Hafiz Hacıyevin istefası tələb olunub

img

25-11-2010 [03:31]


Azərbaycanda keçirilən son parlament seçkilərinin nəticələri bir çoxları kimi, Müasir Müsavat Partiyasının üzvlərinin də böyük narazılığına səbəb olub. On illərdir Azərbaycan dövlətinin və dövlətçiliyinin müdafiəsi mövqeyindən çıxış edən Müasir Müsavat Partiyasına bu cür münasibət bəslənməsinə aydınlıq gətirmək üçün partiyanın Siyasi Şurası bu gün öz toplantısını keçirib. Bu barədə MİA-ya MMP mətbuat xidmətindən məlumat daxil olub. Məlumata görə, toplantı iştirakçıları builki parlament seçkilərində partiyanın bu günə qədər qazandığı az-çox uğurların hamısının üstündən xətt çəkildiyini bildiriblər və bütün günahların partiyanın sədri Hafiz Hacıyevin yürütdüyü siyasətdə olduğunu qeyd ediblər. Ondan bu iflasın səbəblərinin izahını tələb ediblər. Siyasi Şura üzvləri toplantıda çıxış edərək qeyd ediblər ki, Müasir Müsavat Partiyası həmişə dövlətçiliyi müdafiə edib. 2003-cü və 2008-ci il prezident seçkilərində və 2005-ci il parlament seçkilərində Azərbaycan hakimiyyətinin ən ağır günlərində onun yanında olmuş və bu hakimiyyətin yeganə dayağı rolunu oynamışdır. Bütün həyatını təhlükə qarşısında qoymuş Hafiz Hacıyev və onun partiyadaşlarına bu hakimiyyət daxilində bu cür biganə münasibət bəslənməsi qəbuledilməzdir. Buna görə də partiya öz siyasi mövqeyində artıq bir dönüş yaratmalıdır, gələcəkdə atacağı addımlara diqqət etməlidir. Çıxışlardan sonra Siyasi Şuradakı narazı qrup Hafiz Hacıyevin istefa verməsi təklifi ilə çıxış edib. Hafiz Hacıyev isə bu addımı atmaqdan imtina edərək MMP Nizamnaməsinin 6.3.3 maddəsinə uyğun olaraq öz səlahiyyətlərindən istifadə edib, Siyasi Şuranın qərarına veto qoyub və partiyanın növbədənkənar qurultayının çağrılmasını Siyasi Şuradan tələb edib. Siyasi Şura Hafiz Hacıyevin bu qərarına tabe olaraq mart-aprel aylarında partiyanın növbədənkənar qurultayının keçirilməsinə qərar verib. Buna etiraz edən partiyanın Nəsimi və Xəzər rayon təşkilat sədrləri tutduqları vəzifələrdən istefa verdiklərini bəyan ediblər. Qurultayın keçirilməsi ilə bağlı isə Təşkilat Komitəsi yaradılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA