Mərhəmətsiz məmurların sərhəd tanımayan qəddarlığı...

img

12-04-2019 [12:14]


Xəqani SƏFƏROĞLU

***

3-4 gündür ki, 162 saylı orta məktəbdə baş vermiş intihar müzakirə olunur. Fikrimi cəmləyə bilmirəm.

Mərhəmətsiz kareyeristlərin portretinə hər gün yeni bir "rəng”vurulur: "Həkim çağrılmayıb”, "direktor səsini yazıb”, "icra müavininin səsidir”, "doktor, qızcığaza nəfəs almaq üçün oksigen balışı niyə qoyulmayıb?”

Niyə? Niyə? Niyə?

Dəhşətlidir.

O məktəbi tanıyıram. Övladlarım orada oxuyur. Bakının 100-lərə adi məktəblərindən biridir: Savadlı və savadsız müəllimləri ilə, ağıllı və gicbəsər, yekəxana şagirdləri və "valideyn-müəllim” tandemi altında gizlənmiş bir dəstə arvad yığını ilə...

Direktor 2 ildir təyin edilib. Bir neçə dəfə məktəbdəki bir sıra məsələlərə bağlı yanında olmuşam. Demişdi ki, bu məktəbi "Jurnalist Binasına” görə təmir etdilər, yoxsa kim idi bura baxan...

Məktəbi yüksəklərə qaldıracağını, yaxşı reputasiyalı məktəbə çevirəcəyini deyirdi...

Şövqlə danışırdı.

Amma...

Elinanın intiharı ilə bağlı "xalqın biganəliyi” və "cəmiyyətin qəddarlığı” barədə qaldırılan hay-küy əsas məsələni kölgədə saxlayır.

Cənablar, biz dövlət strukturlarında özünə yer etmiş rəhmsiz, karyerist, vəzifə naminə hər cür avanturaya, insan qətlinə belə hazır olan vəzifəli şəxslərin girovuna çevrilmişik sanki.

Xalqın burada nə günahı var?

Azərbaycan xalqı qədər mərhəmətli və yaxşı xalq yoxdur: Qonşusunun "vay” qışqırığına ayaqyalın qaçan, tanımadığı şəxsin xoş gününə ürəkdən sevinən, bir az yaxşılıq edən şəxsi ömürlük xoş xatırlayan xalqdır, bu xalq!

Elinanı öldürən karyerist, mərhəmətsiz məmurların sərhəd tanımayan qəddarlığıdır.

"Məktəb günahkardır”, "ailə günahkardır” tipli mənasız söz güləşdirməyi buraxın.

Əsas sual budur:

Özünü modern və humanist sayan məktəb direktoru NƏ ÜÇÜN 2 saat sonra təcili yardımı çağırıb? Ağrıdan qıvrılan qız heçmi onun ürəyini ağrıtmadı?

Axı, belə situasiyada vicdanlı və normal adam ilk növbədə "hək-i-i-mmm, tez həkim çağırın” deyə hayqırmalıdır... Hayqırmalıdır... Bağırmalıdır...

Yarımcan şagirdinin əlindən tutub, üzündən öpüb ”Qorxma qızım, səni sağaldacığıq” deməli idilər...

Müəllimlər ayaqyalın maşın dalınca qaçmalı idilər...

"Təcili yardım” məktəbdən 50 metr o tərəfdədir. 33 saylı poliklinkanın həyətində gecə gündüz 3 maşın dayanır...

Amma sümükləri çilik-çilik olmuş qızcığazdan icra başçısının müavini amiranə səslə "ünvanın haradır?” soruşur.

Daşa dönmüşdüm. Qulaqlarıma inanmırdım.

Bunu bu yekəpər qadın necə edə bilərdi? Necə?

Matım-mutum quruyub.

Axı, belə sualları yalnız xüsusi icazə ilə xəstəxanaya daxil omuş müstəntiq verə bilərdi. Yalnız Elinanın vəziyyəti yaxşılaşandan sonra...

Belə daşürəkli direktor və icra başçısının müavini necə aramızda yaşayır?

Oliver Tvistin qəhrəmanları sağ imiş...

Hələ həkimlər... Qızcığıqazı atıb qaçan şərəfsiz həkimlər üçün bu dünyada müqəddəs nəsə varmı? Bu cinayətkarlar sadəcə həkim xalatını geymiş gestapoçu qəssablardır..

Budur əsas məsələ: mərhəmətsiz, qəddar, öz karyerası naminə hamını tapdalamağa hazır olanlara qarşı olmalıyıq! 

Biz onların girovuna çevrilməməliyik. Məktəbdə, icra strukturlarında, xəstəxanalarda, dövlət idarələrində....

Xəbər lentlərində şəhid analarını qovan, əlilin son qəpiyini əlindən alan, naçar insanları zülüm-zümü ağladan, oğru, rüşvətxor, zalım kareyirstlərin zülmlə yoğrulmuş hekayətləri sizə heç nə demir?

Onlara "dur” deməyi bacarmalıyıq.

Onlar üzdə modern görünürlər, içərilərində isə dəhşət filmlərinin qəhrəmanları kimi qəddarlıq, manyaklıq və qurbanını öldürmək arzusu gizlənir.

Ilk imkanda bu özünü göstərir: Elinada olduğu kimi...

Elinanın intiharı cəmiyyət üçün indikatordur.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR