Kameranı görən kimi əl-ayağa düşən icra başçısı, polis rəisi, prokuror...

img

10-05-2019 [22:33]


Seymur Verdizadə 

***

Prezident İlham Əliyevin Ağsu rayonuna səfərini xatırlayırsınız? 

Şəxsən dövlət başçısı özü vətəndaşlardan məktubları bir-bir qəbul edirdi. 

Bu mənzərənin təsiri altından çıxmamış Ağsuda yaşayan əsgər yoldaşımdan mesaj aldım: "Prezidentə məktub verən adamlardan biri mənim qonşumdur. İki il əvvəl iki danasını oğurlayıblar. Ölkə başçısından oğruların tapılması üçün kömək istəyir”.

Ertəsi gün Space TV-də "Gəl dərdini danış" verilişinin studiyasında Nazilə adlı gənc bir xanımla tanış olmuşdum. Ağlayıb ürəyini boşaldandan sonra belə demişdi: "Üç ildi iki uşaqla damın altında tək qalmışam. Keçmiş həyat yoldaşım aliment verməkdən imtina edir. Bu üç ildə döymədiyim qapı qalmayıb. Hər dəfə aliment tələb edəndə məhkəmə icraçıları məni borclu çıxarırlar. Gəlmişəm ki, efir vasitəsilə cənab prezidentə müraciət edim. Məmurlar məni adam yerinə qoymurlar”.

Xəzər TV-də efirə gedən "Səni axtarıram" verilişinə ötən ay Goranboy rayonunda yaşayan bir qadın müraciət etmişdi. Dediyinə görə, işlədiyi obyektin müdiri onunla "isti" münasibət qurmaq istəyir. Qadın bu iyrənc təklifi rədd edəndən sonra qarşı tərəf şantaj yolunu tutub. Zərərçəkəndən niyə yerli hüquq-mühafizə orqanlarına müraciət etmədiyini soruşanda, cavabı belə oldu: "Döymədiyim qapı qalmayıb”.

Verilişdən sonra Maliyyə Nazirliyində çalışan tələbə yoldaşıma zəng edib, Goranboyun icra başçısının, prokurorunun, polis rəisinin hər ay dövlət büdcəsindən məvacib alıb-almadığını soruşdum. Belə cavab verdi: "Köşə yazıların üçün aldığın qonorar onların maaşının yanında qəpik-quruş sayılır».

Yadıma məşhur lətifənin sözləri düşdü: "Əgər "Mumu”nu Turgenev yazıbsa, heykəli niyə Puşkinə qoyurlar?”

Əgər Goranboyda təcavüz təhlükəsi ilə üz-üzə qalan qadının problemini həll etməyə borclu olan məmurlar jurnalistlərdən beş-on dəfə çox məvacib alırlarsa, niyə efirdə biz özümüzü didib-tökməliyik?

Ucarın Qarabörk kəndində yaşayan İlyas adlı şəxsin acınacaqlı taleyi barədə çox adam məlumatlıdır. Biz düz bir həftə Xəzər TV-nin ən uğurlu sosial layihəsi olan "Səni axtarıram" verilişində İlyasın problemlərini müzakirə ermişik.

Məlumat üçün bildirim ki, psixoloji problemi olan İlyası bacısı 25 ildi ki, toyuq hinində saxlayır. Həmkəndliləri zavallı adamın başına gətirilən bu müsibətlə bağlı dəfələrlə rayon rəhbərliyinə müraciət etsələr də, 25 il əzində heç bir tədbir görülməyib. 

Xəzər TV-nin kameraları hadisə yerinə gedəndən sonra rayon rəhbərliyi əl-ayağa düşüb, icra başçısı, polis rəisi, prokuror İlyasın yaşadığı ünvana baş çəkiblər. 25 il sonra İlyasın üzü təraş edilib, qabağına isti yemək qoyub, əyninə təzə paltar geyindiriblər.

İndi biz nə edək? On milyon vətəndaşın hər biri üçün ayrıca telekamera ayıraq ki, onların problemlərini işlqlandırsın?

Hərdən mənə elə gəlir ki, Azərbaycanda məmurlarln çoxu başının altına qu tükündən yastıq qoyub, mışıl-mışıl yatır. Təklif edirəm ki, həmin yastıqları bu adamların başının altından çəkək ki, oyanıb öz işlərini görsünlər...

Moderator.az

Digər xəbərlər
SON XƏBƏRLƏR