Qarabağla bağlı bəyanat 1300 elektron poçt ünvanına göndərilib

img

04-07-2011 [02:20]


Bu gün Azərbaycan Tələbələr Birliyinin təşəbbüsü ilə tələbələr Qarabağ həqiqətlərini özündə əks etdirən bəyanatı öz elektron poçtlarından digər ölkələrin hökumət üzvləri, beynəlxalq təşkilatların nümayəndələri və müxtəlif xarici siyasi xadimlərin elektron poçtlarına göndəriblər. Bəyanatda Qarabağ münaqişəsinin təhsilimizə, daha dəqiq desək ali təhsilimizə vurduğu ziyan əks olunmuşdır. Azərbaycan Tələbələr Birliyinin keçirdiyi bu aksiyanın koordinatoru Nurlan Əhmədov tədbirin mahiyyətini qeyd edərək, hər bir təşkilatın öz sahələrində belə fəaliyyətlərə yer verməsinin əhəmiyyətini vurğulamışdır. Nurlan Əhmədov bundan sonra hər bir tələbənin Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqda üzərlərinə düşən rolu yetərincə anlayacağına əminliyini bildirmişdir. Qeyd edək ki, ATB-nin bu təşəbbüsü çərçivəsində tələbələr 1300-ə yaxın elektron poçta hazırlanmış bəyanatı göndərmişlər. ATB-nin bu təşəbbüsü barədə Birliyin tam hüquqlu üzv olduğu Avropa Tələbələr Birliyinin üzvləri də məlumatlandırılmışdır. Bəyanatın azərbaycan dilində olan versiyası ilə aşağıda tanış ola bilərsiniz. Bəyanat Bildiyiniz kimi Ermənistan Silahlı Qüvvələri Azərbaycan Respublikasının 20% ərazisini işğal etmişdir. Yəni, Azərbaycanın Qarabağ bölgəsi 1994-cü ildən bu yana Ermənistan Silahlı qüvvələrinin nəzarətindədir. İndiyə kimi ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə keçirilən danışıqlar Ermənistanın qeyri-konstruktiv mövqeyindən heç bir nəticə vermir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə hələ də icra edilmir. Azərbaycan tələbələri olaraq, Sizə Qarabağ münaqişəsinin Azərbaycan təhsilinə vurduğu ziyanı göstərmək niyyətindəyik. Beləki, Qarabağ münaqişəsi nəticəsində həmin ərazilərdə yerləşən Ağdam Musiqi Texnikumu, Şuşa Mədəni-Maarif Texnikumu, Şuşa Musiqi Texnikumu, Ağdam Dövlət Sosial İqtisad Kolleci kimi orta-ixtisas məktəbləri fəaliyyətlərini Azərbaycanın müxtəlif bölgələrində davam etdirmək məcburiyyətində qalıb. Qarabağdan olan məcburi köçkünlərin Bakı və digər şəhərlərdə yerləşən tələbə yataqxanalarında yerləşməsi də digər bir problem yaratmışdır. Beləki, tələbələrimiz yaranmış vəziyyətə görə yataqxanalarda qala bilmir, bu da onların sosial rifah hallarına mənfi təsir göstərir. Dövlətimiz Qarabağdan olan məcbur köçkünlərin bütün ali təhsil haqqlarını qarşılayır ki, bu da ali təhsilə yönələn maliyyənin əlavə xərclənməsinə gətirib çıxardır. Bundan başqa Qarabağ münaqişəsi nəticəsində minlərlə şagirdlərimiz öz doğma vətənlərində orta təhsil ala bilmirlər. Bu Qarabağ münaqişəsinin yalnız təhsil sahəsində yaratdığı problemlərə kiçik bir misaldır. Biz Azərbaycan tələbələri Sizlərdən bu ədalitsizliyə qarşı olmağı və Ermənistanın bu yöndə olan qeyri-humanist siyasətinə qarşı real fəaliyyətlər göstərmənizi xahiş edirik.

Digər xəbərlər
SON XƏBƏRLƏR