22-12-2010 [06:43]
[b]Məlahət Babayeva: "Bu gün Sülhəddin Əkbər Əli Kərimliyə yaxınlaşmaq istəyir. Əli Kərimliyə məsləhət görərdim ki, ona inanmasın" [/b]
Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbərlə partiyanın Divan üzvü İbrahim İbrahimlinin partiya sıralarından istefa vermələrindən müəyyən müddət keçsə də, məsələ hələ də müzakirə mövzusudur. Müsavat başqanının keçmiş müşaviri, AXC dönəmində mədəniyyət nazirinin müavini vəzifəsində çalışmış, Beynəlxalq Xəzər Fondunun rəyasət heyətinin üzvü Məlahət Babayeva müsahibə verərək, bu məsələ barədə sərt ittihamlar səsləndirdi:
- Hazırda Müsavat Partiyasından kənarda olsam da, partiya daxilində baş verənləri diqqətlə izləyirəm. Müsavat rəhbərliyindəki şəxsləri yaxşı tanıdığım üçün, bu proseslərin son dövrlər yaranmadığını çox yaxşı bilirəm. Demək istəyirəm ki, bu proseslər çox əvvəl başlayıb.
Mən, Sülhəddin Əkbərin xarakterini, onun dağıdıcı şəxs olduğunu bildiyim üçün istefasını heç də AXCP ilə Müsavatın birləşmə məsələsi ilə bağlamıram. Mən, hələ 15 il öncə Sülhəddin Əkbərə qarşı mübarizə aparanda çoxlarını inandıra bilməmişdim ki, o necə adamdır. Ancaq dözüm göstərib hadisələrin mən deyən kimi nəticələndiyini gördüm. Hər kəs də bunun şahidi oldu.
- Bəs, necə oldu ki, bu problem 15 il sonra üzə çıxdı?
- Əslində Sülhəddin Əkbər göründüyü qədər Müsavata bağlı insan deyildi. O, hərakata öz şəxsi maraqları naminə gəlib. Həmişə də partiyada özü üçün fəaliyyət göstərib. Onun qardaşı müsahibə verib ailə əxlaqından danışır. Bəli, onlar üçün həmişə ailə mənafeyi üstün olub, partiyada da ailə mənafelərini güdüblər. Qeyd etdiyim kimi, Sülhəddin Əkbərin dağıdıcılıq və yalnız öz mənafeyinə uyğun fəaliyyətini çoxdan bilirdim. Ancaq İsa Qəmbərə görə susurdum. Bu günə kimi bir çoxları Sülhəddin Əkbərin hərəkətlərinə görə partiyadan uzaqlaşıblar. Nərimanov rayon təşkilatında belə insanlara qarşı mübarizə aparırdım, amma mənim əleyhimə ərizələr yazılırdı. Həmin ərizələr partiyanın baş katibi, çox təmiz insan olan ?iyazi İbrahimov və təşkilat katibi Mirbaba Babayevlə bağlı olurdu. Mən isə illərlə əzab çəkirdim ki, mənə görə niyə onların adı hallanır? İllər keçdikcə başa düşdüm ki, Sülhəddin Əkbər üçün istənilən şəxsi ayağının altına qoyub yuxarı qalxmaq problem deyil. O vaxtlar ?ərimanov rayon təşkilatını "özəlləşdirmək" üçün şəxsi münasibətlərim olan dörd rayon təşkilatı məndən xahiş eləmişdi. Hamısına da etirazımı bildirmişdim. İkili söhbətləri açmıram, amma onu deyə bilərəm ki, yalnız başqan İsa Qəmbərin yox, dostum İsanın xahişi ilə Sülhəddin Əkbərə qarşı mübarizəyə ara vermişdim.
Sülhəddin Əkbərin ən çətin günündə - həbsdə olan zaman onun qapısını üç qadın açırdı. Mən belə şeyləri dilə gətirən adam deyiləm, amma bu gün demək məcburiyyətindəyəm. Onun qapısını açanlardan biri mən, biri ?iyazi bəyin həyat yoldaşı Südabə xanım, digəri də İsa Qəmbərin həyat yoldaşı Aidə xanım idi. Biz dəfələrlə o ailənin əziyyətini çəkmişik. Amma Sülhəddin Əkbər nə elədi? Həbsdən çıxandan sonra birinci Mirbaba Babayev, ikinci ?iyazi İbrahimovun postunu ələ keçirmək üçün fəaliyyətə başladı. Sonra mən "vurulmalı" idim, nəhayət, təbii ki, İsa Qəmbər "vurulmalı" idi. Görəsən, İsa Qəmbər bizlərə edilən hərəkətlərdən niyə nəticə çıxarmadı?
Mən vaxtiylə İsa Qəmbərə demişdim ki, sizi ətrafınızla "vuracaqlar". Həmin Sülhəddin Əkbərdir ki, Nərimanov rayonunda yaşamırdı, amma həmin rayon təşkilatını ələ keçirirdi. Partiyaya bu gün gəlib sabah katib təyin olunurdu. Sülhəddin Əkbər metroda alt paltarı satan qadınları, siyasətdən bixəbər insanları partiyaya üzv etdirirdi. Bu gün üzv olurdular, səhəri mənim əleyhimə səs verirdilər. Məgər İsa Qəmbər Sülhəddinin bu hərəkətlərini görmürdü?
- Əgər dediyiniz kimi, o, bu şəkildə qruplaşma yaradırdısa, partiyanın xeyrinə olmayan iş aparırdısa, necə oldu ki, partiyanın ikinci adamı seçilə bildi?
- Çox şeyləri deyə bilərəm, amma hələlik susmaq istəyirəm. Bir məsələni deyim, Sülhəddin Əkbər kim idi ki, Müsavatın ikinci adamı olsun? Onun Məclis sədri olması İsa Qəmbərin xatirinə idi. Onun nə partiyada, nə də cəmiyyətdə dayağı yoxdur. Xüsusən də hərakatçılar Sülhəddin Əkbərin 93-cü ildə Surət Hüseynovun qiyamı zamanı etdiyi hərəkətləri bağışlamayıblar. Ona görə də qəti şəkildə deyirəm, Sülhəddin Əkbəri İsa Qəmbər partiyanın ikinci adamı elədi.
- Bu məsələdə İsa Qəmbərin marağı nə idi?
- Yəqin ki, Başqana onun bəzi əlaqələri lazım olub. İsa Qəmbərin maraqlı bir xüsusiyyəti var, o, inanılmayacaq adamları özünə yaxın buraxmağı çox sevir. Vaxt var idi ki, mən Xalid Əlmirzəyev, Flora Kərimova haqqında danışanda Məclis üzvləri mənim əleyhimə qalxırdılar. İndi hanı onlar? "Karyerist" adlandırdığım Rasim Musabəyov haqqında dediklərim də öz təsdiqini tapdı.
İsa Qəmbər İxtiyar Şirini Divana seçdirmişdi. İçi mən qarışıq, hərakatçıların hamısı İsa Qəmbərə görə susurdu. Hesab edirəm ki, Sülhəddin Əkbər də qeyd etdiyim şəxslərə aid kateqoriyaya daxildir. Sülhəddin Əkbər üçün yalnız ailə və tayfa mənafeyi önəmlidir. Hətta hərakatçılar da ondan narazıdırlar.
- Axı, o, bu gün müsahibələrində hərakatçıların bir araya gəlməsindən danışır...
- Hamısı yalandır! Sülhəddin Əkbər hakimiyyətə gələndə hansı hərakatçıya gün ağlayıb?
Hərakatda bir gün belə olmayan həyat yoldaşını konservatoriyaya müəllim düzəltdi. İndi nə istəyir? Xalq hərakatını istəyir ki, Fərhad Bədəlbəylini vəzifədən yıxıb həyat yoldaşını onun yerinə gətirsin? Analoqu olmayan bir hadisə idi ki, "bələkdən təzə çıxmış" qardaşını Dövlət Təhlükəsizlik Komitəsinə işə götürmüşdü. Əslində Sülhəddin Əkbərin lap əvvəldən özünün formalaşdırmaq istədiyi qruplaşma olub.
- Bu günlərdə mətbuat konfransı keçirən Sülhəddin Əkbər bir başa İsa Qəmbəri ittiham edirdi, onun bu ittihamları nə qədər əsaslıdır?
- İsa Qəmbər Sülhəddin Əkbəri niyə bu qədər qüvvətləndirirdi ki, sonda onu bu şəkildə ittiham eləsin? İkincisi, Sülhəddinlə İsa bəyi eyni tərəzidə çəkmək olmaz. Baxmayaraq ki, mən, İsa Qəmbərdən çox incikliyəm. Etiraf eləməliyəm ki, Sülhəddin Əkbər İsa bəyin yanında çox aşağı səviyyəli adamdır. Onun karyerasında qazandıqlarının hamısı İsa bəyin hesabınadır. Digər tərəfdən, Sülhəddin Əkbərin narazılığının əsas səbəblərindən biri də Tapdıq Abbas məsələsində ortaya çıxdı. Tapdıq Abbasın çıxardığı qəzet "Azərbaycan" qəzetinin "kölgəsidir". Sülhəddin Əkbər niyə onu müdafiə edir? Görünən odur ki, bunlar da onun tayıdır.
Bu gün Sülhəddin Əkbər Əli Kərimliyə yaxınlaşmaq istəyir. Əli Kərimliyə məsləhət görərdim ki, ona inanmasın. Əgər o, ağır günündə ona dəstək olan adamları "vurubsa", məqamı gələndə Əli Kərimlinin arxasına keçib kürəyində ağır zərbə endirəcək. Sülhəddin Əkbər yanındakı dostunu satan adamdır. Elə insanlardan arxa çıxmaz!
- Məlahət xanım, bəziləri İbrahim İbrahimlinin və Sülhəddin Əkbərin istefasını regional faktorla əlaqələndirərək hakimiyyətin ssenarisi ilə həyata keçirildiyini bildirirlər. Bu barədə Siz nə düşünürsünüz?
- Mən şahidi olmadığım hansısa iş barədə bir söz deyə bilmərəm. Sülhəddin Əkbərin partiyadakı hərəkətlərini görəndən sonra onu hakimiyyətlə bağlıyırdım. Mən bunu bilirdimsə, İsa Qəmbər niyə bilmirdi?
İbrahim İbrahimli haqqında heç nə deyə bilmərəm. Düşünürəm ki, son parlament seçkiləri ərəfəsində ona qarşı partiyada tutulan mövqedən inciklik olub. Amma məsələ elə də deyil. Bu gün İbrahim İbrahimli vicdandan, mənəviyyatdan danışır. Sən İbrahim İbrahimli ?ərimanov rayon təşkilatının üzvü idin, bu qədər nahaq işlər görülürdü, niyə susurdun? Tapdıq Abbasın hərəkəti bütün müxalifət tərəfindən süngü ilə qarşılandı, məsələsi Məclisin iclasında qaldırıldı, əksəriyyət əleyhinə oldu, sən onu müdafiə elədin. Onda nəyə görə Məlahət Babayevanın məsələsi Divanın iclasında qaldırılanda səsini çıraxmırdın? ?iyə mənim məsələmə partiyada baxılanda mənim dəvət eləmirdiniz? Belə hərəkətlərə görə nə qədər ziyalı Müsavatdan uzaqlaşdı. Mən sıravi adam deyildim. Partiyaya görə çox şeylərdən keçən adamam. Əgər sizi partiya mənafeyi maraqlandırırdısa, niyə onu Sülhəddin Əkbərin maraqlarına qurban verdiniz? Deməli, əvvəldən bir yerdəyiniz. Məni yerlibazlıqda ittiham edirdilər. Onda niyə mən naxçıvanlı Fəxrəddin Bağırova ofis verirdim? Partiyanın 3 və 4-cü mərtəbələrini tovuzlu Rauf Arifoğlu üçün saxlayırdım. Şəxsi münasibətimdən istifadə edib Rəfael Allahverdiyevin yanına gedəndə İsa Qəmbərin sözünü çatdırırdım. O da mənə dedi ki, qərargahı alırıq, İsa Qəmbər məhkəməyə versin. Amma hörmət əlaməti olaraq, Rəfael Alahverdiyev mənə mənzil verəndə götürmədim ki, yoldaşlarımın üzünə baxa bilmərəm...
- O fikirlər də səslənir ki, Sülhəddin Əkbərlə İbrahim İbrahimli yeni partiya yaradacaqlar və bir sıra müsavatçılar ora transfer edəcəklər. Bunu real sayırsınızmı?
- Çox ağrılıdır, kənardan görürəm ki, İsa Qəmbər yavaş-yavaş Elçibəyləşir. Əgər İsa Qəmbər Müsavatı güclərin müstəvisində deyil, haqqın müstəvisində idarə etməyə qayıtsa, proseslər səngiyəcək, əks təqdirdə partiya parçalanacaq. İllərlə partiya üçün canını qoyan adamları kənarda saxlayıb, başqalarını önə çəkəndə, təbii ki, narazılıq yaranacaq.
Bu gün Sülhəddin Əkbər, İbrahim İbrahimli hərakatdan danışırlar. Soruşmaq ayıb olmasın, Rəsulzadənin partiyasının proporsional siyahısında Rəsulzadənin nəvəsini 15-ci yerdə verəndə niyə onların vicdanı ağrımırdı? Hakimiyyətdə olduğunuz zaman niyə Rəsulzadənin kəndinin yolunu düzəltdirmədiniz? Rəsulzadənin ailə üzvlərindən kimə iş verdiniz? Heç nə eləmədiniz. Əvəzində hamınız özünüzə mənzil aldınız. İndi hansı üzlə Rəsulzadəni ziyarət edirsiniz? Bakıdan kimlərin namizədliyini verirdilər? Professor istəyirdilər, Qorxmaz Quliyev, ziyalı istəyirdilər, Teyyub Qurban. Yəni layiqli adamları həmişə kənarda saxlayıblar, bu gün də onun cəzasını çəkirlər. İsa Qəmbər bütün bunların qarşısını almalıdır! Əslində belə bir vəziyyətin yaranmasına səbəbkar İsa bəyin özüdür. Bu gün Müsavat tozsoran vəziyyətindədir. Harda nə var, özünə çəkib gətirir. Görmürdülər ki, Rəsulzadənin partiyasında bəziləri hərəmxana açıb? Heç kəsin məhəbbətinin mənə aidiyyatı yoxdur, amma bunu partiya çərçivəsində etmək olmaz. Az qalıb, bütün bunları faktlarla açıqlayacağam...