03-03-2013 [08:00]
Mart ayının 10-u Azərbaycanda teatr günüdür. Teatrla bağlı müzakirələr də bu ərəfədə daha intensiv xarakter alır. Gənc Tamaşaçılar Teatrının sabiq aktyoru, xalq artisti Ağaxan Salmanlı ilə söhbətimiz də bu mövzu ətrafında oldu:
- Teatrla bağlı bayramlar həmişə yüksək səviyyədə qeyd edilir. Hazırda teatr meydanı gənc nəslə verilib. Cavanlara baxanda ürəyim açılır, fərəhlənirəm. Mən bu yaşa gələnə kimi nələr çəkmişəm, onu bir Allah bilir. Çox əzab-əziyyət çəkdiyim üçün indi gənclərin uğuru məni sevindirir. Teatr günü artıq mənim üçün o qədər də önəmli deyil. Bu bayram qocalardan çox gənclərə aiddir. Bizim dövranımız keçib.
[b]- Deyirsiniz ki, gənclərin teatrdakı uğurunu gördükdə sevinirsiniz. Onların uğurunun arxasında ciddi sənət dayanırmı?[/b]
- Bunu necə dediniz? Qorxmursunuz ki, gənclər üstünüzə hücum çəkər? Gənclərin arasında istedadlıları da var. Amma kino sahəsində istedadlı gənc demək olar ki, yoxdur. Çünki milli kinomuz hələ də iməkləyir. Yəqin ki, haçansa ayağa durub yeriyəcək. Mən "40-cı qapı" filminə baxdım, xoşuma gəldi. Azərbaycanda çox istedadlı rejissorlar var ki, onlar da heç nə edə bilmirlər. Çünki zaman dəyişib. Gələcəyə baxmaq yaxşı şeydir, amma gərək əvvəlcə keçmişdən xəbərdar olasan. Hansısa işi görəndə əvvəlcə onun sağlam təməlini hazırlamaq lazımdır. Özülsüz bina ilk həmlədə uça bilər. Təəssüf ki, gənclər öyrənməyə bir o qədər də meylli deyillər. Əslində, mən gəncləri qınamıram. Bu, tək bizdə deyil, bütün dünya belədir. İndi görüntü əsridir. Necə deyərlər, üstü bəzək, altı təzək. Arxasında nə zir-zibil varsa, heç kəsi maraqlandırmır. Bu əsrdən söz, hikmət, dərin fəlsəfə, nə bilim başqa şeylər gözləməyə dəyməz.
[b]- Siz uzun illər Gənc Tamaşaçılar Teatrında çalışmısınız. Teatrın bugünkü vəziyyəti Sizi qane edirmi?[/b]
- Məni teatrdan çoxdan çıxarıblar. O vaxtdan bəri Gənc Tamaşaçılar Teatrına getmirəm. Biz bu yaşdan sonra kimə lazımıq? O vaxt dedilər ki, bundan sonra aktyorlar müqavilə əsasında işləyəcəklər. Amma mənim oynadığım tamaşaların əksəriyyəti teatrın repertuarından çıxarılıb. Hərdən kimsə xəstə olur, yaxud da çəkilişlə bağlı harasa gedir, deyirlər ki, gəl onun rolunu oyna. Mən də gedib oynayıram. Buna görə isə qəpik-quruş alıram. - Son vaxtlar bir neçə yeni serial çəkilib. Serial çəkilişlərinə görə Sizə dəvət gəlmir? - Yox, mənə belə dəvətlər olmur. Mən Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm, orda çoxlu tələbələrim var. Onlar bir müddət əvvəl mənə dedilər ki, Ağaxan müəllim, bizə teleserialların birindən dəvət gəlib. Qalmışıq belə, əgər siz icazə versəniz, gedib çəkilərik...
[b]- Tələbələrinizə hansı teleserialdan dəvət gəlmişdi?[/b]
- Onlar ANS-də nümayiş olunan "Ağabəyovlar" telesirialından təklif almışdılar. 3-4 qız idi. Baxdım ki, həmin serialda çəkilmək istəyirlər. Dedim, gedin çəkilin. Getdilər. Ertəsi gün dedilər ki, "Ağabəyovlar" teleserialında çəkildik. Baxdım ki, qızlar özlərini qəribə aparırlar. Soruşdum ki, nə baş verib? Dedilər ki, çəkilişdən sonra hərəmizə 5 manat verdilər, amma o pulu almadıq. Bilsəydik belə olacaq, heç seriala çəkilməzdik. Bu, bəlkə də çoxlarına nağıl kimi gəlir. Amma mən nağıl danışmıram. Bu söhbətin mənası var. "Ağabəyovlar" da daxil olmaqla, teleserial çəkənlər fikirləşirlər ki, Ağaxan Salmanovu dəvət eləsək, o, 100 manatdan aşağı pula çəkilməyəcək. Ona görə də Ağaxanı çağıran yoxdur. Gedib küçədən birini tutub gətirirlər ki, təki bunlardan çıxan 5 manat olsun. Seraillar belə "aktyorların" əməyi sayəsində yaranır. Heç kəs də həmin seriallara baxmır. Düşünürəm ki, dəvət almamağımın yeganə səbəbi 100 manat tələb etməyimdir. Azərbaycanda serial bazarının bir devizi var: dövlətin ayırdığı puldan nə qədər çox qənaət etsək, bizə bir o qədər çox qalacaq. Yəni, demək istəyirəm ki, serial çəkən adamları maşın, bağ evi almaq, uşaqlarının gələcəyi üçün pul yığmaq düşündürür.
[b]- 5 manatlıq aktyordan "OSKAR" ummaq nə dərəcədə düzgündür? [/b]
- Bir tanış var, Mingəçevir teatrında işləyir. Deyir ki, günlərin birində ANS-dən zəng ediblər ki, 5-6 aktyor götürüb gəlin. Həmin tanışım da özü ilə Bakıya 5-6 aktyor gətirib. Həmin vaxt "Xoca" filminin çəkilişləri gedirmiş. Mingəçevirdən gələn aktyorları "Xoca" filminə çəkiblər. Çəkiliş başa çatandan sonra aktyorların hərəsinə 5 manat pul veriblər. Mənim tanışım etiraz edib. Deyib ki, bizim təkcə yol xərcimiz 30 manat edir. Üstəlik, 10 manat da yeməyə pulumuz çıxıb. Hələ bu arada qohum-qardaşın evində qalıb, onları da əziyyətə salmışıq.
Bilirsiniz, onlara nə deyiblər? Mingəçevirdən gələn aktyorlara deyiblər ki, istəyirsiniz pulu götürün, istəmirsinizsə, sizə yaxşı yol! Budur Azərbaycan aktyorunun günü.
[b]- Mütəxəssislər iddia edirlər ki, serialların çəkilişi üçün ayrılan pullar ayrı-ayrı adamlar tərəfindən mənimsənilir. Sizin sadaladığınız faktlar məni buna inanmağa vadar edir...[/b]
- Bu barədə əlimdə rəsmi sənəd yoxdur. Amma fakt odur ki, seriallarda çəkilən aktyorlara 5 manat qonorar verirlər. Aktyora 5 manat verməkdənsə, onun üzünə tüpürmək daha yaxşı olar.
[b]- Əgər bu gün hansısa serialdan dəvət alsanız, ilk olaraq hansı şərti irəli sürərsiniz?[/b]
- Mən çox utancaq adamam. Ona görə də maliyyə məsələsini lap axıra saxlayıram. Kimsə mənimlə pul söhbəti edəndə, deyirəm ki, nə qədər çox versən, başının ucalığıdır. Amma az pul verəndə deyirəm ki, ayıbdır, aktyora da belə pul verərlər? Dekorasiya, paltar, işıq üçün pul səpirlər, amma aktyora növbə çatanda əlləri əsir. Az pul versələr, mən heç bir seriala çəkilmərəm. Bu yaxınlarda bir rejissordan zəng gəldi. Dedi ki, səni bir həftə çəkəcəm. Soruşdum ki, sən məni bir həftə istədiyin kimi fırladacaqsan, bəs bunun müqabilində mənə nə verəcəksən? Dedi ki, 500 manat qonorar alacaqsan. Razılaşmadım. Dedim ki, 7 günə 1500 manat verəcəksən. Başladı "ağlamağa" ki, vallah, o qədər pulumuz yoxdur. Dedim ki, qardaş, səninki səndə, mənimki də məndə. Rolsuz qaldım, amma 500 manata filmə çəkilmədim. Rejissorlar çox vaxt aktyorları aldadırlar. Düzünü deyim ki, mən seriallara baxmıram. Hərdən kanalları çevirəndə tanış sifətlər görürəm. O aktyorların çoxu ilə salam-kəlamım var. "Həyat varsa" filmində mənim kimi uzunsaçlı bir aktyor var. Deyəsən, adı Sərdardır. O, hind mahnıları oynayır ki, gəl görəsən. Bu adam artıq aktyorluq yox, meymunluq edir. Azərbaycanda aktyorluq deyilən bir məktəb var. Azərbaycan aktyorları şərəfli bir yol keçiblər, məktəb yaradıblar. Hüseyn Ərəblinski, Şərifzadə, Təhmasib, Ələsgər Ələkbərov, Hökümə Qurbanova, Mərziyyə Davudova, Fatma Qədiri, Nəcibə Məlikova kimi böyük sənətkarlarımız olub. Mən Sərdara baxanda, o məktəbə nifrət elədim. Ona rol verən rejissorun başına kül!
[b]- Azərbaycan teatrının zəngin ənənələrini yaşatmaq üçün nə etmək lazımdır?[/b]
- Bu ənənələri bizim tələbələrimiz yaşatmalıdır. Sərdar deyir ki, mən şairəm, şeirlərimə mahnılar yazılıb. Adama deyərlər ki, şairsən, get şairliyini elə də. Artistliyə niyə soxulursan? Bilirsiniz, onlar niyə çəkilir? Belələrinə sənət, pul lazım deyil. Onlara kamera lazımdır. Onların məqsədi efirdə görünməkdir. Ən istedadsız aktyora da pul lazımdır. Xarratın pulu nədən çıxır? Qapı-pəncərə düzəltməkdən. Artistin pulu da oynadığı roldan çıxır. Əgər aktyor rola çəkilməsə, acından ölər. Əvvəllər aktyorların əlavə gəlir mənbələri var idi. Birinin mağazası, digərinin zərgər dükanı olub. İndi o imkanlar da yoxdur. Aktyor ancaq maşa möhtac qalıb. Maaş da çox azdır. Bunu hamı bilir. Üstəlik, çəkildiyi rola görə ona cəmi 5 manat verirlər. Bu, insanlıqdan uzaq hərəkətdir. Adamı bu cür təhqir etmək olmaz! Pulun yoxdursa, açıq de ki, gəl havayı çəkil. Əgər cavanlardan biri mənə desə ki, pulum yoxdur, gəl mənim üçün filan tamaşada oyna, gedərəm. Hətta mən özümə layiq bilmədiyim verilişlərdə də iştirak edirəm.
[b]- Bəyənmədiyiniz verilişdə iştiraka Sizi kim məcbur edir?[/b]
- Həmin verilişlərin aparıcısı olan gənclər bizim hesabımıza pul qazanırlar. Mən getməsəm, onun verilişinin reytinqi aşağı düşür, hətta həmin verilişi bağlaya bilərlər. Ürəyimdə deyirəm ki, sənin bu verilişin çox zəifdir. Amma yenə gedib çəkilirəm. İstəyirəm ki, həmin cavan aparıcılar da çörəkpulu qazansınlar.
[b]- Nəvəniz Ləman Salmanlının səsi teatrdan gəlir...[/b]
- Buna görə çox xoşbəxtəm. Mingəçevir teatrı ilə mədəniyyət evinin rəhbərliyi balacaların mənəvi-estetik tərbiyəsinə çox önəm verir. Onlar məni Mingəçevirə dəvət etdilər. Orada "Tıq-tıq" xanım tamaşasını hazırladım. Bu tamaşanın rəssamı nəvəm Ləman Salmanlı oldu. Tamaşa çox bəyənildi. Uşaqlara məxsus bir tərtibat idi. İnanıram ki, o, gələcəkdə böyük bir teatr rəssamı olacaq. - Ağaxan müəllim, 65 yaşınız tamam olduğu üçün Sizi teatrdan çıxardılar. Amma 72 yaşınız olduğu halda Sizi Dövlət İncəsənət və Mədəniyyət Universitetində işə götürdülər. Yeni iş yerində karyeranızla bağlı hər hansı təhlükə gözlənilmir? - Hər hansı təhlükədən söhbət gedə bilməz. Çünki Dövlət İncəsənət və Mədəniyyət Universitetində işə düzələndə 70 yaşım tamam olmuşdu. Sağ olsun, rektor özü məni qəbul elədi. Dedim ki, axı mənim 72 yaşım var. Rektor da qayıtdı ki, eybi yoxdur, bizə təcrübəli adam lazımdır. İndi teatrlar üçün kadr hazırlayıram. Tələbələrimin ikisi Gənc Tamaşaçılar Teatrında oynayır.
"Reytinq" qəzeti