BAXCP-nin hakimiyyətdən daha bir tələbi var

img

16-01-2012 [02:10]


Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. BAXCP İdarə Heyətinin toplantısında Türkmənçay müqaviləsinin ləğvi məsələsinin son günlər İranda müzakirəyə çıxarılması da diqqət mərkəzində olub. Məsələ ətrafında müzakirə aparan BAXCP İdarə Heyətinin üzvləri Azərbaycan torpaqlarının İran və Rusiya tərəfindən ilhaqına səbəb olan müqaviləyə hüquqi-siyasi qiymət verilməsinin vacibliyini vurğulayıblar. Bununla bağlı qəbul olunan açıqlamada deyilir: "Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Azərbaycan Respublikasının Milli Məclisini Türkmənçay müqaviləsinə və onun doğurduğu nəticələrə hüquqi-siyasi qiymət verməyə çağırır. BAXCP hesab edir ki, Azərbaycan Respublikası Azərbaycan xalqına ikiyə bölünmüş xalq statusunun verilməsilə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və BMT Baş Assambleyası qarşısında məsələ qaldırmalıdır. BAXCP Azərbaycan torpaqlarının və Azərbaycan xalqının ikiyə bölündüyünü rəsmiləşdirmək məqsədilə Azərbaycan Respublikasının adının dəyişdirilərək Şimali Azərbaycan Respublikası adlandırılmasını labüd sayır". Qeyd edək ki, Azərbaycan Respublikasının adının dəyişdirilərək Şimali Azərbaycan Respublikası adlandırılması təklifi BAXCP-nin 2007-ci ildə hazırladığı Konstitusiya islahatları layihəsində və partiyanın 2008-ci ildə ildə keçirilən prezident seçkilərindəki seçki platformasında öz əksini tapıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA