Bu, Mxitaryanın yox, Avropa liqasının finalıdır

img

22-05-2019 [14:12]


Azər HÜSEYNBALA

***

Avropa liqasının mayın 29-da Bakıda baş tutacaq finalında yarışacaq klublar bəlli olandan bəri ən çox müzakirə mövzusu Avropanın ikinci nüfuzlu turnirinə bizim necə hazırlaşmağımız deyil. 

Təbii, rəsmi təşkilatçılar finalla bağlı öz işlərini görəcəklər. Komandalar, onların azarkeşləri gələcəklər, hotellərə yerləşəcəklər, final da baş tutacaq və qalib hansı komanda olsa belə, kubok Londona gedəcək. 

Belə mötəbər turnirin finalının bir də nə zaman Bakıya veriləcəyi bilinmir. Bəlkə də yaxın 10-15 ildə bu baş tutmasın. Nəyə görə, bunu qeyd edirəm? Çünki biz hələ ki bir finalın Bakıda keçirilməsinə nail olmuşuq.

Finalın təşkilatçılığı ilə bağlı fikirlər 29-dan sonra söyləniləcək. London klublarının azarkeşlərinin çılğın, dəliqanlı olduğunu nəzərə alsaq, Bakıda xoşagəlməz olay baş verməsi istisna deyil. Bunun qarşısını almaqdan ötrü hüquq-mühafizə orqanlarının çox ciddi planlarının olduğu şübhəsizdir. Arzu edək ki, final günü də daxil olmaqla İngiltərədən gələcək azarkeşlərlə bağlı problem yaşanmayacaq...

Bunlar öz yerində. İdmanın həm də siyasət olduğunu nəzərə alsaq, deməli, Avropa liqasının bu finalından siyasət də yürüdə bilərik. Təbii ki, bu siyasət Azərbaycanın ümumi maraqlarının əleyhinə işləməlidir. Bu haqda bir az sonra...

Biz indiyədək neynəmişik? Bu günə qədər Avropanın ikinci ən nüfuzlu yarışı qalıb bir yana, az qala səhərdən-axşamacan, Henrix Mxitaryanın "Arsenal”ın heyətində Bakıya gəlib-gəlməyəcəyini ən vacib xəbər kimi fırladırıq. Mxitaryan Bakıya gəlsəydi, hətta onun komandası finalda qalib gəlsəydi, bunun nəyə dəxli olacaqdı? İndiyədək Bakıya elə Yerevanın özündən müxtəlif yarışlarda iştirak etmək üçün az erməni idmançı gəlməyib. Təhlükəsizliklərinə təminat vermişik, rahatca yarışda iştirak edib qayıdıblar...

Dünən, nəhayət rəsmi şəkildə Mxitaryanın Bakıya gəlməyəcəyi təsdiqləndi. Sakitləşdiniz? Nə əldə etdiniz? Bəlkə, bir erməninin Bakıya gəlməməsi işğalçı Ermənistanın Qarabağdakı məğlubiyyətinə hansısa təkan verəcək? Mxitaryanı bu qədər gündəm eləmək əvəzinə final oyununda Qarabağımızla bağlı hansı təbliğat yürütməyimizi heç düşündünüzmü?.. Bu, axı Mxitaryanın finalı deyil. "Arsenal” bir erməni futbolçuya görə də bu yerlərə gəlib çıxmayıb...

Ermənistanın işğalında olan Qarabağla bağlı stadionda hansısa təbliğat xarakterli ssenari hazırlamaq mümkün deyil. Bu, futbol qaydalarına da ziddir. Amma nəsə etmək mümkün deyilmi? Məsələn, hər iki London klubunu Bakıda qarşılamaq üçün "Qarabağ” klubunun oyunçularını hava limanına, özü də komandanın forması ilə aparmaq olmazmı? Nəzərə alaq ki, finalçılardan biri – "Çelsi” "Qarabağ”ın Çempionlar liqasının qrup mərhələsində, "Arsenal” isə Avropa liqasının qrup mərhələsində rəqibləri olublar...

Bir başqa variant: komandalar meydana çıxanda azyaşlılarla gəlirlər. Biz həmin azyaşlıları, sadəcə, Qarabağ yazılan (futbol komandasını nəzərdə tuturam) maykalarla çıxarda bilməzmikmi? Əlbəttə, bu məsələnin də nə qədər qaydalara uyğun olub-olmadığı vacibdir.

Daha bir variant: Final üçün yerli azarkeşlərə də bilet satılıb. On minlərlə azarkeşimiz üçün də üzərinə Qarabağ yazılan mayka hazırlamaq olmazdımı? 

Məncə, Mxitaryanın Bakıya gəlib-gəlməməsinə görə bu qədər narahat olmaqdansa, bu və buna bənzər variantlar haqda düşünmək olardı. Məncə, hələ də gec deyil. Finala bir həftə var...

Reyting.az


Digər xəbərlər
SON XƏBƏRLƏR