"Rüstəm ibrahimbəyovun namizədliyi ciddi siyasi güzəztlər nəticəsində mümkün olub"

img

07-07-2013 [06:07]


Məlum olduğu kimi, Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) 2-ci sessiyasında prezidentliyə vahid namizəd məsələsinə nöqtə qoyuldu. Milli Şuranın 84 üzvü arasında vahid namizədlə bağlı səsvermə keçirildi, 83 nəfər lehinə, 1 nəfər bitərəf olmaqla, Rüstəm İbrahimbəyov müxalifətin bu il Azərbaycanda keçiriləcək prezident seçkilərində vahid namizədi oldu. Amma uzun müddətdən bəri bu qədər spektri bir araya gəlməyən hakimiyyət əleyhdarları vahid namizəd məsələsini həll etsələr də, müəyyən fikir ayrılıqları qalır. Xüsusən də Müsavat Partiyasının başqanı İsa Qəmbərin prezidentliyə namizədlik iddiasından tamamilə geri çəkilməməsi Milli Şuranın bəzi nümayəndələri tərəfindən birmənalı qarşılanmır. Mövzu ilə bağlı "Reytinq"ə müsahibə verən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ümid edir ki, bütün bunlara baxmayaraq, Milli Şura ciddi siyasi dəyişikliklərə nail olacaq: - Hər halda, Milli Şuranın yarana bilməyəcəyi, onun vahid mövqeyə gələ bilməyəcəyi, xüsusilə də, vahid namizəd irəli sürməyə müvəffəq ola bilməyəcəyi haqqında pronqozlar doğrulmadı. Milli Şura yarandı, vahid namizədlə bağlı yekdil qərar qəbul etdi, hazırda isə strukturlaşmaqda davam edir. Ona görə də atılan bu addımları pozitiv hesab etmək olar. Hesab edirəm ki, Milli Şuranın yaranması Azərbaycanın siyasi tarixi üçün ciddi və əhəmiyyətli hadisədir. Azərbaycan cəmiyyəti uzun illər müxalifəti bir araya gəlməməkdə, vahid namizəd irəli sürə bilməməkdə, vahid mövqedə olmamaqda, parçalanmaqda ittiham edirdi. Azərbaycan hakimiyyəti də ölkədə müxalifət qüvvələrinin seçkilərdə yüksək faizlə səs ala bilməməsinin səbəbi kimi məhz bu amili şişirtməyə cəhd göstərirdi. Düşünürəm ki, ən azı, bu baxımdan Milli Şuranın qəbul etdiyi son qərarlar olduqca əhəmiyyətlidir. Bu qərarların nə dərəcədə böyük tarixi əhəmiyyət kəsb edəcəyi, ölkədəki siyasi vəziyyətə necə təcir göstərəcəyi Milli Şuranın bundan sonrakı fəaliyyətdən, onun sədrinin, bu birliyin siyasətini yönləndirən insanların tutduğu mövqedən asılı olacaq. [b]- Arif bəy, artıq Milli Şuranın namizədi bəllidir. ?ecə düşünürsünüz, İsa Qəmbər, Əli Kərimli, Lalə Şövkət, Rəsul Quliyev və digərlərindən ən şanslı namizəd Rüstəm İbrahimbəyov olduğu üçün onun vahid namizədliyi qəbul edildi? [/b] - Mən, həm şans, həm də səmərəlilik baxımından siz adını çəkdiyiniz yox, başqa namizədlər arasında da favorit namizədi axtara bilərdim. Ancaq hesab edirəm ki, indiki siyasi şəraitdə Rüstəm İbrahimbəyovun namizədliyi bir kompromis, ciddi siyasi güzəştlər nəticəsində mümkün olub. Onu da deyim ki, mən bunu müxalifət düşərgəsinin uğuru hesab edirəm. [b]- Belə görürəm ki, Rüstəm İbrahimbəyova daha çox güzəşti Müsavat edib... [/b] - Bu məsələdə müxtəlif fikirlər var. Mən düşünürəm ki, Rüstəm İbrahimbəyovun Milli Şuranın vahid namizədi olması üçün ən ciddi güzəşt edən qüvvələrdən biri də Müsavat Partiyasıdır, bu partiyanın başqanıdır, liderləridir. Ancaq təbii ki, başqa siyasi qüvvələr də müəyyən iddialarından geri çəkilərək belə bir qərarın qəbul olunmasına razılıq veriblər. Bir daha qeyd edirəm, əgər Milli Şuranın qəbul etdiyi sənədlərə, onun memorandumuna, əsasnaməyə, eyni zamanda, Milli Şura sədrinin götürdüyü öhdəliklərə uyğun fəaliyyət göstəriləcəksə, prosesin nəticəsi hamı üçün, o cümlədən, ciddi güzəştlərə getmiş qüvvələr üçün də uğurlu olacaq. [b]- Siz, bundan əvvəlki müsahibənizdə elə bizim qəzetə demişdiniz ki, budəfəki seçkilərdə ən şanslı namizəd İsa Qəmbərdir. Axı, nə baş verdi ki, qısa zaman ərzində Rüstəm İbrahimbəyov İsa Qəmbərdən daha şanslı namizəd oldu? [/b] - Bir sıra siyasi cəhətdən fəal qüvvələr var ki, ölkədə siyasi proseslərə təsir etmək imkanlarına malikdirlər. Onlar belə rəy yaratmağa nail olmuşdular ki, bütün siyasi qüvvələrin namizəd hesab etdiyi şəxs vahid namizəd olmalıdır. Bu fikir Azərbaycan cəmiyyətində kifayət qədər geniş yayılmışdı. İnsanlarda böyük ümidlər məhz üzdə olan, fəal qüvvələrin, siyasi xadimlərin kompromisə gəldiyi variant, cəmiyyət üçün daha uğurlu varinatdır. Biz bu amili nəzərə aldıq. Rüstəm İbrahimbəyovun namizədliyinin qəbul olunmasının da əsas səbəbi budur. Hesab edirəm ki, indiki şərait Azərbaycan cəmiyyətində dəyişikliklərə olan inamı artırcaq. Siyasi proseslərə əvvəllər qatılmamış qüvvələr bundan sonra siyasi proseslərə qatıla bilərlər. Bu da Azərbaycan cəmiyyətinin bütövlükdə ciddi şəkildə fəallaşmasına səbəb ola bilər ki, demokratik seçkilərin keçirilməsi, ölkədə ciddi dəyişikliklərin baş verməsi, siyasi islahatların başlanması üçün əsas şərtdir. [b]- Bir açıqlamanızda demisiniz ki, bəzi qüvvələri vahid namizəd yox, nəyin bahasına olursa-olsun Müsavatın seçkilərdən imtinası maraqlandırır. Bu qüvvələr kimlərdir? [/b] - Təbii ki, bu fikirlər ilk növbədə hakimiyyətə aiddir. Hakimiyyət Müsavat kimi ciddi bir partiyanın prosesdən kənarda qalmasında, seçkilərdə iştirak etməməsində maraqlıdır. Təəssüflə qeyd etmək lazımdır ki, Müsavatın seçkilərdə iştirak etməməsində maraqlı olan qüvvələrin dairəsi yalnız hakimiyyət nümayəndələri ilə məhdudlaşmır. Müxalifətdə də belə qüvvələr var, bu qüvvələrin kimlər olduğu hamıya məlumdur. [b]- Bir ara AXCP-də buna oxşar mövqelər səslənirdi. Siz AXCP-ni nəzərdə tutursuz?[/b] - Müsavat Partiyasının bu məsələ ilə bağlı mövqeyi kifayət qədər aydındır. Mən özüm də bu barədə mətbuata açıqlama vermişəm. "Turan" İnformasiya Agentliyinin Analitik Mərkəzinin də bu məsələ ilə əlaqədar çox ciddi analitik yazısı mətbuatda dərc olunub. Hesab edirəm ki, Müsavat Partiyasının mövqeyində heç bir problem yoxdur. Bu mövqe Azərbaycan cəmiyyətinin, demokratik düşərgənin mənafelərinə xidmət edən bir mövqedir. Burada iki problem ola bilər. Ya kimlərsə Müsavat Partiyasının mövqelərini anlamır, ya da sadəcə olaraq, bu mövqeyə qərəzli yanaşır. Onu da qeyd edim ki, Müsavatın belə mövqe tutması təkcə bizim mənafelərə yox, Milli Şuranın, onun vahid namizədi olan Rüstəm İbrahimbəyovun maraqlarına uyğundur. [b]- İsa Qəmbərin Milli Şuranın son iclasındakı çıxışı AXCP funksionerləri tərəfindən birmənalı qarşılanmadı. Həsən Kərimov deyir ki, İsa Qəmbər Milli Şuranın qərarlarına hörmətlə yanaşmalı və namizədlik iddiasından geri çəkilməlidir... [/b] - Bu yanlış mövqedir. Ancaq mən, buna da fərqli bir mövqe kimi hörmətlə yanaşıram. Son vaxtlar dəbdə olan fikri səsləndirmək niyyətində deyiləm. Yəni, fərqli fikir səsləndirdiyi üçün, hətta məcazi mənada kiminsə ağzından vurmaq niyyətim də yoxdur. [b]- Ümumiyyətlə, AXCP funksionerinin Müsavat başqanı ilə şərtlə danışmasını necə qəbul edirsiz?[/b] - Təəssüf edirəm ki, onların bu barədə dediklərinin hamısını oxumamışam. Sadəcə, Həsən Kərimovun həmin müsahibəsindəki bəzi tezisləri oxudum. Həmin fikirləri də yanlış sayıram və düşünürəm ki, bu barədə bundan artıq danışmağıma ehtiyac yoxdur. [b]- Arif bəy, Rüstəm İbrahimbəyov vahid namizəd elan olunduqdan sonra verdiyi açıqlamalar bir qədər sərt oldu. Onun ölkəyə gəlməsinin vacib olduğunu deyənlərə aqressiv münasibət sərgilədi. Vahid namizədinizin sərt çıxışını necə qiymətləndirirsiniz? [/b] - Rüstəm İbrahimbəyov bildirib ki, iyul ayının sonunadək Bakıya qayıdacaq. Biz bu yanaşmanı məqbul hesab edirik. Düşünürük ki, o, iyul ayının sonuna qədər Azərbaycana qayıdacaqsa, bu, tamamilə normaldır. Çünki seçki kampaniyası ərəfəsində onun Bakıda olması siyasi proseslərə müsbət təsir göstərər və cəmiyyətdə siyasi dəyişikliklərə inamı artırar. Ümumiyyətlə, Rüstəm İbrahimbəyovun sərt fikirlər səsləndirməsinin səbəbini bilmirəm. Görünür, bu istiqamətdə onu qane etməyən açıqlamalar olub. Həmin açıqlamalarla tanış deyiləm, ona görə də bunu şərh etməkdə çətinlik çəkirəm. Rüstəm İbrahimbəyov özü tezliklə Bakıya qayıdacağını bildirirsə, başqa hər hansı bir siyasətçi də hesab edirsə ki, onun Bakıya qayıtması zəruridir, buna sadəcə, normal yanaşmaq lazımdır. Doğrudan da Rüstəm İbrahimbəyovun Bakı şəhərində olması, siyasi proseslərdə bilavasitə iştirakı seçki texnologiyaları, siyasi məqsədəuyğunluq baxımından da, seçki kampaniyasına töhvə verməsi yönündə də zəruridir. Mən əminəm ki, onun özü də bunun zəruriliyini kifayət qədər aydın başa düşür və müsahibələrində də bu fikirləri səsləndirir. Sözsüz ki, onun Bakıya dönüşü fədakarlıq tələb edir. Rüstəm İbrahimbəyovun üzərinə çox ciddi missiya qoyulub və üzərinə götürdüyü missiyanın ciddiliyini dərk etdiyini bildirib. Bu, bir tərəfdən şərəfli missiyadır, digər tərəfdən isə çətindir və böyük fədakarlıq tələb edir. Düşünürəm ki, o, bu reallığa uyğun addımlar atacaq. [b]- Siz də Rüstəm İbrahimbəyovun ölkəyə gəlməsinin vacib olduğunu deyirsiniz. Amma o, "Yeni Müsavat" qəzetinə müsahibəsində "Mənə yol göstərməsinlər ki, onu belə elə, bunu elə et...",- kimi ifadələr işlədib. Sanki o, bu cür açıqlamaları xoş qarşılamır..[/b]. - Biz uzun illər siyasətlə məşğul olan adamlarıq və daim bizə yol göstəriblər, eyni zamanda, daim biz başqalarına yol göstərmişik, məsləhətlər vermişik. Demokratiya - həm də ilk növbədə fikir müxtəlifliyi deməkdir. Təbii ki, nə Rüstəm İbrahimbəyov, nə da başqa bir siyasi xadim irəli sürülən təkliflərin hamısını yerinə yetirməyə borclu deyil. Amma səslənən təkliflərin hamısını dinləmək və bu təkliflərin mahiyyətini analiz etmək, bunun nəticəsində situasiyaya uyğun qərarlar vermək daha səmərəli olur. İstənilən siyasətçi müxtəlif adamlarla müxtəlif məsələlər barədə məsləhətləşir. Çünki məsləhətləşmələr, qərarların müzakirələr nəticəsində qəbulu demokratik idarəçiliyin əsas üsuludur. Əslində, bunlar demokratik idarəçiliyin mahiyyətini təşkil edirlər. Bu baxımdan, Rüstəm İbrahimbəyovun dediyi fikirlərin hansı kontekstdən işlətdiyini bilmədiyim üçün onun fikirlərini şərh etmək istəmirəm. [b]- Ümumi götürdükdə, Rüstəm İbrahimbəyovun ölkəyə gəlməsində də, namizədliyinin qeydə alınmasında da hansısa problemin olacağı istisna edilmir. İsa Qəmbərin də namizədlik məsələsi ortadadır. Necə düşünürsünüz, Rüstəm İbrahimbəyov kartı "yanarsa", İsa Qəmbər Milli Şuranın vahid namizədi ola bilərmi? [/b] - Hələlik bu barədə danışmaq tezdir. Hamıya bəllidir ki, hazırda Milli Şuranın namizədi Rüstəm İbrahimbəyovdur. Mən şəxsən o fikirdəyəm ki, əgər Rüstəm İbrahimbəyov Azərbaycana gələrək, hakimiyyətə qarşı mübarizəyə öz töhfəsini verəcəksə, bu, cəmiyyətin böyük siyasi fəallığı ilə nəticələnəcək. Proseslər bu şəkildə gedərsə, onun namizədliyinin qeydə alınmaması, seçkilərdən kənarda saxlanması qeyri-mümkün olacaq. Belə olduqda isə İsa Qəmbərin Milli Şuranın vahid namizədi olması barədə danışmaq lazım gəlməyəcək. Ona görə də bir çox məsələlər Rüstəm İbrahimbəyovun özünün atacağı addımlardan asılıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA