31-03-2013 [05:20]
Ölkədə insan hüquqlarını təmin etməli olan məhkəmə sistemindən narazıların sayı günü-gündən artır. Mülkiyyət hüquqlarının pozulması və məhkəmələr tərəfindən qanunsuz qətnamələrin çıxarılması artıq adi hala çevrilib.
Ancaq bu sahəyə cavabdeh şəxslərdən olan Ədliyyə naziri Fikrət Məmmədov fərqli mövqe nümayiş etdirir. Belə ki, Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı Fikrət Məmmədov məhkəmə-hüquq sitemindəki yeniliklərdən və görülən işlərdən danışıb. F.Məmmədov deyib ki, məhkəmələr vətəndaşların, iş adamlarının hüquqlarının müdafiəsində dayanırlar: "Biz daim məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı sorğular keçiririk. Eyni zamanda hakimlərin məsuliyyətinin artırılması ilə bağlı xeyli tədbirlər görülüb. 60 hakimin səlahiyyətinə vaxtından əvvəl xitam verilib, 148 hakim barəsində inzibati tədbir görülüb, 3 hakim aşağı vəzifəyə keçirilib".
Tanınmış hüquqşünas Qurban Məmmədov Ədliyyə nazirinin dediklərində müəyyən həqiqətlərin olduğunu bildirsə də, ölkədəki məhkəmə sisteminin bərbad vəziyyətdə olduğunu vurğulayıb. Q.Məmmədov "Reytinq"ə deyib ki, Ədliyyə naziri iş adamlarının məhkəmələr tərəfindən müdafiə olunduğunu bildirməklə, ölkədəki digər strukturların iş adamlarına divan tutduğunu təsdiqləyib: "Mənim nazirlər arasında ən çox hörmət elədiyim şəxs Fikrət Məmmədovdur. Əslində, Fikrət Məmmədov dediklərində tamamilə haqlıdır. O, dolayısı ilə demək istəyir ki, Azərbaycanda iş adamlarının hüquqları inzibati orqanlar və vəzifəli şəxslər tərəfindən tez-tez pozulur deyə, məhkəmələr onları müdafiə edirlər. O başqa məsələdir ki, məhkəmələr onlara müraciət edən iş adamlarının hüquqlarını qoruya bilirlərmi? Mən də Məmmədov Qurban Cəlal oğlu kimi deyirəm ki, xeyr. Azərbaycanda məhkəmə orqanları ayrı-ayrı cinayətkar hadisələri qanuniləşdirməklə məşğuldur. Məhkəmə-hüquq sistemi korrupsiya bataqlığına çevrilib. Yəni, biri digərinin xüsusi əmlakını ələ keçirmək üçün məhkəməyə müraciət edir, məhkəmə də qanunları ayaqlar altına atıb, bunu gerçəkləşdirir.
Sizə bir fakt deyəcəyəm, Fikrət Məmmədov da bilsin. Şamaxıda 22 il bundan öncə Rövşən doktora icraiyyə komitəsinin qərarı ilə torpaq sahəsi verilib. 22 ildən sonra qonşu məhkəməyə müraciət edərək, Rövşən doktorun qapısının qabağındakı torpağı əlindən alır, məhkəmə də buna qanuni don geyindirir. Sumqayıt Apellyasiya Məhkəməsində Nazim Nəsibov adlı bir hakim də qərar verib ki, vətəndaşın qapısının ağzındakı torpaq onun yox, başqasınındır.
Qusarda başqa bir fakt olub. 132 il bundan qabaq bir vətəndaşa ulu babasından qalan torpağı Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Gülnarə Tağızadə alıb başqasına verib. Sonra da Ali Məhkəmə bunu təsdiqləyib.
Gəncədə isə dörd bacıya qalan dədə mülkünü məhkəmənin qərarı ilə alıb Abbas Abbasovun xalası oğluna verirlər. Azərbaycan məhkəmələrində yüzlərlə, minlərlə belə iş var. Əgər Fikrət Məmmədov istəsə, ona məhkəmələrin vətəndaşların, iş adamlarının hüquqlarını pozması ilə bağlı yüzlərlə fakt təqdim edərəm".
Q.Məmmədov qeyd edib ki, son vaxtlar məhkəmələr ayrı-ayrı adamların cinayət əməllərini, o cümlədən dövlət orqanlarının vətəndaşların mülklərinin qəsbini qanuniləşdirməklə məşğuldur. Onun sözlərinə görə, bu prosesin başında Azərbaycanın Ali Məhkəməsi dayanır. Hüquqşünas hesab edir ki, əgər Ali Məhkəmə ədalətli mövqeyə gələrsə, məhkəmə-hüquq sistemindəki korrupsiya 50-60 faiz azalar.
Müsahibimiz nazirin hakimlərin məsuliyyətinin artırılması ilə bağlı xeyli tədbirlər görülməsi, 60 hakimin səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi, 148 hakim barədə inzibati tədbir görülməsi, 3 hakimin aşağı vəzifəyə keçirilməsi ilə bağlı fikirlərinə də münasibət bildirib. Deyib ki, Azərbaycanda hakimlər də daxil olmaqla, vəzifəli şəxslər ona görə işdən çıxarılırlar ki, onlar ya aldıqları rüşvəti gizlədiblər, ya da yuxarıya az veriblər.
"Bu gün məhkəmə sistemində elə murdar, nəfəsi də rüşvətlə alan hakimlər var ki, çıxarılanlar bunların yanında toya getməlidir. İşdən çıxarılan bir neçə hakim tanıyıram km, çox ləyaqətli adamlar idi. Bu gün məhkəmə sistemində ədalət hissini, insanlığını itirən adamlar var ki, tərbiyəsizcəsinə saxta protokol çıxarırlar, vətəndaşı kabinetinə çağırıb ondan açıq şəkildə pul istəyirlər. Azərbaycanda 100 manat da alan rüşvətxor hakim var. Pensiya işində faktı təsdiq edir ki, kimsə pensiya alsın. Deyir ki, əvəzində bir aylıq pensiyanı mənə verərsən. Bax, bəzi hakimlərin səviyyəsi bu qədər alçalıb. Ona görə də bir neçə nəfərin işdən çıxarılması islahat kimi qiymətləndirilə bilməz", - deyən Q.Məmmədovun fikrincə, Azərbaycanda məhkəmə sistemini təmizləmək üçün ortaya siyasi iradə qoyulmalıdır. Hüquqşünas hesab edir ki, hakimiyyətin başında duranlar açıq şəkidə rüşvət almağı qadağan etmədikcə, belə vəziyyət davam edəcək: "Bunarın rüşvət və korrupsiyaya qarşı apardığı mübarizə də imtasiyadan başqa bir şey deyil. Yoxsa müəllimi tuturlar ki, 100 manat rüşvət alır. Yadınızda saxlayın, bu ölkədə bir halda adamı rüşvət üstündə tuturlar ki, o, rüşvət almağı yaxşı bacarmır. Azərbaycanda milyonlarla rüşvət alan var, onları niyə tutmurlar? Ona görə də deyilənləri islahat kimi qəbul eləmək olmaz".
Məhkəmə-hüquq sistemində mövcud olan bərbad durumda Ədliyyə naziri Fikrət Məmmədovun nə qədər məsuliyyətinin olmasına gəlincə, hüquqşünas "Açığı, mən Fikrət Məmmədovu abırlı-həyalı adam kimi tanıyıram. Heç kəs deyə bilməz ki, mən ona rüşvət vermişəm. Amma Fikrət müəllim Azərbaycanda total korrupsiya və rüşvət siyasətinə qarşı mübarizə aparmaqda acizdir. Çünki siyasi iradə onu müdafiə eləmir. Siyasi iradə ortada olsa, Fikrət müəllim öz sistemində rüşvətxorluğu bir gündə aradan qaldırar. İnsafən onu da deməliyəm ki, Azərbaycanda ən az rüşvət olan ədliyyə sistemidir. İndi görün, o biri sistemlər hansı vəziyyətdədir. Ədliyyə sistemində natariusdan tutmuş, məhkəmələrə qədər hamısında rüşvətxorluq var. Dövlət Reyestr Xidmətində həyasızcasına, açıq şəkildə rüşvət alırlar. Rüşvət qoparmaq üçün illərlə məhkəmə qərarlarını icra eləmirlər. Ədliyyə naziri guya bunları bilmir? Dövlət Reyestr Xidməti qanunları, bütövlükdə dövləti saymırsa, hansı hüquqdan danışmaq olar? Bütün bunları nəzərə alaraq demək olar ki, Azərbaycanın bütün idarəetmə orqanlarında acınacaqlı vəziyyət hökm sürür",- deyə, bildirib.