Yetim-yesirin malını yeyən, yüz çirkaba batanların jurnalistə iradı...

img

18-02-2019 [12:10]


Seymur VERDİZADƏ

***

Gediş-gəlişin az olduğu, maşınların arabir gözə dəydiyi bu küçə dostumun iş yerinə yaxın olduğu üçün heç vaxt görüş yerini dəyişmirik. Maşınların zəhlətökən siqnalından uzaq olduğumuza görə rahat söhbət edir, günün yorğunluğunu üstümüzdən birtəhər ata bilirik. Amma bəzən kənar müdaxilələr söhbətimizi yarımçıq qoyur, dəxilsiz adamlar istirahətimizə mane olurlar…

Redaktoru olduğum kitabın müzakirəsinə yenicə başlamışdıq ki, yekəpər, qırmızısifət bir kişi qabağımızı kəsdi. Gözünün ucuyla dostuma ötəri nəzər salıb, mənə tərəf çevrildi: "Televiziyadakı çıxışlarına həvəslə qulaq asıram. Mövqeyin xoşuma gəlir. Əsl jurnalistin vicdanı həmişə oyaq olmalıdır. Sükanı belə saxla!”

Razılıq əlaməti olaraq, başımı yırğaladım. Amma həmsöhbətim yaxamı buraxmaq niyyətində deyildi: "İndi düz danışan, düz yazan jurnalist tapmaq çox çətindir. Hamı başını aşağı salıb pulunu qazanır. Əsl jurnalist həqiqətin arxasınca düşməlidir”.

Bu cür "müdrik” söhbətlərdən bezdikləri üçün dostlarımın çoxu məndən uzaq gəzir. Odur ki, tanımadığımız bu adamla candərdi sağollaşıb, addımlarımızı bir qədər yeyinlətdik…

Yolu keçib, təhlükənin aradan qalxdığına tamamilə əmin olandan sonra dostum üzünü mənə tutdu: ”Onun sözləri səni çox da sevindirməsin. İkiüzlü, yaltaq adamdır. Başqalarına ağıl öyrətmək onun köhnə peşəsidir”.

Təəccüblə ona baxdığımı görəndə, Səfər sözünün davamını gətirdi: "Adı Eynulladır, bizimlə qonşu binada yaşayır. Bakıdakı uşaq evlərinin birində təsərrüfat müdiri vəzifəsində çalışır. Yetim-yesirin malını yeməkdən dana boyda olub”.

Bu cür tiplərlə tez-tez qarşılaşıram. Danışanda haqq-ədalətdən dəm vururlar, amma özləri hər gün yüz çirkaba bulaşırlar. Belələri şagirddən pul alır, tələbəyə qiyməti rüşvətlə yazır, imkanı olmayan xəstəni kabinetdən qovur, uşaq evində yetimlərin malını yeyir, işlədiyi idarədə arayışı 5 manata satır, sonra da küçədə jurnalistin qabağını kəsib, haqq-ədalətdən dəm vurur. Bu, necə olur? Sən vicdanının ağzına daş basıb, hər cür əclaflığı elə, sonra da jurnalistdən vicdanını həmişə oyaq saxlamağı tələb elə. Sən işlədiyin idarənin cıqqılı müdirinə səhərdən-aşxama kimi yaltaqlan, hər göstərişinə qul kimi əməl elə, amma jurnalist hansısa vəzifəli şəxsin yaxşı əməlini dilə gətirəndə, onu yaltaq elan elə. Budurmu sizin ədalət anlayışınız? Bizdən topçu olmağı tələb edirsinizsə, özünüz də heç olmasa,”snaryad” daşıyan olun…

Ötən həftə işdən çıxıb evə gedəndə, təxminən mən yaşda bir kişi küçədə qabağımı kəsdi. Biz üz-üzə dayananda, ucuz Gəncə arağının pis qoxusu burnumu qıcıqlandırdı. Bir addım geri çəkilib, onun nə deyəcəyini gözlədim. Yıxılmamaq üçün müvazinətini qoruyub, sözə başladı: "Bizim mərtəbədə üç mənzil var. Qonşumuzun biri çox imkanlı adamdır, pula pul demir. Mən birtəhər başımı saxlayıram. Amma o biri qonşumuz acından günorta durur”.

Sərxoş adamlarla söhbətə heç vaxt həvəs göstərmədiyim üçün sağollaşmadan uzaqlaşmaq istədim. Amma o, qolumdan yapışıb, getməyimə icazə vermədi: "Varlı qonşumuz Həcc ziyarətinə getməyə hazırlaşır. Qonşusu ac yatan adamın ziyarəti qəbul olunurmu?”

Qolunu mədəni şəkildə özümdən kənarlaşdırıb, belə dedim: "Sən bu gün arağa verdiyin pulla qonşuna bir toyuq alsaydın, ac yatmazdı”.

İçkinin təsirindən qıyılmış gözləri bərələ qaldı. Nəsə demək istəsə də, dili topuq vurdu, danışa bilmədi. Sağollaşmağa lüzum görmədən yoluma davam etdim…

Yalıncıq xislətli insanların Dədə Qorqud cildinə girib "müdrik” məsləhətlər verməsi son vaxtlar məni lap bezdirib. Görəsən, bu adamların evində güzgü yoxdur? Arada niyə özlərinə baxmırlar?

Moderator.az



Digər xəbərlər
SON XƏBƏRLƏR