21-ci əsrin ən gəlirli sahəsi

img

07-07-2011 [01:31]


[b]Azərbaycanda İKT-nin elmi bazası formalaşdırılır, inkişafı üçün yeni metodlar tətbiq olunur [/b] İnkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da son illər informasiya və kommunikasiya texnologiyaları sahəsində yeniliklərə diqqət artıb. Qloballaşan dünyadakı qabaqcıl texnologiyaların ölkəmizə transformasiyası sahəsində xeyli irəliləyişlər var. Bəs görəsən, informasiya texnologiyalarının tətbiqi ilə yanaşı, tədqiqi, inkişaf etdirilməsi, bu sahədə öz töhfələrini vermək baxımından yeni nailiyyətlərin əldə olunması üçün Azərbaycan hansı işləri görür? İnformasiya texnologiyaları bir elm kimi ölkəmizdə hansı səviyyədə öyrənilir? Bu və ya digər suallarımıza cavab tapmaq üçün AMEA-nın İnformasiya Texnologiyaları İnstitutuna yollandıq. Əvvəlcədən razılaşdırdığımız kimi, institutun direktoru, texnika elmləri doktoru, professor Rasim Əliquliyevlə qəbul otağında görüşdük. İş vaxtı başa çatdığından institutda seyrəklik idi. Rasim müəllim ayaqüstü, hər şeylə yaxından, əyani şəkildə tanış olaraq söhbətləşməyi məsləhət gördü. Razılaşaraq dəhlizə çıxdıq. R.Əliquliyev öncə rəhbərlik etdiyi müəssisənin fəaliyyətindən, görməli olduğu işlərdən danışdı: "Bu institut Akademiyanın institutlarından biridir. Adından da göründüyü kimi, informasiya texnologiyaları ilə məşğul olur. Onun qarşısında duran vəzifələr bir neçə əsas istiqamətdədir. Birincisi, elmi-tədqiqat institutu kimi bütün dünyada informasiya texnologiyaları ilə bağlı nə baş verirsə, onu bilmək bizim borcumuzdur. Ona görə də, biz, bütün aparıcı elmi mərkəzlərdə, beynəlxalq aləmdə, inkişaf etmiş ölkələrin İKT təcrübəsini gündəlik onlayn olaraq izləyirik. Hansı məqalələr, metodlar, texnologiyalar, qurğular - nələr varsa, o məlumatları bura daşıyıb gətiririk. İkincisi, bunları bilərəkdən elmi araşdırmalar aparırıq. Yəni, informasiya texnologiyaları imkanlarının artırılması, yeni metodların işlənməsi də bizim qarşımızda duran bir nömrəli vəzifələrdəndir". Aparıcı ölkələrin nəticəsini mənimsəyib oturmaq fikrində olmadıqlarını deyən R.Əliquliyevin sözlərinə görə, informasiya texnologiyaları elminə öz töhfələrini vermək niyyətindirlər: "Çünki get-gedə bu proses əmtəələşir. Bizim verəcəyimiz töhfələr kommersiya əsaslarında olacaq. Artıq bizimlə qrant layihələri həyata keçirməyə çalışırlar. 2003-2009-cu illərin nəticələri göstərir ki, dünya üzrə kompüter elmləri sahəsində çap olunan elmi məqalələrə görə Azərbaycan ilk dəfə olaraq regionda birinci yerə çıxdı". [b]Azərbaycanda ən böyük "internet beyni" [/b] Müsahibim bir qədər düşünəndən sonra birinci mərtəbəyə enməyimizi təklif elədi. Yenicə təmirdən çıxmış pilləkənlərlə aşağı enib giriş dəhlizində dayandıq. Rasim müəllim əlini uzadaraq "Əsas informasiya texnologiyaları bu qatdadır",- deyərək, söhbətini davam etdirdi: "Azərbaycan elminin internetlə təminatı yüksək səviyyədə olmalıdır. Yaxşı interneti, keyfiyyətli kompüteri, maddi-texniki bazası güclü olmalıdır. İnternetin beynəlxalq internetə çıxış sürəti lazımi səviyyədə olmalıdır ki, alimlər, elmi-tədqiqat institutları normal işləyə bilsinlər. Bizim institutun qarşısında duran vəzifələrdən biri də internetin təyin edilməsi, yayılması, inkişafının təmin edilməsindən ibarətdir. Əgər əvvəllər elm adamları arxivlərdə qalırdılarsa, artıq bütün qaynaqların elektronlaşdırılması və onun internet bazasının yaradılması prosesi gedir". Binanın giriş dəhlizində - sol tərəfdə üzərində AzScience?et şəbəkəsi yazılan qapını açıb içəri daxil oluruq. İçəridə oturan şəbəkə sorumlusuna "Qonağımız var, jurnalistdir",- deyə Rasim müəllim təqdimat verir. Direktor onu da bildirir ki, AzScience?et Azərbaycan elm-kompüter şəbəkəsinin adıdır, beynəlxalq reyestrdən də bu adla qeydiyyatdan keçib: "Artıq bizim institut Akademiyanın bir qurumu kimi təmsilçidir. Bu, çox mühüm bir nailiyyətdir, çünki oranın üzvü olmaq üçün müəyyən standartlar, tələblər var. Azərbaycanın elmi-internetinin beyni bax, bu otaqdadır. Burada çox böyük yaddaş qurğuları var, məlumatlar burda toplanır. Eyni zamanda burda beynəlxalq internetə çıxış sürəti 132 mqbit-dir. Orta hesabla AMEA-nın hər bir institutuna 4 mqbit-dən artıq internet verilir. Yəni Azərbaycan alimlərini internet problemi yoxdur. Hansı elmi-tədqiqat institutunda problem varsa, bunu özündə axtarsın. Biz öz xidmətlərimizi hamıya bərabər şəkildə paylayırıq. Bu qurğuların hamısı ən müasir texnologiyalardır. Bunları ABŞ-dan gətirmişik. Akademiyadakı daxili kompüter şəbəkəsinin yaradılması, inkişafı, problemlərin həlli, təhlükəsizliyin təmin olunması, viruslarla mübarizə aparılması bizim işimizdir". Səs-küylü, internet beyni olan otağı tərk edirik. Professor yenidən danışmağa başlayır: "Bu gün elmi texnologiyaların özü yeniləşir, modernləşir. Ənənəvi olaraq, əvvəlki elmi texnologiyalar məlum səbəbdən sıradan çıxır. Artıq elmin özü qloballaşır. Bu gün müəyyən bir problemlə məşğul olursan və Yer kürəsində kim o problemlə maraqlanırsa, həmkarını tapırsan. Bunun üçün sosial şəbəkələr və s. var. Elə bil ki, virtual seminar keçirirsən, fikir mübadiləsi aparırsan, müəyyən diskussiyalara gedirsən. Bütün bunlar günümüzün reallığıdır. Ona görə də bu qabaqcıl elmi texnologiyaların təsiri ilə elm öz formasını da, metodologiyasını da dəyişir. Bu mənada bizim institut ikiqat məsuliyyət daşıyır. Həm informasiya texnologiyalarının özünə, həm də Azərbaycan elminin bu sahədə olan taleyinə görə məsuliyyət daşıyırıq. Ona görə də bizim institut funksional cəhətdən də sovet dövründən qalan strukturdan bir qədər imtina edib, yeni struktura, Qərb modelinə inteqrasiya olunub. Oradakı innovativ prosesləri Azərbaycana gətirməyə çalışırıq". R.Əliquliyev deyir ki, institut funksional cəhətdən bir neçə mərkəzdən ibarətdir: Elmi Araşdırmalar Mərkəzi, Tədris İnnovasiya Mərkəzi. Bu mərkəz informasiya texnologiyaları üzrə biliklərin tədris olunması və yayılmasını öz çiyinlərində daşıyır. Müsahibim onu da vurğulayır ki, bu mərkəz cəmiyyətin İKT səviyyəsinə mənəvi, eyni zamanda hüquqi cəhətdən məsuliyyət dayışır: "İnsanları hazırlamaq lazımdır. Texnologiyalar gəlir, kompüter gəlir. Hərə öz imkanları çərçivəsində təbliğat aparmalıdır". [b]İKT - yeni gəlir mənbəyi [/b] Söhbəti davam etdirə-etdirə Tədris İnnovasiya Mərkəzinə daxil oluruq. Rasim müəllim mərkəzin vəzifələrindən söz açır: "Bizim funksiyamız Tədris İnnovasiya Mərkəzi vasitəsi ilə bir neçə məqsədə nail olmaqdır. Birinci odur ki, təhsilin üçüncü pilləsi olan doktorantlara informatika biliklərini tədris edirik, onları sertifikatlaşdırırıq. Burda çox qabaqcıl, innovativ, ən yeni texnologiyaları tədris edirik, gənc alimlərimizə, doktorantlara çatdırırıq. İkinci vəzifə odur ki, biz onun kommersiyasının aparırıq. Yəni, istənilən vətəndaş ora müraciət edir, orda informasiya texnologiyaları üzrə xidməti qəbul edir. Müəyyən müddətdən sonra imtahan verir, sertifikat alır. Üçüncü istiqamət isə, institutun özündə çoxlu məqalələr, braşurlar, monoqrafiyaların çap olunmasıdır. Biz bu işi başqa yerdə həyata keçirmirik, çünki bu imkanlar özümüzdə var. Bilirsiniz ki, tipoqrafiya da bir kompüter müəssisəsi kimidir. Biz belə bir müəssisə - Multimediya Mərkəzi yaratmışıq. Onun içrisində mini-mətbəəmiz, müasir aparatlarımız var. Yəni hər cür materiallar çap edilir". Azərbaycanda informasiya texnologiyaları sahəsində ən zəngin kitabxana da bu institutdadır. Professorun sözlərinə görə, bu kitabxananın zənginliyi kəmiyyətə görə yox, keyfiyyətə görədir: "İnformasiya texnologiyalarının gücü son illərdə çıxan kitabların, müasir materialların əldə olunmasıdır. Bizim elektron kitabxana ən son nailiyyətləri əldə edə bilir, bizim əməkdaşlar hansı kitabı istəyirsə, qısa müddətdə bura gətirilir. Bundan əlavə, biz rəqəmsal kitabxanaların əksəriyyətinə abunə olmuşuq, ora müəyyən vəsait köçürmüşük. İnstitutun əməkdaşlarına parol vermişik, öz iş yerlərindən, hətta evlərindən həmin rəqəmsal kitabxanalara müraciət edir və istədiyi məlumatı öyrənir. Yəni informasiya qıtlığı çəkmirik. Əksinə, bəzən informasiya bolluğu müəyyən problemlər yaradır. Ən yeni texnologiyalar, ən yeni kitablar, ən yeni materiallar bizim institutun əməkdaşları üçün əlçatandır. Bunlarla yanaşı, bizim institutda dinamik elmi fəaliyyət var. İnstitut gənclərdən ibarətdir, orta yaş həddi 35-in ətrafındadır. Belə demək mümkünsə, gənclər informasiya texnologiyalarının aparıcı qüvvəsidir. Burada onlara hər cür şərait yaradılıb. Onlara dəstək oluruq. Hər bir gəncimizi Azərbaycanın gözəl aliminə çevirmək üçün həm mən, həm də digər şəxslər tərəfindən hər cür dəstək verilir. Onların əməkhaqqı üçün yaxşı innovativ sistem düzəltmişik. İnformasiya Texnologiyaları İnstitutu elədir ki, çoxlu kanallardan maliyyə imkanları əldə etmək olur. İnformasiya texnologiyası pul qaza bilməsə, günah onun özündədir. Bu gün bazarda ən çox tələb olunan İKT-dir. Biz də Azərbaycan bazarında varlığımızı sübut etməyə çalışırıq. Bizim işimiz ona görə çətindir ki, rəqibimiz çoxdur. Ancaq biz rəqabət apara-apara həm elmimizi, həm texnologiyamızı inkişaf etdirir, həm innovativ proseslərdə yaxından iştirak edirik, həm də tədrisimizi aparırıq. Bir statistikanı nəzərinizə çatdırım ki, 2003-cü ildən bu günə kimi buradan 10 min doktorant gəlib keçib". [b]Distant təhsil, internetdə mühazirə, vebkameralı imtahan [/b] R.Əliquliyev tədris mərkəzinin otaqları ilə tanışlıqdan sonra imtahan zalında dayanaraq sözə başladı: "İnstitutun struktur bölmələrindən biri olan Tədris-İnnovasiya Mərkəzi 2003-cü ildən fəaliyyətə başlayıb. Mərkəz respublikamızda informasiya cəmiyyətinin formalaşdırılması və elektron dövlətin qurulması istiqamətində həyata keçirilən tədbirlərdə yaxından iştirak edir. Bildiyimiz kimi, elektron dövlətin qurulmasında əsas vəzifə cəmiyyətin bütün üzvlərinin kompüter savadının və informasiya mədəniyyətinin formalaşdırılmasıdır. Müasir texnologiyalar alim və tədqiqatçılara dünyanın qabaqcıl elmi mərkəzlərində aparılan araşdırmalarla yaxından tanış olmaq, orada çalışan alim və mütəxəssislərlə əməkdaşlıq etmək, elektron kitabxanalardan və digər intellektual informasiya resurslarından istifadə etmək, birgə onlayn konfrans və seminarlar keçirmək və s. üçün geniş imkanlar yaradır. Azərbaycanda, bəlkə də regionda digər belə tədris mərkəzi yoxdur. Çünki ölkədə digər elə bir tədbir mərkəzi yoxdur ki, onun 132 mqbit sürətli interneti olsun. Savadlı insanlar burda, yüksək sürətli interneti burda, qabaqcıl texnologiyalar burda, yaxşı şərait burda, sağlam mühit burda! Yəni dünyada nə varsa, hamısını bura gətirmişik. Distant tədris xidməti də bu ilin aprel ayında fəaliyyətə başladı. Açılış mərasiminə virtual olaraq ?axçıvan Dövlət Universiteti və Türkiyənin Qarsdakı Qafqaz Universiteti də qatılmışdı. Onlar öz çıxışlarında distant təhsilin əhəmiyyətindən danışdılar və öz tövsiyyələrini verdilər. İlk olaraq ?axçıvan Dövlət Universitetinin tələbələrinə və ?axçıvan Muxtar Respublikasında yaşayıb fəaliyyət göstərən doktorant və dissertantlara buradan distant mühazirələr oxunub. Hazırda dayandığımız otaq imtahan otağıdır, hər tərəfdə kameralar var. Burda həm görüntü, həm də səs qeydə alınır ki, sabah kimsə narazı qalarsa, ortada fakt olsun. Eyni zamanda qəbul otağında olan tələbələr və digərləri də kameralarla imtahan prosesini izləyirlər. Yəni burda hər şey tam şəffaf şəkildə həyata keçirilir. Hardasa rüşvət və digər neqativ hallar varsa, bizdə ona yaxın duran yoxdur". Sonda professor R.Əliquliyev dedi ki, Azərbaycanda İKT-nin formalaşmasını, inkişafını həyata keçirən əsas qurumlardan biriyik: "Azərbaycana qarşı virtual məkanda mübarizə aparan əsas qurumlardan biri bizik. Yəni İKT deyilən zaman öncə bizim institut yada düşür. Bunu biz öz fəaliyyətimizlə qazanmışıq". Zaur ƏHMƏD Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün dərc edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR