?Biz döyüzə bilən xalqıq? ("Bizim torpaqlar" ictimai birliyinin sədri, polkovnik Akif Səlimovla müsahibə)

img

28-06-2011 [06:56]


gn=left]akif_selimov_1.jpg[/libt] Bu günlərdə Azərbaycanda yeni ictimai təşkilat yaradılıb. ?Bizim torpaqlar? adlanan ictimai birliyin qurucusu istefada olan polis polkovniki Akif Səlimovdur. 1950-ci ildə Laçın rayonunun Qarıqışlaq kəndində anadan olmuş Akif Səlimov torpaqlarımızın erməni işğalçılarından qorunmasında yaxından iştirak edib. 1992-ci ildə Laçın rayonunun polis rəisi vəzifəsində çalışmış polis polkovnikinin ictimai təşkilat yaratmaqda məqsədi də elə Azərbaycan torpaqlarının erməni təcavüzündən azad edilməsinə yardım göstərməkdir. - Akif müəllim, niyə birdən-birə ictimai birlik yaratmaq fikrinə düşdünüz? - Bu illərlə məni rahat buraxmayan bir fikir idi. Kazan görüşlərindən sonra isə bir daha əmin oldum ki, ermənilər torpaqlarımızı xoşluqla bizə qaytarmayacaqlar. Mən erməni xalqının tarixi, yaşadıqları ərazilər, tabeliklərində olduqları dövlətlər, mənsub olduqları dinlər, dillərinin formalaşması prosesi, əlifbaları barədə lazımi səviyyədə fikir söyləmək haqqı əldə etmək üçün tarixi məlumatların tədqiqi və toplanması ilə məşğulam. Uzun illərdir ki, bu sahələrin öyrənilməsi, analizi, çeşidli mənbələrin müqayisəsindən üzə çıxan həqiqətlərin ortaya qoyulması istiqamətində çalışıram. Ümumi qənaətimə görə, biz bir xalq olaraq bəzi tarixi dövrlərdə, müxtəlif zaman kəsiklərində qonşu olaraq yaşadığımız erməni xalqını tanıya bilməmişik. Ağrısını, acısını, əzabını, dəhşətlərini, fəlakətlərini yaşadığımız laqeydlik, saymazlıq, bilgisizlik mühiti xalqımızı mövcud reallıqla üz-üzə qoyub. - Bu reallığı necə dəyişmək olar? - Bu gün sirr deyil ki, ermənilər yalana söykənən siyasətlərini, tarixi saxtalaşdırmaq fəaliyyətlərini davam etdirirlər, olmayanı olmuş kimi qələmə verirlər. İyirmi il bundan öncə başlanan Qarabağ hadisələrinin dünyaya çatdırılması istiqamətində intensiv, məkrli, ardıcıl, dönməz, mərkəzləşmiş mübarizə aparırlar. Biz bu mübarizənin qorxulu təzahürləri, nəticələri və perspektiv təhlükələri ilə qarşı-qarşıyayıq. Odur ki, ermənilərdən üstünlüyümüzü qələmdən tutmuş raketə qədər hər sahədə qat-qat çox təmin etməyə məcburuq. - Bunun üçün haradan başlamaq lazımdır? - Hər kəs özündən başlamalıdır, təşkilatlanmalıyıq. Bilirsiniz, erməni zordan başqa heç nə ilə haqq yoluna qayıtmayacaq. Onlar işğal etdikləri ərazilərdən könüllü geri çəkilməyəcəklər. Biz isə nəyin bahasına olursa-olsun ərazilərimizi azad edəcəyik. Torpaqlarımızın işğaldan azad edilməsi prosesində yaxından, cəfakeşliklə, səmərəli iştirak etmək, əhalinin qələbəyə hazırlanması və səfərbər edilməsində dövlətimizə gücümüz çatan qanuni səviyyədə yadımçı olmaq məqsədilə təşkilatlanmışıq. Danışıqlar xatirinə danışıqlar aparılmamalıdır. Bu prosesin sonsuzluğu ermənilərə sərf edir, belə vəziyyətdə görüşlərdə irəli addım atılmayacaq. Məgər biz həyatda sonuncu erməni qalana qədər səbr etməliyik? Zaman bizə də, ermənilərə də olumla ölüm arasında yaşamaq, yekunda ?kim kimi? qismətinin bəhrəsini dadmaq girəvəsi verib. Ov girəvədə və bərədə vurulmalıdır. - Söhbət əsnasında vurğuladınız ki, müharibə dövlətin işidir. Bəs, fərd, birlik, xalq olaraq nə etmək olar? - Dövlətin funksiyaları var. Bu gün üçün işğal altında olan ərazilərimizin azad edilməsindən vacib heç nə yoxdur. Müharibə aparmaq üçün qadir ordnun yaradılması dövlətin işidir. Dövlət bu işləri görüb. Ancaq döyüşdə əsas amil insan faktorudur. On səkkiz illik yaşam az deyil. Bu müddətdə gənclərimiz hərbi çağırış yaşına çatırlar. Orduya çağrışın ilk həftəsi ərzində komandirlər şəxsi heyətdə real vəziyyəti görürlər. Görürlər ki, çağırışçılar arasında fiziki və psixoloji hazırlıq, vətənpərvərlik, müharibəyə, düşmənə, münasibət, xalq, dövlət anlayışlarına yanaşma, Vətənin taleyi baxımından şüurlu məsuliyyət göstəriciləri nə yerdədir. Bunlar bütövlükdə cəmiyyətin göstəricisidir desək, daha düzgün olar. Vətənpərvərlik və döyüşə hazırlığın mənəvi təməlləri ailədən başlayır, kollektivdə formalaşır, cəmiyyətdə möhkəmlənir, orduda özünü təsdiq edir. Mənəvi, psixoloji, fiziki keyfiyyətlər, döyüşkənlik ruhu orduya qədər yerində olmalıdır. Müharibənin qələbə ilə başa çatmasının əsası xalqdır. Müharibəyə hazır xalqın qurduğu dövlət bu təməl üzərində qorxmadan, tərəddüd etmədən, inamla döyüşə başlayar və udar- tarixdə minlərlə fakt var. Biz də çalışacağıq ki, ?Bizim torpaqlar? ictimai birliyi olaraq sıralarımızdakı gənclər, keçmiş döyüşçülər, müəllimlər, həkimlər, ümumiyyətlə hər təbəqədən olan vətənpərvər insanlar Qarabağın azadlığı üçün əlindən gələni əsirgəməsin. - Yeri gəlmişkən ?Bizim torpaqlar? ictimai birliyinin məqsədləri barədə məlumat verməyiniz maraqlı olardı. Bu birlik başqa təşkilatlardan nə ilə fərqlənəcək? - Biz öz fəaliyyyətimizi Konstitusiya və mövcud qanunlar çərçivəsində quracağıq. Respublikasının ərazi bütövlüyünün təmin olunmasında dövlətə, cəmiyyətə kömək göstərmək əsas məqsədimizdir. Xalqın qələbə əzmini yüksəltməyi, gənclər arasında Azərbaycan tarixi, dövlətçiliyi, sərkərdələri, el qəhrəmanları, tarixi şəxsiyyətləri haqqında geniş izahat işləri aparmağı düşünürük. Hərbi vətənpərvərliyi tarixi və olmuş müasir faktlar əsasında real, inandırıcı yollarla təbliğ etmək, vətəndaşların Azərbaycan ordusuna inamını, etibarını artıran tədbirlər görmək niyyətindəyik. Qarabağ müharibəsində göstərilən qəhrəmanlıqları təbliğ etmək lazımdır. İctimai rəyə məlum olmayan qəhrəmanlıq epizodlarını tədqiq edib məlumatlar yığmaq, sistemli təbliğat aparmaq bizim qələbəyə yaxınlaşmağımıza kömək edər. İşğal olunmuş ərazilərdə düşmənin hərbi, iqtisadi, demoqrafik fəaliyyətlərini cəmiyyətə çatdırmaq lüzumlu işdir. Yaxud məcburi köçkün ailələrdə, ata yurddan kənarda doğulan uşaqlar və yeniyetmələrdə demoqrafik yaddaşın qorunması, onların vətən torpaqlarına bağlılıqlarının gücləndirilməsi üçün kompleks tədbirlər görmək vacibdir. Qarabağ həqiqətlərini başqa xalqlar arasında yaymaq üçün qeyri-hökumət təşkilatları, elmi və analitik mərkəzlərlə əməkdaşlıq qurmaq, təcrübə mübadiləsi aparmaq gərəkdir. - Təcrübə göstərir ki, vətəndaşlar arasında ictimai birliklərə inam güclü deyil. Sizcə, ?Bizim torpaqlar? birliyinə münasibət necə olacaq? - Azərbaycanlılar haqlarını qılıncla almış, neçə-neçə müharibələr etmiş, ərazilər zəbt etmiş, milliliyini, dövlətçiliyini qoruyan Böyük Türk Xalqının aparıcı qoludur. Biz döyüşə bilən xalqıq. Özümüzü isbat üçün yaxşı girəvə yaranıb. Düşməni məğlub etmək. Xalqımız buna qadirdir! Qaldı əhalinin bizə münasibətinə, Azərbaycan balaca ölkədir. Kimin kim olduğunu, döyüşüb döyüşmədiyini, vətənə, xalqa, dövlətinə sədaqətini bilənlər bilir, məlumatı olmayanlar isə tez öyrənirlər. Əsas məsələ odur ki, insanlara müraciət edən, üz tutan, münasibət yaradan, onları vətən naminə fəaliyyətə səsləyən yol göstərənlərin el qarşısında görünməsi üçün mənəvi haqları, sonsuz vətənpərvərliyi, vətənə səmərəli xidmətləri, müharibədə rolları, səngərlərdə keçən ömürləri, torpaqlarımızın azad edilməsi yolunda hər cürə şəxsi rifaha ?yox? deyə bilmək cəsarəti, dövlətlərinə inamları, sədaqətləri olsun. - ?Bizim torpaqlar? birliyi müharibə ərəfəsi və vaxtında qələbəmizə konkret hansı köməkliklər göstərə bilər? - Gəlin, ordumuz, onun şəxsi heyəti, malik olduğu silah, texnika barədə danışmayaq. Bu sahədə ciddi uğurlar var. Ən sadə hesablamalara görə, təkcə işğal altında olan rayonların döyüşə qadir kişilərindən uzağı iki həftəyə 150 min döyüşçünü toplamaq, təlimlərə başlamaq olar. Səfərbərlik vaxtı birliyin yüzlərlə üzvləri dövlətin ən yaxın köməkçiləri, hər ailənin üzvləri olacaqlar. Müharibə vaxtı ?Bizim torpaqlar?ın hərbə yararlı üzvləri döyüşən ordunun önündə olacaq, Ali Baş Komandanın əmr və göstərişlərini yerinə yetirəcək, bələd olduqları ərazilərdə hərbi hissələrə kömək edəcək, döyüş təcrübələrini cavanlara öyrədəcək, vətən uğrunda həyatlarını əsirgəməyəcək, şəhid, yaxud qazi olmağın şərəfini yaşayacaqlar. - Bu sözlər inamdan doğur, yoxsa pafosdur, sadəcə? - Mən Azərbaycan əsgərini səngərdə görmüş, döyüş əzmini duymuş, vətənə bağlılığının sahibi olmuşam. Rəhbərlik etdiyim 350 nəfərdən ibarət döyüşçüdən üçü Azərbaycanın Milli Qəhrəmanıdır. Onlarla döyüşçü orden və medallarla təltif olunub. Döyüşçülərimizdən yüzdən çoxu yaralanmışdı, onlarla insan kontuziya almışdı. Bir əhvəlat danışım. Horadiz istiqamətində döyüşçü Nazimin hücumdan qabaq bir ovuc torpaq götürüb öpdüyü və vətən uğrunda ölməyin şərəf olduğu haqda söylədikləri sözlər qulaqlarımda indi də səslənir. Nazim beş dəqiqə sonra həlak oldu? Yaxud leytenant Elşad Qarayevin ayaq üstə atəş aça-aça düşmən səngərinə cumduğu indi də gözümün önündədir. Yüzlərlə belə faktlar olub bizim dəstədə. Hər bir hərbi hissədə ölümün üzərinə ayaq üstə, gülə-gülə gedən yüzlərlə Azərbaycan qəhrəmanı görmüşəm. Döyüş baxımından 1992-1994-cu illərdə olduğu kimi indi də Azərbaycan əsgəri ermənidən qat-qat üstün, qorxmaz, cəsarətli və fədakardır. - Bəs niyə uduzduq? - Biz siyasətin qurbanı olduq. Bu səbəbdən erməni qələbə yox, sanki hədiyyə əldə etdi. Onlar ucuz qələbənin eyforiyasındadırlar. Anında, zamanında bu azsaylı xalqın sıraları tarixi qanunauyğunluq olaraq xeyli seyrələcək. Söylədiklərim realdır, bu günkü Azərbaycanın bütün parametrləri qələbə üçün yetərlidir. - Fikirlərinizdən siyasət iyi gəlmir ki? O balaca bir ölkədə çox sayda partiya, onlarla iddialı liderlər var. Çoxluq və səmərəsizlikdir? - Məndən olsa, günü sabahdan siyasi partiyalar fəaliyyətlərini dayandırar, onların sağlam, cavan üzvləri hərbi poliqonlarda məşq edər, döyüşməyi öyrənər, küçəyə tökülən uşaqlarımız müharibə üçün hazırlanar, qələbə əldə olunandan sonra yenə də demokratik imkanlardan yararlanarlar. İyirmi faiz torpağı iyirmi ildir əsarətdə olan ölkədə 30-40 partiyanın fəaliyyət göstərməsi, bəri başdan parçalanmaqdı.Müharibə başlayanda hesabı aparılacaq ki, hansı partiyadan cəbhəyə neçə nəfər getdi. Hansı lider ön cəbhədədir?! Onda görünəcək ki, sıralarını şişirdən ?pencək partiyalar?ın heç 20-30 üzvü yox imiş. Bəzi partiyaların illər uzunu fəaliyyətlərindənsə, Mübariz şəxsiyyətli 10 əsgərimizin şücaəti daha gərəklidir. Bu gün hər kəsə Mubariz cəsarəti qovuşmalıdır. Müharibə şəraitində yaşayan, müharibə gizləyən ölkədə Ordu diqqət mərkəzində olmalı, maddiyyat, mədəniyyət, bütün var-dövlət və insan resursları qələbəyə yönəlməlidir. Yaşı və səhhəti imkan verən hər bir azərbaycanlı kişisi özünü və ətrafını müqəddəs Vətən müharibəsinə hazırlamalı, o anı sevinclə qarşılamalıdır. O andan başlanacaq əzəli torpaqlarımızın qayıdışı, o andan çönəcək düşmənin çərxi, o andan rahatlanacaq şəhid ruhları? O andan bütövləşəcək ümumilli inam! Dünya önünə qoyulacaq Azərbaycan xalqının iradəsi! - Siz köçkün olmaq fəlakətini yaşamış, 1988-ci ildən 1994-cü ildə atəşkəsə qədər Laçın, Şuşa, Kəlbəcər, Murov, Füzuli, Horadiz, Goranboy ərazilərində öz sahəniz üzrə bilavasitə döyüş əməliyyatlarına rəhbərlik etmiş komandir olaraq, yaxın gələcəyi necə görürsüz, yaxud necə görmək istərdiniz? - İnanıram ki, dövlət daha da güclənəcək, çox uzaq olmayan müddətdə ordumuz öz vəzifəsini icra edəcək, köçkünlər yurd-yuvalarına dönəcəklər. Qısa zamanda dağıntılar bərpa ediləcək, üzümüzə ağ olan alban əsilli erməni camaatı Azərbaycan vətəndaşı olmağın sevincini təzədən yaşayacaq, ermənicəyə dəyişdirilən yaşayış məskənlərimiz əvvəlki adlarına qayıdacaq. Dağlıq Qarabağdan kənardakı ərazilərdə təmir olunub erməni kilsəsi adı altında fəaliyyətə başlayan alban kilsələri muzeyə çevriləcək. İnanıram ki, Yeniləşən Azərbaycan keçmişdəki səhvlərimizi təkrarlamayacaq, kiminlə qonşu olduğunu unutmayaraq, çomağı bir də yerə qoyamayacaq. Cəmiyyətimiz daha da güclənəcək, monolitləşəcək, insanlarımız daha yaxşı yaşayacaq. Olan neqativliklər dövlət səviyyəsində aradan götürüləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR