Nazir deyib, alim deyib, bankir deyib qabağa çəkdiklərimiz...

img

05-06-2019 [14:26]


İdris ABBASOV

***

Yarım əsr ömür yaşamışam. 2 il əsgəri xidmət keçməklə 30 ilə yaxındır ki, əmək stajım var (7 yaşından 17 yaşa qədər pambıq, üzüm, tütün tarlalarında ailəyə kömək məqsədilə sərf etdiyim əməyi demirəm). 

6 il tələbəliyi çıxmaqla, bunun 20 ilini elmi- pedaqoji iş təşkil edir. Uzun müddət çox ağır mənzil şəraitində-yataqxana, kirayə, hətta dərs dediyim ali məktəbin vəhşətli hücrələrində, yaxud məktəbin rütubət dolu zirzəmisində yaşamışam. Həyat şəraitinin doğurduğu uzun sürən xəstəliklərlə mübarizə aparmalı olmuşam və...

Şikayət etmirəm, reallığı deyirəm. Çünki mənim günümdə olan məsləkdaşlarım, bu Vətənin ləyaqətli övladları az deyil. Şüarımız birmənalı olub: Kasıb yaşamaq olar, ancaq ləyaqətsiz yaşamaq ağlasığmazdır. 

Mənəvi xilasımız gələcəyə ümidlə baxmağımız olub.

O illərin (90-cı illərin) sınağından gərəyincə çıxmış, savadlı, saf, doğru, vətənpərvər, bu ölkəyə təmənnasız xidmətləri olan həmin Vətən övladlarından bir çoxu hələ də evsiz-eşiksizdirlər. Hətta işsizlikdən, evsizlikdən ailə belə, qura bilməyiblər. Ölkənin kasıb vaxtında da, zəngin dövrlərində də onlara pay düşmədi. Əfsus! 

Bəziləri yad ellərdə sərgərdan qalıb gecə-gündüz işləyərək özlərinə kiçik daxma edə bildilər. Bəziləri layiq olduqları halda, ümumiyyətlə, daxmasız qaldılar. 90-cı illərdə buna normal yanaşmaq olardısa, iqtisadiyyatımızın inkişaf etdiyi son iki onillikdə bunu normal qəbul etmək olmaz. O ağır illərin sınağından alnıaçıq, üzüağ çıxmış istedadlı, təcrübəli, vicdanlı, kifayət qədər savadlı və hazırlıqlı milli kadrları bəzi hallarda calayi-Vətən salıb, istedadsız və bacarıqsızları bəsləmək ən böyük yanlışlıq oldu və onun ağrı-acısını hələ də çəkməkdəyik. 

Alim deyib, nazir deyib, bankir deyib qabağa çəkdiklərimiz nəinki özlərini doğrultmadılar, hətta bu xalqa, Vətənə və dövlətə xəyanət etdilər. Alim qabağa çəkildi, vəzifələndirildi, titullarla, dərəcələrlə zənginləşdirildi ki, beyni funksionallaşsın, nə yazıq ki, o alimin qarın mexanizmi funksionallaşdı və bir zaman ayılıb gördük ki, elmə ayrılan büdcə aidiyyatı üzrə xərclənməyib... 

Qayıdaq misalın ardına: Ailədə 4 nəfərik. Güzəranımızı 29 kv.m. yaşayış sahəsi olan mənzildə sürürük. Nə fərqi var ki?!

Ərköyün uşağının bir gününə 1000 AZN-in kifayət etmədiyi bir "başbilən"in sözü olmasın: "Buna da şükür. Min-min şükür!"... 

Onsuz da mən kitablarımın böyük hissəsini həyət evində yaşayan əsgər yoldaşımın zirzəmisinə yığmışam. (Zavallı kitablar! Sizi qəpik-qəpik yığdığım pullarla almışdım. İndi bəlkə də nəm çəkmisiniz. Məni qınamayın. Tale belə gətirdi). 

Mən, sadəcə, bir, iki, üç...yerdə 180-200 kvadrat mənzillərlə kifayətlənməyən alimi-kəbirlərə heyrət edirəm və bu ağlasığmazlığı ağlıma sığışdıra bilmirəm. Onlara necə kömək etməyin yollarını axtarıram...

Vallah, 4 nəfər yaşadığımız 29 kvadratın 4-5 kvadratını da onlara verməyə hazıram, təki istəkləri təmin olunsun! Əvəzində səmimi, şəffaf, gözütox, doğru olsunlar, bir az düşünsünlər, bu dövlətə, xalqa qarşı az xəyanətkar olsunlar! Müqəddəs Ramazanda məzlumun ahü-naləsindən həzər qılsınlar! 

Elmi rəqabət mühitini öldürməyiniz bəs deyilmi?! Ədəbi ourluğu stumallaşdırıb bizim yeganə təsəllimiz, özünütəsdiqimiz olan yazı-pozuya haram qatdınız, insafınız olsun! Allah gec edər, güc edər! Bəsdirin, vicdanınız, insafınız və mərhəmətiniz olsun!... Aksioma: Mərhəmət etməyənə mərhəmət edilməz! 

Qeyd: 4-5 kv.m. deməklə qəlblərdə kiçik bir şəfqət duyğusu oyandırmaq istədim. Yəni mən 29 kv.m.-dən 5-ni verirəm, sizin də hər biriniz 180-200 kvadrat metrlik evlərinizin hərəsindən 5 kv.m. versəniz, görün, evsiz qalmış neçə həmkarımızın, neçə ləyaqətli vətəndaşımızın mənzil problemi həll olunar, neçə-neçə evlərə sevinc, səadət bəxş olunar, çöhrələrə təbəssüm qonar. inanın ki, özünüzdən asılı olmayaraq siz də özününzü dünyanın ən xoşbəxt insanı hesab edəcəksiniz, illərdən bəri üst-üstə yığılmış streslərinizi atacaqsınız, bolluca sevinəcəksiniz. 

Bircə dəfə xeyirxahlıq etməyin zövqünü yaşasanız, rəqabətdə öndə olacaqsınız! Çünki bəşər fitrətinin təməllərindən olan xeyirxahlıq və səxavət zövqü bütün zövqlərin fövqündə dayanır! Bəs dövlət necə dövlət olur?! 

Güclü və dayanıqlı dövlət həm də qeyrətli alimin idrakı, milyonçunun vicdanı, mərhəməti, səxavəti üzərində qurulur. Bunun əksini (opportunizm, çapıb-talamaq, riyakar, acgöz olmaq, bütün parametrləri üzrə oğru, dələduz olmaq) düşünmək ölümə və heçliyə bərabərdir. 

Ayılıb etiraf etməyin tam zamanıdır! İnanının ki, əvəzimizdən kimsə bizim halımıza yanmayacaq. Öz dərdimizi özümüz çəkməliyik, səhvlərimizi özümüz etiraf etməli və islah olunmağa çalışmalıyıq. Bəşər səhvsiz deyildir. Yetər ki, o səhvləri düzəldək! Dünyanın malı dünyada qalacaq, kasıbı sevindirməyin savabı isə əbədi olacaq!

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR