Yuxarıdan gələn təpiklə üzüaşağı atılanlar...

img

12-03-2019 [19:23]


Fazil MUSTAFA,

***

Bakı Dövlət Universitetinə yeni rektor təyin olundu. Tanıyıram, çox dəyərli bir ziyalı ailəsindədir, öz sahəsində də savadlı mütəxəssislərdən biri kimi tanınır.

 Bu seçim ölkə prezidentinə aid olduğuna görə BDU kimi tanınmış təhsil ocağının məhz Elm Fonduna rəhbərlik etmiş şəxs tərəfindən idarə olunmasının məqsədəuyğun sayılmasını müzakirə etmirəm. Əsas odur ki, təhsilimiz üçün xeyirli olsun. Bununla belə, bəzi yanaşmalarda bu təyinatla bağlı iradın daha çox yeni rektorun fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, yəni keçmiş deyimlə səsləndirsək, elmlər namizədi olması üzərində cəmləndiyini görüb fikir bildirməyi zəruri hesab etdim. 

Fikrimcə, mövcud şərtlərdə ən zəif irad arqumenti də məhz bu sayılmalıdır. Çünki Azərbaycan kiçik bir ölkədir, burada kimin elmin pillələrində necə yüksəlişi, hansı kölgədən gün işığına çıxması, akademik, elmlər doktoru adlarını mənimsəməsi, professor, dosent, kafedra müdiri yerlərini tutmasını pıçıltı formasında hər kəs bir-birinə izahlı lüğətə baş vurmadan söyləyə bilər. Bəlkə də öz biliyi ilə elmi ad qazananların az qismini hansısa sahə üzrə fəlsəfə doktorlarının içindən daha rahat tapa bilərsiniz. Yuxarı dırmaşdıqca kimlərinsə görünən və görünməyən əllərin necə uzanaraq bir neçə pilləni adladıldığını, kimlərin də yuxarıdan gələn təpiklə pilləkandan üzüaşağı atıldığını yetərincə görənlər, duyanlar var.

Təbii ki, bu cür elmi titulların daşıyıcıları içində layiqli sayılacaq onlarla insanın haqqına girmədən söyləmək istərdim ki, artıq elmimiz o gündədir ki, siz universitetə rektor təyinatı zamanı Yusif Məmmədəliyev, Cəfər Xəndan, Yəhya Məmmədov və ya Mirabbas Qasımov axrarırsınızsa, bəri başdan ümidlərinizi suya sallayın. 

Sadəcə tələb nə ola bilər, bax burada mütləq yeni prinsipləri tətbiq etmək vacibdir. Yeni rektor bu vaxta qədər nə yazıbsa, nəyi müdafiə edibsə, hansı titulu daşıyıbsa, hamısını qoyur bir kənara. Vəzifəsindən istifadə edərək qalaq-qalaq onun bunun yazdığı kitablara öz adını soxuşdurmur, imkanlardan istifadə edərək özünü elmlər doktoru, akademik adlarına calaq etmir, sadəcə meyidi yerdə qalmış universiteti necə yerdən qaldırmaq, penitensianar xidmət müəssisəsi obrazından elm, tədqiqat ocağına çevirmək üçün ciddi çalışmalara başlayır. Universitetlə real əlaqəsi olmayan, müasir təhsilin standartlarına cavab verməyən hər kəsi kafedra müdirliyindən uzaqlaşdırır, yerinə savadı, reputasiyası elmi dairələrdə qəbul olunan insanların seçilməsini dəstəkləyir. Universitetdaxili demokratiyanı gücləndirir, tədqiqat universiteti modelini gerçəkləşdirməyə çalışır. 

Bu cür prinsiplərin işləməsini buyurub tələb edin, yoxsa bu namizəddir, o doktordur, akademikdir, günün reallığında bu müqayisələr elə də əsaslı görünmür. Ancaq bütün bunları bir universitet obrazında dəyişmək çox çətindir. Çünki kənarda görünən hər kəsin əli həm də təhsilin içindədir. 

Çoxları çoxdan başqa sahələrdə saç ağardıb, ancaq özünə universitetlərdə bir ayaqqabı yeri saxlayıb. 

Papaq yeri saxlasaydılar, heç olmazsa düşünərdin ki, nə zamansa, bu papağın altına baş qayıdacaq. Fəqət qayıdacaq olan ayaqqabıdır, ayaqqabı!

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR