22-04-2012 [06:52]
;riman Əzimov: "Muğam layihəsinin başında Nadir Axundov oturub. Ramiz Zöhrabov, Arif Babayev, Mənsum İbrahimov, Səkinə İsmayılova da onun sağ və solunda. O, bunun tələbəsini tərifləyir, bu da onun" [/b]
Xalq mahnıları ilə bağlı aparılan müzakirələr davam edir. Dövlət Muğam Teatrının direktoru Arif Qazıyevin xalq mahnılarını ciddi sənət nümunəsi saymaması musiqi nəzəriyyəçiləri tərəfindən birmənalı qarşılanmayıb. AzTV-nin Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və dirijori, xalq artisti, professor Nəriman Əzimov müsahibəsində xalq mahnılarının müəllifləri arasında tanınmış sənət adamlarının olduğunu da deyib.
- Xalq mahnılarını yazanların çoxu bizim müasirlərimizdir. Amma onlar qorxudan adlarını gizli saxlayıblar...
Xalq artisti Əlibaba Məmmədov, Habil Əliyev və başqaları yazdıqları mahnıları xalq mahnısı kimi təqdim edirdilər.
Xalq mahnılarının bəziləri bayatılar üstündə yazılıb. Amma indi belə şeylər yoxdur. Yerindən duran özünü bəstəkar, şair sayır. Hələ utanmadan efirə çıxıb, "bu mahnının sözləri də, musiqisi də mənə aiddir",- deyirlər.
- Xalq mahnıları ilə bağlı aparılan müzakirələrdə fəal iştirak etmirsiniz. Televiziyalardan dəvət almırsınız, yoxsa verilişlərin səviyyəsi Sizi qane etmir?
- Heç kimin xalq musiqisindən danışmağa haqqı yoxdur. Bu məsələdə canfəşanlıq edənlərin susması lazımdır. Çünki həmin adamlar xalq mahnılarının kökünü, necə yarandığını bilmirlər. Amma xalq mahnılarının müzakirəsinə qatılan adamlar bunları bilməlidir. Bunları bilməyən adam xalq musiqisindən nə danışacaq?
Azərbaycan professional musiqisinin banisi dahi Üzeyir Hacıbəylinin rəhbərliyi ilə həmin manhılar dünyaya inteqrasiya olunub. Belə bir parlaq dövrdən sonra hərci-mərclik başladı. Hərci-mərcliyin başında isə teleaparıcılar dayanırlar. Həmin aparıcılar gərək belə biabırçılığa yol verməsinlər. Gəlin görək, həmin aparıcılar verilişlərə kimi çağırırlar? Toy musiqiçilərini, ara mahnıları oxuyanları. Amma mənim bu sahədə 55 illik təcrübəm var, çağırmırlar. Əlibaba Məmmədov, Habil Əliyev sağ deyil? Sağdır. Çağırsınlar da. Axı çağırmırlar.
- Niyə çağırmırlar?
- Ona görə ki, bu aparıcılar biz deyənləri həzm edə bilməzlər. Həqiqəti deyən adamın efirdə nə işi var? Xalq musiqiləri ilə bağlı aparılan müzakirələrdə ancaq qocaman sənətkarlar danışa bilər. Amma bu gün belə verilişlərə dəvət alanlar efirdən musiqilərimizi ələ salır, lağa qoyurlar. Bu adamlar öz çıxışları ilə həm də bizim kimi sənətkarları təhqir edirlər. Aparıcılara isə bizim dövrün sənət adamlarını təhqir edənlər sərfəlidir.
Həmin illərdə yaşamış, keçmişi bəlli olan adamlar var. Məsələn, Tofiq Quliyev. Onun haqqında kim danışa bilər? Ancaq bəstəkar Arif Məlikov! Vəssalam. Onun kimi dahinin konservatoriyada nə adı var, nə də sanı. Bu sənəti qamarlayan cavan "bəstəkar"ların adı isə gündəmi zəbt edib. Halbuki onların nə Qara Qarayev, nə Niyazi, nə də xalq musuqisi haqqında danışmağa haqqı var.
- Amma həmin verilişlərin birində Gövhər Həsənzadə də iştirak edirdi...
- O kimdir?
- Tanımırsınız? Məşhur bəstəkardır.
- Mən belə bəstəkar tanımıram. Sizə bir sirr açmaq istəyirəm. Bilirsiniz, indi musiqişünaslar nə edir? Biri Qara Qarayev haqqında danışırdı. Özü də qadındır. Muğam Teatrında Səid Rüstəmovun yubileyi idi. Qara Qarayev haqqında etdiyi çıxışı Səidə ünvanladı. İki ay sonra isə həmin sözləri Qənbər Hüseynli haqqında dedi. Sonra isə eyni fikirləri Cahangir Cahangirov haqqında səsləndirdi. Bununla bağlı məndə kaset var. Saxlayıram. Belə şey olar? "Şapka"sını dəyiş, amma məzmun qalsın? İndi həmin şəxsə musiqişünas deyək?
Qara Qarayevin öz dəsti-xətti, Qənbər Hüseynlinin də öz yaradıcılığı var. Bu adamlar eyni ömrü yaşaya bilməzlər. Ay musiqişünas, tamaşaçını niyə aldadırsan? Bu, sənətkara edilən hörmətsizlikdir.
Biz demirik ki, cavanları yaddan çıxaraq. Əsla! Əksinə, onlara geniş meydan vermək lazımdır. Millət vəkili Mehriban xanım Əliyeva AzTV-də uğurlu bir layihəyə imza atdı. Bundan sonra gənclər muğama daha çox həvəs göstərməyə başladılar. Təyyar, İlkin, Babək və başqaları böyük uğur qazandılar...
- Bu qədər oxuyan olduğu halda niyə deyirsiniz ki, müğənni yoxdur?
- Rəşid Behbudov, Rübabə Muradova, Sara Qədimova, Şövkət Ələkbərova kimi sənətkarlar yoxdur. Mərhum Fatma Mehrəliyeva bir "Kəsmə şikəstə" ilə tarixə düşdü. Qənbər Hüseynlinin özü, "Cücələrim"i bütün dünyaya yaydı. Mahnının 72 yaşı var. Amma hələ də sevilir. Qəribədir ki, belə musiqisi olan ölkənin mədəniyyətindən indi uşaq-muşaq danışır.
- İndi xalq mahnılarını da aranjiman edirlər. Sizcə, illərdir yol gələn bu mahnıları yenidən aranjiman etməyə ehtiyac varmı?
- Oh, yaramı qopardınız! Bu mövzu mənim yaralı yerimdir. Bilirsiniz, xalq mahnılarını kimlər aranjeman edə bilər? "Qaragilə" aranjiman olunub. Onu rəhmətlik Şövkət oxuyub, Niyazi isə aranjeman edib.
"Küçələrə su səpmişəm" mahnısını Fikrət Əmirov aranjeman edib, "Gözəlim sənsən"i Rəşid Behbudov oxuyub, Cahangir Cahangirov isə aranjeman edib. Bu günün aranjemançılarını bir tərəfə qoyaq, bəs müğənnilər o mahnıları necə ifa edirlər?
- Kimlərin ifasından narazısınız?
- Asəf Zeynallının "Ölkəm" romansını götürək. Mənim Tünzalə xanıma hörmətim var. O, bu romansı repertuarına salıb, ardınca da muğam oxuyur. "Ölkəm" hara, muğam hara? Tünzalə bu muğamı nə üçün oxuyur?
Özünü sənətkar sayan adam başqasının da yaradıcılığına hörmətlə yanaşmalıdır. Asəf Zeynallı dünyasını cavan yaşında dəyişib. Onun romansını bu günə salmağa sənin nə ixtiyarın var? Dəfələrlə demişəm, Fikrət Əmirov "Mən səni araram", "Göy göl" kimi mahnılar yazıb. Həmin mahnıları İlhamə xanım oxuyub. Danışanda kimsə inciyir, danışmayanda da içim yanır. Buna görə mənə hədə-qorxu gəlirlər. Deyirlər ki, yaşamaq istəyirsənsə, sus!
Sevda Ələkbərzadə var, heç kimdən icazə almadan Fikrət Əmirovun mahnılarını oxuyur. Əslində, burda oxumaq sözü artıqdır. Yəni, qışqıra-qışqıra aləmə səs salır. Elə bil ki, şeir oxuyur. Sevda, sən buna oxumaq deyirsən? Adını da qoyub ki, guya müasirləşdirib. Xaricə gedir, orada bizim mahnıları erməni musiqisi kimi təbliğ edir. Mədəniyyət və Turizm Nazirliyi isə onun mahnılarının təqdimatını keçirir.
Nazir Əbülfəs Qarayev Qara Qarayevin qardaşı oğludur, musiqidən də xəbəri var. Xəbəri olmasa onu nazir qoymazlar. Həmin tədbirdə bəh-bəhlə deyirdi ki, Sevda Ələkbərzadə bizi dünyaya tanıtdı. Görün, bizi dünyaya kim tanıtdı? Sevda kimdir? Bir tərəfi hara bağlıdır? Mahnıları özümüzünkülər bu günə qoyubsa, daha başqalarından nə ummalıyıq?
- Xalq musiqilərinin qorunması ilə məşğul olan bir qurum varmı?
- Kimdir xalq mahnılarının dərdini çəkən? Ötən gün bir tədbirdəydik. Dedilər ki, 20 faiz torpağımız işğal olunub, amma ağzımızdan "Sarı gəlin" düşmür. Erməni bizdən "Sarı gəlin"i oğurlayıb. Dedim ki, erməni bizdən "Sarı gəlin"i deyil, bütöv Qarabağı oğurlayıb. Bir bundan da danışın də. Ermənini məhv etməyin bircə yolu var.
- O hansı yoldur?
- Biz ermənini ancaq sənətlə məhv etməliyik. Gözəl ifalar, rəsm, bəstəkar, kino, daha hansını deyim. Silahımız bunlar olmalıdır. İndi sənəti sənətlə qorumaq lazımdır. Niyə erməni muğama sahib çıxa bilmir? Çünki Azərbaycanın qəzəlxanları olub. Qəzəlxanlar muğama öz möhürünü vurub.
- Amma bəzi ifaçılar qəzəlləri səhv oxuyur, hətta xalq mahnılarının sözlərini də dəyişirlər...
- Bu cür aparıcıları olan verilişlərdə hər şey etmək olar. ATV-də "Gün keçir" verilişi var. Onun bir aparıcısı var -Nanə. Məəttəl qalmışam, müğənni oxuyur, operator böyük planda onu göstərir. Müğənni ilə bərabər o da oxuyur, oturduğu yerdə oynayır. Bizim dövrümüzdə belə şeylər olmayıb. Sənəti belə biabırçı günə qoymazlar.
- Arif Qazıyev deyir ki, bu günün şou-biznesi o dövrün mədəniyyətinin davamıdır...
- Arif Qazıyev gözəl sənətkardır. Onun mədəniyyət sahəsində xidmətləri var. Heç olmasa mədəniyyəti, muğamı bilir. O, "Şur" muğamını film kimi çəkib, Fikrətin sağlığında ona hədiyyə etdi. İllərlə onun üstündə işlədi, simfonik muğamı tar, kamanla film halına gətirdi. Arif neyləsin, yuxarı bığdır, aşağı saqqal.
İndi hamı soyunur. Bir klipdə 20 paltar geyinirlər. "Göy göl"ün klipində dondan-dona giriblər. Bunları bu günə salan müasir texnikadır. Düzdür, gözəllik ondursa, doqquzu dondur. Amma birinci sənət, sonra müasirlik gəlməlidir.
Hər millətin özünün musiqi dili var. Biz isə Sevda Ələkbərzadənin dilində deyil, məhz o dildə danışmalıyıq.
- Şair Vahid Əziz təklif edir ki, xalq mahnılarını qorumaq üçün Bədii Şura yaransın. Sizin bu təklifə münasibətiniz necədir?
- İstər xalq, istər muğam, istərsə də professional bəstəkar mahnıları, romans və ariyalar üçün mütləq Bədii Şura olmalıdır. Amma onu ləvğ etdilər. Bizim o vaxtkı ədalətli şuramızı başqa bir şura əvəzləyib.
Sənətdə qohumbazlıq və regionçuluq tüğyan edir. Muğam layihəsinin başında Nadir Axundov oturub. Ramiz Zöhrabov, Arif Babayev, Mənsum İbrahimov, Səkinə İsmayılova da onun sağ və solunda. O, bunun tələbəsini tərifləyir, bu da onun. By təfəkkürlə hərəkət etmək olmaz! Professional bəstəkar, musiqişünas bunu etməməlidir. Bu necə müsabiqədir? Sən mənim adamımı keçir, mən də sənin... Savadsızın birinə yüksək qiymət verirlər ki, onun müəllimi oturanlar, bal verənlər arasındadır.
Mən həmişə sözün düzünü deyirəm. Yaxşı ki, məni blokun içində vurmurlar. Müəllimin öz tələbəsinə qiymət verməsi nə dərəcədə doğrudur? Kamança sənətinə Habil Əliyev qiymət verməlidir. Düzdür, onun düz danışması bəzilərinin xoşuna gəlmir, muğam olan yerdə Arif, Əlibaba dillənməlidir. Ramiz Zöhrabovun yerində Arif Məlikov, Xəyyam Mirzazədə oturmalıdır. Bu adlar olan yerdə ədalət də olar, sənət də.
- Arif Məlikovu, Xəyyam Mirzəzadəni verilişlərə çağırmırlar, o ki qaldı münsiflər heyətində oturmağa...
- Onlar ağzını açıb danışsa, gərək ortada gəzənlər Azərbaycandan köçsün. "Musiqi xəzinəsi" verilişini elə adamlar aparır ki, musiqidən xəbərləri yoxdur. Təsəvvür edin, belə adam Qurban Pirimovdan danışır.
Bahar RÜSTƏMLİ