Namizəd olduğuna görə partiyadan çıxarılan keçmiz YAP-çı prezidentə müraciət etdi

img

07-12-2010 [03:40]


Azərbaycanda keçirilən sonuncu parlament seçkisində 109 sayı Balakən Seçki Dairəsindən namizədliyini irəli sürmüş Nooyev Məhəmməd üzv olduğu partiyadan, YAP-dan haqsız yerə çıxarıldığını özünə qarşı ədalətsizlik hesab edir. O, bununla bağlı ölkə prezidenti, YAP-ın sədri İlham Əliyevə dörd dəfə məktubla müraciət ünvanlasa da, bu günə qədər heç bir cavab almayıb. Bu səbəbdən də Məhəmməd Nooyev öz müraciətini ölkə prezidentinə mətbuat vasitəsilə çatdırmaq məcburiyyətində qalıb. MİA-ya daxil olan müraciəti olduğu kimi oxuculara təqdim edirik. Cənab Prezident! Mən Balakən rayonunda doğulub böyümüşəm, milliyətcə avaram. Ali təhsilliyəm. Kənd Təsərrüfatı Akademiyasını bitirmişəm. Ali təhsilli mütəxəssis kimi Balakən rayonunda və Bakı şəhərində dövlət orqanlarında məsul vəzifələrdə çalışmışam. Qeyd edim ki, dövlətimizin demokratiya kursuna sadiqliyini, Sizin demokratik seçki keçirilməsi ilə bağlı tövsiyələrinizi, Balakən ağsaqqallarının və ziyalılarının tələblərini nəzərə alaraq mən deputatlığa öz namizədliyimi müstəqil şəkildə irəli sürdüm. Mənim buna həm vətəndaş, həm də YAP-ın üzvü olaraq mənəvi haqqım çatır. Mən, 1993-1998-cı illərdə ulu öndərimiz Heydər Əliyevin, 2003-2008-cı illərdə isə Sizin seçki kampaniyanızda Yeni Azərbaycan Partiyasının təbliğat-təşviqat qrupunun üzvü kimi Balakən-Zaqatala rayonlarında yaxından fəal iştirak etmışəm, həm də dövlət tədbirlərində avar millətinin təmsilçisi olmuşam. Cənab Prizident! Nəzərinizə çatdırım ki, bu parlament seçkisində YAP öz siyahısını açıqlamaqda gecikdiyi üçün, mən öz namizədliyimi müstəqil şəkildə irəli sürdüm. Məndən bir neçə gün sonra isə YAP öz siyahısını açıqladı. Və məlum oldu ki,YAP bu dairədən Rəbiyyət Aslanovanın 3-cü dəfə namizədliyini irəli sürüb. Seçki kampaniyası isə başladığı üçün mənim artıq seçim etmək imkanım qalmamışdı. Buna baxmayaraq elə ilk gündən ciddi təzyiqlərlə üzləşdim. Və YAP-ın mərkəzi aparatında olan bəzi məsul şəxslərin təsiri ilə YAP Səbail rayon təşkilatının idarə heyətində partiya nizamnaməsinin 7-cı maddəsini pozduğuma görə (yəni partiyanın vahid namizədinə alternativ olaraq problem yaratdığıma görə)məni partiya sıralarından kənarlaşdırmaq haqqında qərar qəbul edildi. Halbuki başqa seçki dairələrində də YAP üzvləri mütəqil şəkildə iştirak edib. Konkret olaraq, 111 saylı Zaqatala-Balakən seçki dairəsində partiyanın rəsmi namizədi Namidə Süleymanova olsa da, namizədliyini müstəqil şəkildə irəli sürmüş YAP üzvü Kamilə Əliyeva deputat seçildi və ona heç bir irad bildirilmədi. Əgər partiya qərar qəbul edirsə, bu qərar niyə təkcə mənə tətbiq olunur, lakin digər namizədlərə şamil olunmur? Bu ədalətsizliklə bağlı dəfələrlə Sizə müraciət etməyimə baxmayaraq, bü günə qədər heç bir cavab almamışam. Görünür, kimlərsə mənim müraciətimin Sizə çatmasına mane olur. Cənab Prezident! Üzv olduğum partiyadan uzaqlaşdırılandan sonra da mənə olan təzyiqlər dayanmadı. Məqsəd isə mənim öz namizədliyimi geri götürməyim idi. Bununla bağlı ilk öncə Balakən RİH-nin başçısı Asif Məmmədov məni yanına çağıraraq Rəbiyyət Aslanovanın bu dairədən deputat seçilməsinin yuxarıdan tapşırıldığını, əks təqdirdə mənim başım ağrıyacağının bildirdi. Və başçı mənə bildirdi ki, sən namizədliyini mütləq geri götürməlisən. Seçki ilə əlaqədar mübarizəni davam etdirmək fikrində olduğumu görən rayon icra hakimiyyəti bütün yollarla mənə mane olmağa başladılar.Və sonda topladığım 10 mindən artıq səsi başqa namizədlərin adına yazıb seçkini saxtalaşdırdılar. Balakən camaatının seçkinin nəticəsi ilə bağlı haqlı narazılığı haqqında mən Sizə və MSK-ya müraciət etmişdim. Cənab Prezident! Mənə olan bu təzyiqlər azmış kimi, seçkidən sonra mənim ailə üzvlərimə də təzyiqlər başladı. Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər İdarəsində çalışan, müsabiqə yolu ilə işə qəbul olunan qardaşım oğlu Nooyev Şamil Nurəddin oğlu məzuniyyətdə olduğu halda qanunsuz olaraq işdən azad edilmişdir. Bu işin təşkilatçıları bilavasitə Rəbiyyət Aslanovanın və icra başçısının havadarları olmuşdur. Necə olar ki,icra başçının qardaşı deputat seçilə bilər, digər qardaşları dövlət orqanlarında rəhbər vəzifədə işləyə bilər, ancaq Sizə və dövlətə bağlı olan mənim ali təhsilli ailə üzvlərimin heç biri dövlət qulluğunda işləyə bilməz. Bunu neçə başa düşmək olar? Bu mənə və mənim mənsub olduğum millətə qarşı hörmətsizlik deyilmi? Bəziləri avar xalqı adından Sizi aldadıb nə qədər məsul vəzifələrdə işləyəçəklər? Cənab Prezident! Bu gün mənim mənsub olduğum avar millətinin heç bir həqiqi nümayəndəsi dövlətin rəhbər strukturlarında demək olar ki, təmsil olunmur. Sonda onu da geyd edim ki, mənə qarşı olan ədalətsizliyə baxmayaraq mən hər zaman dövlətimin, prizidentimin xidmətində şərəflə dayanacağam. Bütün varlığımla sədaqət nümayış etdirəcəyımə əmin ola bilərsiniz Cənab Prezident! Mən əminəm ki , xidmətlərimi nəzərə alaraq haqqımda çıxarılan ədalətsiz qərarın dəyışdirilməsinə, mənim partiya siralarına bərpa olmağıma və ailə üzvlərimə olan təzyıqlərin qarşısının alınmasına köməklik qöstərəcəksiniz. Dərin hörmətlə, Nooyev Məhəmməd Əsədullah oğlu

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA