Fazil Mustafa: "Milli Məclisdə təkpartiyalı sistemin idarəetməsi mövcuddur"

img

12-12-2010 [06:15]


Milli Məclis rəhbərliyinin müəyyənləşməsi deputat seçilmiş müxalifət nümayəndələrinin narazılığı ilə müşayiət olundu. İqtidar əleyhdarları parlament rəhbərliyində müxalifət təmsilçilərinin olmamasına etirazlarını bildirdilər. Müsahibə verən Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa isə parlament idarəetmə sisteminin formalaşmasında ciddi qüsurların olduğunu iddia edir. - Azərbaycanda parlamentlə bağlı yeni situasiya yaranıb. Barışmaz sayılan müxalifət parlamentdə təmsilçilik əldə etməyib, çox az sayda müxalifət nümayəndəsi mandat qazana bilib. Təbii ki, bu, məyusedici haldır. Çünki parlamentdə müəyyən saya sahib olmaq müxalifət nümayəndələrinə ən azı ölkə həyatına daha ciddi təsir etmək imkanı verirdi. Çox təəssüf ki, artıq bu imkan yoxdur. Müxalifətin parlamentdəki sayı 5-6-dan yuxarı qalxmır. Amma buna baxmayaraq, hesab edirəm, iclaslar başlanan gündən komitələrdəki fəaliyyətdən görünür ki, kifayət qədər tənqidi mövqelər ortaya qoyulmağa başlanıb. Bu da müsbət haldır, çünki Azərbaycanda təkpartiyalı sistemə doğru irəliləyişin təhlükəsini önləmək üçün bu anlayışın mövcud olması ümumi işin xeyrinədir. - Sizin təbirinizcə desək, barışmaz müxalifət nümayəndələrinin parlamentə düşməməsi, ümumiyyətlə, müxalifətin parlamentdə çoxluq təşkil edə bilməməsi nəyin nəticəsidir? - Hər şeydən öncə buna seçkinin faktoloji nəticəsi kimi baxılmalıdır. ?əticənin kimin tərəfindən necə qəbul edilməsindən asılı olmayaraq, real Azərbaycan mənzərəsi onu göstərdi ki, seçkidə qalib gəldiyini iddia edən qüvvələr belə, hər hansı şəkildə müqavimət forması tapıb ortaya qoya bilmədi. Bir mitinq keçirə bilmədilər, aksiya ilə özlərinin qalib gəldiyini, xalqın da əksəriyyətinin onları dəstəklədiyini sübut eləməyi bacarmadılar. - Buna imkan verildimi? - İmkan verilmir. Amma əgər böyük danışırsansa, xalq tərəfindən dəstəkləndiyini söyləyirsənsə, bunu sübuta yetirməlisən. Bunu göstərə bilməmək o deməkdir ki, xalqın böyük əksəriyyəti narazı ola bilər, amma bu səni dəstəkləmək anlamına gəlmir. 2005-ci ilin noyabr ayında müxalifət ciddi aksiya keçirdi və göstərdi ki, həqiqətən xalqın müəyyən hissəsindən dəstəyi var. Bu dəfə isə həmin dəstəyi sübut edəcək addımlar atılmadı. Yəni etirazlar iki qəzetin səhifələrində çığır-bağırdan o tərəfə keçmədi. Amma Azərbaycanda həqiqətən ciddi narazılıq var. İslahatların aparılmaması, demokratiyanın məhdud olması reallıqdır. Bunun isə müxalifətə, xüsusiylə barışmaz müxalifətə yönəldiyini söyləməyə əsas verən heç bir sübut olmadı. Bu baxımdan da bu, olduqca zəif göstərici idi və indi sinəsinə döyüb öz gücündən bəhs edən qüvvələr hər halda öz fəaliyyətlərinə tənqidi yanaşsalar, daha yaxşı olar. İqtidarla xalq arasında məsafə nə qədər dərinləşibsə, elə xalqla barışmaz müxalifət arasında da məsafə o qədər dərin xarakter alıb. - Həmin müxalifət parlamenti legitim qəbul etməməklə yanaşı, həm də ordakı müxalifətin hakimiyyətdən mandat aldığını iddia edir. Hakimiyyətdən mandat alanlar sırasında isə Siz də varsınız... - Məsələ burasındadır ki, seçkinin nəticələrinə münasibətdə fərqliliklər var. Bu gün hakimiyyətin verdiyi mandatdan söhbət edənlər şəxsi nüfuzuna görə bizimlə hansısa bir dairədə qalib gələcəklərini iddia edə bilməzlər. Mən bu gün parlamentə düşən müxalifət nümayəndələrinin kənarda qalan müxalifət nümayəndələrindən daha nüfuzlu olduğunu iddia edirəm. Onlar hansı meyarlara əsasən deyirlər ki, parlamentdə olan müxalifətçilərdən demokratiyaya daha sadiq, daha vətənpərvər, ağıllı siyasi gedişləri və hazırlığı olan insanlardır? Bunlar subyektiv dəyərləndirmələrdir. Bunları kənara qoyub real mənzərədən danışmaq lazımdır. Onlar hələ də özlərinin təsəvvürlərində qurduqları Azərbaycanda yaşadıqlarını düşünürlər. Proseslər özləri istədikləri kimi getmədiyinə görə kimisə qınamaqla məşğuldurlar. Söhbət ondan gedirsə, hakimiyyət uğrunda mübarizədə kim güclüdürsə, o qalib gəlib. İndiki iqtidar güclüdür, əzir, qalib gəlir və prosesləri udur. Bunun üçün anti-demokratik üsullardan istifadə edir. Bu başqa dartışmalı məsələdir. Əgər bu siyasətin qarşısında xalqın böyük çoxluğu narazı olduğu halda, müxalifətin kəskin şüarlarını dəstəkləmirsə, bunun günahı parlamentdə təmsil olunan insanlarda deyil. Biz realist müxalifət anlayışına sahibik. Azərbaycanın real mənzərəsində xalqa xidmət üçün nəyi etmək lazımdırsa, biz bu anlayışla siyasətdə varıq. Təbii ki, mənim arzuladığım Azərbaycan bugünkü Azərbaycan deyil. Amma bu əsas vermir ki, mən xəyala qapılaraq, özümə kənarda bir çevrə cızaraq gözləyim. Cəmiyyətə xidmət edib fayda vermək lazımdır. İndiki şəraitdə belə, demokratiyanın tədricən cəmiyyətdə yerləşməsi üçün çalışmaq lazımdır. Bunun üçün də verilən müstəvilərdən, tribunalardan imtina eləmək olmaz. YAP-la münasibətdə də bunu nəzərə alırıq. Amma bu o demək deyil ki, YAP-ın dünya görüşünü mənimsəyirik, əksinə, onun yanlışlığını açıq söyləyirik. Biz parlamentin bugünkü müzakirə sistemini, səlahiyyət səviyyəsini qəbul eləmirik. - Fazil bəy, Sizi ittiham hədəfinə çevirən addımlarınızdan biri də YAP-ın qərargahına gedərək seçkinin nəticələri ilə bağlı hakim partiyanın mövqeyindən çıxış etməyiniz oldu... - Onda mən əks sual verirəm. Biz YAP-ın qərargahına getməsəydik, bizə münasibət dəyişəcəkdimi? Siyasətimizi hansısa iki-üç qəzetin rəyi əsasında formalaşdırmırıq. Biz siyasətə baxışımızı partiyamızın, özümüzün korporativ maraqlarımızın ölkə üçün faydalı olacağı istiqamətdə formalaşdırmışıq. Ötən parlamentdə hökumətin hesabatlarının əleyhinə ən kəskin çıxış edən, onun əleyhinə səs verənlərdən biri mən olmuşam. Bir dəfə hansısa müxalifət mətbuatında bunun üzərinə vurğu yapıldığını görmüsünüzmü? Yəni mənim nəyinsə əleyhinə və ya lehinə olmağım münasibəti dəyişmir. Ona görə də bizim siyasətimiz onların düşüncəsi üzərində formalaşmır. Bu gün YAP qalib gəlib. Desəm ki, seçkinin nəticələrini tanımıram, onda parlamentdə niyə iştirak edirəm? Bu ikiüzlülük deyilmi? "Seçkinin nəticələrini tanımıram",- deyəndə, gərək, MSK-nın protokoluna da qol çəkməyəsən. Həm qol çəkirsən, həm də deyirsən, tanımıram. Bumu yaxşıdır? Bizim yanaşma odur ki, daha dürüst, daha səmimi olmaq lazımdır. Mən YAP-la düşmənçilik vəziyyətində deyiləm. Amma bu gün YAP-ın idarəçilik tərzi Kommunist Partiyasının idarəetməsindən fərqlənmir. Bunu son parlament tablosu da göstərdi. Məclisdə təkpartiyalı sistemin idarəetməsi mövcuddur. Fikir verdinizsə, Milli Məclis rəhbərliyi, komitə sədrləri, komitə sədrlərinin müavinləri, hətta parlamentlərarası işçi qrupun rəhbərləri belə ancaq bir partiya, yaxud da onu dəstəkləyən bitərəflərin nümayəndəsi olur. Bu, dünyada analoqu olmayan bir parlamentdir ki, müxalifətin idarəçilikdə təmsilçiliyi ümumiyyətlə nəzərdə tutulmur. Ancaq bu, çoxluğun iradəsidirsə, bu iradəyə gücümüz çatmırsa, savaş içinəmi girməliyik? Biz bunu söyləyərək cəmiyyətin diqqətini yönəldirik ki, bu, yanlış bir idarəetmə tərzidir. - Ümumiyyətlə, bu gün müxalifətin haqqı çatırmı ki, parlament rəhbərliyində təmsil olunsun? - Əlbəttə! Haqqı ona görə çatır ki, Azərbaycan Avropa sisteminin içindədir. Hətta ən anti-demokratik saydığımız Ermənistanda belə müxalifət partiyalarının parlament idarəetməsində təmsilçiliyi var. Rusiyada, Gürcüstanda da müxalifət parlament rəhbərliyində təmsil olunur. Bu o deməkdir ki, Azərbaycan hətta post-sovet məkanında belə bu prinsiplərə əməl eləmədi. Bu gün bu yoxdur deyə, küsüb kənaramı çəkilməyilik? Bunun yanlış olduğunu söyləyərək, dəyişməsini, islahatlar aparılmasının vacibliyini bəyan edərək daha səmərə veririk. - Parlamentə düşüb nəticələri tanımamağı ikiüzlülük kimi qiymətləndirirsiniz. Mandat qazanıb YAP-ın qərargahındakı toplantıya qatılmayan müxalifət nümayəndələrindən biri də İqbal Ağazadə oldu. Dedikləriniz ona aiddir? - Mən konkretləşdirmirəm. Sadəcə, bunu ümumi müxalifətə aid edirəm. Sizi tam əmin edirəm ki, istər AXCP-dən, istərsə də Müsavatdan onlarla adam parlamentə düşmək üçün bütün vasitələrə əl atdılar. Bu, alınmayandan sonra hamısı kəskin, radikal adamlara çevrildilər. Orda təmsil olunanda hər şey yaxşıdı, təmsil olunmayanda hər şey pisdir,- anlayışı ilə yanaşmaq obyektivlikdən uzaqdır. Ona görə də mən, konkret kimisə nəzərdə tutmuram. Biz YAP-ın qərargahında parlament seçkilərinin baş tutduğunu və yeni parlamentin formalaşdığını bildirdik. Parlamentdə iştirakımızla da bunu ortaya qoyduq. Başqa nə addım atmalıydıq? Həm elan etməliydik ki, parlament saxtadır, yaxud seçkilər qanunsuz olub, həm də gəlib parlamentdə oturmalıyıq? Bu, YAP-ın mövqeyi deyil, bizim mövqeyimizdir. Bunu da çəkinmədən ortaya qoymuşuq. - İqbal Ağazadə isə bildirir ki, YAP-ın qərargahına getməməklə yeni parlamentin ana müxalifəti odur... - Mən ana müxalifət, ata müxalifət kimi adlara iddia eləmirəm. Öz dünya görüşümü, müxalif fikirlərimi Azərbaycan cəmiyyətinə çatdırıram. Bunu status qazanmaq üçün eləmirəm. Kimin əsas müxalifət qüvvəsi olması parlament tablosunda, hökumətin hesabatına münasibətdə özünü göstərəcək. Onda məlum olacaq ki, kim həqiqətən müxalifətdədir, kim də rola girərək hakimiyyətin bütün layihələrini dəstəkləməklə məşğuldur. - Rola girənlərin kim olduğunu deyə bilərsiniz? - Mən rola girənlərin kimliyini müəyyən etmək üçün çıxış eləmirəm. Sadəcə, öz mövqeyimi ifadə edirəm. Yəni bizim baxışımız budur. Kim olacaqsa, görəcəksiz. Bayaqları qəsdən qeyd elədim. İndi YAP-ın qərargahına getməyən müxalifətdirsə, onun ətrafında birləşin. Elə konkret AXCP, Müsavat da bunu tənqid edənlərdir. Hörmətli İqbal Ağazadə YAP-ın qərargahına getməyib, qoy, onda kim istəyir onun ətrafında birləşsin, onu lider seçsin. Onsuz da Müsavat başsız qalır, rəhbərliyi dəyişir. Elə Müsavatın rəhbəri onu seçsinlər. Axı, o, YAP-ın qərargahına getməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA