ilqar Altay: "Azərbaycan müstəqil dövlət olaraq hamı ilə adekvat, bərabər səviyyəli münasibətlər tərzinə keçməlidir"

img

06-01-2011 [06:16]


Son dövrlər ölkə və onun xaricində baş vermiş bir sıra ziddiyyətli hadisələ-rlə bağlı İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altayla söhbət etdik. [b]- İlqar bəy, ?qara transplantasiya? mütəşəkkil cinayətkarlığı ilə bağlı bir-neçə sualımız var. Ukraynaya bununla əlaqədar səfərinizdən hansı nəticələr əldə etdiniz? [/b] - Bu istiqamətdə müstəqil araşdırmamızda əsas məqsəd, istintaq orqanlarının açıqlamadığı və yaxud açıqlamaq istəmədiyi həqiqətləri tərəfimizdən geniş ictimaiyyətə çatdırmaqdır. Bu məsələ ilə əlaqədar indiyədək mətbuata xeyli məlumat və bilgilər verildi. [b]- Araşdırmanızın mühüm əhəmiyyətli cəhətləri nədən ibarət oldu?[/b] - İlk əvvəlllər bu cinayətlə bağlı Azərbaycan həkimlərini, səhiyyəsini cinayətkar tərəf kimi təqdim edirdilər. Bu da beynəlxalq aləmdə Azərbaycanın imicini ciddi zədələyə bilərdi. Halbuki, ilk əvvəldən bilirdim və sonradan araşdırmamız da onu göstərdi ki, Azərbaycanlı həkimlərin bununla əlaqəsi olmayıb. Azərbaycan tərəfdən özəl klinika işbazlarının günahı var bu işdə. Yəni bədən üzvü çıxarılan donor, üzv köçürülən resipiyent, cərrah, anestezioloq hamısı xarici ölkələrdən gəlib Azərbaycan özəl klinikalarında öz əməliyyatlarını aparıblar. Klinikaların isə, bu əməliyyatı aparmağa lisenziyası olmayıb. [b]- Bu cinayətlərlə əlaqədar dediyiniz beynəlxalq qınaq nədən ibarətdir? Ümumiyyətlə, bununla əlaqədar apardığınız müstəqil araşdırma tamamlandımı?[/b] - Qanunsuz insan orqanı ticarəti bu saat beynəlxalq səviyyədə insanlığa qarşı ən dəhşətli cinayətlərdən sayılır. Hətta narkotik dövriyyəsindən də ağır. Bu yaxınlarda Kosovo rəhbəri Taciyə qarşı belə bir ittiham irəli sürülməsi böyük beynəlxalq qalmaqala səbəb oldu. Böyük nüfuzdan salan ittihamdır, hər hansı ölkə üçün bu. Erməni mətbuatı və saytlarına baxsanız, ?qara transplantasiya? məsələsindən yararlanıb, Azərbaycana qarşı müxtəlif dillərdə yazılar ötürürlər. Guya, keçmiş Şaumyan rayonu ərazisindən köçürülən ermənilərin Bakıda kütləvi surətdə bədən üzvləri kəsilib götürülüb. Ancaq bir dənə olsun ki, fakt ortaya qoya bilmirlər. Əksinə, biz mütəxəssislərdə belə bir qənaət yaranıb ki, həmin dövrlərdə erməni separatçıları Dağlıq Qarabağda azərbaycanlılara qarşı bu vəhşilikləri törədiblər. Bu gün Ermənistana və 90-cı illərdə Dağlıq Qarabağda separatçı silahlı quldurlara rəhbərlik edənlərin göstərişi ilə əsir və girov düşmüş azərbaycanlılara qarşı törətdilən qəddarlıqlar danılmaz tarixdir. Həmin cinayətlər fonunda vətəndaşlarımızın bədən üzvlərinin kütləvi surətdə götürülüb satılması təəccüb doğurmur. Hazırda bu istiqamətdə məsələ üzərində araşdırmamızı davam etdirmək niyyətindəyik. [b]- Son dövrlər yaranmış VikiLiks çaxnaşması barədə fikriniz necədir? Sizcə ABŞ dövlət departamenti və səfirlikləri arasındakı gizli yazışmalar ictimaiyyətə qəsdən sızdırılıb, yoxsa bu bir səhlənkarlığın nəticəsidir?[/b] - Müşahidələr onu göstərir ki, bu açılımlar ilk növbədə ABŞ diplomatiyası və dövlətinə böyük ziyan gətirir. Hər mənada, onun super dövlət kimi nüfuzundan tutmuş, siyasətinə və hətta müxtəilf ölkələrlə münasibətinə qədər. Bu itkini hansı dividentlə kompensasiya etmək olar ki, öz sirrini qəsdən açıqlayasan? Bu hadisə məncə, böyük dövlətə yaraşmayan primitiv, yararsız idarəçiliyin, boşluğun nəticəsidir. [b]- Doğrusu, ABŞ kimi böyük və ciddi bir dövlətin strukturunda belə boşluğun olması çoxları üçün inandırıcı görsənmir. [/b] - Bu birinci dəfə deyil ki! 2001-ci il 11 sentyabrda primitiv alətlərin köməyilə eyni vaxtda bir neçə sərnişin təyyarəsinin ələ keçirilib raketə, bombaya çevrilməsi ABŞ üçün boşluq deyildi, nə idi? Amerika təhlükəsizlik sisteminin böyük defekti oldu bu. Balaca, cılız bir ölkədə belə, bir təyyarəni ələ keçirmək çətindir. Daha bir misal. ABŞ kimi qüdrətli, ciddi bir ölkənin bir nömrəli adminstrativ binasının bir nömrəli iş otağında 1-ci həxsin törətdiyi intim hərəkətlər də bu dövlət üçün heç də az ağır zərbə olmadı. Bu da dövlətçilikdə boşluq idi. [b]- O zamankı prezident Klintonun Ağ Evdə təcrübə keçən tələbə-praktikant qız Monika ilə məcaralarını nəzərdə tutursunuz yəqin.[/b] - Doğrudur. [b]- Belə bir intim hadisəni 11 sentyabr 2001-ci il hadisəsi ilə bərabər tutursunuz...[/b] - Burada əsas ağır nəticə gətirən hal prezidentin hərəkətindən də çox, Amerika xalqının bu hərəkəti ona bağışlaması, bu biabırçılığı həzm etməsi oldu. Bu da ABŞ-ın hansı səviyyədə və dərəcədə deqradasiyasının göstəricisi idi. Ondan sonra bu dövlət dünya qarşısında xeyli nüfuz itkisinə məruz qaldı. Diqqət etsəniz, həmin tarixdən Amerika geriləməyə başladı. Reyqan və ondan əvvəlki qüdrətli prezidentlərin vaxtında, SSRİ ilə soyuq müharibədə əldə olunmuş mövqelər və üstünlüklər tədricən əldən verildi. [b]- VikiLiksin yaydığı informasiyaların həqiqiliyi necə, nə dərəcədə ciddi hesab oluna bilər?[/b] - Bu informasiyaların, yəni yazışmaların həqiqiliyi şübhə doğurmur. Bunlar saxta olsaydı, ABŞ çoxdan təkzib də verərdi, hələ məhkəmə də qurardı bu barədə. Anacaq məsələ ondadır ki, bunlar hamısı ayrı-ayrı diplomatların qənaətlərinin məhsulu olaraq, rəhbərliyə ötürülüb. Rəsmi faktlar deyil. Bu məlumatlar hansısa eyni bir ölkə, bir hadisə ya, şəxs haqqında ABŞ dövlətinin beyin mərkəzinə ötürülən məlumat xəttindən birisidir. Həm də, mən deyərdim ki, ən önəmlisi də deyil. Heç bir superdövlət öz rəsmi qənaətini yalnız diplomatın təxəyyülü və ya səfirliklərin xəbərləri üzərində qurmaz. Həmin ölkələrdə ABŞ-ın bir neçə cür daha dəqiq bilgili informasiya, kəşfiyyat mənbələri fəaliyyət göstərir. [b]- Bunlar içərisində Azərbaycan və prezidenti barədə açıqlamalar dövlət və onun rəhbərliyinə təsirsiz ötüşəcəkmi?[/b] - Azərbaycan prezidentinin hansısa görüşlərdə apardığı danışıqların təhlilindən görünür ki, burada birmənalı və sabit olaraq öz ölkəsinin maraqları qorunub. Aydın görünür ki, İlham Əliyevin Qarabağ və digər milli məsələlər barədə ictimaiyyət qarşısında çıxışı bağlı qapılar arxasındakı danışıqlarından fərqlənmir. Qaldı ki, digər ölkələrə və onların rəhbərləri barədə deyilənlərə, hər bir ölkənin rəhbəri özü bir diplomatdır. Onlar bilirlər ki, siyasətdə yalnız öz xalqına və dövləti mənafeinə qarşı ifadələr bağışlanmır. Diplomatiyada isə milli mənafeni saxlamaqla hər vasitədən yararlanmaq olur. VikiLiksdə Azərbaycandakı oliqarxlar, klanlar və korrupsiya barədəki açıqlamalara gəldikdə isə, biz səfirlərdən daha çox bilirik bu barədə. [b]- Amerika mətbuatında ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun nümayəndəsi Con Elvisin Bakıda qətlinin səbəbkarı kimi Azərbaycan hakimiyyətinin adı hallanır. Bunu siyasi qətl kimi hallandırmaq sizcə nə dərəcədə realdır.[/b] - Əslində Azərbaycan hakimiyyəti üçün bu çox ciddi ittihamdır. Ancaq bu ittiham ümumi məqalənin içərisində ötərgi formada vurğulanır. Hiss olunur ki, arxasında fakt yoxdur və bu bir mülahizədir. Ola bilsin, bu fikir arqumentləşdiriləcək, bunun ardınca müəyyən sübut və faktlar ortaya qoyulacaq. Gözləmək lazımdır, görək sonrası nə olur. Əks halda, onda bu qərəzli kimi hesab olunacaq. [b]- Hakimiyyət dairələri bunu Azərbaycana qarşı təzyiq vasitələrindən birisi hesab edir...[/b] - Con Elvisin qətli ilə bağlı biz də o hələ zaman müəyyən müşahidələr aparmışıq. O zaman quldurluq, qeyri-ənənəvi intim münasibətlər versiyaları ortaya qoyuldu. ABŞ mütəxəssisləri gəlib araşdırma apardılar. Ancaq siyasi qətl söhbəti olmadı. İndi, əlbəttə sual yaranır ki, niyə 10 ildən sonra bu versiya ortaya atılır? Niyə indiyədək susublar? Bu siyasi qətl versiyası hansı bir 10 illik araşdırmanın nəticəsi kimi ortaya çıxdı? Bu cür ittihamlar təbii ki, ölkənin beynəlxalq nüfıuzuna mənfi təsir edir və hakimiyyət də bunu məqsədli təzyiq vasitəsi hesab edir. - ?Mavi Mərmərə? Türkiyə-İsrail arasında baş vermiş konflikti araşdırdınız və bizim qəzetə vaxtilə Polşa prezidenti Lex Kaçinskinin təyyarə qəzasını araşdıracağınız barədə də bildirdiniz Bu barədə məlumatlanmaq istərdik. - ?Mavi Mərmərə? insidenti tərəfimizdən araşdırıldı mətbuata müxtəlif dillərdə beynəlxalq səviyyədə yayıldı. Lex Kaçmnskinin ölümünün müstəqil tədqiqatı müəyyən səbəblərdən hələlik dayanır. Ancaq burada xeyli müəmmalar var. Smolensk ətrafındakı baş qəza vermiş, aerodrom hərbi təyinatlı olub. Oraya sərnişin təyyarəsinin enməsi texniki cəhətdən mümkün deyil. Hərbi təyyarələrin texniki imkanları isə var enməyə. Hadisədən iki gün əvvəl Katın faciəsini yad etmək üçün Polşanın və Rusiyanın baş naziri Putin təyyarə ilə gəlib mərasimdə birgə iştirak ediblər. Məlumata görə həmin təyyarələri qəbul etməçk üçün hərbi aerodromda əvvəlcədən xüsusi avadanlıqlar quraşdırılıb. Mərasimdən dərhal sonra həmin avadanlıqlar yığışdırılıb. İki gün sonra Lex Kaçmnski öz təyyarəsi ilə gəlib. Onu Rusiya dövlət rəhbərləri qarşılamayıblar, arzu edilməyən qonaq olub. Hava şəraiti pis olsa da Polşa rəhbərliyi xüsusi avadanlıqsız qalmış hərbi aerodprma enməli olub. Yəni, ilkin araşdırmada ictimaiyyətin bilmədiyi belə qaranlıq suallarla qarşılaşdıq. - Rusiyada, Moskvada son zamanlar baş vermiş etnik münaqişələrdə səbəb nədir sizcə? - Zənnimcə burada səbəb çox dərindir. Problem imperiyanın saxlana bilməməsi və onun ən təhlükəli dağılma həddinə yetişməsindədir. Dağılma isə, həmişə zəif nöqtədən başlayır ki, bu da Qafqazla bağlıdır. Qafqazlılara mülayim yanaşıb imkan verildikdə, gəlib Moskva, digər vacib nöqtələrdə üstünlük əldə edirlər. Çünki mübariz və bacarıqlıdırlar. Bu zaman yerli ruslar narazı qalırlar. Yerli millətçilik ruhuna imkan verilib qafqazlılar sıxışdırılırsa, onda da Qafqaz regionu narazı qalır, əldən gedir. Və sual yaranır ki, Moskva ruslar üçündürsə, onda, Qafqaz da yalnız qafqazlılar üçündürmü? İmperiya sahibləri qalıblar anlaşılmaz və çıxılmaz bir vəziyyətdə. Özünü yaşadıb idarə edə bilməyən bir toplum, millət çoxsaylı digər dini, milli, etnik fərqli toplumlar millətlər üzərində imperiya saxlamaq istəyir. Səbəb budur. Burada sosial ədalətsizlik, korrupsiya və sair idarəçilik özbaşınalığından rus xalqı içərisində yığılmış gərginlik də rol oynayır. - Bizim ölkənin son günlər Türkiyəyə yaxınlaşmaq istiqamətində addımları, Moskvanı necə, qəzəbləndirmir ki? - Bizim dövlət rəhbərliyinin Türkiyə ilə vizasız keçid və strateji təhlükəsizlik əməkdaşlığı kimi addımları məntiqi nəticədir. Artıq hamıya məlumdur ki, Qarabağ danışıqlarını irəli getməyə qoymayan, erməniləri arxayın edən Rusiyadır. Rusiya iki Qafqaz ölkəsi arasında barışdırıcı mövqe tutduğu halda Medvedyev gedib Ermənistanda onun təhlükəsizliyinə rəsmi zəmanət verdi. Rusiya Həştərxanda prezidentlərin üçtərəfli görüşündə ümid verməsinə baxmayaraq, Astana sammitində Qarabağ münaqişəsi həllinin irəli getməsinə imkan vermədi. Bu istiqamətdə sadə bir yol xəritəsi belə cızılmadı. Nəhayət məlum oldu ki, Dağlıq Qarabağ qalsın, hətta ətraf işğal olunmuş rayonların qaytarılması həlli də əngəllənir. Artıq elə bir dözülməz hədd gəlib çatmışdır ki, Azərbaycan Rusiya və onun mövqeyinə qarşı açıq fikrini bildirməlidir. - Yəni söhbət torpaqlarımızın qaytarılmasına mane olan, Rusiya da daxil olmaqla istənilən maneəyə qarşı hansısa birmənalı müqavimət addımlarından gedir? - Birinci növbədə işğal altındakı torpaqlarımızın hər hansı yolla geri alınması tədbirlərindən söhbət gedir. Yəni müharibəyə hazırlaşmaq, özü də əsl reallıqda. Bunun üçün məncə ölkə, onun ictimai-siyasi mühiti, idarə və müəssisələr yəqin ki, müəyyən gücləndirici hərbi rejimə keçməlidir. ?Müharibə şəraitində yaşayırıq? şüarı reallıq olmalıdır. Yəqin ki, bütün ölkəni əhatə edən çal-oynasın, ifrat şou-televerilişlər və şadlıqlar səngidilər. Ölkəyə giriş üçün viza rejimi, sərhəd-keçid prosesləri sərtləşər, ölkədən pul axınının qarşısı alınar. Güclü nəzarət sistemi yaranar. Bütün bunlar düşünürəm ki, demokratiyanın boğulması yox, əksinə məmur oliqarxiyasının əl-ayağının yığışdırılmasına şərait yarada bilər. Çoxdan gözlənilən inzibati islahatların aparılmasına imkan yaradar. İkincisi isə, bizim ərazi bütövlüyümüzün, milli bir dövlət kimi varlığımızın səmimi tərəfdarı olan güclü tərəflə srtateji əməkdaşlıqdır. Bu halda Türkiyə ilə hərbi tərəfdaşlığa nail olmaqdır. Yəqin ki, Azərbaycan da öz təhlükəsizliyinə Türkiyədən təminat almalıdır. Rusiyanın Ermənistana verdiyi təminat kimi. Bütün bunlar elə Rusiyayanın illərlə yeritdiyi ədalətsizliyə cavab hesab oluna bilər. - Onda balanslı xarici siyasət sona yetirmi? - Ümumiyyətlə, məncə elə bir dövr gəlib ki, Azərbaycan böyük dövlətlərlə xarici siyasətinə yenidən baxmalıdır. İndiyədək, zaman və şəraitə uyğun olaraq aparılmış balanslı siyasət əslində hamını eyni dərəcədə qane etmək balansından ibarət olub. İndi biz müstəqil dövlət olaraq hamı ilə ikitərəfli adekvat, bərabərsəviyyəli münasibətlər tərzinə keçməliyik. Çünki hiss olunur ki, əksər dövlətlər bizim ölkə ilə münasibətini yalnız birtərəfli mənfəət üzərində qururlar. Buna illərlə öyrəşiblər. Təminatları və maraqları ödənilməyəndə isə, bizi kövrək, dayanıqsız hesab edib təzyiq və təhdidlərə keçirlər. Hesab edirlər ki, Azərbaycanın 20 faiz ərazisinin ermənilər tərəfindən işğalı kimi dərdində etinasız, neytral mövqe tutmaqla, həm də, onunla dost, qardaş adlı münasibət qurub mənfəət götürmək olar. Bu necə olur? [b]- Siz qeyd etdiyiniz yeni münasibətlər mövqeyi Azərbaycan üçün risqli görsənmir ki? [/b] - Mən hesab edirəm ki, Azərbaycanın elə əsl müstəqillik dövrü bundan sonra başlayır. Ölkə öz mənafeini tam qorumaq üçün özündə potensial əldə edib. Digər tərəfdən indiyədək olan Azərbaycana qarşı yuxarıdan aşağı baxmaq kimi təsir və təhdidli münasibətlərə dözə bilmir. Azərbaycan bu gün yenidən narahat və təhlükəli bir dövr yaşayır. Halbuki biz düşünürdük ki, 93-cü ildə bu anları yaşayıb qurtardıq. Bizim dövlətçiliyimiz üçün son dövrlər şimaldan, cənubdan, qərbdən nədənsə eyni dərəcədə və müxtəlif formada təhdid və təzyiqlər başlayıb. Son dövrlər ölkədə islam təmayüllü ekstremizmin baş qaldırması buna misaldır. Müşahidə olunur ki, Azərbaycanın dayanıqlı və qüdrətli bir dövlət kimi mövcudluğu bir çox dairələrin marağında deyil. Bu səbəbdən, dövlətçiliyimizə təhlükə doğan anlarda hər birimiz, ümumi mənafe baxımından dövlətçiliyin yanında olmalıyıq. Azərbaycanımızı, talenin bizə verdiyi bu müstəqil dövlət şansını qorumalıyıq. Tutduğumuz mövqedən, sosial və iqtisadi durum və imkanımızdan asılı olmayaraq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA