Müsavat təkrar parlament seçkilərinin keçirilməsini tələb edir

img

27-12-2010 [03:00]


Müsavat Partiyası Məclisinin dünən keçirilən yığıncağında 07 noyabr 2010-cu il tarixli Azərbaycan Respublikası Milli Məclisinə seçkilərlə bağlı bəyanat qəbul olunub. Bəyanatda qeyd olunur ki, bir sıra beynəlxalq təşkilatların, həmçinin ATƏT-in və ABŞ Dövlət Departamentinin aralıq və ilkin hesabatlarında da əks olunduğu kimi, bu seçkilər ərəfəsində ölkədəki siyasi şərait əvvəlkilərdən daha antidemokratik olub, bərabərhüquqlu siyasi rəqabət imkanları daha da məhdudlaşdırılıb, inzibati resurslar hakimiyyətin dəstəklədiyi namizədlərin müdafiəsinə yönəldilib: "Bununla da ölkəmizdə demokratik seçkilər vasitəsilə xalqın iradəsinə uyğun olaraq hakimiyyət strukturlarının formalaşması imkanı növbəti dəfə itirilib. Seçkilərin azad və ədalətli keçirilməsinə nail olmaq məqsədilə beynəlxalq qurumların Azərbaycan hökumətinə dəfələrlə etdiyi tövsiyələr nəzərə alınmayıb. Seçki ərəfəsi dövrdə ölkədə vətəndaşların sərbəst toplaşma hüququ, faktiki olaraq, ləğv edilib. Seçki qanunvericiliyində demokratik islahatların aparılması ilə bağlı irəli sürülən təkliflər, o cümlədən Avropa Şurası Venesiya Komissiyasının tövsiyələri yerinə yetirilməyib, əksinə Seçki Məcəlləsinə bərabərhüquqlu siyasi rəqabət hüquqlarını məhdudlaşdıran bir sıra mürtəce müddəalar, - seçki kampaniyası dövrünün 60 günə, təşviqat kampaniyası dövrünün 23 günə endirilməsi, siyasi bloklar arasında televiziya debatlarının təşkil edilməməsi, təşviqat materiallarının yayılması imkamlarının məhdudlaşdırılması, seçki depozitinin qoyulması qaydasının ləğv edilməsi, - və digər dəyişikliklər daxil edilib ki, bu da seçkilərin azad və ədalətli keçirilməsi üçün problemlər yaradıb. Seçki ərəfəsi dövrdə ölkədə bərabərhüquqlu siyasi rəqabət şəraiti olmayıb. Ölkədə vətəndaşların sərbəst toplaşma hüququ, faktiki olaraq, ləğv edilib. Seçki komissiyalarının tərkibinin aparıcı siyasi qüvvələrin etimadını qazanan şəkildə formalaşdırılması, seçki komissiyalarındakı vəzifələrin siyasi qüvvələr arasında paritet əsasda bölüşdürülməsi, müşahidənin təşkili ilə, şikayətlərin qəbulu və obyektiv araşdırılması ilə bağlı qüsurlar yerli siyasi və ictimai təşkilatların, həmçinin beynəlxalq qurumların təkidli təkliflərinə baxmayaraq aradan qaldırılmayıb. Nəticədə MSK da daxil olmaqla bütün seçki komissiyaları həlledici səs çoxluğu ilə hakimiyyətin nəzarəti altında olaraq qalıb. Seçki kampaniyası dövründə namizədlərin bərabərhüquqlu imkanları pozulub. Namizədlərin qeydə alınması dövründə real müxalifət blokunun namizədlərinin müxtəlif bəhanələrlə qeydə alınmaması nəticəsində faktiki olaraq alternativsiz dairələr yaradılıb. Real müxalifətin birləşdiyi ?AXCP-Müsavat? siyasi partiyalar blokunun irəli sürdüyü namizədlərin, səlahiyyətli nümayəndələrin, vəkillərin, namizədlərin təyin etdikləri məşvərətçi səs hüquqlu komissiya üzvlərinin və müstəqil olaraq seçki məntəqələrində seçkiləri müşahidə edən çoxsaylı vətəndaşlar tərəfindən verilən məlumata əsasən seçki günü seçki məntəqələrində total qanun pozuntuları və saxtakarlıqlar həyata keçirilib. Seçki və ondan sonrakı gün məntəqə və dairə seçki komissiyalarına seçki şikayətlərinin daxil olunmasına yol verilməyib. Dairə seçki komissiyalarının seçkilərin nəticələri haqqında yekun protokol və qərarlarından Mərkəzi Seçki Komissiyasına, Apelyasiya Məhkəməsinə və Ali Məhkəməyə daxil olan şikayət ərizələrinin araşdırılması formal xarakter daşıyıb və obyektivlikdən uzaq olub. Nəticədə 07 noyabr 2010-cu il tarixli dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçkiləri azad, şəffaf, həqiqi, demokratik, ədalətli və beynəlxalq standartlara uyğun olmayıb. Bu seçkilər nəticəsində ölkədə avtoritar rejimin möhkəmləndirilməsi, demokratik institutların zəiflədilməsi, real hakimiyyət bölgüsünün aradan qaldırılması və birpartiyalı parlament yaradılması istiqamətində növbəti addım atılıb. Müsavat Partiyasının Məclisi 07 noyabr 2010-cu il tarixli dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçkilərinin azad və ədalətli olmadığı üçün bu seçkilərin nəticələrini tanımadığını bəyan edir və seçkilərin nəticələrinin ləğv edilməsini, Azərbaycan xalqının iradəsini təcəssüm etdirən və beynəlxalq standartlara cavab verən seçkilər vasitəsilə təkrar parlament seçkilərinin keçirilməsini tələb edir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA