"Bu ölkə qanundankənar qüvvələrin müəyyənləzdirdiyi qaydalarla idarə olunur"

img

08-01-2012 [05:18]


[b]Arzu Səmədbəyli: "İqtidarın idarəetməsi o qədər dözülməz vəziyyət yaradıb ki, bir balaca qığılcım olacağı təqdirdə bütün xalq ayağa qalxacaq"[/b] Hər bir siyasi qüvvə, ictimai təşkilat 2012-ci illə bağlı fəaliyyət planını hazırlayıb. Ötən ili ciddi uğurlarla başa vurmayan müxalifət düşərgəsi isə 2012-ci ili siyasi cəhətdən aktiv il kimi dəyərləndirir. Müsavat Partiyasının Məclis sədri Arzu Səmədbəyli də 2012-ci illə bağlı nikbin proqnozlar verir. - Ötən il qarşıya qoyduğumuz məqsədlərini hamısına çatmasaq da, buna qismən nail ola bildik. Adətən seçkilərdən sonrakı il passiv olur, amma 2011 bu cəhətdən fərqli bir il oldu. Əvvəlki illərdən fərqli olaraq, 2011-ci il ümumi demokratik düşərgənin toparlanması, müxalifətin inteqrasiyası, siyasi düşərgə ilə vətəndaş cəmiyyətinin bir arada olması, ziyalıların öz sözlərini deməsi baxımdan çox aktiv ili kimi xarakterizə oluna bilər. İctimai Palatanın yaradılması, regional strukturlarının formalaşdırılması, ilin əvvəlində siyasi şüarlarla, ölkədəki korrupsiya və rüşvətə son qoyulması tələbi ilə aksiyaları da nəzərə alsaq, başa vurduğumuz ili aktiv il saymaq olar. - Amma 2011-ci il başa çatsa da, istədiyiniz demokratiyanı ölkədə bərqərar edə bilmədiniz... - Çox təəssüf ki, avtoritar bir rejimdə yaşayırıq, Azərbaycanın qanunlarına və Konstitusiyasına məhəl qoymayan, yalnız öz mənafeyini güdən hakimiyyətin basqısı altında fəaliyyət göstəririk. Elə bu səbəbdən də hakimiyyət müxalifətin keçirdiyi aksiyaları çox aqressiv qarşıladı. Bilirsiniz ki, həmin aksiyada xeyli müxalifətçi tutuldu, onlardan 16 nəfəri bu gün də həbsxanadadır. Əvvəlki illərdə vicdan məhbusu adı almaq bir-iki il vaxt tələb edirdisə, 2 aprel mitinqində həbs olunan mübarizə dostlarımız qısa vaxt ərzində vicdan məhbusu adını aldılar. Bütün dünya da bildi ki, bu həbslər siyasi məqsədlə həyata keçirilib, tutulanlar da vicdan məhbuslarıdır. Ötən ilin önəmli hadisələrindən biri də Müsavatın 100 illik yubiley tədbirləri idi. ?ormal ölkədə belə bir partiyanın olması ilə fəxr edərdilər, o partiyanın 100 illik yubileyi dövlət səviyyəsində keçirilərdi, amma bizim hakimiyyət mümkün qədər bunun qarşısını aldı. Ondan sonrakı dövrdə ziyalıların səsi eşidilməyə başladı. Ölkədəki problemlərdən danışaraq, vəziyyətin ağır olduğunu bildirdilər. Amma bir müddət keçəndən sonra həmin ziyalılara qarşı təzyiqlər başladı. Bu günlərdə ziyalıların tədbir keçirməsinə yer verilməsindən imtina edildi. Başqa bir tədbir keçirən təşkilatın isə işığını söndürürlər. Onsuz da bu hakimiyyət Azərbaycanı zülmətə qərq edib, insanların taleyini qaranlığa döndərib. Bir vaxtlar müxalifətə qarşı "səlib yürüşü"nə başlamışdılar, indi də xalqın sözünü deyən, hakimiyyətin idarəetmə üsuluna etiraz edən, "hakimiyyəti 5-6 julik idarə edir",- deyən ziyalıların bir yerə toplanmasından qorxurlar. Mənə elə gəlir ki, bu təzyiqlər hakimiyyəti tükənməsi, sonu deməkdir. - Arzu bəy, qeyd etdiklərinizin davamı olaraq 2012-ci ildən nə gözləyirsiniz? - Hər şey bitmədi, proses davam edir. Dünya dəyişir, avtoritar rejimlər bir-bir sıradan çıxır. Ötən il ərəb inqlibları dövrü kimi yadda qaldı. Azərbaycan hakimiyyəti isə ciddi-cəhdlə sübut etməyə çalışırdı ki, bu inqilablar bizim regiona gələ bilməz. Belə bir vaxtda, ilin sonlarında onun qulağının dibində səslər eşidilməyə başladı. Qazaxıstandakı olaylar, Moskvada demokratik qüvvələrin yüz minləri meydanlara toplaması artıq bu proses bizim də ölkəmizdə baş verməsi deməkdir. - İctimai Palatanın 2012-ci illə bağlı planları nədən ibarətdir? - İctimai Palata qarşısına qoyduğu məqsədlər çərçivəsində mübarizəni davam etdirəcək. Palatanın qalan region təşkilatlarında da təşkilatlanma işini yekunlaşdırmağı düşünürük. Ayın 8-də İctimai Palatanın Koordinasiya Şurasına yeni seçkilər keçiriləcək. Eyni zamanda, Müsavatın 2012-ci il fəaliyyət planı qəbul olunacaq. Həm mərkəzi, həm də regional strukturların formalaşdırılması və möhkəmləndirilməsi istiqamətində də işlər davam etdirilir. Ziyalılar, vətəndaş cəmiyyətinin nümayəndələri ilə daha sıx əlaqələrin qurulması, xalqın bu qaranlıqdan çıxarılması istiqamətində işlərimizi gücləndirəcəyik. Mənə elə gəlir ki, 2012-ci il 2011-ci illə müqayisədə daha aktiv olacaq. - Bu aktivlik Azərbaycana nə vəd edir? - İlin əvvəlində ilin sonunda nə baş verəcəyini deyə bilmərəm, çünki münəccim deyiləm. Amma qeyd etdiyim kimi, 2012-ci il 2011-dən daha qaynar, daha aktiv olacaq. Təbii ki, kütləvi aksiyaların keçirilməsi ilə bağlı da qərarlar qəbul olunacaq. Sözsüz ki, kütləvi aksiyaların keçirilməsi qaçılmazdır. Eyni zamanda, Rusiyadakı və digər region ölkələrindəki proseslərin Azərbaycana təsiri mütləq olacaq. Həmçinin, ölkədə bu iqtidarın idarəetməsi o qədər dözülməz vəziyyət yaradıb ki, bir balaca qığılcım olacağı təqdirdə bütün xalq ayağa qalxacaq. İnsanların mülkiyyət hüququ əlindən alınıb. Mən hələ söz, mətbuat, sərbəst toplaşmaq azadlığının boğulmasını, korrupsiya və rüşvəti demirəm. Camaatın evini əlindən alırlar, başlarına uçururlar. Yəni, bu ölkə qanundankənar qüvvələrin müəyyənləşdirdiyi qaydalarla idarə olunur. Aşağılardan isə buna etiraz səsləri gəlməkdədir. Bəzi bölgələrdə yolları bağlayırlar, etiraz aksiyaları keçirirlər. Bunlar bu ilin daha aktiv keçəcəyini göstərən faktorlardır. Mən hesab edirəm ki, Rusiyada keçirilən yüz minlik mitinqlər Azərbaycanda da baş verəcək. Azərbaycanda icazəli bir mitinq olsa, yüz minlik yox, milyonlarla insanın qatılacağı böyük mitinqə çevrilər. Əgər hakimiyyətin müxalifətə, sərbəst toplaşmaq azadlığına münasibəti bu şəkildə davam edəcəksə, çox güman ki, bu etirazlar icazəsiz formada özünü büruzə verəcək. Biz çox istəyirdik ki, bu, icazəli formada həyata keçsin, ölkədəki dəyişikliklər yumşaq formada və islahatlarla reallaşsın. Bizim hazırladığımız demokratiyaya yumşaq keçidin "yol xəritəsi" həm ölkə başçısına, həm parlamentə təqdim olunub. Yəni, biz qansız, qadasız, qarşıdurmasız, islahatlar yolu ilə gələcəyə doğru irəliləməyin xəritəsini cızmışıq. Hakimiyyət islahat yolunu qəbul etməyib qarşıdurmaya gedəcəksə, bu, artıq başqa mübarizə formasına keçməyi qaçılmaz edəcək. - Müxalifətin birləşmə məsələsi gündəmdə olsa da, prezident seçkilərinə vahid qüvvə kimi gedə biləcəyi inandırıcı görünmür... - Müxalifətin vahid qüvvə kimi seçkiyə getməsi fikirini qəbul eləmirəm. Dünyanın elə bir ölkəsi yoxdur ki, orda müxalifətin hamısı bir namizədi müdafiə edərək seçkiyə qoşulsun. Əgər demokratik dəyişiklik olmuş ölkələri nəzərdə tutursunuzsa, istər Ukraynada, istər Gürcüstanda, istərsə də Qırğızıstanda müxalifət hər birində 5-6 blokla seçkiyə girib. Şəxsən mən düşünürəm ki, bütün məsələlərin bu fikirə yönəlməsi düzgün deyil. Əslində müxalifətin vahid namizədinin yox, bütövlükdə düşərgənin normal, demokratik seçkinin keçirilməsi üçün şəraitin yaradılması məsələsi gündəmdə olmalıdır və bu məsələdə müxalifət vahid mövqedə durmalıdır. Mənə elə gəlir ki, bu məsələ ilə bağlı problem olmayacaq. ?ormal seçki mühiti olsun, kim hansı namizədlə seçkiyə qatılır-qatılsın. Kim güclüdürsə, kim xalqı daha çox inandıra biləcəksə, o qalib gələcək. Önəmli olanı məğlubun qalib olanın əlini sıxmasıdır. Biz o prosesin formalaşmasına nail olmalıyıq. Yoxsa vahid namizədin müəyyənləşməsi ilə bağlı hər hansı problemimiz olmayacaq. - Siz İsa Qəmbərdən başqasının namizədliyini qəbul edərsiniz? - Mən deyirəm ki, Azərbaycanda vahid namizəd məsələsi ilə bağlı heç bir problem yoxdur. Bu problemin ortaya atılması əsas fikrin yayındırılması cəhdidir. ?ormal demokratik şərait yaradılsın, Arzu Səmədbəylinin müdafiə elədiyi İsa Qəmbər demokratik bir prosesdə məğlub olsa, başqa namizəd qalib gələrsə, mən onun əlini sıxmağa, seçkinin nəticələrini qəbul eləməyə hazıram. - Arzu bəy, 2012-də Müsavat üçün önəmli hadisələrdən biri də qurultayın keçirilməsidir. Uzun müddətdir ertələnən ali tədbirinizi bu il keçirə biləcəksinizmi? - Qurultayın keçirilməsi ilə bağlı hələ ötən ildən qərarımız var. Sadəcə olaraq, hakimiyyətin yaratdığı süni əngəllər buna imkan vermir. Partiyanın İcra Aparatının rəhbəri, gənclər təşkilatının sədri, onun iki müavini həbsdədir. Təbii ki, bu da qurultayın işinin ləngidilməsinə səbəb oldu. Bizim də vaxtımızın çoxu, nəinki rayonlarda konfranslarımızın keçirilməsinə, əksinə, məhkəmə iclaslarının gedişinə həsr olundu. Qalan müddətdə də bizim hansı aktiv rayon təşkilatlarımız var idisə - Sumqayıt təşkilatı başda olmaqla, - qərargahları alındı. Digərlərində konfranslara qeyri-rəsmi olsa belə, yerli icra strukturları, polis orqanları tərəfindən müdaxilələr edildi. Yəni, 21-ci əsrdə də bu hakimiyyət ölkəni feodal üsullarla idarə etməkdə davam edir. Amma biz qurultayın vaxtının və yerinin müəyyənləşməsi ilə bağlı müzakirələr aparıb müvafiq qərar verəcəyik. Biz qərarı qəbul edirik, amma hakimiyyətin hansı qərarı qəbul edəcəyini bilmirik. 700-800 nəfər elə bizim qurultay üzvlərimiz, partiya nümayəndələrimiz olacaq, 200 nəfərdən də çox qonaqlar çağırılıcaq. Bu mənada bizə ən azı min nəfərlik bir yer lazımdır ki, tədbirimizi keçirək. Yəni, Bakıda olan o işıqlı zallardan biri bizə ayrılmalıdır. Hakimiyyətin münasibətindən görünür ki, bunu etməyəcəklər. Bu qurultayı qərargahımızda reallaşdırmağımız isə qeyri-mümkündür. Ona görə də qurultayın nə zaman keçiriləcəyi təkcə bizdən asılı deyil. - Amma bəziləri iddia edir ki, qurultayın ertələnməsi Müsavata sərf edir. Çünki bu qurultayda İsa Qəmbər getməlidir, yerinə gələ biləcək normal namizəd hələki yoxdur. Bu barədə nə deyə bilərsiniz? - Biz insanlara fərqli düşünməyi qadağan edə bilmərik. Amma o fikirlərin gerçəkliklə heç bir əlaqəsi yoxdur. Eyni zamanda, Müsavatın qurultayını dediyiniz qərəzli arqumentlərlə əlaqələndirmək istəyən qüvvələr də var. Bizim isə onların bu qərəzli düşüncələrinə müdaxilə etmək fikrimiz yoxdur. - Bəy, Rəsul Quliyev və tərəfdarlarının aktivləşməsi, hətta 2013-lə bağlı iddialı bəyanatlar verməsi barədə nə deyə bilərsiniz? - İddialı, namizədliyini irəli sürmək fikrində olan hər kəs müxtəlif üsullarla öz tərəfdarlarını aktivləşdirməyə çalışır. Rəsul Quliyev də bu üsullardan istifadə etməyə cəhd göstərir, mart-aprel aylarına yüz minlik mitinq vəd edir. O zamana isə bir şey qalmayıb. Önəmli olanı isə digər müxalifət qüvvələrinin fəaliyyətinə kölgə salmadan hakimiyyətə qarşı sivil yolla mübarizə aparmaqdır. Bu mübarizədə demokratiya yolu ilə gedən istənilən qüvvənin aksiyasını da, mitinqini də alqışlayırıq. Rəsul Quliyev hələki planları ilə bağlı məlumat verir, vədlərini səsləndirir, ancaq bu günə kimi real hərəkət görməmişik. Mənim şəxsi düşüncəmə gəlincə, deyə bilərəm ki, bu gün həm ölkə daxilində, həm xaricində hakimiyyətə qarşı əsas alternativ güc mərkəzi İctimai Palatadır. 2013-cü ilə qədər bu gücdən daha üstün bir güc ortaya çıxıb hakimiyyətlə mübarizə aparmağa qadir deyil. - Bu güc mərkəzinin Rəsul Quliyev və tərəfdarları ilə əməkdaşlığı mümkündürmü? - Siyasətdə "mümkün deyil",- kəlməsi yoxdur. Əgər elə bir şərait yaranacaqsa, bütün demokratik düşərgənin, hakimiyyətə müxalif olan bütün siyasi partiyaların vahid bir ideya ətrafında birləşməsi labüd olacaqsa, hər kəslə bir araya gəlmək də olar, birgə aksiyalar keçirmək də. Əsas odur ki, demokratik düşərgə hər şeydən öncə ölkədə demokratik mühitin formalaşması, ədalətli seçkinin keçirilməsi niyyəti ilə bir arada olsun və bu ideyalar uğrunda mübarizə aparsın. Bax, o zaman müxalifətin mübarizəsinin effekti olacaq və qarşıya qoyduğu məqsədlərə çatacaq. Zaur ƏHMƏD

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA