"Anasını satan, xalası ilə yatan adam da görmüşəm, ancaq..."

img

27-02-2019 [13:52]


Seymur VERDİZADƏ,

Moderator.az

***

Allah nəsib etsə, bu gün-sabah dördləri qoşalayacağam. Yekəxanalıq çıxmasın, bu 44 ildə hər millətdən adamla oturub-durmuşam, ağdərili Ceklə eyni fincanda çay içmişəm, qaradərili Tomla bir qabdan yemək yemişəm. Anasını satan, xalası ilə yatan adam da görmüşəm. Amma hətta onların da dilindən bu gün sosial şəbəkələrdə oxuduğum, eşitdiyim söyüşləri eşitməmişəm...

Bir müddət əvvəl etiraz əlaməti olaraq köşə yazanda, "Söyüş söymə, ayıbdır!”, – deyib hayqıranda bu işlə mənəvi cəhətdən şikəst olan beş-on adam məşğul olurdu. Amma indi kim klaviatura qarşısına keçirsə, nifrin yağdırır. Nalayiq sözlər, təhqiramiz ifadələr, ana-bacı söyüşləri havada uçuşur. Sosial şəbəkələr kin qusur, üfunət qoxur.

İnsanların çoxu məsuliyyət hissini itirib. Tanıdığım adamların əksəriyyəti söymək, yamanlamaq üçün bəhanə axtarır. Sosial şəbəkələr hədəf taxtasına çevrilib. Kimin kimdən xoşu gəlmirsə, onun adından üç-dörd cümlə yazıb, cəmiyyətə ötürür. Adam özünü müdafiə etməyə macal tapmamış təkcə dirisinə deyil, qəbirdəki ölüsünə də dil uzadırlar...

Bir neçə gün əvvəl Milli Məclisin deputatı Elman Nəsirovun adından bir açıqlama yayıldı. Guya Elman müəllim deyib ki, Azərbaycan hakimiyyəti güclü olduğu üçün bizim ölkəmizdə zəlzələ baş vermir. Halbuki Elman Nəsirov heç vaxt belə bir söz deməyib. Bu məlumat dövriyyəyə buraxılan kimi dərhal təkzib verdi, onun adından yayılan bu açıqlamanın təxribat xarakterli olduğunu bildirdi. Amma nə faydası! Söymək üçün bəhanə axtaranları özləri yorulana kimi durdurmaq mümkün olmadı. Mən bu açıqlamanın taleyini sosial şəbəkələrdə mövcud olan ayrı-ayrı qruplarda da təqib etdim. Bir Allah bəndəsi soruşmadı ki, Elçman Nəsirov bu sözləri harda deyib?
Faktı dəqiqləşdirmək, mənbə tələb etmək heç kimin ağlına gəlmədi. Oğrunun yadına daş salmaq kimi çıxmasın, sabah biri götürüb yazsa ki, Rasim Balayev Babəki qorxaq, Beyrəyi alçaq, Nəsimi məddah adlandırıb, hamı başlayacaq onu söyməyə. Heç olmasa, bir nəfər ortaya çıxıb deməyəcək ki, Rasim Balayev bu ağlın, bu təfəkkürün sahibi deyil, kişiyə böhtan atmayın...

İndi də hamı düşüb deputat Hadı Rəcəblinin üstünə. Hadı Rəcəblidən mənim də xoşum gəlmir, indiyə kimi bir neçə dəfə onun əleyhinə məqalə yazmışam. Amma adam söz-söhbətə, qalmaqala səbəb olan məlum açıqlamanı təkzib etdi, dedi ki, bu fikirlər ona aid deyil. Üstəlik, opponentlərindən heç kim bunun əksini sübut edə bilmədi. Di gəl ki, yenə hədəfdədir, hər gün qurşaqdan aşağı zərbələrə məruz qalır. 

İndi biz neyləyək? Həmim söyüşləri oxumamaları, eşitməmələri üçün övladlarımıza sosial şəbəkələrə girməyi qadağan edək? Yoxsa, evlərimizdəki kompüterləri, telefonları, planşetləri sındırıb zibil yeşiyinə ataq? Məni heç kim söymür. Amma mən o söyüşləri hər gün oxuyuram, eşidirəm. Universitet tələbəsi olan oğlum da mənimlə birlikdə o söyüşləri oxuyur, eşidir. Sabah qızım böyüyəndə, o da eşidəcək. Bəlkə övladlarımızın xatitrinə birgə etiraz edək? Bizdən ötən daş övladlarımıza dəyir. Bəlkə o daşları ötürməyək?

Söyüş söyənlərlə bağlı məsələ aydındır. Amma bu söyüşlərə rəvac verən, açıq desək, özlərini söydürənlər də az deyil. Onların bəziləri məmur, bəziləri deputatdır. 

Məmur başa düşməlidir ki, ona xalqa xidmət etmək üçün vəzifə verilib. Deputat anlamalıdır ki, onu var-dövlət yığmaq, sərvət toplamaq, arvad-uşağı "yağlı” vəzifələrdə yerləşdirmək üçün seçməyiblər. Ola bilsin ki, bu dəfə Hadı Rəcəblinin suçu yoxdur. Amma indiyə kimi yüz dəfə günah eləyib, yalana ayaq, yamana dayaq olub. Alqışı da, qarğışı da insan öz əməliylə qazanır. Elə işlə, elə danış ki, insanların səbr kasası dolmasın və heç kimin səni söyməyə bəhanəsi olmasın...

Digər xəbərlər
SON XƏBƏRLƏR