"Bir araya gələ bilməsək, müxalifət 2013-də uğursuzluğa düçar olacaq"

img

23-01-2011 [06:36]


[b]Yusif Bağırzadə: "Müxalifət qarşıdan gələn prezident seçkilərində vahid namizəd müəyyənləşdirə bilməsə, hər kəs qapısını bağlayıb getsin..." [/b] Qarşıdan 2013-cü ildə keçiriləcək prezident seçkiləri gəlir. Düzdür, hələlik gözlənilən seçkiyə ciddi hazırlıq getmsə də, amma vahid namizədin müəyyənləşməsi ilə bağlı təkliflər səslənir. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə bu seçkilərə indidən hazırlaşmağı və vahid namizədi müəyyənləşdirməyin zamanı olduğunu deyir: - Əgər hakimiyyət vahid namizədlə çıxış edirsə və ətrafında iqtidaryönlü partiyaları birləşdirirsə, deməli, müxalifət də vahid cəbhədə mübarizə aparmalıdır. O dövlətlərdə dəyişikliklər olur ki, orda müxalifət bir araya gəlir və vahid namizədlə çıxış edir. 2003 və 2008-ci il prezident seçkiləri, hətta sonuncu parlament seçkiləri bir daha onu göstərdi ki, müxalifət partiyaları parlament seçkilərində vahid siyahı, prezident seçkilərində isə vahid namizədlə çıxış etməlidir. Düzdür, bu təklif cəmiyyətdə birmənalı qarşılanmır və bəzi partiyalar bununla razılaşmaq istəmirlər. Onlar başa düşürlər ki, həm beynəlxalq ictimaiyyətin, həm də Azərbaycan xalqının sosial sifarişidir ki, həqiqi müxalifət vahid namizədlə çıxış eləsin. Amma elə partiyalar da var ki, bunun müxalifət qüvvələri arasında ayrı-seçkilik salacağını, hansısa partiyanın dağılacağına səbəb olacağını düşünürlər. 2013-cü il seçkilərinə çox vaxt qalsa da, artıq bu prosesə başlamaq lazımdır. Əgər müxalifətin aparıcı partiyaları qarşıdan gələn seçkidə vahid namizədlə çıxış etmək istəsələr, buna ən azı il yarım qabaq hazırlaşmalıdırlar. Bu, Müsavat, AXCP, AMİP və ADP-nin razılaşması ilə baş tuta bilər. 2010-cu il parlament seçkiləri də göstərdi ki, əgər müxalifət partiyaları vahid siyahı ilə mübarizəyə qoşulsaydılar, nəticələr fərqli olardı. Yəni birlik olduqca vacib məsələdir. - Birlik tərəfdarı kimi çıxış etsəniz də, təklifinizdə ayrı-seçkilik var. Yəni yalnız dörd partiyanın adını çəkirsiniz. ALP, KXCP və digərləri müxalifət deyillərmi? - Mən onları müxalif qüvvə kimi qəbul edirəm. Siz düz deyirsiniz, bəlkə də mənim fikirlərim bir qədər bölücülük kimi görsənir. Ancaq faktiki olaraq, bu gün Azərbaycanın siyasi səhnəsində qeyd etdiyim dörd böyük partiya var. Prezidentliyə vahid namizəd də bu dörd partiyanın rəhbərlərindən biri olmalıdır. Kimin xoşuna gəlsə də, gəlməsə də, bu, mənim mövqeyimdir. - Partiyanın strukturu zəif olsa da, ALP-nin başında Lalə Şövkət dayanır. 2003-cü il prezident seçkilərinin nəticələrini nəzərə alsaq, Lalə xanımın da namizədlər sırasında dayanmağa haqqı var... - Heç kimə zəif demək istəmirəm. Sadəcə olaraq, mən prezidentliyə namizəd kimi qeyd etdiyim şəxsləri görürəm. Son dövrlər Qüdrət Həsənquliyevin çıxışlarını izləyirəm, çox yaxşı və arqumentli fikirləri var. Yəni yaxşıya yaxşı, pisə pis deməyi bacarmaq lazımdır. Prezidentliyə vahid namizəd ciddi məsələdir. Ona görə də Azərbaycanın siyasi həyatında dayanıqlı olan, rıçaqları güclü siyasi qüvvələr mərkəzdə olmalıdırlar. Məncə, bu kriteriyalar dediyim dörd partiyada var. - Bəs, adını çəkdiyiniz partiyaların rəhbərləri ilə vahid namizəd məsələsini müzakirə etmisiniz? - Bəli, bu məsələ ilə bağlı təşəbbüs göstərmişəm. Məsələni İctimai Palatada da qaldırmışam. Orda bir qism deyib ki, qəbul olunsun, bir qism isə bildirib ki, bu barədə qərar vermək hələ tezdir və bu, partiyaların birliyinə xidmət etməyəcək. - Deyə bilərsinizmi, nəzərdə tutduğunuz dörd nəfərdən kimin vahid namizəd olmaq şansı daha çoxdur? - Dördümüzün də şansı var. Söhbət şansdan getmir, əsas məsələ birliyə nail olmaqdır. Bu şəxs Əli Kərimli oldu, İsa Qəmbər oldu, Yusif Bağırzadə oldu, dəxli yoxdur. Vacib məsələ odur ki, vahid namizəd müəyyənləşsin, biz güc mərkəzi olaraq bir cəbhədə mübarizə aparaq. - Bir müddət öncə AXCP ilə Müsavatın birləşməsini gözləyirdiniz... - (Sözümüzü kəsərək) Bəli, gözləyirdik. Bu məsələni AXCP və Müsavat funksionerləri ortaya atmışdılar, hamı bunun nəticəsini gözləyirdi. Əlbəttə ki, bunun baş tutmaması yaxşı hal deyil. Düzdür, mən bu iki partiyanın birləşəcəyinə o qədər də inanmırdım, çünki məqsəd və məramları eyni olsa da, ideyalarda müəyyən mənada fərqlilik var. Bu səbəbdən də çətin məsələ idi. - Yəni iki partiyanın bir araya gəlməsi bu qədər müşkilə çevrildisə, daha geniş spektrin bir araya gəlməsi, vahid namizədin müəyyənləşdirilməsi çətin olmayacaq? - Hamı düşünməlidir ki, bu birlik vacib məsələdir. Əgər müxalifət 2013-cü ildə vahid namizəd müəyyənləşdirə bilməsə, hər kəs qapısını bağlayıb getsin və başqa işlə məşğul olsun. Onda bu, oyun oynamaq olur, buna başqa ad vermək olmaz. Əsas siyasi qüvvələr vahid namizədlə seçkiyə getməlidir! Müxalifət vahid namizəd müəyyənləşdirə bilməsə, şəxsən mən seçkiyə qatılmayacağam, nə də AMİP seçkiyə qoşulmayacaq. - Yusif bəy, hakimiyyətin güclü olduğunu nəzərə alıb vahid namizədin müəyyənləşməsində israr edirsiniz, yoxsa... - Söhbət hakimiyyətin güclü, müxalifətin zəif olmasından getmir. Söhbət seçicilərin zəif olmasından gedir. 2010-cu il parlament seçkiləri göstərdi ki, insanların seçkiyə marağı azalıb. Biri var beş siyasi qüvvənin elektoratı seçkiyə gəlib vahid namizədə səs versin, biri də var bir partiyanın elektoratı. Kifayət qədər ciddi fərqdir. - Liderlərin pərdəarxası söhbətləri də olur. Bu söhbətlərdən nə hiss edirsiniz, İsa Qəmbər, Əli Kərimli, Sərdar Cəlaloğlu arasında vahid mövqeyə gəlmək istəyi nə dərəcədədir? - Səmimi deyək, burada vəziyyət 50/50-yədir. Yəni hələ konkret mövqe yoxdur. Daha dəqiqi, qeyd etdiyim əhval-ruhiyyə yetişməyib. Açığı, biz parlament seçkilərindən sonra özümüzə gəlməmişik. Vahid namizəd məsələsi ilə bağlı bu partiyalarda 50 faiz istək görürəm. Əgər yaxın bir il ərzində bir araya gələ bilməsək, müxalifət 2013-də uğursuzluğa düçar olacaq. - Bu baş tutmasa, məğlubiyyətin səbəbkarını göstərəcəksiniz, yoxsa kənara çəkilib yenə növbəti seçkiləri gözləyəcəksiniz? - Təbii ki, müxalifətin birliyini kim pozsa, vahid namizədin müəyyənləşdirilməsinə problem yaratsa, kim oyun oynasa, onu ifşa edəcəyik. Xalq bilməlidir ki, kim dəyişiklikləri istəmir. Şübhəsiz ki, hər bir lider, hər bir siyasi təşkilat iddialı olmalıdır. Bizim iddiamız isə seçkiyə vahid namizədlə getməkdir. - Vahid namizəddən danışırsınız, AMİP-in namizədi Etibar Məmmədov ola bilərmi? - Əlbəttə, Etibar Məmmədov da ola bilər. Ancaq o, partiyanın lideridir, siyasətlə məşğul deyil. Yəni onun namizəd olması mümkün olsa da, real deyil. Lakin mən öz namizədliyimi görürəm. - Amma Etibar Məmmədovun bundan əvvəlki sədarətin dönəmində partiyanın idarəçiliyinə təsiri var idi... - (Sözümüzü kəsərək) Milli İstiqlal Partiyasında Etibar bəyin partiyanın fəaliyyətinə təsiri həmişə geniş olub, bu gün də genişdir. - Yox, əvvəllər partiyanın Etibar Məmmədov tərəfindən idarə olunduğu bildirilirdi. Siz sədr olandan bəri Etibar bəyin müdaxiləsi varmı? - Parlament seçkilərindən əvvəl Etibar bəy bəyan edib ki, partiyanın fəaliyyəti ilə məşğul deyil. Partiyanın bir rəhbəri var, o da Yusif Bağırzadədir. - Parlament seçkilərindən əvvəl o fikirlər səslənirdi ki, Yusif Bağırzadə AMİP-i konstruktiv müxalifət edəcək, mandat alacaq. Bu cür fikirlərin yaranması nədən qaynaqlanırdı? - Bu fikirlər əsassız idi və nəticədə yalan olduğu sübuta yetirildi. AMİP Azərbaycanda birinci qeydiyyatdan keçmiş partiyadır, Azərbaycan Müstəqillik Aktının müəllifidir, ölkəni Pakistanda, Türkiyədə tanıdan bir partiyadır. Yəni partiyanın sədrləri gəlib gedəndir, partiyanın öz mövqeyi var. - Vahid mövqeyə gəlməklə bağlı iddianızı başa düşdük. Ancaq bundan əlavə, müxalifətin seçkiyə yönəlik siyasi kursu, proqramı olmalıdır. Bu istiqamətdə hər hansı plan varmı? - Mən özümüzdən deyə bilərəm. Bu gün Milli İstiqlal Partiyasının əsas işi təşkilatlanmanı gücləndirməkdir. Biz hər il iş planı hazırlayırıq. 2011-ci ilin iş planında gənclərin və qadınların partiyaya qəbulunu artırmaqdır. İkinci prioritet məsələ beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişləndirməkdir. Biz Azərbaycanda yeganə partiyayıq ki, Beynəlxalq Demokratlar İttifaqının üzvüyük. Bu ittifaqa üzv olan partiyaların əksəriyyəti hakimiyyətdədir. Biz onlarla əməkdaşlığı dərinləşdiririk. Eyni zamanda Azərbaycanın aparıcı demokratik qüvvələri ilə əməkdaşlığı davam etdiririk. Biz hakimiyyətlə də ümummilli məsələləri müzakirə etməyə hazırıq. İlham Əliyev prezident seçiləndə demişdi ki, müxalifətin də prezidentiyəm. Dəfələrlə dialoq təklifi olub, amma hakimiyyət tərəfindən bu istiqamətdə hər hansı addım atılmayıb. ?ecə olur ki, Rusiya kimi bir totalitar ölkədə Prezident siyasi partiyaları dialoqa çağırır, amma Azərbaycanda buna maraq göstərilmir? - Hakimiyyət mənsubları sizləri nəzərdə tutaraq deyirlər ki, Azərbaycanda müxalifət yoxdur, yaxud da olduqca zəifdir... - Yeni Azərbaycan Partiyası bir qüvə kimi ortada olmayanda Milli İstiqlal Partiyası Azərbaycanı Türkiyədə, Pakistanda təmsil edirdi. Özü də AMİP davamlı olaraq, dəyişən, yeniliklər edən, modern bir qurumdur. Digər partiyalarda rəhbər dəyişiklikləri olmayıb, amma AMİP-də yeniliklər olur. Hakimiyyət mənsublarının da müxalifəti bu qədər kiçik görməsi əsassızdır. Heç bir keyfiyyətinə görə biz hakim partiyadan geri qalmırıq, əksinə, xalqdan dəstəyə görə ondan öndəyik. Hər halda müxalif qüvvələr bir araya gələrək hakimiyyətə öz gücünü göstərməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA