09-01-2011 [06:18]
[b]Mirmahmud Mirəlioğlu: "Cəmiyyəti dəyişməli olan adamlar öncə öz xislətlərində dəyişiklik etməlidirlər, amma edə bilməyiblər" [/b]
Parlament seçkilərindən sonra müxalifət partiyalarının hər hansı ittifaqda bir araya gələcəyi gözlənilsə də, bu, hələ ki reallaşmayıb. Seçkidən narazı qalan müxalifət nümayəndələrinin təsis etdiyi İctimai Palata da qısa müddət ərzində parçalanmağa başlayıb. Bu qurumun yaradılmasında iştirak edən Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sonradan sözügedən birlikdən kənara çəkildi. Bu isə müxalifət düşərgəsində növbəti gərginliyə səbəb olub. Bu və ya digər məsələlərlə bağlı Müsahibə verən KXCP sədri Mirmahmud Mirəlioğlu müxalifətin birliyinin vacib olduğunu vurğulasa da, ambisiyaların buna mane olduğunu deyir:
- Müxalifətin birliyi istiqamətindəki səylər dönməz, müddətsiz bir işdir və demək olar ki, artıq həyat tərzinə çevrilib. Təəssüf ki, bundan nəticə çıxarmaq imkanları istək və arzulara uyğun deyil. Bu sözlər mən də başda olmaqla, hamıya aiddir.
- Mirmahmud bəy, təsis edilən İctimai Palata gözlənilən müxalifət birliyinin formatıdırmı?
- Allah eləsin, elə olsun!
- Mən Sizin qiymətləndirmənizi istəyirəm...
- Elə bunun özü də bir qiymətdir. Arzulayıram ki, təki elə olsun, gözlədiklərimiz baş tutsun...
- Bu təşəbbüsün müəlliflərindən biri də Sizsiniz, İctimai Palatanı yaratdınız, amma sonra əks mövqedən çıxış etdiniz. Bunun səbəbini açıqlaya bilərsinizmi?
- Bəli, əslində bunun təşəbbüskarlarından biri və birincisi biz idik. O qiymətləndirməyə görə də sizə təşəkkür edirəm. Biz bunu noyabrın 22-də dedik, üstündən xeyli müddət də keçdi və bu qurum ilin sonunda formalaşdı. Burada xeyli məsələlər var, mən o məsələlərdən danışmaq istəmirəm. Çox arzuolunan idi ki, bu birlik öncədən alınsın. Çalışırdıq ki, müxalifətin bu birliyi seçkidən qabaq baş tutsun. Bunun üçün biz əlimizdən gələni elədik, amma nəticə alınmadı. Əgər bu, seçkidən öncə, hər kəsin marağının ifadə olunacağı dövrdə alınmadısa, sonradan bu istiqamətdə nələrsə eləmək inandırıcı görünmür. Bundan əlavə, başqa məsələlər də var. İndi bəzi məsələlər barədə açıq danışmaq da doğru deyil. Yəqin ki, zaman-zaman bunların hamısı deyiləcək və hər kəs öz qiymətini alacaq. Biz gördük ki, bizim istək və arzularımız, heç cəmiyyətin də istək və arzuları orada öz əksini tapmadı, ona görə də bu prosesdən kənarlaşdıq. Hesab edirik ki, kimin nə deməsindən asılı olmayaraq, bizim mövqeyimiz doğrudur. Mövqeyimizə uyğun qərar vermişik. İndi kim nə deyir-desin, bəlkə lağ da edəcəklər. Ama bütün bunlardan asılı olmayaraq, İctimai Palatadan öncə, Xalq Məclisi gündəmdə idi. Bu ad özü-özlüyündə bir çox prosesləri ehtiva edirdi. Lakin vaxt ötürüldü və artıq bu məsələlər tarixə qovuşdu.
- Deyirsiniz ki, müxalifətin birliyi vacibdir, həm də bunun üçün lazım olan bütün addımları atmağa hazırsınız. Bəs, niyə bu birliyin baş tutmamasının səbəbini demirsiniz?
- İndi mən nəsə desəm, yenə də bundan nəsə düzəldəcəklər, təzədən nəsə deyəcəklər. Əslində heç bundan narahat olmuram da. Amma hesab edirəm ki, indi durub nəsə deməyim ümumi işin xeyrinə olmayacaq. Ona görə də hesab edirəm ki, bu məsələlərdə bir az susmaq və prosesləri zamanın ixtiyarına buraxmaq lazımdır. Çünki burada xeyli başqa məsələlər var. Yəni birliyin əleyhinə olanlar, birliyi istəməyənlər, hətta özləri bu istiqamətdə konkret kurs götürüb fikir bildirənlər belə, son nəticədə başqa mövqe tutdular. Biz də bunları gözardı elədik və hamısı tarixdə qaldı. Dünən gərəkli addımlarımızı atdıq, amma bu gün vəziyyət başqadırsa, hazırkı mövqeyimizi sərgilədik. Sonra bəlli oldu ki, heç nə dəyişməyib. Cəmiyyəti dəyişməli olan adamlar öncə öz xislətlərində dəyişiklik etməlidirlər, amma etməyiblər. Elə hər kəs yerli-yerində qalıb. Bütün bunların hamısı Azərbaycanın vəziyyətinə adekvat deyil. Ona görə də bu məsələdə uğurlar arzuladıq. Amma yenə də deyirəm, bizim mövqeyimiz doğrudur. Mövqeyimizin doğru olduğunu biri bir aydan, digəri üç aydan sonra biləcək.
- "Xislətində dəyişiklik edə bilməyənlər",- ifadəsi Əli Kərimli ilə İsa Qəmbərə aid edilə bilərmi?
- Bu sözlər elə mənə də aid edilə bilər.
- Partiyadaşınız Zəlimxan Məmmədli deyir ki, İctimai Palatada siyasi ambisiyaların önə çıxma elementləri görünür və birliyin baş tutmamasının kökündə bu dayanır. Onunla razısınızmı?
- Zəlimxan bəyin bu diaqnozu həm siyasətçi, həm də həkim kimi çox yerindədir. Siyasi ambisiyalar Azərbaycanı bu günə qoyub. Siyasi ambisiyalar müxalifəti 13 ildir hakimiyyətdən kənarda saxlayıb.
- İctimai Palata yaranmazdan əvvəl, yəni AXCP ilə Müsavatın birləşməsi məsələsi gündəmə gələndə də ciddi narazılıq yaranmışdı. ?ecə düşünürsünüz, İctimai Palatanın əsas nüvəsi olan AXCP-Müsavat cütlüyünü müxalifətin birliyinə maneə kimi qəbul etmək olarmı?
- Əslində İctimai Palata AXCP-Müsavat birliyinin baş tutmamasını pərdələmək üçün lazım idi. Yəni İctimai Palatanın yaradılması AXCP ilə Müsavatın bir araya gələ bilməməsi ilə bağlı problemi ört-basdır etməyə xidmət göstərir.
- AXCP-Müsavat birliyinin yaranmasında Müsavat maraqlı deyil?
- Bilmirəm, kim maraqlıdır, kim maraqlı deyil. Mən bununla bağlı öz sözümü demişəm, onlara uğurlar arzulayıram. Amma hesab edirəm ki, bu məsələ nə qədər tez çözülsə, bir o qədər də işin xeyrinə olar.
- Sizin son mövqeyiniz, yəni İctimai Palatadan kənarda dayanmanız o fikirlərə yol açdı ki, KXCP hakimiyyətyönlü mövqe tutur. Bu barədə nə deyə bilərsiniz?
- Bu gün Azərbaycan siyasətində olanların hamısı bir yerdə Klassik Xalq Cəbhəsi Partiyasının yalnız bir nəfərinin 1993-cü ilin iyun qiyamından bu günə qədər Azərbaycan hakimiyyətinə göstərdiyi mövqeyi göstəribsə, əlimizin arxasını yerə qoymağa hazırıq. Kim nə deyir-desin, onu da qəbul eləməyə hazırıq. Amma bütün bunların hamısı mövsümi xarakterlidir. Yadınıza salın, Elçibəyə qarşı deyilənləri, Heydər Əliyevlə Elçibəyi eyniləşdirməyi. "Azərbaycan iki qocanın ümidinə qalıb. Bunlar getməlidirlər",- deyən adamların kimliyini xatırlayın. Bu mövzularda yazı yazdıran adamları hər kəs yaxşı tanıyır. "Parlamentə getmək lazım deyil",- deyib, meydanda bizi tək qoyanlar, görəsən, öz fəaliyyətlərini unudublarmı? Məsələlərə münasibət bildirəndə adam insafla danışmalıdır. Hesab edirəm ki, bu gün sizinlə etdiyimiz bu söhbətin özü də qalmaqalsız ötüşməyəcək. Digər tərəfdən, görəsən, bizi bir neçə ay öncə qüvvə saymayan, təşkilat kimi qəbul eləməyən insanlara nə oldu ki, biz bu gün çox önəmli, dostyana, ciddi bir qüvvə kimi qəbul edilməli olduq? İndi siyasətdə insaf, səmimiyyət yoxdursa, Azərbaycan siyasəti başdan-ayağa hiyləgərlikdirsə, heç olmasa, bir az əxlaq olsun və prosesə qiymət verəndə əxlaq nəzərə alınsın.
- O fikirlərdə səsləndi ki, İctimai Palataya qoşulmaqla bağlı KXCP-də ikitirəlik var. Hətta partiyanın iki yerə bölünməsi ilə bağlı fikirlər də səsləndi...
- Ola bilər ki, bunu qəzetlərdə yazsınlar. Hansısa fikir yürütmək hər kəsin haqqıdır. Amma bizim təşkilatımız qədər demokratik təşkilat yoxdur. O ki qaldı bizim ayrı-ayrı namizədlərimizin həmin birlikdə iştirak etməsinə, orada da ciddi problem görmürəm. Çünki əslində, o təşkilatın formalaşmasında namizədlər nəzərdə tutulmuşdu, namizədlərin toplantısı idi. Elə ona görə də etiraz edirdilər ki, bura partiyaların birləşməsi məsələsini müzakirəyə gəlməmişik, burada seçkinin nəticəsini tanımayanlar öz etirazlarını ortalığa qoyurlar. Amma bəziləri ancaq iki təşkilatın birləşməsindən danışırdılar. Bizim partiyanın nümayəndələri də o toplantılarda iştirak edib, öz fikirlərini bildiriblər. Bu da onların haqqıdır. Amma onlar da bilməmiş deyillər ki, nə qədər demokratik də olsaq, bizim də nizamnaməmiz, qərarlarımız var və o qərarlara münasibət mövcuddur. Yəqin ki, bu qərarlara riayət etməyi dostlarımız da bilirlər.
- Yəni partiyanın qərarına riayət etməyənlərə qarşı hər hansı tədbir görülə bilərmi?
- O qənaəti siz çıxarırsınız, mən onu demək istəmirəm. Mən onu demək istəyirəm ki, partiyaya bir bağlılıq var.
- Mirmahmud bəy, Siz artıq öz yolunuzu müəyyənləşdirmisiniz. Bundan sonrakı mərhələdə KXCP hansı addımları atacaq?
- Son illərin bütün sınaqlarından çıxan yeganə birlik Demokratiya Uğrunda İttifaqdır. Kiminsə dodaq büzməsindən, kiminsə rişxəndlə qəbul etməsindən asılı olmayaraq, ağır da olsa, məhrumiyyətlərlə də olsa, biz isbat elədik ki, Azərbaycanda bir neçə adam bir araya gələ bilər. Bundan sonra da nə qədər imkanımız olacaqsa, Demokratiya Uğrunda İttifaqla yolumuza davam edəcəyik.