21-04-2013 [06:06]
Hüquq-mühafizə orqanları tərəfindən insan alverinə qarşı mübarizə aparıldığı bildirilsə də, son dövrlər insan alveri, fahişəliyə cəlbolunma halları artıb. Bakıda və digər şəhərlərimizdə fəaliyyət göstərən müxtəlif bar və restoranlarda, bəzi masaj salonlarında seksual xidmət göstərirlər. ?arahatedici məqamlardan biri də odur ki, həmin obyektlərdə seksual xidmət göstərənlərin əksəriyyəti əsasən həddi-buluğa çatmayan qızlardır. Araşdırmalar göstərir ki, azyaşlı qızların əksəriyyəti ya aldadılaraq, ya da məcburən fahişəliyə cəlb edilirlər.
Mia.az xəbər verir ki, "Reytinq"ə açıqlama verən Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova vəziyyətin kritik olduğunu deyib. Onun sözlərinə görə, azyaşlı qızların insan alveri qurbanları arasında sayının artması artıq narahatedici səviyyədədir: "Fahişələrə olan tələbatlar zaman-zaman dəyişir. Bir neçə il bundan əvvələ qədər 20-25 yaş qrupu arasında qadınlar fahişəliyə cəlb olunurdular, çünki tələbat bu yaş qrupuna idi. Bir zamanlar ekzotik xanımlara tələbat yüksək idi. Bu zaman Çindən, Rusiyadan, Ukraynadan, yəni, ayrı millətdən olan xanımlar gətirilir və xidmət təklif olunurdu. Son dövrlər isə daha çox yeniyetmələrə tələbat var. Təəssüf ki, artıq bu "tendensiya" artan xətt üzrə inkişaf edir".
M.Əzizovanı narahat edən başqa məqamlar da var. Deyir ki, əgər bu gün fahişəliyə dəhşətli hal kimi yanaşılmırsa, bir müddətdən sonra azyaşlı qızların fahişəliklə məşğul olmasına da əhəmiyyətsiz hadisə kimi yanaşılacaq: "Kimsə deyə bilər ki, hər kəsin öz hüququ var və kim istəyirsə, fahişəliklə məşğul ola bilər. Bu, çox yanlış yanaşmadır. Hər şeydən öncə cəmiyyətdə laqeydlik aradan qaldırılmalıdır. Çünki 14-15 yaşlı qızların fahişəliyə cəlbi ciddi hadisədir".
Ekspertin sözlərinə görə, hazırda fahişəliklə məşğul olanlar arasında sosioloji araşdırma aparılarsa, əksəriyyətin maddi problemlər üzündən bu yolu seçdiyinin şahidi olarıq. M.Əzizovanın fikrincə, burada söhbət sadəcə fahişəlikdən getmir. Çünki bu iş üzərindən cinayətkar qruplar gəlir əldə edir və bu sahəni şəbəkələşmiş biznes sahəsinə çeviriblər.
[b]"Hər bir fahişənin sutenyoru var"[/b]
Hazırda ölkədə elə bir şəbəkə formalaşıb ki, kimsə təkbaşına fahişəliklə məşğul ola bilməz. Əgər bir qadın cəmiyyətdə hansısa zorakılıqla qarşılaşırsa, o, ən son ümid yeri kimi seks biznesini seçir. M.Əzizovanın fikrincə, bu gün bəzi insanlar elə bilirlər ki, fahişəliklə məşğul olanlar yaxşı gəlir üçün bu yolu tutublar: "Amma onlar başa düşmürlər ki, fahişəlik çox çətin işdir, bəlkə də böyük gəlir əldə edir, amma onu başqaları ilə bölüşmək məcburiyyətində qalır. Əgər kimsə hansısa barda, restoranda oturub fahişəlik etmək istəsə, onu dərhal oradan qovarlar. Çünki Azərbaycanda hər bir fahişənin sutenyoru var və onsuz işləmək mümkün deyil. Bunun da səbəbi odur ki, sutenyorsuz işləyən fahişə hər zaman polis tərəfindən yaxalana bilər. Sözsüz ki, fahişə ona "krışa"lıq edən sutenyora "haqq" verir. Belə demək mümkündürsə, bu biznesdən əldə olunan gəlir mütləq kiminləsə bölüşdürülməlidir. Adətən həmin sutenyorlar da hüquq-mühafizə orqanlarının "hesabı"nı çatdırırlar".
[b]"14-15-16 yaşlı qızlara tələbat böyükdür"[/b]
Azyaşlı qızların fahişəliyə sürüklənməsinə gəldikdə, M.Əzizova vurğulayıb ki, bu, böyük bir insani cinayətdir. Vəziyyət bu şəkildə davam etsə, böyük fəlakətə çevrilə bilər. "Birincisi, bu uşaqlar həmyaşıdları kimi məktəbdə olmalıdırlar. İkincisi, azyaşlı qızların fahişəliklə məşğul olmaları ciddi sağlamlıq problemləri ortaya çıxara bilər. Digər tərəfdən, bu tendensiya onların həmyaşıdlarının da buna meyllənməsinə səbəb olar. Əgər bunun qarşısı alınmasa, bir müddətdən sonra azyaşlı qızlar düşünəcəklər ki, yaxşı geyinib-kecinmək üçük fahişəliklə məşğul olmaq lazımdır".
M.Əzizova deyib ki, bu gün 14-15-16 yaşlı qızlara tələbat həddən artıq böyükdür: "Ad çəkmək istəmirəm, bu günlərdə məşhur otelin restoranına getmişdik. Orda bir qadın yanındakı iki azyaşlı qızı məcbur edirdi ki, onlar masalara yaxınlaşıb öz xidmətlərini təklif eləsinlər. Eyni zamanda, qızlara alkoqol içkilər verirdilər. Onlardan biri etiraz edəndə, istədim ki, yaxınlaşım, mühafizəçilər imkan vermədilər. Bildirdim ki, bu məsələni ictimailəşdirəcəm, cavabında, "bu obyekt filankəsindir, heç nə edə bilməzsən",-dedilər. Yəni, ölkənin ən tanınmış müəssisələrində belə, uşaqların cinsi istismara məcbur edilməsi halları var. Amma bunu sübut eləmək, araşdırmaq imkanları məhduddur".
[b]Seks biznesi böyük qrupların inhisarındadır[/b]
Mərkəz rəhbəri belə vəziyyətin yaranmasında hüquq-mühafizə orqanlarını təqsirkar sayır. Onun fikrincə, bu cür müəssisələri, əxlaqsız yuvalarını, azyaşlıların cinsi istismara məcbur edildiyi obyektləri aşkar etmək hüquq-mühafizə orqanlarının borcudur: "Mən hər zaman deyirəm ki, necə olur QHT-lər bu cür halları görür, şahidi olurlar, amma hüquq-mühafizə orqanlarının əməkdaşları yox? Deməli, burada hansısa maraq var. Buradan o nəticəyə gəlmək olar ki, Azərbaycanda seks biznesini inhisara alan böyük qruplar var. Hüquq-mühafizə orqanları ayrı-ayrı xırda fahişəxanaları aşkarlamaqdansa, azyaşlı qızlarımızı cinsi istismara sürükləyən inhisarçı qrupları aşkarlasalar, yaxşı olar. Çünki azyaşlı qızlar əsasən aldatma, məcburetmə yolu ilə fahişəliyə cəlb edilirlər".
Qeyd edək ki, iki gün öncə Milli Məclisin iclasında "İnsan alverinə qarşı mübarizə haqqında" Qanuna və Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər müzakirə olunaraq qəbul edilib. Dəyişikliyə əsasən, yetkinlik yaşına çatmayanların istismarı da insan alveri hesab olunacaq və bu istismara yol verənləri 12 ilədək həbs cəzası gözləyəcək. Köləliyə bənzər adətlər və ondan irəli gələn asılılıqlar, insanın daxili orqanının qanunsuz olaraq çıxarılması, insanın üzərində bio-tibbi tədqiqatların aparılması da insan istismarı kimi insan alveri hesab olunacaq. Sadalanan bütün epizodlar üzrə Cinayət Məcəlləsinin 144-cü maddəsinə əlavə və dəyişikliklər edilərək müvafiq cəzalar da müəyyənləşəcək. Qeyd olunan insan istismarı hallarına görə müvafiq olaraq 4 ildən 12 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulub. İnsan alveri məqsədi ilə vətəndaşın şəxsiyyət vəsiqəsinin, pasportunun və ya şəxsiyyətini təsdiq edən digər sənədin, yaxud yol (sərhədkeçmə) sənədinin saxtalaşdırılması insan alveri faktı kimi qeydə alınır və buna görə 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə cəzası müəyyənləşdirilir. Eyni zamanda, insan alveri məqsədi ilə insan alverçisini və ya insan alveri qurbanını saxta şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd, yaxud yol (sərhədkeçmə) sənədləri ilə təminetmə, o cümlədən eyni məqsədlə insan alverçisini və ya insan alveri qurbanını saxta şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd, yaxud yol (sərhədkeçmə) sənədləri ilə təmin etmək üçün belə sənədləri əldə etmə faktları da insan alveri faktı kimi qeydə alınaraq 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq. İnsan alveri məqsədi ilə hansısa bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhv etmə faktı da insan alveri kimi qiymətləndirilərək 1 ildən 4 ilədək həbs cəzası ilə təsbit olunacaq.
Sözügedən qanuna edilən dəyişikliklərə də münasibət bildirən M.Əzizova insan alveri ilə bağlı qanunvericilikdə hər hansı problemin olmadığını deyib. Ekspertin sözlərinə görə, Azərbaycanda yaxşı qanunlar olsa da, onların tətbiqində ciddi nöqsanlar var, çox vaxt bu qanunlar işləmir: "Bəzən hüquq-mühafizə orqanları, məhkəmələr də problemi tam araşdırmır, cinayətkarı törətdiyi əmələ adekvat olaraq cəzalandırmırlar. Yəni, elə hallar olur ki, lazım olan maddələri irəli sürmürlər. Elə maddə seçirlər ki, cəza yüngül olsun. Çox təəssüf ki, bu gün insan alverinə qarşı elə mübarizə aparılır ki, problem həll olunmamış qalır. Yenə də qadınları Azərbaycandan kənara satırlar, yenə də ölkədən tranzit kimi istifadə edirlər, azyaşlı qızlar fahişəliyə cəlb olunur. Ən ciddi məsələ odur ki, artıq uşaqların adları insan alverində çəkilir. Mənim narahatlığımın artması da məhz azyaşlıların insan alveri predmetinə çevrilməsidir".
[b]Milli Məclisdə qanuni fahişəxana tələbi[/b]
Maraqlı məqamlardan biri də odur ki, "İnsan alverinə qarşı mübarizə haqqında" Qanuna dəyişikliklərin müzakirəsi zamanı Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Siyavuş ?ovruzov ölkədə fahişəliyin leqallaşdırılmasını təklif edib. O bildirib ki, milli-mənəvi dəyərləri nəzərə alsaq, bu məsələyə bir az fərqli baxmaq lazımdır: "İndi insan alveri ilə bağlı qanunları sərtləşdiririk, amma problemlər bir az da ağırlaşacaq. Çünki bu işlə qeyri-rəsmi məşğul olanlar yenə də məşğul olacaqlar. Əslində qanunların sərtləşməsi korrupsiyaya yol açacaq. Bu gün Ukraynadan, Filippindən Azərbaycana belə qadınlar axışır. Gəlin, bu sahədə beynəlxalq təcrübədən istifadə edək. Leqallaşma bir çox problemin qarşısını alacaq. Bütün Avropa ölkələri artıq bu işin çəmini tapıb, biz də onların təcrübəsindən istifadə edə bilərik".
Krizis Mərkəzinin rəhbəri deputatın bu təklifi ilə razılaşmır. Ekspert hesab edir ki, fahişəliyin leqallaşdırılması məsələnin həlli deyil. "Elə ölkələr var ki, leqallaşma orda ciddi problemlərə səbəb olub. Məsələn, Hollandiyada fahişəliyi leqallaşdırdıqlarına görə peşmandırlar. Çünki bu, özü ilə daha böyük problemlər gətirdi. Turistlər çoxaldı, müxtəlif ölkələrdən ora fahişəlik etmək üçün axın başladı və cəmiyyətin ümumi normaları pozuldu. Əgər Azərbaycanda fahişəlik leqallaşsa, analoji vəziyyət Azərbaycanda da olacaq. Yəni, bir müddət keçəndən sonra fahişəlik də bir peşəyə çevrilə bilər. Ancaq bir məsələ də var ki, leqallaşma fahişənin düşüncəsini dəyişməyəcək, hazırki problemlər, ondan sonra da olacaq. Mənə elə gəlir ki, ən ideal variant qanunlara əməl olunması, qadınların cəmiyyətdəki statusunu müəyyənləşdirmək və onu yüksəltmək istiqamətində addımlar atmaqdır. Qadınlar üçün iş yerləri açılsa, daha müsbət nəticələr əldə etmək mümkündür", - deyə M.Əzizova fikrini tamamlayıb.
[b]Qanun var, amma...[/b]
"İnsan alverinə qarşı mübarizə haqqında" Qanuna və Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər edilməsinə münasibət bildirən [b]"Hüquqi Dövlət" Araşdırmaları Fondunun prezidenti Müzəffər Baxışov[/b] deyib ki, Azərbaycanda qanunları dəyişdirməklə hər hansı problemi aradan qaldırmaq mümkün deyil. Hüquqşünas hesab edir ki, Azərbaycanda qanunların təbiqi ilə bağlı çox ciddi problemlər var: "Hər hansı sahədə problemləri aradan qaldırmaq üçün qanunları dürüst tətbiq eləmək lazımdır. İnsan alveri cinayətləri beynəlxalq sənədlərdə Azərbaycan qanunvericiliyində təsbit olundu. Əvvəllər Azərbaycan ümumiyyətlə, insan alveri cinayətlərinin törədilməsini qəbul etmirdi. Amma beynəlxalq təzyiqlər nəticəsində bunu qəbul etmək məcburiyyətində qaldılar. 28 iyun 2005-ci il tarixində "İnsan alverinə qarşı mübarizə haqqında" Qanun, 30 sentyabr tarixində isə Cinayət Məcəlləsinə 144-1-ci maddə əlavə olunaraq, orada insan alveri cinayəti anlayışı qəbul edildi. Yeni dəyişikliklərdə insan alveri anlayışı beynəlxalq sənədlərdəki anlayışa uyğun planlaşdırılıb. Düşünürəm ki, qanuna edilən əlavə və dəyişikliklər bu sahədə dəqiqləşdirmənin həyata keçirilməsidir. Mənə elə gəlir ki, bu dəyişikliklərdən sonra insan alveri cinayətlərinin daha dəqiq tövsifi həyata keçiriləcək. Bəzən fahişəliyə cəlb etməklə insan alveri cinayətləri qarışdırılırdı. İndi isə zor tətbiq etməklə, aldatmaqla, hədələməklə baş verən cinayətlər insan alveri cinayəti kimi qəbul olunacaq. Əgər bu dəyişikliklərə əməl edilsə, insan alverinə qarşı mübarizədə müəyyən irəliləyiş mümkündür".
Fahişəliyin leqallaşdırılması ilə bağlı məsələyə gəlincə, M.Baxışov bildirib ki, bu məsələyə münasibətdə Azərbaycan cəmiyyətində ikili mövqe var. Ancaq hüquqşünas bu məsələnin reallaşması üçün zamana ehtiyacın olduğunu bildirib. Onun fikrincə, yalnız müəyyən zaman keçəndə sonra fahişəliyin leqallaşdırılması ilə bağlı qanun qəbul eləmək olar.