AMiP seçkilərin nəticələrini tanımayacağını bəyan etdi

img

08-11-2010 [04:43]


Bu gün Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) 7 noyabr parlament seçkilərinin nəticələrilə bağlı mövqeyini açıqlayıb. Partiyanın müvəqqəti qərargahında keçirilən mətbuat konfransında çıxış edən AMİP-in Mətbuat və təbliğat katibi Əli Orucov yekun rəyi mediayanın diqqətinə çatdırıb. 7 noyabr parlament seçkilərinə ciddi şəkildə hazırlaşdıqlarını deyən Ə.Orucov qeyd etdi ki, onlar bu seçkilərin Azərbaycanın demokratik inkişafı, ölkədə vətəndaş cəmiyyətinin , milli həmrəyliyin formalaşması baxımından əhəmiyyətli hadisə hesab etsələr də, təəssüf ki, seçki günü baş verən kobud qanun pozuntuları bütün bunların əksini göstərdi: ?Çox təəssüflər olsun ki, biz tamam başqa bir seçkilər gördük. Seçkiqabağı mühüt əvvəlki seçkilərdən pis mənada fərqləndi və nəticə də göz qabağındadır. Səsvermə günü seçki komissiyalarında ilk saatlardan başlanan saxtakarlıq ciddi narahatlıq doğururdu. Bununla bağlı partiyanın seçki qərargahı mütəmadi olaraq seçki prosesinin gedişil bağlı məlumatlar yayırdı?. Seçki saxtakarlıqları ilə bağlı geniş məlumat verən AMİP-in seçki məsələləri üzrə katibi Rəşad Bayramov bildirdi ki, səsvrmə günü səhər tezdən verilən ilkin məlumatlar seçkilərdə total saxtakarlıqların olacağından xəbər verirdi: ?Bunu nəzərə alaraq noyabrın 7-də səhər 11 radələrində AMİP Seçki Qərargahının toplantısı keçirildi və ilkin bəyanat verilmişdi. Həmin bəyanatda yerli hakimiyyət qurumlarının, inzibati strukturların total seçki saxtakarlığına hazırlaşdığı qeyd olunurdu. Yerli icra strukturlarının nümayəndələri, mənzil istismar sahələrinin işçiləri, məktəb direktorları, təhsil işçiləri mərkəzləşmiş şəkildə konkret namizədlərin lehinə istifadə olunması halları var idi. Bunların Azərbaycanın demokratik inkişafı üçün böyk təhlükə olacağını da bəyanatda bildirmişdik. Lakin çox təəssüf ki, bunlardan nəticə çıxarılmadı?. R.Bayramova görə bu dəfəki seçkilərdə də məntəqəyə aid olmayan seçicilərin seçkilərə daşınması hallarına yol verildi. Bir seçicinin eyni dairədə bir neçə dəfə səs verməsi təmin edildi. İcra nümayəndələri seçki məntəqələrinin qarşısında durmaqla konkret namizədin xeyrinə səs verməklə bağlı təbliğat aparıb. Məntəqə və dairə seçki komissiyalarının sədrləri səviyyəsində seçki prosesinə müdaxilələr olub. Bəzi məntəqələrdə məntəqə sədrlərinin iştirakı ilə qutulara topa-topa seçki bülletenləri atılıb. Katib onu da bildirdi ki, əksər qanun pozuntuları ilə bağlı aktlar var. Bu aktlar həm AMİP müşahidəçiləri və məşvərətçi səs hüquqlu komissiya üzvləri, həm də digər partiyalardan olan nümayəndələri tərəfindən imzalanıb: ? Seçki Məcəlləsinin tələblərinə görə, saat 7-dan sonra müşahidəçilərin məntəqələrdə olmaq hüququ var. Məntəqələrdə seçki qutularının möhürlənməsi və bülletenlərin sayılmasında iştirak etmək hüquqları var. Amma 39 saylı Kəpəz seçki dairəsinin 2, 3, 4, 5, 7, 9 və 27 saylı məntəqələrində müşahidəçilərə yalnız saat 8-dən sonra məntəqələrə daxil olmalarına icazə verilib. Təəccüblüsü odur ki, müşahidəçilər məntəqələr daxil olarkən artıq bir sıra seçki məntəqələrində seçki qutularında bülletenlər olub. 39 saylı Kəpəz seçki dairəsinin 30 saylı seçki məntəqəsində hərbi hissə yerləşir. Ora 8.30-dan sonra - DSK və MSK-ya müraciətdən sonra müşahidəsçilər buraxılıb. Yarım saat ərzində həmin məntəqədə seçki qutusu yarıya qədər bülletenlə dolu olub. Təbii ki, bu barədə akt tərtib olunub?. R.Bayramov qeyd etdi ki, 17 saylı Yasamal üçüncü seçki dairəsində 8, 10, 12, 13, 15 və 17 saylı seçki məntəqələrində müşahidəçilərin müşahidə aparmalarına imkan verilməyib: ?Ümumiyyətlə müşahidəçilərə normal müşahidə aparmaq şəraiti yaradılmayıb. 34 saylı Xətai seçki dairəsinin 30 saylı seçki məntəqəsində saat 8.45-də artıq 250 bülleten qutulara atılmışdı. Bu da birbaşa olaraq məntəqə seçki komissiyasının sədri tərəfindən həyata keçirilmişdi. Bununla bağlı həm dairə seçki komissiyasına və həm də müşahidə missiyalarına məlumat verilmişdi. 17 saylı Yasamal, 55 saylı Xaçmaz, 34 saylı Xətai, 15 saylı Yasmal, 9 saylı Binəqədi, 33 saylı Xətai, 13 saylı Əzizbəyov, 19 saylı Nərimanov, 90 saylı Ağdaş seçki dairələrindən karusel əməliyyatlarının həyata keçirilməsilə bağlı informasiya daxil olub. Bu əməliyyatların başında da birbaşa olaraq yerli icra hakimiyyətlərin rəhbərliyi dayanıb. 39 saylı Kəpəz seçki dairəsinin 17 və 18 saylı seçki məntəqələrində müşahidəçi qismində Mənzil İstismar Sahəsinin rəisi birbaşa məntəqədə oturub. Mənzil İstismar Sahəsinin işçiləri tərəfindən məntəqələrə daşınan seçicilər YAP-ın namizədinə səs verdiyi bülletenləri həmin müşahidəçiyə göstərəndən sonra seçki qutusuna atıb. 44 saylı Sumqayıt-Abşeron seçki dairəsinin ərazisindəki 67 saylı uşaq bağçası gün ərzində qərargah kimi fəaliyyət göstərib. Hakim partiyanın həmin dairədən olan namizədinə yaxın adamlar orada nəqliyyat vasitəsilə insanları seçki məntəqələrinə aparıb konkret namizədin xeyrinə səsvermələrini təmin ediblər. Bu barədə bizim vəkillər aktlar tərtib ediblər. Bütün bu sadalanan neqativ hallarla bağlı ümumi müraciət hazırlanıb Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək. Sumqayıtda Corat Mədəniyyət Evində yerləşən 12 və 14 saylı seçki məntəqələrində səs verən seçicilər ondan sonra Saray qəsəbəsinə daşınıblar?. R.Bayramov həmçinin qeyd etdi ki, AMİP 39 saylı Kəpəz Seçki Dairəsindən hakim partiyanın namizədi Xanlar Fətiyevin plakatlarında və digən materiallarında Seçki Məcəlləsinin tələblərininr pozulmasını əsas gətirərək namizədliyinin ləğvilə bağlı öncə Dairə Seçki Komissiyasına və daha sonra Mərkəzi Seçki Komissiyasına müraciət edib. MSK AMİP-in şikayətinin təmin edilməsi barədə qərar çıxarsa da, seçki günü Xanlar Fətiyevin qalib gəlməsi rəsmən elan edilib?.Çıxışının sonunda Rəşad Bayramov bildirdi ki, AMİP bu seçkilərin nəticələrini tanımır: ?AMİP qanun pozuntularının aradan qaldırılması üçün gərəkən addımları atacaq. Bu parlament seçkilərində dövlət səviyyəsində saxtakarlıq olundu?. Mətbuat konfransının sonunda AMİP-in bəyanatı elan olundu.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA