ADP ilin siyasi yekunları haqqında hesabat verdi

img

28-12-2010 [02:33]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər təhlil edilib, ilin siyasi yekununa dair məsələlər ətrafında geniş müzakirələr aparılıb və bu müzakirələrin nəticəsində partiyanın bu ildə baş verən əsas siyasi hadisələrə, habelə iqtidarın siyasətinin təhlilinə dair hesabat hazırlanması qərara alınıb. Hesabatı kiçik ixtisarla təqdim edirik: 2010-cu il demokratiyanın geriləməsi ili olub Azərbaycanda demokratiya və insan haqları ilə bağlı yaşanan problemlərə diqqət çəkən İdarə Heyəti Üzvləri bütövlükdə 2010-cu ili demokratik geriləmələr ili kimi dəyərləndirib və hakimiyyətin prioritet olaraq elan edilmiş bu sahələr üzrə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməkdən qeyri rəsmi olaraq imtina etdiyini bildirib. Qeyd edilib ki, total saxtakarlıqlarla nəticələnən 7 noyabr 2010-cu il parlament seçkiləri qeyri qanuni və antidemokratik xarakter daşımaqla iqtidarla müxalifət arasında ziddiyyətləri, habelə dövlət və xalq arasında yaranmış uçurumu daha da dərinləşdirib və mövcud rejim heç bir demokratik normaya sığmayan bu cür seçkilər keçirməklə xalqımızı beynəlxalq qınaqlarla üz-üzə qoyub. Seçki qanunvericiliyinin neqativ istiqamətdə dəyişdirilməsi, o cümlədən təbliğat-təşviqat müddətinin yarıyadək qısaldılması, depozit qoymaqla qeydiyyata alınmanın ləğv edilməsi, seçkidə iştirak edən qüvvələrə qeyri-bərabər şərait yaradılması, inzibati resurslardan hakimiyyətin dəstəklədiyi namizədin xeyrinə istifadə edilməsi, seçki günü baş verən aşkar qanun pozuntuları və saxtakarlıqların nəticəsində faktiki olaraq bir partiyalı parlamentin yaradılması ölkənin siyasi inkişafının daha da ləngidilməsinə gətirib çıxarıb. İdarə Heyəti qeyd edib ki, il ərzində ölkədə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması davam edib, söz və mətbuat azadlığı sahəsində vəziyyət daha da pisləşib, o cümlədən Avropa insan hüquqları Məhkəməsinin qərarına baxmayaraq jurnalist E.Fətullayev qeyri qanuni olaraq həbsdə saxlanılıb, KİV üzərində hakimiyyətin monopoliyası daha da möhkəmləndirilib. Sərbəst düşüncəyə və alternativ fikrə dözümsüz yanaşılma tendensiyaları, insanların dini inanclarının təqibə məruz qoyulması, sosial ədalətsizliklərə hakimiyyətin laqeyd yanaşması, Bakıda bəzi məscidlərin bağlanması və azana qadağalar qoyulması, hicabla bağlı məhdudiyyətlər isə bu ili ölkədə insan hüquq və azadlıqlarının boğulması ili kimi qiymətləndirməyə imkan verir. Dağlıq Qarabağ probleminin dinc yolla həlinin dalana dirənməsi İdarə Heyəti Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində bu il heç bir ciddi nailiyyət əldə edilməməsini, əksinə Ermənistanın əvvəllər razılaşdığı ilkin variantlardan geri çəkilərək daha ağır şərtlər irəli sürməsini, habelə ATƏT ölkələrinin dondurulmuş münaqişələrə dair keçirdiyi Astana sammitinin problemin həllinə heç bir töhfə verməməsini, ATƏT-in Minsk qrupunun münaqişə ilə bağlı öz üzərinə düşən missiyanı yerinə yetirməməsini və Azərbaycan tərəfinin münaqişənin BMT çərçivəsində müzakirəsindən çəkilməsi faktlarını xarici siyasətimizin bu sahədəki uğursuzluqları kimi dəyərləndirib. Qarabağ probleminin həllinin uzadılmasında beynəlxalq vasitəçilərin, xüsusilə problemin həllinə cəlb edilmiş dövlətlərin ikili mövqe tutması və onların aqressorla işğala məruz qalan dövlətə eyni yanaşması faktının da rol oynamasına diqqət çəkən ADP İdarə Heyəti xüsusilə Rusiyanın erməniləri himayədarlıq siyasətini davam etdirməsi və bu iki ölkə arasında bağlanmış hərbi müqavilənin daha 49 il uzadılmasının Azərbaycana təzyiqlərin artırılmasına xidmət edən addım olduğunu bir daha qeyd edib və Dağlıq Qarabağ probleminin ATƏT çərçivəsində həllinin tamamilə dalana dirəndiyini, münaqişənin yalnız BMT Təhlükəsizlik Şurası çərçivəsində və beynəlxalq hüquq normaları rəhbər götürülməklə həllinə tərəfdar olduğunu bir daha bildirib. İlin uğurları ADP İdarə heyəti bu il türkdilli xalqlar arasında siyasi, mədəni və iqtisadi əlaqələrin möhkəmlənməsinə gətirib çıxaran türkdilli ölkə başçılarının sammitinin keçirilməsini və Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq müqaviləsinin imzalanmasını ilin uğurları kimi qiymətləndirib. Hakimiyyət vətəndaşları iqtisadi böhranla üzbəüz tək qoyub İdarə Heyəti ölkədə yaşanan sosial iqtisadi böhranın əhalinin gündəlik həyatında getdikcə daha dərin izlər buraxmasını, milli sərvətlərin ədalətsiz bölgüsü nəticəsində bir qrup zümrənin hədsiz varlanması və əhalinin əksər hissəsinin yoxsulluq içində yaşamasını, sosial müdafiəyə ehtiyacı olan ailələrin dövlət qayğısından tam kənarda qalmasını, ölkədə korrupsiya və iqtisadi monopoliyaların sürətli inkişafını ilin sosial iqtisadi neqativləri kimi dəyərləndirib. Sosial gərginliklərin yaranma səbəblərinə diqqət çəkən İdarə Heyəti üzvləri ölkədə hökm sürən korrupsiya və rüşvətxorluq, kriminallaşma və məmur özbaşınalığı, vətəndaşların mülkiyyətinə qəsd, monopolist siyasətin xırda və orta iş adamlarının fəaliyyətini sıxışdırması, dünyada gedən qloballaşma siyasətinə hazır olmayan qapalı iqtisadi siyasət və ən başlıcası neft və digər milli sərvətlərin xalqın rifahına deyil ayrı-ayrı oliqarxların hədsiz varlanmasına xidmət etməsi faktlarını sosial bəlaların əsas qaynağı kimi qiymətləndirib. ADP İdarə Heyəti hakimiyyətin il ərzində ərzaq və digər tələbat malları, habelə xidmətlər, xüsusilə də nəqliyyat xidmətləri sahəsində qiymətlərin bir neçə dəfə artırılması siyasətini beynəlxalq iqtisadi böhranın bütün yükünün vətəndaşın üzərinə qoyulması kimi qiymətləndirib və ölkədə qiymətlərin qalxmasının əsas səbəbi kimi gömrük və vergi strukturlarındakı həddi bilinməyən rüşvətxorluğu, xüsusi mülkiyyətin qorunmamasını, əksinə daim dövlətin təzyiqi altında saxlanmasını və ölkədə azad iqtisadi rəqabət mühitinin olmamasını qeyd edib. İl ərzində elm, təhsil və səhiyyə sahəsində heç bir nəzərə çarpan irəliləyişlər olmayıb, ona görə də bu ili həm də humanitar sahədə uğursuzluqlar ili kimi yadda qalıb. Beynəlxalq demokratik təşəbbüslərin zəifləməsi Qərbin, o cümlədən ABŞ-ın Qafqazlarda və Asiyada demokratiyanın dəstəklənməsi barədə verdiyi vədlərin real situasiyanın dəyişməsinə imkan vermədiyini diqqətə çəkən İdarə Heyəti ABŞ və NATO alyansına daxil olan qüvvələrin demokratiyanın qorunması adı alında İraq və Əfqanıstanda hərbi intervensiya siyasətinin bu il ərzində də davam etdirilməsini uğursuzluq olduğunu bildirib və bu cür hərbi müdaxilələrdənsə həmin ölkələrdə demokratiyanın bərqərar olması üçün azadlıq istəyən siyasi qüvvələrə beynəlxalq prinsiplərə uyğun olaraq yardımlar edilməsinin vacibliyini bir daha diqqətə çatdırıb. İdarə heyəti qeyd edib ki, demokratik güc mərkəzlərinin dünyada demokratiyanın genişləndirilməsi və qeyri demokratik rejimlərin sıxışdırılması baxımından bu ili demokratik təşəbbüslərin zəifləməsi ili kimi qiymətləndirib. Azərbaycan həqiqətlərinin yayılması Azərbaycanda ayrı-ayrı oliqarx məmurların varidatı və onların şəxsi büdcəsinin Azərbaycanın dövlət büdcəsindən üstünlük təşkil etməsi barədə ?Wikileaks? saytında yayımlanan və dünyanın digər tanınmış informasiya vasitələrində əksini tapan məlumatlara diqqət çəkən İdarə Heyəti üzvləri bu faktların reallığı düzgün əks etdirdiyini qeyd edib və milli təhlükəsizlik və prokurorluq orqanlarının bu məlumatlar əsasında təhqiqat-araşdırma işlərinin başlatmasının vacibliyini önə çəkib. Bu saytın yaydığı digər sənədlərdən isə bəlli oldu ki, iqtidarın xarici siyasəti qeyri ardıcıl və tərəddüdlərlə zəngindir ki, bu cür siyasət də ciddi problemləri olan Azərbaycanın dünyada təklənməsi təhlükəsini artırır. Siyasi münasibətlər İl ərzində iqtidar-müxalifət münasibətləri kəskin olaraq davam edib, siyasi dialoq və münasibətlərin yaxınlaşması istiqamətində heç bir addım atılmayıb. Bu il həm də müxalifət daxilində dezinteqrasiya meyllərinin artması və siyasi partiyaların konsensusa meylli olmaması ilə müşahidə olunub və bu neqativ proses müxalifətin qarşısında duran problemlərin həllindən onu daha da uzaqlaşdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA