BAXCP-nin hakimiyyətə verdiyi bir neçə məsləhət

img

10-01-2011 [04:58]


Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) növbəti iclası keçirilib. İclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. Partiyadan MİA-ya verilən xəbərə görə BAXCP İdarə Heyətinin müzakirəsinə çıxarılan əsas məsələ orta təhsil məktəblərində dini baş örtüyünə icazə verilməməsi və xarici dairələrin təhriki ilə ölkə daxilində baş verən son hadisələrlə bağlı olub. BAXCP İdarə Heyəti hesab edir ki, "Təhsil haqqında" qanuna öncə orta və ali təhsil müəssisələrində hicabın-baş örtüyünün qadağan edilməsi ilə bağlı müddəanın salınması, qanun layihəsinin Milli Məclisdə müzakirəsi zamanı isə xarici və yerli dini-siyasi dairələrin hədə-qorxusundan sonra həmin müddəanın sənəddən çıxarılması, daha sonra isə "Fatimeyi-Zəhra" məscidi ətrafında baş verən hadisələr zamanı oxşar davranışların sərgilənməsi ekstremist qüvvələrin fəallaşmasına rəvac verib. Bəyanatda deyilir: ""Fatimeyi-Zəhra" məscidinin inşası zamanı tikintinin əsas hissəsi başa çatdırıldıqdan sonra müvafiq icra strukturlarının iddiası əsasında qanunsuz olaraq məscidin sökülməsi barədə məhkəmə qərarları çıxarıldı. İran mollalarının və onların ölkəmizdə din pərdəsi arxasında daldalanan əlaltılarının ekstremist bəyanatlarından sonra isə məscidin inşasının davam etdirilməsinə icazə verildi. Təəssüf ki, ictimaiyyət bunu haqlı olaraq qanunun aliliyinin bərpa olunması kimi yox, ekstremist qüvvələrin qarşısında geri çəkilmə kimi qiymətləndirdi. Hökumətin ziddiyyətli addımları bununla yekunlaşmadı. Orta məktəblərdə baş örtüyünə icazə verilməməsi ilə bağlı bəyanatlardan sonra daha öncə buraxılan səhvlər olduğu kimi yenidən təkrarlandı". BAXCP hesab edir ki, hökumətin bu kimi məsələlərlə bağlı yürütdüyü yanlış siyasət, qəbul edilmiş qərarların xarici və daxili dini dairələrin ekstremist davranışlarının qarşılığında ləğv edilməsi Azərbaycan dövlətçiliyinin gözdən salınmasına, eləcə də dövlətçiliyimizə qənim kəsilən qüvvələrin fəaliyyətinin stimullaşdırılmasına xidmət edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA