"Qaqa, priyomnıdakı qızları dəyişdin, yoxsa yox?"

img

15-03-2019 [16:17]


Akif CABBARLI

***

Qapıbir qonşumuzun uzun müddət rəhbər vəzifələrdə işləmiş dayısı rəhmətə getmişdi. Mərhumun şəhər kənarındakı bağından o qədər də uzaq olmayan qəbiristanlıqdakı dəfn mərasimində elliklə iştirak edəsi olduq. 

Qonşular, dostlar, həmkarlar, dünyasını dəyişən hörmətli ağsaqqalın keçmiş paqon yoldaşları, rəsmilər, nüfuzlu şəxslər, biznesmenlər və digər səlahiyyət sahibləri havanın çiskinli və küləkli olmasına baxmayaraq, məzarlıqda idilər. 

Cənazə torpağa tapşırıldı, molla lazımi təmrinləri yerinə yetirdi, duasını verdi və adəti üzrə bu dünyanın vəfasızlığından, cənnət, cəhənnəm məsələlərindən misallar gətirdi, bu mövzuda Quran ayələrini yada saldı, adamları xeyirxahlığa, yaxşılığa, əxlaqlı və ədalətli olmağa, bir-birinə əl tutmağa çağırdı, var-dövlətin, eyş-işrətin gərəksizliyi barədə moizə də oxudu.

Adamlar mollanın sözlərini bərk külək əsdiyindən olduğu kimi dinləyib qəbul elədi-eləmədi, bu barədə bir söz deyə bilmərəm, ancaq bəzilərinin sifətindən açıq-aydın sezmək olurdu ki, "ay kişi, bəsdir də, bu sözləri yüz min dəfə eşitmişik, qərar hissəsini oxu, dağılışaq gedək də işimizin-gücümüzün dalınca”. 

Dağılışdıq. Qəbiristanlıq hündür təpənin üstündə yerləşdiyindən və gilli torpağın da nəmişliyinə görə adamlar bir-birinin qoluna girərək ehmallıqla aşağıda cərgələnən maşınlara sarı addımlayırdılar. Bu adamlar sanki qəbiristanlıqdan yox, hansısa restorandan, yaxud film nümayişindən, ya da ki, yubiley məclisindən ayrılmışdılar. 

Söhbətləri də ki... 

Yox, yaxşısı budur küləkdən güclə macal tapıb eşitdiyim bir-iki söhbəti qoy sizə də açıqlayım. Yəqin ki, bu cür məqamlar elə hamınıza tanış gələr. 

...Qardaş, nə var-nə yox ey, görünmürsən, sonra bir mənə de görüm o gədəni rədd elədin, yoxsa yox? Eşitdiyimə görə, yuxarılarda adam axtarırmış, deyirlər ki, sənin yerinə göz dikibmiş. 

Qardaş da cavabında heç nə demədi, sadəcə baş barmağını şəhadət barmağı ilə ortancılın arasından çıxarıb az qala dostunun gözünə soxacaqdı. 

...Qonşu, neyləyirsən, vəziyyətin yaxşıdırmı? Biri var ey, sizinlə bir binada yaşayır, oğlu Türkiyədən kalan mal vurub gətirir. Vallah, qudurub səni saymayacaq. Sənin ki, qardaşın oğlu keçid məntəqəsində söz sahibidir. Bəlkə... 

- Narahat olma, ipini çəkəcəm. Növbəti dəfə malının içindən "mal” çıxar, inşallah. 

...Qaqa, nə təhərsən, priyomnıdakı qızları dəyişdin, yoxsa yox? O sarı saçlı var ha, aləm şeydi... 

- Ə, oğraş, yoxsa katibəmə gözün düşüb? Özünün dayınəvəsi adı ilə saxladığın mənimkindən də yaxşıdır, gözün doymur sənin. 

- Yaxşı-yaxşı, incimə, indi mənimkiləri götürüb gedirik saunaya. Gələn həftə üçün də sən tədarük görərsən. 

- Yəni deyirsən qəbir üstündən birbaşa... Eşitmədin molla əmi nələr danışırdı? 

- Ə, sənin onun dedikləri ilə nə işin? Bir də ki, molla ilə həkimin dediklərinə qulaq asma, elədiklərini təkrar elə. 

Maşınlara doluşub getdilər dediklərini eləməyə. Doğrusu, yadımdan çıxmışdı hansı maşınla qəbiristanlığa gəlməyim. Nəticədə piyada qaldım və xeyli aralıdakı avtobus dayanacağına el arasında deyildiyi kimi, on bir nömrə ilə getməli oldum... 

Dörd gəmi və qara kürü əhvalatı 

Yaxın dostum və həmkarlarımdan birinin kollektiv arasında səsləndirdiyi şux zarafat az qala başına oyun açacaqdı, yaxşı ki, qarşısını vaxtında ala bildi. 

Beş-on ilin söhbətidir. Nüfuzlu nəşrlərin birində birgə çalışırdıq. Şərti adı Asif olan dostum xəstə qohumlarından birini Sankt-Peterburqa aparası oldu. Orada illərdən bəri tanıdığı, əslən Azərbaycandan olan məşhur cərrah müalicəni boynuna götürmüşdü. Nə isə, Asif müəllim də qısa müddətli məzuniyyət götürüb bu xeyirxah missiyanı yerinə yetirmək üçün xəstə ilə birlikdə Neva sahillərinə yola düşmüşdü. Dostumun ayağı düşərli olmuşdu. Xəstə uğurla əməliyyat edilmiş, canı arzuolunmaz bəladan qurtarmışdı. Asif müəllim bir neçə gündən sonra kefi kök, damağı çağ Bakıya qayıtmışdı. 

Bir gün nahar fasiləsində redaksiya əməkdaşları ilə birgə çay süfrəsi ətrafında əsl qələm adamı, həm də poeziya xiridarı olan Z. müəllim Asifdən Sankt-Peterburqa niyə getdiyini soruşdu. Dostum da elə-belə, el arasında deyildiyi kimi "mırta” qayıdıb dedi ki, heç, yaxın qohumum çağırmışdı. Leninqradda böyük mal-mülk sahibi, bərkgedən biznesmenlərdən sayılır. Gəzdik-dolandıq, sonra baş ofisinə aparıb gəlirli şirkətlərindən birini mənə bağışladı. Açığı, gəmiçilik şirkətidir, dörd gəmisi, əlavə idarələri, geniş infrastrukturu olan biznes qurumudur. Balıqçılıqla, yükdaşımaları ilə məşğuldur. Allah balasını saxlasın, xeyli pay-pürüşlə, adıma yazılmış bank rekvizitləri, kartlarla yola saldı. Şükür Tanrıya, imkanlarım genişlənəcək, kasıbçılığın daşını atacağam. 

Z. müəllim də, yanındakılar da susdular. Elə bil qurbağa gölünə daş atdım. Mən də dinlədim, axırını gözləməyi qərara aldım. 

Günlərin birində Asif müəllim məni bir kənara çəkib dedi: 

- Bilirsən nə baş verir? Z. müəllim bu barədə redaktora beşini də üstünə qoyub müfəssəl məlumat verib. Onu da deyib ki, sənə verməməyinə baxma, müavinə azından beş-on kilo qara kürü gətirib Asif. Hələ başqa hədiyyələri demirəm. Ona bu redaksiyanın vəsiqəsi lazımdır, heç nəyin acı deyil. Redaktor da dostumun zarafatlarına bələd olduğundan məsələni ağartmayıb, özünü inanan kimi göstərib. 

Günlər keçdikcə Asifin ətrafında çoxlu "dostlar” peyda olur, onu tərifləyir, gözəl insan, əliaçıq, səxavətli şəxs kimi təqdir edir, hətta haqqında yazmaq təklifləri də səsləndirirdilər. Hər axşam kafeyə, restorana dəvət edir, getməyəndə də inciyirdilər. Halqa getdikcə daralırdı. Onun böyük qonaqlıqlar, ziyafətlər verəcəyi, hər kəsə layiq olduğu hədiyyələr bağışlayacağı ümidindəydilər. Asif də təbii ki, cüzi maaşı və qonorarı ilə bunları edə bilməyəcək, sıradan elədiyi bir zarafatın qurbanına çevriləcəkdi. Bu məsələni xeyirliliklə çürütməyin yolunu da özü tapdı. Sankt-Peterburqun müvafiq idarəsinə sorğu göndərib adında heç bir təşkilatın, müəssisənin olmadığı barədə arayış gətizdirdi, sonra da üzünü çıxarıb redaksiyanın "Elanlar” lövhəsinə yapışdırdı. 

Ertəsi gündən isə ətrafındakılar yaz dumanı təki qəfildən elə yoxa çıxdılar ki, elə bil heç əvvəldən yox imişlər.

Reyting.az

Digər xəbərlər
SON XƏBƏRLƏR