Gömrüklə bağlı dəyişiklik gəlir yerlərini bağlayacaq - İqtisadçıdan şərh

img

27-11-2018 [12:50]


Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edib. 

Əgər indiyə qədər hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 3 litr alkoqollu içki, 600 ədəd siqaret gömrük ödənişlərini ödəmədən gömrük sərhədindən keçirilə bilərdisə, dəyişikliyə əsasən gömrük ödənişlərini ödəmədən gömrük sərhədindən keçirilə biləcək alkoqollu içkinin miqdarı 2 dəfə, siqaretin miqdarı 3 dəfə azaldılıb. Başqa sözlə, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret gömrük ödənişlərini ödəmədən gömrük sərhədindən keçirilə bilər.

Qərara münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli BakuPost-a açıqlamasında deyib ki, gömrükdən ödənişsiz buraxılan siqaret və alkoqollu içkilərin həcminin azaldılacağı ilə bağlı öncədən bəzi hökumət rəsmilərinin açıqlamaları olub.

İzahat da bu olub ki, bu addım daxili bazarı, ölkədə alkoqollu içki və siqaret istehsalçılarını qorumaq üçün atılır:"Ölkədə yeni tütün fabrikinin açıldığı da qeyd edilirdi. Bir sözlə, arqument budur ki, alkoqollu içki və tütün istehsalçılarının fəaliyyətinə maneə yaranmaması üçün fiziki şəxslər tərəfindən ayda bir dəfə xaricdən gətirilən və heç bir gömrük rüsumu ödənilməyən məhsulların həcmini azaltdılar”.

N. Cəfərli nəzərə çatdırıb ki, sərhədyanı rayonlarda, xüsusən Gürcüstan və Rusiya ilə sərhəddə yaşayan Azərbaycan vətəndaşlarının bir qismi əvvəlki normalardan istifadə edərək çox cüzi də olsa, qazanc əldə edirdilər: "Tutaq ki, bir ailənin 5 üzvü var idisə, hər biri ayda bir dəfə Rusiya və Gürcüstandan 3 litr alkoqollu içki və 600 ədəd siqaret gətirirdisə, ay ərzində bunların satışından cüzi də olsa, gəlir əldə edirdilər. Bu, əslində sərhədyanı ərazilərdə yaşayan insanların sosial vəziyyətinə, dolanışığına müəyən dərəcədə pozitiv təsir göstərirdi. İndi həmin insanların sosial durumu ilə bağlı bu pozitiv təsirlər sıfırlanacaq”.

İqtisadçı ekspert bildirib ki, indi ayda bir dəfə Gürcüstan və Rusiyadan adambaşına 1,5 litr alkoqollu içki və 200 ədəd siqaret gətirilməsi iqtisadi baxımdan da sərfəli olmayacaq: "Ümumilikdə isə bu addımın iqtisadi məntiqini izah etmək bir qədər çətindir. Çünki indiyə qədər gömrükdən ödənişsiz buraxılan malların həcmi o qədər də böyük deyildi, Azərbaycan iqtisadiyyatında da bu həcmlər o qədər də böyük rol oynamırdı. Öncə də qeyd etdiyim kimi, sadəcə sərhədyanı regionlarda yaşayan insanların sosial durumuna müəyyən dərəcədə dəstək olurdu. İndi söhbət bu dəstəyin kəsilməsindən gedir. Daxili istehsalı isə bu vasitələrlə qorumaq demək olar ki, mümkünsüz və qeyri-effektivdir. Daxili istehsalın qorunması üçün ciddi vergi güzəştləri, təşviq proqramları lazımdır. Kiçik həcmli sərhədyanı ticarətin qarşısını almaqla, məhdudlaşdırmaqla daxili istehsalçılara hər hansı formada dəstək vermək mümkün olmayacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA