Əli Həsənov: “Bununla bağlı deyilənlərin hamısı uydurma və təxribatdır”

img

10-07-2013 [15:26]


"Azadlıq” qəzeti iyulun 7-də "2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkisinə hazırlıqla bağlı məntəqələrə təhkim olunmuş məsul şəxslər üçün seçki ərazisinin vəziyyətinin öyrənilməsi üzrə yaddaş” adlı sənəddən çıxarışlar yayıb. Qəzet bildirir ki, sənəd Prezident Administrasiyasının direktivləri əsasında yerli icra hakimiyyətlərində hazırlanıb və orada belə bəndlər yer alır:

- Əraziyə məsul şəxslərin 10 nəfər və 100 nəfərə (onbaşı və yüzbaşılar) bölünməsinə hazırlıq gedirmi? Nüfuzlu şəxslərin siyahıları hazırlanıbmı?

- Seçki ərazisində müxalifət meylli insanların fəaliyyəti, onlara kimlər havadarlıq edirlər?

- Əraziyə daxil olan yad adamlar barədə yerli icra nümayəndəliyində məlumat varmı? Onlarla necə iş qurulub? Qanunsuz imza toplanmasına hazırlıq görülürmü, təbliğat aparılırmı, buna qarşı hansı tədbirlər planlaşdırılıb?

- Seçki günü mədəni kütləvi tədbirlərdə, konsert proqramlarında seçicilərə tibbi və iaşə xidmətləri göstərilməsinə hazırlıq görülürmü?

- Əslən həmin ərazidən olan, hazırda Bakıda yaşayan nüfuzlu şəxslərin siyahısı hazırlanıbmı?

"Azadlıq” qəzetinin iddiasına görə, sənədin qeydlər hissəsində yazılır ki, kəndə gələn yad adamlar və mətbuat işçiləri barədə dərhal rayon seçki qərargahına (YAP-ın seçki qərargahına) məlumat verilməlidir: "Heç bir jurnalistə heç bir məlumat verilmir və rayon icra hakimiyyətinin müvafiq şöbəsi ilə əlaqə saxlanılır”.
Müxalifət isə yayılan məlumatda deyilənləri hakimiyyətin seçki saxtakarlığına hazırlaşması kimi qiymətləndirib və bəyan edib ki, bu məsələyə Prezident Administrasiyası izahat verib ya təsdiq etməlidir, ya da ki təkzib eləməlidir: "Təkzib də sadəcə sözlə olmalı deyil. Aydın göstərilməlidir ki, sənəddə göstərilən istiqamətdə fəaliyyətlər həyata keçirilmir. Əgər bunu etməsələr, tam təsdiqlənəcək ki, prosesin başında Prezident Administrasiyası dayanır və seçkinin saxtalaşdırılması işinə artıq start verilib”.
Prezident Administrasiyasının məsələyə münasibəti özünü çox gözlətmədi. İyulun 8-də Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "mediaforum” saytına deyib ki, hakimiyyətin seçki ilə bağlı heç bir məxfi və xüsusi planı yoxdur: "Bununla bağlı deyilənlərin hamısı uydurma və təxribatdır. Açıq formada deyirəm ki, bunların hamısı ”Azadlıq" qəzetinin fantaziyasından, prezident seçkisini ləkələmək, indidən seçkiyə qeyri-demokratik damğası vuraraq ona qara yaxmaqdan başqa bir şey deyil. Prezident seçkisi ilə bağlı hələlik heç bir plan mövcud deyil. Biz hələlik hər hansı plan elan etməmişik. Mərkəzi Seçki Komissiyası prezident seçkisi haqda müvafiq qərar verməyib. Ona görə də iqtidarın seçki ilə bağlı fəaliyyəti mövcud deyil. Yeganə fəaliyyət hakim Yeni Azərbaycan Partiyasının öz namizədini irəli sürməsi, bununla bağlı qərarın qəbul edilməsidir".

Əli Həsənov bildirib ki, hakimiyyətin gələcəkdə seçki planı mütləq olacaq və həyata keçiriləcək: "Bizim seçki proqramı və planı qanunlar əsasında, demokratik seçkilərin normaları çərçivəsində və Avropa Şurasının, ATƏT-in müəyyənləşdirdiyi standartlar əsasında həyata keçiriləcək”.

musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA