio yayımı haqqında qanunvericilik çərçivəsində tənzimləmə funksiyasına malikdir.

"Televiziya və radio yayımı haqqında” qanuna görə, şura yayımçıların peşə və yaradıcılıq fəaliyyətinə müdaxilə etmir və eyni zamanda, buna görə də məsuliyyət daşımır. Şura yalnız qanunvericilikdə əksini tapmış konkret məsələlərlə bağlı hüquqi addımlar atmaq səlahiyyətinə malikdir. Bu istiqamətdə MTRŞ mütəmadi olaraq müvafiq qərarlar qəbul edir, yayımçılara qarşı inzibati tənbeh tədbirləri, cərimələr müəyyən edilməsi üçün məhkəmələrə müraciət edir. Eyni zamanda, ictimaiyyəti narahat edən bu məzmun keyfiyyəti problemini MTRŞ də bölüşür və narahatlığını ifadə edir. Bu sahədə yayımçılarla mütəmadi görüşlər keçirilir, zəruri tövsiyələr verilir. Bu tendensiya bütün dünya audiovizual media sistemi üçün xarakterikdir. Ölkədə həm ciddi, maarifçilik yüklü verilişlər, həm xəbər-informasiya, həm də şou-əyləncəli proqramlar yayımlayan xeyli sayda teleradio yayımçısı fəaliyyət göstərir. 

Son illərdə fəaliyyətə başlamış ixtisaslaşmış xəbər kanalları olan Real TV, ARB 24 də tamaşaçılara seçim imkanları verilməsi baxımından mühüm rol oynayır. Bundan başqa, çoxsaylı kabel, İP TV və peyk operatorları vasitəsilə populyar xarici kanalların da ölkəmizdə keyfiyyətli retranslyasiyası həyata keçirilir. Bir sözlə, artıq seçim vətəndaşların öz əllərindədir. 

Milli Teleradio Şurası Azərbaycan tamaşaçısının nədən narazı olduğunu bilir. Açıqlamada da buna aydın işarələr var. Yerli telekanallarda bir sıra proqramların məzmun keyfiyyəti tamaşaçını qane etmir, hətta hiddətləndirir də. Bu, əsasən şou, əyləncə proqramlarına aiddir. Proqrama dəvət edilən qonaqların davranışı, danışıqları tamaşaçını qıcıqlandırır. Proqramların qonaqları da daimidir. Sanki proqram rəhbərləri 3-5 müğənni ilə müqavilə imzalayıblar, hər 2-3 verilişdən bir eyni simalar qonaq qismində dəvət edilirlər. Elə proqramlar var ki, tamaşaçı hansı müğənninin efirə çıxacağını "aşağı-yuxarı” düz təxmin etmiş olur. Belə təəssürat yaranır ki, proqramların sponsoru məhz müğənnilərdir. Bir də dərman şirkətləri, klinikalar. TV-proqramların efir vaxtının böyük bir hissəsi klinikaların, dərmanların reklamına sərf olunur. Tamaşaçı narazılıqları isə "özəl yayımçı həm də sahibkarlıq subyektidir və təbii olaraq, auditoriya toplamaq, daha çox reklam cəlb etmək və bununla da maddi gəlir əldə etmək naminə rəqabət aparır. 

Reytinqli layihələr isə əsasən şou və əyləncə janrlı proqramlar hesab edilir” arqumenti ilə qarşılaşır. Belə çıxır ki, özəl telekanallar pul qazanmaq üçün hər hansı üsula əl ata bilər və burada heç bir ölçü-tərəzi gözlənməməlidir.  Başqa arqumentsə, "bu tendensiya bütün dünya audiovizual media sistemi üçün xarakterikdir” fikridir. Yəni İngiltərə, ABŞ, Türkiyə və ya Rusiya telekanallarında nə edirlərsə, biz də onu təkrarlamalıyıq? 

Telekanalların, proqram rəhbərlərinin bir əsası var ki, gəlir yalnız şou proqramlardan əldə edilir, məcburuq efiri şou və əyləncəli proqramlarla dolduraq. Tutalım, bunu qəbul etdik. Bəs səviyyə, keyfiyyətə nə sözünüz? 

Yəni bu şou proqramı da keyfiyyətli tərtib etmək olar da. Təbii, əgər peşəkarlıq, bilik, savad varsa. MTRŞ deyir ki, məzmun keyfiyyəti ilə bağlı narazılıqlar dilə gətirilir və bu kontekstdə Milli Televiziya və Radio Şurasının fəaliyyəti müzakirəyə çıxarılır, qurumdan daha sərt addımlar gözlənilir. Halbuki "Televiziya və radio yayımı haqqında” qanuna görə, şura yayımçıların peşə və yaradıcılıq fəaliyyətinə müdaxilə etmir və eyni zamanda, buna görə də məsuliyyət daşımır. Şura yalnız qanunvericilikdə əksini tapmış konkret məsələlərlə bağlı hüquqi addımlar atmaq səlahiyyətinə malikdir. Bu istiqamətdə MTRŞ mütəmadi olaraq müvafiq qərarlar qəbul edir, yayımçılara qarşı inzibati tənbeh tədbirləri, cərimələr müəyyənləşdirilməsi üçün məhkəmələrə müraciət edir. Və yayımçılara tövsiyələr verir.

 Tövsiyə və cərimələrlə vəziyyət düzəlmir, hamı da bunun şahididir. Bəs necə olsun? Bunun da cavabını hazırlayıblar: "seçim öz əlinizdədir. İstəyirsiniz baxın, istəyirsiniz baxmayın”. Digər arqumentdə "tamaşaçı nə istəyir, onu göstəririk”. Onda bu televiziyalar niyə fəaliyyət göstərir? Niyə onlara tezlik verilir? Yayım hüququ əldə edirlər? Televiziya kütləvi informasiya vasitəsidir və əhali - vətəndaşlar üçün nəzərdə tutulub. Vətəndaş baxmayacaqsa, onda nəyə gərəkdi? 

MTRŞ-nin gündəmə gətirdiyi məsələ ilə bağlı "Şərq”ə danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü, tanınmış jurnalist Azər Həsrət deyib ki, televiziya kanallarının və eyni zamanda radioların fəaliyyəti ilə bağlı MTRŞ öz səlahiyyətləri çərçivəsində hansısa iş görə bilər. Ancaq hüquqi səlahiyyətdən kənara çıxa bilməz:

"MTRŞ başqa cür addım atarsa, bu, yaxşı qəbul edilməz və qurum ciddi tənqidlə üzləşə bilər. Bu baxımdan MTRŞ haqlıdır. Telekanallarda efirə gedən verilişlərin keyfiyyəti, tamaşaçıların kefini korlaması və s. neqativ məqamlar birbaşa televiziyaların öz problemidir. Ancaq bu məsələdə sadəcə televiziyalar məsuliyyət daşımır, eyniylə biz tamaşaçılar, efir izləyiciləri də məsuliyyət daşıyırıq. Biz özümüz tamaşaçı olaraq o cür düşük, keyfiyyəti aşağı olan verilişləri izləməkdən, dinləməkdən imtina etməliyik. Bir növ boykot və inkar edərək kanalları keyfiyyət yarışına sövq etməli və bu yolla cəzalandırmalıyıq. O zaman həmin kanallar məcburən keyfiyyətlərini yüksəltmək qərarına gələcəklər. Dərk edəcəklər ki, izləyicini geri qazanmağın bundan başqa yolu yoxdur. Əks halda MTRŞ-dən nəsə tələb etmək və televiziya kanallarının başının üstündə "domokl qılıncı”nın asılı olmasını istəmək doğru olmaz. Hər halda Azərbaycanda medianın özünü tənzimlənməsinə imkan verilir. Mən də bunun ən doğru variant olduğunu düşünürəm”. 

Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə də "Şərq”ə deyib ki, Azərbaycanda senzuranın ləğvi söz və mətbuat azadlığının inkişafını sürətləndirsə də, jurnalist məsuliyyətini arxa plana keçirib:

"Yaranmış münbit şəraitdən daha çox qeyri-peşəkarlar faydalandılar. Tamaşaçının zövqünü korlayan, xalqımızın milli-mənəvi dəyərlərinə zidd olan verilişlərin sayının artması da ilk növbədə bu amillə bağlıdır. Mən inzibati metodların işə salınmasının əleyhinəyəm. Bu məsələ yalnız tamaşaçıların müdaxiləsi ilə tənzimlənə bilər. Tamaşaçılar səviyyəsiz verilişləri boykot etməlidirlər. Hazırda özəl televiziyalar özlərinin kommersiya marağını əsas götürürlər. Yalnız geniş tamaşaçı auditoriyası olan verilişlər yaşamaq hüququ qazana bilirlər. Tamaşaçılar düşük, səviyyəsiz verilişlərə yaşamaq hüququ verməməlidirlər. Bu verilişlərin və onların aparıcılarının meydanı daraldılmalıdır. Televiziya rəhbərləri anlamalıdırlar ki, Azərbaycan tamaşaçısı intellektual verilişlərə maraq göstərir. Hazırda biz bunun əksini müşahidə edirik. Ləhcə ilə danışan, Balakənin harda yerləşdiyini bilməyən aparıcılar sürətlə tamaşaçının kumirinə çevrilir. Telekanal rəhbərləri bunu bildikləri üçün öz qapılarını həmin səviyyəsiz aparıcıların üzünə taybatay açıblar. Heç kim inciməsin, televiziyalarımız, radiolarımız, mətbuatımız özümüzə oxşayır. Təklif edirəm ki, arada hamılıqla güzgüyə baxaq”.

Tanınmış jurnalist Eldəniz Vəliyev də "Şərq”ə açıqlamasında deyib ki, əslində MTRŞ-nin bu mövqeyi daha doğru və ədalətlidir:

"Ancaq zaman-zaman bu şuranın televiziyaların işinə konkret müdaxiləsinin də şahidi olmuşuq. Biz hələ də anlaya bilməmişik ki, özəl sektoru bazar tənzimləyir. Bunun əksi olarsa, heç bir sağlam rəqabətdən və inkişafdan söhbət gedə bilməz. Deməli, tamaşaçı istənilən halda onu qane edəcək verilişlərin, layihələrin üzünə həsrət qalacaq. O ki qaldı MTRŞ-nin şikayətlər müqabilində, hansısa addımları ata bilməməsinə, yaxşı ki, bu imkan sözügedən şurada yoxdur. Bir drijor nə qədər istedadlı olsa belə, onun dəsti-xətti bütün işlərində özünü bu və ya digər formada göstərir. Bu məntiqlə TV-lərin bir yerdən yönləndirilməsi onların fərqlənmək imkanını minimuma endirir. Nə qədər ki, rəqabətlilik mühiti formalaşmayıb, perspektivdən, zövqdən danışmağa dəyməz. Maddi asılılıq telekanalları maarifləndirici verilişlərdən daha çox bayağı şou verilişlərinə sürükləyir. Sonra da xarici telekanallara meylin artmasından gileylənirik. O kanallar ki, Azərbaycana qarşı hər gün anti-təbliğat xarakterli verilişlər yayımlayır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR