Əli Kərimli hər kəsi meydanlara çağırdı

img

18-12-2011 [11:45]


Bu gün AXCP sədri Əli Kərimlinin gənclərlə görüşü keçirilib. AXCP Gənclər Komitəsinin ADP-nin akt zalında təşkil etdiyi görüşdə 500 nəfərə yaxın gənc iştirak edib. İştirakçılar zala sığmayıb və dəhliz də iştirakçılarla dolub. Görüş dövlət himnimizin səsləndirilməsi ilə açılıb. AXCP Gənclər KOmitəsinin sədri Əbülfəz Qurbanlı tədbiri açaraq Komitənin ötən dövrdə gördüyü işlərdən, gənclərin fəallaşmasından danışıb, hakimiyyətin gənclər siyasətini tənqid edib. Daha sonra AXCP GK-nın üzvlərinə və partiya rəhbərliyində olan şəxslərə söz verilib. Bundan sonra AXCP sədri Əli Kərimli çıxış edib. AXCP sədri gəncləri salamlayaraq deyib: - Bu görüş elə tarixi məqamda baş verir ki, Azərbaycanda 17 siyasi məhbus var. Onları həbs etdilər ki, xalqın gözü qorxsun, mübarizədən çəkilsin. Amma bu əks effekt verdi. Bu gün sizlərin burda olmağınız da təsdiqlədi ki, repressiya bu xalqı qorxuda bilməyib. - Bu gün dünyada və Azərbaycan tarixi hadisələr yaşanır. Hərə bir cür tarix yazır. İlham Əliyev də özünə görə tarix yazır - Azərbaycanın adını Zimbabve ilə yanaşı yazdırır. 17 vicdan məhbusu da tarix yazır. Bu gün bütün dünya bu vicdan məhbuslarını azad etməyə çağırır. - Azərbaycan insanına hörmət qoyulmur. Baxın görün sizlərə, ailələrinizə aid sərvətlər necə dağıdılır. Təkcə Heydər Əliyev mərkəzinin tikintisinə 200 milyon manat xərclənib. Azərbaycan gəncliyinə bütpərəstlik simvolları yox, yaxşı təhsil lazımdır. Ə.Kərimli hazırda dünyada və Azərbaycanın da daxil olduğu regionda cərəyan edən inqilabi dəyişikliklərdən danışıb, bu dəyişikliklərin Azərbaycana da sirayət edəcəyini deyib. AXCP sədri çıxışını gənclərə səslənməklə bitirib: - Heç vaxt demokratiyanın qələbəsinə şübhəm olmayıb. Bu gün sizin çöhrənizdə gördüyüm əzm mənim inamımı daha da artırır. Çıxın meydanlara və bütün dünyaya göstərin ki, Azərbaycanda siyasi mübarizəyə yeni bir nəsil gəlir. Elə bir nəsil ki, onun ürəyi azadlıq eşqi ilə döyünür. Tədbir AXCP-yə üzv olan yeni gənclərə partiya vəsiqələrinin verilməsi və AXCP sədri ilə sual-cavabla bitib. Azadliq.info

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA