22-05-2011 [11:35]
[b]AMEA prezidenti Mahmud Kərimova
2-ci açıq məktub[/b]
surəti: Azərbaycan Respublikasının elmi ictimaiyyətinə
Cənab Mahmud Kərimov, aşağıda göstərdiyim səbəblər üzündən siz akademik deyilsiniz. Namizədlik dissertasiyanıza daxil olan məqalələrinizi nəzərə almayanda doktorluq dissertasiyanızda 17 jurnal məqaləniz olub. Sizin o zamankı işləriniz sayına görə AAK-ın bu günkü tələblərinə cavab vermədiyindən bu gün sizə doktorluq elmi adı verilə bilməzdi.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 4 yanvar 2003-cü il tarixli Fərmanı ilə təsdiq olunan AMEA Nizamnaməsinin IV bölməsinin 16-cı bəndindində açıq şəkildə göstərilib ki, ?Akademiyanın həqiqi üzvləri(akademikləri) bir qayda olaraq Azərbaycan Respublikasının vətəndaşları olan, elmin müxtəlif istiqamətlərində geniş tədqiqatlar aparan, onu yeni elmi biliklərlə zənginləşdirən, tanınmış elmi məktəblər yaradan Akademiya müxbir üzvlərinin içərisindən seçilirlər ?.
Siz müxbir üzv seçilmədən 2001-ci ildə birbaşa akademiyanın həqiqi üzvü təyin edilmisiniz. Bu zaman AMEA Nizamnaməsinin tələbləri cındır əski kimi ayaqlar altına atılıb:
1.Siz elmin heç bir sahəsi üzrə nə o zaman, nə də o zamandan indiyə kimi geniş tədqiqatlar aparıb, elmi yeni biliklərlə zənginləşdirməmisiniz. 2. Siz tanınmış elmi məktəb yaratmamısınız. 3.Siz məşğul olduğunuz fizika elmi üzrə yox, bircə elmi işiniz belə olmayan informatika sahəsi üzrə akademik təyin olunmusunuz.
Yəni siz əlifbasından belə xəbəriniz olmayan informatika sahəsi üzrə AMEA-dakı ən yüksək elmi adı, həm də təyin etmə yolu ilə mənimsədiyinizdən akademik deyilsiniz.
2001-ci ildən bu yana AMEA-nın prezidenti olaraq aldığınız əməkhaqqı və mükafatlar yarım milyon manatdan çoxdur. Siz akademik olmadığınızdan aldığınız bu maaş yuxarıda deyilən səbəblər üzündən əməkhaqqı deyil. Bu maaş dünya elminə və iqtisadiyyatına məlum olmayan yeni korrupsiya növüdür. Gələcəkdə istənilən adamın sizi bu korrupsiyaya görə məhkəməyə vermək hüququ var.
Sizdən fərqli olaraq o zaman informatika sahəsi üzrə akademik seçilən Arif Mehdiyev SSRİ-nin raket silahları üzrə baş idarəsinin rəisi, süni peyklərin buraxılması üzrə dövlət komissiyasının sədri Kərim Kərimovla işləmiş, kosmik informasiya sistemləri ilə məşğul olmuşdur. Arif Mehdiyev həm də SSRİ Elmlər Akademiyasının akademiki, NASA-nın ipək yolu kommunikasiyalarının rəhbəri Roald Zinnur oglu Saqdeyevlə əməkdaşlıq edərək informatika elminin dunyada və respublikamızda inkişafı yolunda çalışıb. İnformatika üzrə akademik seçilən Əli Abbasov isə İnformasiya və Kommunikasiya texnologiyaları institutunun direktoru olub. Bu gün İnformasiya Kommunikasiya exnologiyaları naziridir. Siz isə informatikadan xəbəriniz olmadan informatika akademiki olmusunuz.
Cənab Kərimov, siz nitq mədəniyyətini də bilmirsiniz
Akademik elmi adını, AMEA Prezidenti kimi yüksək vəzifəni layiq olmadan aldığınıza görə sizin AMEA-ya başçılıq etdiyiniz dövrdə bu elm ocağında böyük hərcmərclik, elmin deqradasiyası prosesləri getmiş, elmin maddi-texniki bazası tamamilə dağıdılmışdır. Özünüz yerinizdə olmadığından gördüyünüz işlər də yersiz olub. Prezidentliyinizin 7-8 ili müdədtində siz danişanda həmişə lələ-pətə vurub hıqqıldamısınız. İstənilən adam sizə baxaraq Azərbaycan elminin durumunun nə dərəcədə aşağı düşdüyünü görüb. AMEA prezidenti kimi ali vəzifə sizin tribunada danışmaq üçün dil öyrənməyinizə xidmət edib. 10 ilə yaxın müddətdə siz tribunadan danışmağı da öyrənə bilməmisiniz.
Əsərləriniz çox az olduğundan
biblioqrafiya kitabçanız da yoxdur
AMEA institlarında olan elmlər doktorlarının, akademiklərin əksəriyyəti öz elmi işlərinə görə sizdən qat-qat yuxarıda dayanırlar. Həmin alimlərdən biri mənəm. Elmi işlərim sizin işlərinizdən həm sayına, həm də sambalına görə müqayisəedilməz dərəcədə yuxarıdadır. Hamıya yaxşı məlumdur ki, yüksək titullu alimlərin hamısı yubileylərində əsərlərinin biblioqrafik kitabçasini çap etdirirlər. Mən o zaman əsərlərinizin siyahısı ilə maraqlandım. Kitabxanalardan sizin əsərlərinizin biblioqrafik kitabçasını soraqladım. Mənə dedilər ki, sizin əsərləriniz çox az olduğundan biblioqrafik kitabçanızın yaradılması gülünc bir iş olardı. Ona görə də bu kitabça yaradılmayıb. Fikrimcə dediyim məsələ hər şeyə aydınlıq gətirir. Aydın olmayan odur ki, niyə məhz sizi akademik və AMEA prezidenti ediblər?
Dünya şöhrətli alimləri saymadınız,
ona görə Azərbaycan elmini də sayan yoxdur
Cənab Kərimov, elmdə qəbul olunmuş bir qanun var. Vəzifələrə təyinatlar tanınmış alimlərin təqdimatı ilə həyata keçirilir. Respublikamızın böyük fizik alimi, akademik Firidun Haşımzadə sizə mənim rəhbərliyimlə Fizika İnstitutunda laboratoriya yaradılması haqqında təqdimat yazdı. Respublikamızın Prezidenti İlham Əliyevə və Sizə dünyanın böyük alimi Mayami Universitetinin Təmiz Enerji İnstitutunun direktoru, Birləşmiş Millətlər Təşkilatının Hidrogen Texnologiyaları İnstitutunun yaradıcısı və ilk direktoru, Umumdünya Hidrogen Assosiasiyasının prezidenti, A sinif jurnal olan Hidrogen jurnalının baş redaktoru Turxan Nejat Veziroglu mənim rəhbərliyimlə Alternativ Energetika və Ekologiya İnstitutu yaratmaq haqqinda təqdimat yazdı. Sizin xəbəriniz varmı, ki, Turxan Nejat Vəziroğlu ABŞ-ın onlarla universitetlərinin fəxri professorudur, dunyanın bir çox ölkələrinin prezidentləri onu yüksək orden və medallarla təltif ediblər. Siz bilirsinizmi bu adamın təkcə titulları 5səhifədən çoxdur. Sizə belə təqdimat məktublarını Rusiya Elmlər Akademiyasının dünya şöhrətli akadmemikləri, Ukrayna Elmlər Akademiyasının akademikləri, İsrail Beynəlxalq Nanotexnologiya Mərkəzinin baş direktoru və onlarla digər dünya şöhrətli alimlər də göndəriblər. Siz və sizin kimilər bu dünya şöhrətli alimlərin əllərinə su tökməyə də layiq deyillər. Ona görə də onların təqdimatlarını saya salmadınız. Səbəb isə ondan ibarətdir ki, siz akademik tituluna layiq deyilsiniz, siz bu titulu mənimsəyibsiniz. Bu böyük alimlər AMEA ilə əməkdaşlıq etmək istəyirdilər. Onlarla əməkdaşlıq elmimizin inkişafı demək idi. Günah sizdə deyil. Günah sizi bu vəzifədə saxlayanlardadır.
Prezident fərmanlarını özünüzə
və akademiklərə xidmətə yönəltmisiniz
Cənab Kərimov, sizin elmə və elm adamlarının problemlərinə biganə münasibətiniz, elmlə məşğul olan insanların qanuni haqqlarını tapdalamağınız Azərbaycan Dövlətinə nifrət yaradır. Belə ki, AMEA sistemində son illərdə əmək haqqlarının Prezident Fərmanları ilə vaxtaşırı 10-15-20% artımları AMEA-da işləyən elmlər doktorlarını, fəlsəfə doktorlarını məyus etməklə, onların Azərbaycan Dövlətinə inamlarını sarsıdır. Siz Azərbaycan Respublikasının Prezidentini aldadaraq ona yalnız AMEA üzvlərinin əmək haqqlarını əsaslı şəkildə artıran Fərmanlar imzalatdırmısınız. Digər AMEA işçilərinin əməkhaqqları əsə həmin fərmanlarla qəpik-quruş dəyərində artırılıb. Yəni siz akademik kimi, AMEA prezidenti kimi yerinizdə olmadığınlzdan Azərbaycan elmini, alimlərin vəzəyyətini düşünmək əvəzinə, yalnız öz əməkhaqqınızı və akademiklərin əməkhaqqlarını artırmaqla məşğul olmusunuz. Bu həm də sizin acgöz və paxıl bir adam olmağınızla bağlıdır. Yalnız özünü düşünmək, eqoizm və qorxaqlıq və acgözlük o dərəcəyə çatıb ki, akademiklərin ölkə prezidenti ilə görüşlərində nə siz, nə də AMEA akademiklərinin heç biri durub demir ki, ?Cənab prezident İlham Əliyev, bizim əməkhaqqlarımızı artırmağınıza görə, bizə havayı mənzillər verdiyinizə görə sizə dərin minnətdarlığıməzı bildiririk. Amma sizə bildirməliyik ki, bizim heç birimiz nə Landauyuq, nə Ginzburq, nə Lutfi-Zadə. Bizim AMEA-da işləyən 100-lərlə elmlər doktorlarından fərqimiz yoxdur. Çoxlu sayda elmlər doktorları və hətta fəlsəfə doktorları var ki, bizdən qat-qat güclüdürlər, onların elmə verdikləri töhfələr də bizdən daha çox və daha samballıdır. Sizdən xahiş edirik bu dəfə bizim əmək haqqlarımızı artırmaqdansa, onların əmək haqqlarını artırın. Onlar da insandır, onların da evi, ailəsi, qohum qardaşları var. Onlar da Azərbaycan vətəndaşlarıdırlar. Hər dəfə yalnız bizim əməkhaqqlarımızı artırmağınız işlədiyimiz kollektivlərdə bəzə hörmət gətirmir, əksinə bizi hörmətdən salır. Elmin aparıcı qüvvəsi həmişə doktorantlar, fəlsəfə doktorları və elmlər doktorları olublar. Onlarsız biz heç kimik?.
Sizin Azərbaycan Prezidentinin imzasının statusunu dərk edəcək səviyyəniz yoxdur
Mən şəxsən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə özünə əlbəəl məktub təqdim etmişəm. Prezident məktubumu böyük hörmətlə qəbul edib. O elə həmin gün məktubumu özünün şəxsi dərkənarı ilə icra olunmaq üçün Prezident Administrasiyasının Humanitar Siyasət şöbəsinin rəhbəri Fatma Abdullazadəyə göndərmişdi. Siz və Prezident Administrasiyasının uygun şöbəsi 2 il bundan əvvəl İlham Əliyevin şəxsən dərkənar qoyduğu məktubu da saya salmadınız. Sizin bu hərəkətiniz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və onun imzasının statusuna birbaşa hörmətsizliyinizdir. Çünki siz və sizin kimilər nə bilir ki, prezidentin imzası nədir? Bu imzanın statusu nədir? Bunları başa düşmək üçün ən azı siz öz yerinizdə olmalısınız. Çünki siz akademik deyilsiniz! Sizin AMEA prezidenti olmağınız Azərbaycan elmini geriyə aparıb.
Bir məsələ də məni dəhşətə gətirir. Məni kimi tanınmış bir insanın prezidentliyə namizəd olmuş adamın Prezident İlham Əliyevə verdiyi, və Prezidentin də elə həmin dərkənarla Humanitar Siyasət şöbəsinə icra olunmağa göndərdiyi məktuba cavab verilmirsə, onda adi Azərbaycan vətəndaşının başına nə oyunlar gətirildiyini Allah bilir.
Vəzifəniz naminə hədyan quraşdırdınız
Prezident İlham Əliyev mənim məktubumu şəxsən özü məndən alandan sonra qərara alıb ki, mənə yüksək vəzifə versin. O zaman siz və sizin taylarınız haqqımda şaiyə uydurub ki, guya mən 1993-cü ilin yanvar ayının sonlarında enerji böhranı ilə əlaqədar Naxçıvanda olakən Heydər Əliyevə qarşı kobudluq etmişəm. Nəzərinizə çatdırıram ki, Heydər Əliyev çapında siyasətçiyə qarşı heç kəs kobudluq edə bilməzdi. Mən o zaman Naxçıvanın Baş Naziri Şəmsəddin Xanbabayevlə vəTürkiyə Enerji Qurumunun bir neçə məsul şəxsi ilə birlikdə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevilə onun kabinetində görüşdüm. O zaman Heydər Əliyev enerji problemi haqqında bizimlə ətraflı söhbət etdi. Həmin gün də ondan sonrakı gün də Naxçıvanın Baş Naziri Şəmsəddin Xanbabayev mənə Naxçıvandakı enerji problemləri haqqında yenə də ətraflı məlumat verdi. Heydər Əliyev o zaman məni çox böyük hörmətlə qarşıladı. Mənə hökumət evində yer verdilər. Mən Naxçıvandan qayıdan kimi Prezident Əbülfəz Elçibəyə və Dövlət müşaviri Sabit Bağırova Naxçıvandakı dözülməz enerji böhranı haqqında hesabat təqdim etdim. O zaman Azərbaycanın imkanları daxilində Naxçıvana yardımlar edildi.
Hacıbala Abutalıbov ölü can qismində Fizika İnstitutunda
laboratoriya rəhbəridir
Cənab Kərimov, yaxşı bilirsiniz ki, Fizika İnstitutunun laboratoriyalarından birinə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov rəhbərlik edir. Hacıbala Abutalıbov laboratoriya rəhbərliyinə akademik Həsən Abdullayevin ayaqqabısını silə-silə gəlib. Hacıbala Abutalıbov layiq olmadığı yüksək vəzifələrdə işlədiyi 17 il müddətində Fizika İnstitutunun və rəhbərlik etdiyi laboratoriyanın bir dəfə də qapısını açmayıb. Hacıbala Abutalıbıvun bu müddət ərzində Fizika İnstitutuna bircə köməyi də dəyməyib. Hacıbala onu adam edən Fizika institutunun kooperativinin 6 bloklu binasının 3 blokunun yerini satıb. Fizika İnstitutu işçilərini evsiz qoyub. Siz bilirsinizmi, Bakı şəhər İcra Hakimiyyətinin başçısını Fizika İnstitutunda laboratoriya rəhbəri saxlamaq nə deməkdir. Bilirsinizmi ki, bu Azərbaycan Respublikasının Əmək Məcəlləsini cındır əskiyə çevirməkdir.
Sizi, Hacıbala Abutalıbovu və Çingiz Qacarı
məhkəməyə verəcəyəm
Qanuni yolla akademik olmadığınızdan, bu günə kimi AMEA-dan qeyri-qanuni yolla aldığınız 500 min manat maaşinizın sizdən geri alınması və Fizika İnstitutunda müasir laboratoriya yaradılması haqqında məsələ qaldıracağam. Hacıbala Abutalıbovun Fizika İnstitutunda laboratoriya rəhbəri vəzifəsindən azad edilməsi haqqında iddia qldıracağam. Fizika İnstitutundan başqa heç bir yerdə işləmirəm, yuxarıda deyilənlərə istinadən özümü onun yerinə daha layiqli namizəd hesab edirəm. Hacıbala Abutalıbovu və onu Fizika İnstitunda laboratoriya rəhbəri vəzifəsində saxlayan direktor Çingiz Qacarı və Sizi məhkəməyə verəcəyəm.
Bir daha nəzərinizə çatdırıram ki, elmi işlərim sizinlə Hacıbala Abutalıbovun birgə elmi işlərindən daha çox və daha samballıdır.
Gələn yazılarımda akademiklərin və elmlər doktorlarının elmi reytinqləri barədə konkret faktları açıqlayacağam. O zaman bəlli olacaq ki, əsl elmlər doktorları, əsl akademiklər, saxta akademiklər kimlərdir. Tədqiqat obyektlərim AMEA prezidenti, Rəyasət Heyəti, bölmə üzvləri, elmlər doktorları olacaq. Digər yazılarım AMEA sistemindəki nəhəng korrupsiyalara həsr olunacaq.
Ardı olacaq
Qüdrət İsaqov
Azərbaycan Prezidentliyinə keçmiş namizəd,
fizika-riyaziyyat elmləri doktoru,
Beynəlxalq Alternativ Energetika və Ekologiya jurnalı baş redaktorunun müavini,
Beynəlxalq Kosmonavtika jurnalı baş redaktorunun müavini,
Avropa Təbiət Elmləri Akademiyasının (ATEA) akademiki,
ATEA-nın Fəxri Rentgen Medalı Laureatı