23-01-2011 [06:40]
[b]Elçin Mirzəbəyli: "Cəmiyyətin hansısa radikal qrupları dəstəkləməsi absurddur, lakin onlar kənardan idarə olunan qüvvələrdir və istənilən an təhlükə yarada bilərlər" [/b]
Parlament seçkilərindən sonra fəaliyyətini Milli Məclisdə davam etdirən BAXCP, BQP və Ədalət Partiyasının birləşdiyi "İslahat" deputat qrupu eyni adlı təkliflər paketi hazırlayıb. Əsasən fundamental dəyişikliklər toplusu olan bu paket üç partiya adından ictimai müzakirəyə çıxarılıb. Müsahibə verən BAXCP sədrinin müavini Elçin Mirzəbəyli ilə söhbətimiz də bu mövzu ətrafında oldu.
- Nəzərinizə çatdırım ki, ilk dəfə Konstitusiyaya əlavə və diyişikliklərin edilməsi və islahatların aparılması ilə bağlı təklif BAXCP tərəfindən 2007-ci ildə irəli sürülüb. Sonuncu parlament seçkilərində blok şəklində iştirak etdiyimiz üçün bu təklifləri paket halına saldıq və üzərində işləyərək daha geniş şəkildə konstitusion dəyişikliklərin aparılması üçün təkliflər hazırladıq. "İslahat" deputat qrupunun təklif etdiyi layihədə ilkin olaraq, bir sıra qanunvericilik aktlarında yer almış müddəaların Konstitusiya qanunu səviyyəsinə çatdırılması və Azərbaycanın siyasi sistemində fundamental dəyişikliklərin edilməsi nəzərdə tutulur.
- Siyasi sistemdəki dəyişiklik deyəndə nəyi nəzərdə tutursunuz?
- Biz qarışıq sistem təklif edirik. Bildiyiniz kimi, Azərbaycanda Prezident üsul-idarəsidir. Dünyada mövcud demokratik ölkələrdə iki idarəçilik sistemi tətbiq olunur: Prezident və Baş nazir üsul-idarəsi. Biz isə qarışıq sistem təklif edirik, burada güclü Prezident hakimiyyətini qoruyub saxlamaqla, icra strukturlarına parlament nəzarətini və hakimiyyətin bütün qolları üzərində ictimai nəzarətin gücləndirilməsini təklif edirik. Paketdə proporsional seçki sisteminin bərpası və tam tətbiqi, eləcə də deputatların sayının 150 nəfərə çatdırılması nəzərdə tutulur.
Paketdə, Milli Məclis rəhbərliyində parlamentdəki müxalifət partiyalarının təmsilçiliyinin nəzərə alınması da təklif olunur. Hesablama Palatasının sədri və üzvlərinin yarısının müxalifət partiyaları tərəfindən irəli sürülməsi təklifi də var. Bundan əlavə, hesab edirik ki, Milli Məclisdə fraksiya yaratmaq üçün millət vəkillərinin 10 nəfərinin sayı yetərli olmalıdır.
Təklif edirik ki, Prezidentin təqdimatına əsasən hökuməti parlament seçkilərində qalib gəlmiş partiya formalaşdırır. Burada əsas müddəalardan biri də odur ki, Azərbaycanda icra hakimiyyəti Prezidentə və ?azirlər Kabinetinə mənsub olmalıdır.
- İrəli sürdüyünüz təkliflər müsbət sayıla bilər. Bəs, hakimiyyətin bu təklifləri qəbul etməsi nə dərəcədə realdır?
- Əgər mövcud hakimiyyət bu və ya digər təklifləri qəbul etmirsə, bu o demək deyil ki, ölkənin inkişafına yönəlik təkliflər irəli sürülməli deyil. Hesab edirik ki, Azərbaycanın inkişafı məhz bu islahatların yuxarıdan başlanılmasındadır. Bu, çox geniş layihədir. Onun fundamental məqamı Azərbaycanın geosiyasi mövqeyi, mövcud regional problemlər nəzərə alınmaqla, ölkənin demokratik inkişafını təmin etməkdir. Yəni hakimiyyətin bütün qolları üzərində nəzarətin olmaması bir sıra demokratik dəyişikliklərin həyata keçirilməsinə mane olur. Azərbaycan kimi ölkələrdə güclü Prezident idarə-üsulunun tamamiylə götürülərək, bütövlükdə parlament üsul-idarəsinə keçmək də yanlış olardı. Bu baxımdan biz qarışıq sistemi təklif etməklə, ölkədə islahatların aparılması üçün zəmin yaradılmasını istəyirik. Çünki islahatlar aparılmadan cəmiyyətin inkişafına nail olmaq mümkün deyil. Prezident də iqtisadi islahatların başa çatdığını və bundan sonra siyasi islahatların aparılmasının vacibliyini vurğulayıb. Hesab edirəm ki, bizim hazırladığımız layihə də bu məqamlarla üst-üstə düşür. Təbii, heç kəs iddia edə bilməz ki, "İslahat" deputat qrupunun hazırladığı layihə bütövlükdə qəbul olunmalıdır. Sadəcə, biz cəmiyyətdə bu proseslərin başlaması üçün stimul veririk. Hesab edirik ki, bu layihənin müzakirəyə çıxarılması Azərbaycanda bir çox problemlərin həllinə səbəb ola bilər.
- Son illər ölkədə demokratik qüvvələrin sıradan çıxdığını, yaxud zəiflədiyini demək olar. Ötən ilin sonundan başlayaraq isə islamçı qüvvələrin aktivləşdiyi müşahidə olunur. Bəziləri bu vəziyyəti təhlükəli proseslərin başlanğıcı kimi dəyərləndirir. Siz bu barədə nə düşünürsünüz?
- Təbii ki, cəmiyyətdə olan narahatlıqlar qəbul olunandır. Bu gün dinin siyasətlə çuğlaşmasının bir sıra səbələri var. Onlarından bir də siyasi islahatların aparılmasına duyulan tələblərdir. Eyni zamanda bu, çoxpartiyalı sistemin inkişaf etməməsi ilə bağlıdır. Ancaq bunu yalnız bu faktorlarla əlaqələndirmək düzgün olmazdı.
Azərbaycan çox əhəmiyyətli geosiyasi bölgədə yerləşir və ətraf ölkələr, xüsusiylə də İran heç də Azərbaycana dost münasibəti bəsləmir, yürütdüyü siyasətdə ölkəmizə qarşı mövqe sərgiləyir. Bunu İranın Ermənistanla əlaqələrində, Xəzərin statusunun müəyyənləşdirilməsi məsələsində də görmək olar. İranın təkcə Azərbaycanda deyil, digər ölkələrdə də dini fanatizmin ixracı prosesi ilə bağlı məsələlərdəki mövqeyini hər kəs görür. Bu prosesdə hakimiyyət tərəfindən atılan addımlarda ardıcıllığın qorunmaması da müəyyən rol oynayır. Məsələn, "Təhsil haqqında" Qanuna baş örtüsü məsələsi salındığı halda sonradan İrandan verilən fətvaların və Azərbaycanda bəzi ekstremist mövqedə dayanan qüvvələrin etirazları nəticəsində bu müddəa oradan çıxarıldı. Ola bilsin ki, o müddəanın ordan çıxarılması həmin qüvvələrin verdiyi bəyanatların nəticəsində olmayıb. Amma məsələ odur ki, ictimaiyyətə belə mesajlar çatdırılır. Ona görə də hesab edirik ki, əgər hər hansı formada ardıcıl addımlar atılırsa, xüsusiylə də din kimi önəmli bir məsələdə hər hansı qərar verilirsə, dövlət buna daha çox diqqət ayırmalıdır. Eyni zamanda Azərbaycanda dinin siyasətlə çuğlaşmaması üçün bir sıra islahatların aparılmasına ehtiyac var.
- Ümumiyyətlə, bu gün islamçı, yaxud hər hansı ekstremist qüvvənin aktivləşməsi demokratik güclərin zəifləməsi səbəbindən baş verir, yoxsa...
- İstənilən prosesdə hər hansı bir boşluq yarananda o boşluğun yerini ayrı-ayrı qüvvələr tutmağa çalışır. Burada daxildəki prseslər də, xarici qüvvələrin maraqları da rol oynayır. Yəni bu proseslərin baş verməsində yalnız bir məsələni götürmək lazım deyil. Təbii ki, o məqamlar var, amma digər məqamlar da önəmli faktorlardandır. Ona görə də bu məsələlərə kompleks yanaşmaq lazımdır. İstənilən ölkədə bu və ya digər hakimiyyətin fəaliyyətindən narazı olan qüvvələr olub və olacaq. Biri var, dünyəvi, hüquqi prinsiplərə uyğun olaraq siyasi partiyalar fəaliyyət göstərsinlər, biri də var, kortəbi şəkildə, üstəgəl dini-ekstremal məqamların da yer aldığı qüvvələrin ortaya çıxmasına zəmin yaransın. Sözsüz ki, ikinci faktor kifayət qədər təhlükəlidir. Bu təhlükəli faktorun qarşısının alınması üçün siyasi sistemin möhkəmləndirilməsi ilə bağlı ciddi addımların atılmasına ehtiyac var.
- O fikirlər də səslənir ki, hazırda cəmiyyət nə hakimiyyəti, nə də müxalifəti dəstəkləyir və arxasınca gedə biləcəyi qüvvənin axtarışındadır...
- (Tələsik) Cəmiyyətdə fərqli qüvvələr, fərqli düşüncə sahibi olan insanlar var. Fərqli düşüncənin nəticəsini isə seçki ortaya qoyur. Bu baxımdan da məsələyə bu şəkildə yanaşılmasının tərəfdarı deyiləm. Ayrı-ayrı insanlar fərqli siyasi qüvvələrə simpatiya bəsləyə bilərlər. Azərbaycanda təkcə müxalifətə yox, bütövlükdə siyasi partiyalar sisteminə fərqli yanaşma tərzi var. Bu da siyasi partiyaların aktivliyinin aşağı düşməsi ilə bağlıdır. Bu məsələdə müxtəlif səbəblər mövcuddur. Burada hazırkı iqtidarın yürütdüyü siyasət nəticəsində ortaya çıxan problemlər var, ənənəvi müxalifətin də yürütdüyü qeyri-sabit və Azərbaycanın dövlət maraqlarına uyğun gəlməyən siyasəti öz nəticəsini verir. Ona görə də deyirəm ki, bütün bunlar kompleks yanaşma tələb edən məsələlərdir. Günahı bir tərəfin üzərinə yükləmək isə yanlışdır.
O fikirlə də razı deyiləm ki, cəmiyyət hansısa siyasi qüvvəni dəstəkləmir və yaxud hansısa aqressiv qrupun arxasınca getmək niyyətindədir. Bu tendensiya təhlükəli hala gəlib çıxa bilər, əgər islahatlar aparılmasa. Azərbaycan cəmiyyətinin hansısa radikal qrupları dəstəkləməsi isə absurddur, lakin onlar kənardan idarə olunan və istənilən an təhlükə yaradan qüvvələrdir.
- Bu tendensiyanın hakimiyyət daxilində gərginliyin, parçalanmanın yaranmasına gətirib çıxarması necə, mümkündürmü?
- Mən hakimiyyət daxilindəki proseslərə müdaxilə etmək niyyətində deyiləm. Çünki hakimiyyət bir komandadır, biz isə müxalif təşkilatıq. Mən, ümumiyyətlə, bu cür məsələlərə müxalifət, iqtidar, yaxud fərdi yanaşmağın tərəfdarı deyiləm. Bu, bütövlükdə cəmiyyət üçün problem yarada bilər. Söhbət Azərbaycan dövlətinin maraqlarından gedir. Bu təhlükəli tendensiya cəmiyyətdə ziyanlı məqamların yer almasına yol açır. Bu, zəmin yaradır ki, ekstremist əhval-ruhiyyəli adamlardan Azərbaycana qarşı istifadə eləsinlər. Bütün məsələlərin tənzimlənməsində birqaydalı üslubun tətbiqi yolverilməzdir. Yəni yalnız, inzibati, hüquqi metodlarla, sərt qanunvericilik addımlarla prosesi tənzimləmək olmaz. Təbii ki, bunlar lazımdır. Ancaq paralel olaraq siyasi islahatlar aparmaq vacibdir ki, cəmiyyət üçün alternativlər yaransın.
Yeni formalaşan ölkələrdə dövlətçilik hər zaman təhlükə altında olub. Bu təhlükənin qarşısını almaq dövlət sturukturlarının və təhlükəsizlik orqanlarının borcudur. Azərbaycandakı proseslər təhlükəli həddə çata bilər. Ancaq fundamental təhlükənin yarandığı və bu təhlükənin qarşısının alınmaz olduğu fikrini təlqin etməyin də əleyhinəyəm.