21-12-2010 [07:10]
[b]"2011-ci ildə də Kürün səviyyəsi artacaq, geniş subasmaları olacaq, dağıntılar da gözlənilir"[/b]
Artıq 2010-Pələng ili başa çatmaq üzrədir. Qarşıdan gələn 2011-ci il isə Ağ Dovşan ili olacaq. Ötən il həm dünya, həm Azərbaycan üçün təbii fəlakətlər, iqtisadi çətinliklər və siyasi gərginliklərlə yadda qaldı. Bəs görəsən, həm dünyanı, həm də Azərbaycanı qarşıdan gələn Pələng ilindən fərqli olaraq, Ağ Dovşan ili nə vəd edir? İqtisadiyyatda, ictimai- siyasi həyatda hansı dəyişikliklər ola bilər? Bu və ya digər suallarımızı tanınmış astroloq Firudin Qurbansoy cavablandırır:
- Öncə onu deyim ki, yeni il yanvarın 1-dən başlamır. Yanvarın 1-dən təqvim dəyişikliyi baş verir. Əslində astronomik yeni il Günəşin Qoç bürcünə daxil olması ilə başlayır. Bu da inşallah, martın 20-dən 21-nə keçən gecə, Bakı vaxtı ilə saat 03:22 dəqiqədə baş verəcək. O vaxta qədər Pələng ilinin təsiri altında olacağıq. Üzümüzə gələn ildə, yəni Günəş Qoç bürcünə daxil olanda əsaslı dəyişikliklər baş verəcək.
İndi Pələng ilidir, yaranmış çətinliklər hamımızın həyatında yaşanmaqdadır. İnşallah, üzümüzə gələn Ağ Dovşan ilində bir balaca yüngülləşmə olacaq. Bu yüngülləşmə həyatın çox sahələrində baş verəcək. Həm siyasətdə, həm iqtisadiyyatda, həm də elmdə, texnikada, mədəniyyətdə qismən rahat şərait yaradacaq. Yəni 2010-a nisbətən 2011-ci il yüngül keçəcək.
- Firudin müəllim, 2011-ci ildə təbiət hadisələri, fəlakətlər və bu qəbildən olan nələr gözlənilir?
- Əgər ümumi planetar səviyyədə təbii fəlakətlərdən söhbət gedirsə, təbii ki, baş verən hadisələrin davamı olacaq. Subasmalar, sel sularının artması, torpaq sürüşmələri, zəlzələlər və bu kimi təbii fəlakətlər 2011-ci ildə də yaşanacaq. Bizim ölkəmiz üçün xarakterik olan torpaq sürüşmələri olacaq, palçıq vulkanları aktivləşəcək, əsasən yer sürüşmələri baş verəcək. Kür çayının daşması yenə də olacaq.
- 2010-da Kürün səviyyəsinin artması nəticəsində ciddi fəsadlar baş verdi, analoji hadisələr təkrarlana bilərmi?
- Bəli. 2011-ci ildə də Kürün səviyyəsi artacaq, geniş subasmaları olacaq, dağıntılar da gözlənilir. Yəni təbii fəlakətin mənfi tərəfinin azaldılması istiqamətində heç kim proqnoz verə bilməz. Bilirsiniz, fövqəladə halların proqnozlaşdırma mərkəzi mütləq yaranmalıdır ki, mütəxəssislər hansı təbii fəlakətlərin nə zaman olacağını lap dəqiqliklə olmasa da, təqribən desinlər. Hadisə baş verəndən sonra aləm bir-birinə qarışır, halbuki ona hazır olmaq lazımdır. Hər halda gələn il Azərbaycanı təbii fəlakətlər gözləyir. Ona görə də hazır olmalıyıq.
- Artıq neçə ildir ki, qlobal maliyyə böhranı dünyanı əhatə edib. Düzdür, son dövrlər bir qədər səngisə də, bəzi ölkələrlə yanaşı, Azərbaycanda da müəyyən problemlər yaşanır. Üzümüzə gələn ildə dünya və Azərbaycan iqtisadiyyatında nələr gözlənilir?
- Beynəlxalq səviyyədə olan iqtisadi böhran süni surətdə yaradılmış və yəhudilərin ciblərini doldurmaq üçün qurulmuş bir proses idi. İndi həmin sistem yavaş-yavaş tənəzzülə uğrayır, bəzi ölkələrdə, xüsusən Avropada iqtisadiyyatın normallaşması baş verir. Əsas dolların digər valyutalarla savaşı idi. Yəqin ki, dollar yenə də qalib gələcək.
- Son illər dünyada aclıq problemi gündəmə gəlib. 2011-də geniş əhatəli aclıq gözlənilirmi?
- O da süni problemlərdir. Amma yenə də qeyd edim ki, artıq hər şey öz məcrasına qayıdacaq. Beynəlxalq maliyyə böhranı yavaş-yavaş yüngülləşəcək. Mən demirəm ki, o dəqiqə yox olacaq. Çünki bunu tədricən yaradıblar və tədricən geri çəkilməlidir. 2011-ci ildə də iqtisadiyyat sahəsində yavaş-yavaş sabitləşmə prosesi gedəcək. Aclıq məsələsinə gəlincə, narahat olmağa dəyməz. Dovşan ili özünün məhsuldarlığı ilə yaddaqalandır. Eyni zamanda insanların sayı da artacaq.
- Son iki-üç ildə "Quş qripi" və "Donuz qripi" kimi yolxucu xəstəliklər ciddi təhlükəyə çevrilmişdi. Düzdür, sonradan bunun süni yaradılan bir proses olduğu aşkarlandı. Bəs, 2011-ci il yolxucu xəstəliklər, virusların yayılması baxımından nə və edir?
- Xəstəliklər, epidemiyalar Dovşan illəri üçün xarakterik deyil. Özünüz də qeyd etdiyiniz kimi, bəzi ölkələr vaksinlərini satmaq üçün süni surətdə belə bir xəstəliyin olması ilə bağlı oyunlar qurmuşdular. Əslində yolxucu xəstəliklər üçün heç bir əsas yoxdur. Mən demirəm ki, belə bir xəstəlik yoxdur, var, amma planeti ciddi təhlükə qarşısında qoya biləcək səviyyədə deyil. Hər şey Allahın nəzarəti altındadır. Proqnoz baxımından 2011-ci il insanların səhhəti ilə bağlı ciddi təhlükəli il sayılmır.
- Beynəlxalq arenada münasibətləri gərgin olan, hətta düşmənçilik səviyyəsində olan ölkələr var. Bu baxımdan gələn il hansısa müharibələr, hərbi münaqişələr gözlənilirmi?
- Dovşan ili adətən Pələng ilinin yaratdığı problemləri yüngülləşdirməklə məşğuldur. Pələng ilində müharibələrin genişlənməsi, öz səviyyəsini artırması xarakterikdir, amma Dovşan ilində yox. Onu deyə bilərəm ki, üzümüzə gələn ildə müharibələrin səviyyəsi və əhatə dairəsi genişlənməyəcək, hətta deyərdim ki, bir qədər səngiyəcək. Bəzi ölkələrdən mənasız yerə soxulan əcnəbi qoşunlar öz saylarını azaldacaqlar, elə ölkələr var ki, ordan tamam çıxacaqlar. Yəni sakitliklə müşaiyət olunan il olacaq. 2012-ci il üçün tufandan qabaqkı sakitlik hökm sürəcək. Yəni 2012-ci il şiddətli hadisələrlə zəngin olacaq. İnşallah, gələn il o barədə söhbət edərik. Hələlik 2011-ci il gəlir, o da sakit bir il kimi yadda qalacaq.
- Qarabağ probleminin 2011-də həll olunub-olunmayacağı barədə nə deyə bilərsiniz?
- Qarabağ probleminin tezliklə həll olunacağını düşünmək sadəlövhlükdür. Qarabağ problemini elə yaratmayıblar ki, onu o dəqiqə həll eləmək olsun. Bunu həll etməməklə xeyir güdən qüvvələr var. Məsələn, Rusiya heç vaxt istəməz ki, burada sakitlik olsun, yəhudilər də onun kimi. Buranın gərginlikdə qalması bir çox qüvvələrə qazanmaq şansı verir. Əlbəttə, münəccim kimi yox, sadə bir vətəndaş kimi inanmıram ki, nə üzümüzə gələn ildə, nə ondan sonra Qarabağ problemi bizim xeyrimizə həll olunsun. Proqnoz olaraq da demək olmaz ki, Qarabağ problemi həll olunacaq. Çünki Dovşan ilində böyük problemlər həll olunmur. Sadəcə olaraq, bir az yüngülləşir, amma davam edir. Qarabağ problemi Əjdaha ilində yaranıb, bu ildə yaranan problemlər Dovşan ilində həll olunmur. Yəni gələn il Qarabağ münaqişəsinin həlli real görünmür.
- 2011-ci il Azərbaycanın ictimai-siyasi həyatı üçün nə vəd edir?
- Yuxarıda qeyd etdiyim kimi, ciddi dəyişikliklər gözləmirəm. Bu gün ölkədə xeyli problemlərimiz var. Təhsilimizin səviyyəsi aşağıdır, alimlərin maaşları nə gündədir, rüşvətxorluq baş alıb gedir. Axı, bizim ölkənin gələcəyi işıqlı olmalıdır. Biz odlar ölkəsiyik, Günəş diyarıyıq. Azərbaycan Allahın nəzəri olan bir ölkədir. Qurani-Kərimdə adı çəkilən bütün meyvələr Azərbaycanda bitir. ?ə lazımdırsa, varımızdır, amma özümüz problemləri dərinləşdiririk. Hesab edirəm ki, Dovşan ilində də sadalanan problemlər olacaq, həlli istiqamətində hər hansı bir müsbət dəyişikliyin olması da gözlənilmir.
- Bəs, bu qədər problemlərin fonunda növbəti ildə gərginlik, qarşıdurmalar ola bilərmi?
- Olsa da passiv etirazlar olacaq. İnanmıram ki, üzümüzə gələn il aktiv etirazlarla dolu olsun. Yəni 2011-ci ildə ictimai-siyasi həyatda passivlik hökm sürəcək. 2010-cu ildə müəyyən aktivlik var idi. Amma 2011-ci ilin martından sonra heç onlar da olmayacaq.
- Hakimiyyət-müxalifət münasibətlərində necə, hansısa dəyişiklik gözlənilirmi?
- Mənə elə gəlir ki, Azərbaycanda müxalifət yoxdur, varsa da, çox zəifdir. Hər hansı bir ölkənin yaşam tərzi hansısa superdövlətlərin maraqları ilə kəsişir. Kiminsə xoşuna gəlir, kiminsə xoşuna gəlmir və bu regionda marağı olan superdövlətlər müəyyən hadisələrin yaranmasına, hətta süqutuna cəhd edə bilirlər. O cəhdlər həmişə və hər yerdə olduğu kimi, Azərbaycanda da olacaq. Amma mən sizə qətiyyətlə deyə bilərəm ki, üzümüzə gələn il siyasi qarşıdurma ili deyil, sakitliklə ötüşən münasibətlər ili olacaq.
- Bəs, hakimiyyət daxilində nələr gözlənilir? Hansısa nazirin və yüksək rütbəli digər məmurun istefaya göndərilməsi, həbsi kimi hadisələr necə, baş verə bilərmi?
- Bu qəbildən olan hansısa kəskin hadisələr gözlənilmir. Ancaq üzümüzə gələn ildə hansısa məmurun rüşvət üstündə istefaya göndərilməsi və ya həbsi mümkündür. Düzdür, bu çox çətindir, amma kiminsə xoşuna gəlməsə də, belə bir hal yaşanacaq. Ancaq yenə də deyirəm, bu il öz sakitliyi ilə yadda qalacaq, gərginliyi ilə yox. Dovşan ili sakit il olduğu üçün adətən radikal qərarlar, gərgin hadisələr, qarşıdurmalar yaşanmır.
- Üzümüzə gələn Dovşan ilinin illər üzrə düşərli olub-olmaması barədə də fikirlərinizi öyrənmək istərdik...
- Dovşan ilini düşərsiz il kimi götürsək, Kəsəyən ili üçün o qədər də uğurlu il sayılmır.
Öküz ili ilə onun mübahisəsi yoxdur. Yəni Öküz ilində dünyaya gələn insanlar gələn il özünü rəqibsiz hiss edəcək.
Pələng ilində anadan olanlar bu ilə nisbətən gələn il özlərini gərgin hiss edəcəklər, amma əldə elədikləri böyük uğurlar da ola bilər. Elə bil ki, il ərzində bir, yaxud iki dəfə fürsəti olacaq ki, böyük məbləğdə nəsə qazansın. Ümumi baxdıqda, "Pələng"lərin büdcəsində kəsir olacaq.
Dovşan ilində dünyaya gələnlər öz ilindədi, onlar üçün bu il çox uğurlu olacaq. Həm həyatda, həm işdə müsbət nəticələr əldə edəcəklər.
Əjdaha ilində anadan olan insanlar Dovaş ilində bəzi sirlərini açmalı olacaqlar, onların bəzi gizlənmiş problemləri üzə çıxacaq. Amma "Əjdaha"ların bu ildən bəhrələnmələri mümkün olmayacaq. Ümumiyyətlə, Əjdaha illərinin maliyyə sistemində bir qayda olaraq böyük uğurlar olmur. Hansısa qrupla bir yerdə işləyəndə görürsən ki, o kampaniyanın gəlirindən ona da çatır. Amma "Əjdaha"nın öz təşəbbüsü ilə nəsə etməsi halına rast gəlinmir. Onun sadəcə olaraq, görkəmi adamları aldadır. Yəni Əjdaha ili çox böyük qüvvəyə malik deyil.
İlan ilinin nümayəndələri bu ildən bəhrələnəcəklər. Onların iqtisadi vəziyyəti də yaxşı olacaq, səhhətləri ilə bağlı da problemləri olmayacaq.
At ilində dünyaya gələnlərə isə Dovşan ilini ciddi problemlər vəd eləmir. Düzdür, varlanmaq baxımından demək olmaz ki, At ilinin nümayəndələri çox qazanacaqlar. Amma hər halda ac qalmayacaqlar.
Qoyun ilində anadan olanlar da təxminən elədir. Amma Qoyun ilində dünyaya gələnlər bu ildən "At"a nisbətən daha yaxşı bəhrələnəcəklər.
Meymun ilində dünyaya gələnlər üçün heç bir problem yoxdur. Onlar bu il gözlərini güclü hiss edəcəklər, elə bil ki, ətrafda baş verən hadisələrin onlara dəxli olmayacaq, öz həyatlarını yaşayacaqlar.
Toyuq ilinin nümayəndələri üçün Dovşan ili çox uğurlu olacaq. Elə bil ki, gözləmədikləri yerdən mənfəət qazanacaqlar, hesablamadıqları məqamlarda onlar üçün maddi artım əldə olunacaq. Ya tanışlarının, ya təsadüfən hansısa maddi gəlirli işlərin iştirakçısına çevriləcəklər. Bir sözlə, bu il təsadüflər onlara uğur gətirəcək.
İt ilində dünyaya gələnlər üçün də elə ciddi problem olmayacaq. Onlar da çəkdikləri zəhmətin müqabilində layiqincə mükafatlandırılacaqlar. Yəni İt ilinin nümayəndələri Dovşan ildən narazı qalmayacaqlar, işləri başlarından aşacaq.
Qaban ilində anadan olanlar ağıllı hərəkət eləsələr, bu ili udacaqlar, Dovşan ili onlara xeyir gətirəcək. Ağıllı hərəkət eləməsələr, ac qalacaqlar. Yaxşı olar ki, Qaban ilində dünyaya gələnlər daha çox məsləhətə qulaq assınlar. İqtisadi vəziyyətləri də özlərinin hərəkətlərindən asılı olacaq.
Ümumiyyətlə, Dovşan ili ümumi götürdükdə ağır il deyil. Hər halda insanlar mümkün qədər səhv etməməlidirlər ki, gözlənilən problemlər daha da dərinləşməsin.