19-01-2011 [03:58]
1;... yabı məsələsi
Kamran Məhərrəmli
Bir müddət əvvəl saytların birində tanınmış qələm əhli Səfər Alışarlının ?Koroğlunun nərəsi eşidiləcəkmi?? başlıqlı yazısını oxudum. Əgər bu yazını hansısa məmur yazmış olsaydı ona cavab yazmağa ehtiyac görməzdim. Amma şəxsən tanımasam da neçə illərdir yazılarına rast gəldiyim bir qələm əhlinin bu cür düşünməsi məndə təəssüf hissi doğurdu və həvəssiz olsa da cavab yazmalı oldum. Əslində buna cavab demək də düzgün deyil, sadəcə mövzu məni çəkdi və ?heykəl? mövzusu bir az xatalı olduğu üçün xırda qeydlərlə kifayətlənməli oldum.
Ümumiyyətlə, son 20 ildə ?heykəl məsələsi? cəmiyyətimizdə çox aktualdır. Son illər müxtəlif səbəblərdən nə qədər heykəllər götürülüb, dağıdılıb. Lenindən tutmuş Kirova, hətta gülməli olsa da Karl Marksa, Engelsə qədər. Mən hələ özümüzünküləri demirəm: Sərdar Bünyadov, Xanlar Səfərəliyev, Məşədi Əzizbəyov, Əliheydər Qarayev, Qəzənfər Musabəyov, Çingiz İldırım, daha kimlər. Hətta Nəriman Nərimanovun da heykəlinin götürülməsi bir neçə dəfə mətbuatda müzakirə olunub. Açığı burda bir sistemsizlik, məntiqsizlik var.
Qəzənfər Musabəyovla Həmid Sultanovun heykəli götürülür, Ayna Sultanovanın isə heykəli qalır? Axı bunlar bir ailənin üzvü olublar. Ərin heykəli götürülür, arvadın heykəli qalır, qardaşın heykəli dağıdılır, bacının heykəli bərpa olunur. Bu nə məntiqdir?
Məşədi Əzizbəyovun heykəli götürülür, ancaq onun adına olan metro stansiyası, küçə qalır?
Kimlərinsə ?ulu babası? olan ( ?Mənim babam olmuş 26-lar?) 26-ların heykəli dağıdılır, amma 26-ların ?nəticələri? deputat seçilir.
Mən hələ dahi şairimiz Nəsiminin heykəlinin yerli-dibli itməsini demirəm. Vaxtilə Nəsiminin dərisini məhz o dövrün ?oliqarxları? soyublar, indi isə həmin kəslər onun heykəlini itiriblər.
Qalan heykəllər nə gündədir? Hamı bilir ki, heykəl qoyulanda ətraf mühitə, məkana, fəzaya hesablanır. Yəni bu heykəllər vaxtilə 4-5 mərtəbəli binaların fonunda, geniş yerdə qoyulub və əzəmətli, möhtəşəm görünüb və pis-yaxşı təsiri də olub. İndi isə 5 mərtəbələr sökülüb, yerində 15-20 mərtəbəli göydələnlər ucaldılıb. Köhnə heykəllər bu yeni göydələnlərin arasında o qədər gülməli, miskin görünürlər...Yəni sökülməyən heykəllər də biabırçı gündədir.
İki gün öncə televizorda Hadinin Gəncədəki heykəlini görəndə dəhşətə gəldim. Talehsiz şair zir-zibilin içində itib batıb.
Görürsünüz, nə qədər bir eybəcər, pinti mənzərənin şahidi oluruq. Mən tarixin buldozerə verilməsinin qəti əleyhinəyəm. Amma buldozerə verəndə də heç olmasa səliqəli verin, bir məntiq olsun, bu qədər pintilik olmaz axı.
Əslində sizi inandırıram ki, burda bir ideoloji-filan, siyasət-zad axtarmağa qətiyyən ehtiyac yoxdur. Lap sabah hansısa məmur Nizaminin, Füzulinin heykəlinin yerinə tamah salsa müxtəlif bəhanələrlə onu götürə bilər. Nizami guya Nəsimidən artıqdır?
Heykəl məsələsinin çox qəliz olduğunu yuxarıda qeyd etdim. Bu məsələ təkcə məmurluq deyil. Müxalifətdən olan qardaşlarımız da neçə ildir özlərini öldürürlər ki, Əbülfəz Elçibəyə, Məmmədəmin Rəsulzadəyə, Nuru Paşaya heykəl qoyulsun. Müxalifətin ideoloqları başa düşmür ki, büstpərəstlik dövrü, monument epoxası çoxdan başa çatıb. İndi tamam başqa dövrdür.
Bu məqamda yadıma Abasqulu ağa Bakıxanov düşdü. 15 ildir Bakıxanov qəsəbəsində parkın içində bir postament var. Üstünə yazılıb ki, ?Burada A. Bakıxanovun heykəli olacaq?. Düz 15 ildir o postamenti kəfən kimi bir parçaya bükürlər, açırlar, amma heykəl-zad qoyulmur. Açığı əvvəllər xeyli düşünüb burada bir siyasi rəng-zad axtarırdım. Amma sonra gördüm ki, əşi, nə siyasət-zad. A. Bakıxanov hara, siyasət hara? A. Bakıxanovla kimin düşmənçiliyi ola bilər? Düzdür, bəziləri bəlkə də Bakı xanları, Şəki xanları mövzusuna baş vura bilərlər. Vallah, hamısı boş şeydir. Əsas odur ki, bizim cəmiyyətin fəlsəfəsi yoxdur. Bəlkə də hansısa bələdiyyə sədri Bakıxanovun heykəlinin, daha doğrusu, postamentinin yerini kiməsə 2-3 min dollara satmaq istəyir. Yəni burda siyasi məqsəd-zad yoxdur. Ona görə də mən bu heykəl məsələsini qəti siyasiləşdirmirəm.
Indi isə görək, qardaşımız Səfər Alışarlı nə yazır?
Alışarlı yazır ki, ?Koroğluya heykəl qoyulması məsələsi Azərbaycan üçün əlahiddə məsələdir, bu məsələ Minsk Qrupunun apardığı danışıqlar prosesindən min dəfə üstün, əhəmiyyətli və vacibdir. Minsk Qrupu boş şeydir, Qarabağı yalnız Koroğlu azad edə bilər?. Bu sətirləri oxuyanda yadıma hörmətli Şeyx Əbdülün bir neçə ay əvvəl televizorda dediyi sözlər düşdü: ?Meyxananı beynəlxalq aləmə çatdırmalıyıq, bu strateji məsələdir, Qarabağı meyxana ilə xılas etmək olar?.
Hər cürə müqayisə uğursuzdur, amma Səfər müəllimin Koroğlunu Minsk Qrupu ilə müqayisə etməsi lap komik şeydir, əsl lətifə mövzusudur. Minsk Qrupunun boş şey olduğunu Azərbaycanda bilməyən yoxdur, yəni bu Qrupun fəaliyyəti sıflrdır. Səfər müəllimin məntiqinə və hesablamasına əsaslansaq, onda gülməli nəticə alınır. Çünki sıfırdan ?min dəfə üstün? olan şey elə sıfırdır.
O ki qaldı ?Qarabağı yalnız Koroğlu azad edə bilər? məsələsinə vallah mən heç 88-90-cı illərdə də belə ?dahiyanə? təklif eşitməmişəm.
Səfər müəllim yazır ki, ?Bizə bu saat hava-su kimi lazım olan birinci məsələ Koroğlunun və Nuru paşanın atlı heykəlləridir?.
Ay Səfər müəllim, düz deyirsən, bizə su, işıq, qaz, hələ üstəlik çörək də, iş yeri də, pensiya da lazımdır. Ancaq bunları nə Koroğlunun heykəli, nə də Nuru paşanın heykəli eləyən deyil. Koroğlu gəlib bizə qaz çəkəcək, su çəkəcək? Koroğlunun bəlkə rüşvətxor məmurlara, icra başçılarına, nazirlərə, polis rəislərinə gücü çatacaq?
Səfər müəllim təklif edir ki, ?Koroğlunun heykəlinin yaradılmasını Bakıda yaşayan rəssam və heykəltəraşlardan heç kimə etibar etmək olmaz?. Yaxşı, onda bəs kimə etibar edək? Xaricdən heykəltəraş gətirək? Futbolçunu xaricdən gətirirk, metro tikəni xaricdən gətiririk, damazlıq heyvanları xaricdən gətiririk, indi də xaricdən heykəltəraş gətirək? Bəs onda biz nəyə lazımıq, ay Səfər müəllim?
Səfər müəllim hansısa mifik ?qara qüvvələrdən? danışır və öz fikrini belə əsaslandırır: ? Onlar, yəni qara qüvvələr üçün Qıratı yabı ilə əvəz etmək çətin məsələ deyil. Ona görə ehtiyatlı olmaq lazımdır?.
Ay Səfər müəllim, vallah, siz ?qara qüvvələr? deyəndə nəyi nəzərdə tutursunuz mən bilmirəm (yəqin heç özünüz də bilmirsiniz). Amma yabı məsələsini dəqiq bilirəm. Sizin dediyiniz yabı hamımızın içində, o cümlədən, sənin, mənim, heykəltəraşlarımızın, alimlərimizin, siyasətçilərimizin ürəyində, beynində oturub, ona görə də ata heykəl qoyanda yabıya oxşayır. Bu yabı məsələsi təkcə heykəl məsələsində deyil, bizim hər işimiz belədir. Yol salanda da, ev tikəndə də, körpü tikəndə də, dövlət quranda da, seçki keçirəndə də bu ?zəhrimar yabı?nın qulaqları görükür...
Səfər müəllim sonra qeyd edir ki, ?Çox şükür, düşüncə dəyişir?. Bu yerdə adamın ürəyindən Allah belə düşüncəni kəssin, demək keçir.
Səfər müəllim sonra digər vacib məsələləri qeyd edir (düzü bunlara toxunmağa nə həvəsim, nə də vaxtım var) və qılıncdan, sazdan, postamentdən-zaddan uzun-uzadı danışandan sonra gəlir mətləb üstünə: ?Heykəlin kompozisiyası baxımından postamentdə Koroğlunun məğlub etdiyi xanların, bəylərin və paşaların xatırlanması qəti yolverilməzdir?. Bəs onda kimi xatırlayaq, cənab Alışarlı? Bəlkə yalandan ?qara qüvvələrdən? danışaq?
Səfər müəllim məqaləsinin sonunda qeyd edir ki, ?Bakının Çənlibeli Bayıl üstündəki iki dağ yüksəkliyidir. Bu iki dəyərli obyekt arasında atlı heykəli üçün seçim etmək çox çətin deyil. Lakin heykəlin aşağıdan görünməsi üçün Koroğlunun bığlarının uzunluğu ən azı 2 METR olmalıdır?.
Əziz oxucular, bundan sonrasını sizin ixtiyarınıza verirəm.
P.S. Səfər müəllimin ?Qarabağı yalnız Koroğlu azad edə bilər? təklifindən iki gün sonra çox hörmətli birinci vitse-spikerimiz, hüquq doktoru Ziyafət müəllim öz açıqlamasında bildirib ki, ?Biz Qarabağ problemini yalnız İslam-ərəb dünyası çərçivəsində həll edə bilərik?.
Şərhə ehtiyac varmı?