"Heç kəs iranla müttəfiq olub, Amerika ilə kəllə-kələyə gəlməz"

img

21-11-2010 [03:50]


[b]Zərdüşt Əlizadə: "Hər hansı bir təhlükə olarsa, Xəzər hövzəsi ölkələri İranın müdafiəsinə qalxmayacaq" [/b] Bir neçə gün öncə Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan prezidentlərinin iştirakı ilə Bakıda növbəti Xəzər sammiti keçirildi. Dünya və ölkə mətbuatının gündəmini zəbt edən bu tədbirdə Xəzərin bölünməsi istiqamətində göstərilən səylər müsbət nəticə vermədi. Amma buna baxmayaraq, Xəzəryanı ölkələrin rəhbərləri birgə bəyannamə imzaladılar. Eləcə də sammit iştirakçıları Xəzərdə təhlükəsizliyə dair sazişə də imza atdılar. Bəzi ekspertlər isə bu tədbiri anti-Amerika sammiti kimi dəyərləndirərək, bunun Rusiyanın bölgədə əsas güc mərkəzi olduğuna hesablandığını bildirirlər. Bu və ya digər məsələlərlə bağlı fikirlərini bizimlə bölüşən politoloq Zərdüşt Əlizadə isə Xəzər sammitinin ciddi nəticələr verən tədbir olmadığı qənaətindədir. - Xəzər sammiti çərçivəsində prezidentlərin görüşündə əməli baxımdan ciddi nəticələr yox idi. Amma müəyyən əhmiyyəti var idi. Əhəmiyyəti onda idi ki, tərəflər bütün problemlərini danışıqlar vasitəsi ilə həll etmək niyyətlərini bildirdilər. Sonra ölkə başçıları şəxsən görüşdülər, umu-küsülərdən, narazılıqlardan danışdılar, fikir mübadiləsi apardılar, hər kəs öz mövqeyini açıqladı. Təbii ki, onlar səmimi danışmırlar, amma qeyri-səmimi danışıqlarda da hamı görür ki, kim nə düşünür, kimin narazılığı nədədir. Bu sammitin əhəmiyyəti o oldu ki, Xəzər hövzəsi ölkələrinin başçıları arasındakı münasibətlərə müəyyən aydınlıq gətirildi. Ancaq mövcud olan fikir ayrılıqları, ziddiyyətlər aradan qaldırılmadı. [b]- Əsas məsələlərdən biri Xəzərin bölünməsi idi, amma bu məsələ reallaşmadı. Həm bu məsələyə, həm də qeyd etdiyiniz ziddiyyətlərin davam etməsinə aydınlıq gətirmənizi istərdik... [/b] - Ona görə ki, mövqelərdə çox ciddi fərqlər var. İran onu beş ölkə arasında bərabər bölmək, Azərbaycan isə sovet dövrünün bölgüsü üzərində bölünməsini istəyir. Bu, barışmaz mövqelərdir və kompromis haqqında da heç bir tərəf düşünmür. Ona görə də bu məsələ öz həllini tapmır. [b]- Hazırda ABŞ-İran münasibətləri gərgindir və bu münasibətlərin daha da gərginləşəcəyi ehtimal olunur. Əgər münasibətlər daha da gərginləşərsə, sammit çərçivəsində Xəzərin təhlükəsizliyi ilə bağlı saziş imzalayan 5 prezidentdən 4-ü bu sazişə əməl edə biləcəkmi?[/b] - Öncə onu deyim ki, sazişdə İranın müdafiəsi ilə bağlı heç bir öhdəlik yoxdur. Fərz edək ki, İranla Amerika arasındakı münasibətlər daha da gərginləşdi, hətta hərbi münaqişəyə gəldi çatdı. Onda İran müraciət etsə belə, digər dövlətlər onu müdafiə etməyəcək. Çünki sənəddə elə bir şey yoxdur. [b]- İran prezidenti ilə bir masa arxasında əyləşib hər hansı saziş imzalamaq digər dövlətlərə problem yaratmayacaq ki? [/b] - Xeyr! Diplomatiyada bu kimi görüşlər, bu tipli sənədlərin imzalanması adi işdir. Hamı da deyir ki, dövlət başçılarının görüşməsi müsbətdir. Sadəcə olaraq, münasibətlərə aydınlıq gətirildi və bundan da böyük nəticə gözləmək lazım deyil. [b]- Bəzi ekspertlər hesab edirlər ki, bu sammit anti-Amerika sammitidir və bu, Rusiyanın regionda əsas güc sahibi olduğunu göstərməyə hesablanıb. Razısınızmı? [/b] - Bütün bunlar mənasız sözlərdir. Bilirsiniz, dünyadakı təsiri dövlətin gücü ilə ölçürlər. Bakıda sammit keçirəndə Rusiyanın iqtisadi, siyasi, hərbi, maliyyə gücü artırmı? [b]- Xeyr! [/b] - Elədir. Hansısa sammit keçirməklə Rusiyanın bu regionda güc sahibi olmasını demək yanlışlıqdır. [b]- Sammit çərçivəsində Azərbaycan və Rusiya prezidentləri Qarabağ məsələsini də müzakirə etdilər... [/b] - (Tələsik) Onsuz da tez-tez görüşürlər, hər dəfə də Qarabağ məsələsini müzakirə edirlər. Ortada da yeni bir şey, hər hansı bir irəliləyiş yoxdur. Rusiyanın mövqeyi gün kimi aydındır. Rusiya istəyir ki, münaqişə donmuş vəziyyətdə qalsın və Ermənistan da, Azərbaycan da Qarabağ qarmağından asılmış vəziyyətdə olsun. [b]- Ancaq 2011-ci ildə məsələnin həlli istiqamətində müəyyən təkanların olacağını bildirənlər də var... [/b] - Məni o cür proqnoz verən siyasətçilərin sırasına qatmayın. [b]- Bəs, Siz nə düşünürsünüz? [/b] - Mən gözləyirəm ki, Qarabağ məsələsi elə bu minvalla da davam edəcək. Necə ki, prezidentlər münaqişənin həll üçün gerçəkdən çalışmırlar, əksinə, münaqişəni həll etmək istəyən qüvvələrə mane olurlar. Çünki Rusiya-Azərbaycan-Ermənistan üçlüyü var. Bu üçlükdə hamı münaqişənin donmuş vəziyyətdə qalmasında maraqlıdır. Şəxsən mən belə düşünürəm, ol bilsin, səhv edirəm. Bəlkə də onlar münaqişəni həll etmək istəyirlər, sadəcə, bacarıqları çatmır. Ancaq bir məsələ var ki, onlar hansısa biznes işində, seçki saxtakarlığında çox müsbət göstəricilərə malikdirlər, amma Qarabağ məsələsinin həllinə gələndə müstəsna bacarıqsızlıq nümayiş etdirirlər. Ona görə də düşünürəm ki, münaqişənin həllini qəsdən uzadırlar. [b]- Sammit çərçivəsində İran prezidenti Azərbaycanda raket müdafiə sisteminin qurulmasını da təklif elədi. Bu təklifə necə baxırsınız? [/b] - Siz də, mən də çox şey istəyirik, çox şey ürəyimizdən keçir, amma həyata keçirmi? Yox! Heç kəs özünü təhlükə altında qoymaq istəməz. Məsəl var, cəhənnəmə gedən özünə yoldaş axtarar. Heç kəs İranla müttəfiq olub, Amerika ilə kəllə-kələyə gəlməz. Ona görə də İran prezidentinin raket müdafiə sisteminin qurulması ilə bağlı təklifi havada qalacaq. [b]- Əgər İranla müttəfiq olmaq bu qədər təhlükəlidirsə, onda onunla təhlükəsizlik və digər məsələlərlə bağlı saziş imzalamaq... [/b] [i]- (Sözümüzü kəsərək) [/i]Sammitdə imzalanan sazişin bəndləri ancaq Xəzər dənizi, onun suları və sairlə bağlıdır. Bu, hərbi-siyasi ittifaq deyil. Təhlükəsizliyə gəlincə, təhlükəsizlik məvhumu çox genişdir. Orada radioaktiv maddələr, suların çirkləndirilməsi və bu kimi çox şeylər var. Bu, o anlama gəlməməlidir ki, hər hansı bir təhlükə olarsa, Xəzər hövzəsi ölkələri İranın müdafiəsinə qalxacaq. Bunların hamısı mənasız söhbətlərdir. [b]- Belə çıxır ki, bu sammit mətbuatın təqdim etdiyi kimi, anti-Amerika tədbiri deyil və ciddi əhəmiyyəti yoxdur? [/b] - Bəli! Ortada Xəzər dənizi var. Bu dənizin də ətrafında beş ölkə yerləşir və onların başçıları görüşür, Xəzər dənizinin istifadəsi, hövzə bölgəsindəki qarşılıqlı təhlükəsizlik məsələləri barədə müzakirə aparırlar. Bu müzakirənin nəticəsi olaraq, hansısa saziş imzalayırlar. Bunun Amerikaya, anti-amerikalılığa dəxli yoxdur. Yəni Xəzər sammiti beynəlxalq səviyyədə əhəmiyyətli tədbir deyil. Əgər Amerika Xəzər hövzəsində yerləşsəydi və onu bu tədbirə dəvət eləməsəydilər, onda demək olardı ki, Amerikaya təzyiq edirlər. Amerika bu məsələdə yoxdur, neft-qaz, iqtisadiyyat sahəsində var, bu zonada bazaları yerləşir. [b]- O fikirlər də səslənir ki, Azərbaycandakı parlament seçkilərinə ABŞ-ın mövqeyi bir qədər sərt olduğu üçün belə bir addım atılır... [/b] - Yox, boş söhbətlərdir! Bu sammit bir il bundan əvvəl planlaşdırılıb. Ekspertlər görüşüb, planlaşdırıb, nazirlər səviyyəsində müzakirə olunub, axırda da prezidentlər görüşüb danışıblar... [b]- Zərdüşt bəy, Azərbaycandakı parlament seçkilərinə ABŞ Dövlət Departamentinin rəyi bir qədər sərt oldu. Hakimiyyət nümayəndələri də ABŞ-ın bu möqeyindən təəssüfləndiklərini bildirdilər. Bunları nəzərə alaraq, ABŞ-Azərbaycan münasibətlərinə necə qiymət verərdiniz? [/b] - ABŞ-Azərbaycan münasibətləri çox əladır. İlham Əliyev Barak Obama ilə görüşdü, məsələni müzakirə elədilər. Bundan başqa, iqtisadi əməkdaşlıq cağbacağ davam edir. Yəni münasibətlər hər sahədə normaldır. Amerika çox gözəl bilir ki, Azərbaycan hakimiyyəti demokratiyanın düşmənidir. Onu da bilir ki, demokratiyanı müdafiə etmək və dəstəkləmək onun vəzifəsidir. O, öz vəzifəsini, Azərbaycan da öz vəzifəsini yerinə yetirir. Yəni malı, mala qatmayaq! İqtisadi, siyasi, hərbi əməkdaşlıq edir, Azərbaycanla Ermənistanı aldadır, guya Qarabağ probleminə onun dəxli yoxdur. Eləcə də Azərbaycanda demokratiya boğulur, amma bunun iqtisadi, siyasi, hərbi əməkdaşlığa da dəxli yoxdur. Bir sözlə, kifayət qədər proqmatik siyasətdir. [b]- Ancaq Amerikanın Azərbaycan hakimiyyətinə qarşı siyasi məhbus, söz azadlığı və demokratiya ilə bağlı müəyyən tələbləri də olur... [/b] - Heç kəs bu tələblərə məhəl qoymur. O tələblər Qərb, Amerika tərəfindən 17 ildir səslənir. Azərbaycan hakimiyyəti bu tələblərə çox məharətlə sinə gərir. Bu, Qarabağ məsələsi deyil ki, onu bacarmasınlar. [b]- Yəni ABŞ və Qərbin demokratiya istiqamətindəki tələbləri yalnız söz xatirinədir? [/b] - Xeyr! Amerika deyir ki, qanunlarınıza hörmət edin, insanlarınıza işgəncə verməyin, büdcənizi oğurlamayın, özü də bunu səmimi deyirlər. Bizimikilər də səmimi şəkildə onları veclərinə almırlar. Deyirlər ki, biz istədiyimiz kimi hərəkət edirik, çapıb-talayırıq, sənə nə dəxli var? Nefti də vermişik, borunu da çəkmişik, İraqa, Əfqanıstana qoşun da göndərmişik, daha nə istəyirsiz? Yəni hər iki tərəf öz mövqeyini açıq şəkildə ortaya qoyur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA