Yazıçı Anar gənc yazıçıları təhqir etdi

img

16-04-2012 [11:16]


Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın ?525-ci qəzet?də dostu Fikrət Qocaya ithaf etdiyi yazısı çap olunub. Anar bu yazısında onu və rəhbərlik etdiyi qurumu daim tənqid edən gənc yazıçıların, xüsusi ilə Seymur Baycanla Elnur Astanbəylinin ünvanına obrazlı təhqirlər yağdırıb. Anar sözügedən yazarların adını çəkməsə də, özlərinə, yazılarına, barəsində dedikləri fikirlərə işarə vuraraq, onları nişan verib. ?Heyvərə Sirkə Badımcan, Unutmasın bunu ancaq, Sirkə çox tünd olan zaman, Öz qabını çatladacaq? sözləri ilə Seymur Baycanı, ?Qaraçı ləçərlər kimi, Həyasız və tərbiyəsiz, Çızma-qaraları yazar. Yazısında hər sözu də, Elə murdardır ki, murdar?, sözləri ilə Elnur Astanbəylini hədəfə götürüb. Anar həcvində gənc yazarlar barədə ?murdar?, ?qaraçı ləçərləri?, ?həyasız və tərbiyəsiz?, ?zavallı?, ?buyruq qulu?, ?nökər?, ?istedaddan qısır?, ?min sifətlə yaltaqlanan?, ?boşqabları yalayan?, ?köləliklə yaşayan?, ?qısqırdılan biçarələr?, ?dəlixanadan qaçan?, ?pivə içib qatıqlayan? kimi kəlmələr də işlədib. Həcv mətbuatda dərc ediləndən sonra ciddi rezonans doğurub. Anarsevərlər üçün bu, şok effekti yaradıb. Sosial şəbəkələrdə aparılan müzakirələr zamanı bir çox anarsevərlər bundan xəyal qırıqlığı yaşadıqlarını bildiriblər. Amma ?Anar elə onlara onların üslubunda, dilində cavab verməklə düzünü etdi? fikrini müdafiə edənlər də az deyil. Biz isə bu həcvə onun ?qəhrəmanlarının? gözü ilə baxmaq istədik. Seymur Baycan bildirdi ki, əslində bu, Anarın real, həqiqi simasıdır. Qəzetimiz vasitəsilə xalq yazıçısına təşəkkür edən müsahibimiz dedi ki, illərlə demək istədiklərini Anar öz həcvində təsdiq edib: ??Qalib gəldi, qalib getdi" yazısını o yazıb. Bir-birinə zidd rəhbərlərlə işləməyi bacarıb. Oğlu səfirdir. Mən Anardan daha çox ona ziyalı kimi inanan insanlara acıyıram. Buyursunlar baxsınlar. Bu, onların Anarıdır. Adam gör özünü nə vəziyyətə qoydu. Həmişə demişəm ki, adamlar bizim nə yazdıqlarımızı anlamasalar da, Anar Rzayev, Elçin Əfəndiyev gözəl anlayır. Bu həcv buna sübutdur. Anar 37-ci ilin xiffətini çəkir. Əgər 37-ci il olsaydı, bizi çoxdan güllələtmişdilər". Müsahibimiz Anarın ?onları heç kim tanımır, bizi xalq tanıyır? fikrinə də münasibət bildirdi. Dedi ki, onun tanınmasına heç bir şübhəsi yoxdur: ?Ona qalsa Rəqsanə də Anardan çox tanınır. Mənim Anardan az tanınmağım o demək deyil ki, bu adam dövlət büdcəsindən maliyyələşən bir qurumu öz firması kimi idarə etməlidir, atasının və özünün təbliğat maşınına çevirməlidir. Getsin otursun evində, heç kimin onunla işi olmasın. Ağsaqqal kişidi, gör özünə nə qədər söz dedirir. Nə qədər əzab çəkir. Məlum oldu ki, Anar sadəcə vəzifə hərisi imiş və o vəzifəsini qorumaq üçün hər cür təhqir və rüsvayçılığı üstünə götürməyə hazırdır?. S.Baycanın sözlərinə görə, onu həm də o sevindirir ki, yaşlı nəsili təmsil edən yazarların Yesentukidə, Kislovodskidə, Krımda yaşadıqları gözəl günləri burunlarından gətirməyi bacarıblar. Onun fikrincə, bu olmasaydı, ədalətsizlik olardı: ?Çünki onlar çox istedadın anasını ağladıblar. Onlar bizdən tamada, məddah, təlxək olmağı tələb edirdilər. Biz isə dedik ki, olmuruq və dedikləriniz özünüzsüz?. Elnur Astanbəyli də dedi ki, bu həcv onların Anar haqda yazdıqlarında nə qədər haqlı olduqlarını göstərir. Müsahibimiz dedi ki, AYB sədri onun ?xalqsız xalq şairi? ifadəsinə cavab olaraq barəsində ləçər, tərbiyəsiz, murdar ifadələri işlədib: ?Bir ifadənin qarşısında işlətdiyi ifadə onun hansı əxlaq və mədəniyyət sahibi olduğunu göstərir. İkincisi, onların ən çox əllərində bayraq etdiyi ifadələr - əxlaq, mədəniyyət, milli-mənəvi dəyərlərdir. Bu cür şeylərlə alver edirdilər. Anar bunlara da nə qədər ?sadiq" olduğunu göstərdi. Mən Anarın və digər 60-cı illər nəsli nümayəndələrinin haqqında danışanda həmişə Sorokinin bir sözünü xatırlayıram: 60-cı illər nəsli nə təhqirə, nə də nifrətə layiqdilər. Onlar sadəcə fiziki cəhətdən məhv olmalıdır ki, ədəbiyyatın canı onlardan qurtarsın. Bu problem yalnız Azərbaycanla bağlı deyil. Fransada Uelbekin 60-cı illər nəsli haqda ağır təhqirləri var. Amma onların belə cavablarını görməmişik". Müsahibimiz dedi ki, Anarın bu sayaq cavabına təəccüblənməyib. Çünki onun ifadə tərzi hər zaman belə olub: ?Biz illərlə insanlara onların ziyanını başa sala bilmirdik, özü bu həcvi ilə başa saldı. Sosial şəbəkələrdəki statuslara baxıram. Orada hər zaman Anarı müdafiə edən adamların bu həcvə görə necə üzüldüyünü görürəm. Bu, mənə zövq verdi. Biz Anarın kim olduğunu demokratik düşərgədə belə izah edə bilmirdik. Kömək etdi, əlimizdən tutdu. Deyir ki, dayanmasalar, yenə həcv yazacam. Mən artıq onun qıcıq olduğu məqamları müəyyənləşdirdim. Onları təkrar-təkrar yazacam. Qoy onun siması daha da açılsın. Anar bizə çox kömək etdi, heç vaxt bu qədər yardımçı olmamışdı. Anarpərəstlər dəhşətli dərəcədə dilxor olublar, pərtlik var. Çünki hətta Namiq Qaraçuxurlu meyxanaları belə bu həcvin yanında diri, ətli-qanlı, maraqlı göründü. Bu baxımdan Anarsevərlərin pərtliyini anlamaq olar?. AYB sədri Anar ?Yeni Müsavat?a açıqlamasında bu həcvin yazılma səbəbinə toxundu. Dedi ki, həcv bu günə qədər ona qarşı aparılan kampaniyaya cavabdır: ?Xuliqan, həyasız, məhkəməyə veriləsi yazılara cavabdır. Onlar ad çəkirlər. Mən heç onların adını da çəkmək istəmirəm?. Müsahibimiz Anarın bu üslubundan pərt olan oxucularına isə bunu dedi: ?Məni sevirlərsə, məni müdafiə edirlər. Siz də yazmışdız mənim barəmdə, ?Azadlıq" qəzetində də nəsə cavab verildi. Barəmdə bir yazı olan kimi hər tərəfdən hücum edirlər. Amma çox adam yazdıqlarının arxasında dayanmır. Mənim bu ağsaqqal yaşımda ağızlarına gələni yazırlar. Bəs, mən nə etməliydim? Oturub onların hər gün artan təhqirlərini gözləməliydim? Məndən nə istəyirlər? Heç kimlə işim yoxdur. Heç bir redaktor, liderlər haqda pis heç nə deməmişəm. Halbuki deməyə də sözüm var. Mən başa düşmürəm, biz olmayanda Allah bunlara istedad verəcək? Qablarında nə var, görünür də". Sevinc TELMANQIZI, ?Yeni Müsavat? qəzeti

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA