Elçibəy niyə gecəylə paytaxtı tərk etdi?

img

05-06-2019 [11:28]


Şahin CƏFƏRLİ

***

Elçibəy komandasının bəzi üzvləri hələ də deyirlər ki, 1993-cü ilin iyununda prezident ona görə Bakını tərk etdi ki, vətəndaş müharibəsinin qarşısını alsın.

Dəqiq xatırlamıram, 1993-cü ildə və sonrakı illərdə cəbhəçilər, müsavatçılar, tərəfsiz insanlar bəlkə də bu arqumentə inanmışdılar. Amma dövr dəyişib, indi insanlar, yeni nəsillər daha ayıq, daha savadlı və sorğulayandır.

Məsələn, indi heç kimi inandıra bilməzsiniz ki, qanuni hökumətə qarşı silah qaldıran, yəni ağır cinayət törədən bir qrup vətəndaşı zərərsizləşdirməyə çalışmaq vətəndaş müharibəsinə səbəb ola biləcəyi üçün bunu etmək olmaz. Bəs dövlət nə üçündür? Vətəndaşlar, Konstitusiya və qanunlar zor tətbiq etmək hüququnu dövlətə verməyibmi? Eyni məntiqlə oğurluq edənləri, adam öldürənləri, pedofilləri və digər cinayətkarları da cəzalandırmaq olmaz, axı onlar da bizim vətəndaşdır, qoy istədiklərini etsinlər...

Anlaya bilmədiyim başqa bir məqam da var: Vətəndaş müharibəsinin qarşısını almaq üçün mütləq Bakını tərk etmək lazım idi?

İllər ötür, Elçibəy komandasının üzvləri yenə də suallara cavab vermir və ya ən yaxşı halda ötən 25 ildə söylədiklərini təkrarlayırlar. Halbuki indiki iqtidardan haqlı olaraq şəffaflıq, hesabatlılıq, xalq iradəsinə hörmət tələb edən siyasətçilər özləri əvvəlcə bu sahədə nümunə göstərməli idilər.

Prezidentin - Ali Baş Komandanın qiyamın yatırılması üçün yazılı direktivi olubmu?

Məlum deyil. Elçibəy niyə bir gecə ansızın paytaxtı tərk edib getdi? Əsl səbəbləri bilmirik. 1993-cü ilin əvvəlləri (səhv etmirəmsə, fevralda) prezident və Naxçıvan Ali Məclisinin sədri arasındakı 8 saatlıq görüşdə ölkənin gələcəyinə dair hansısa razılaşmalar əldə olunubmu? Yəqin ki, cavabını heç vaxt öyrənə bilməyəcəyimiz sirr olaraq qalacaq...

Digər xəbərlər
SON XƏBƏRLƏR