Təhsil nazirinə qeyri-test sualları

Təhsil nazirinə qeyri-test sualları

17.10.2010, 06:08

[u]Cənab Misir müəllim![/u] Ümidvaram ki, sizə ünvanladığım birinci məktubu oxumuş, hətta nəticə də çıxarmısınız. Çünki məktəblərdə heç bir dəyişiklik baş verməsə də, televiziya çıxışlarınızda artıq ehtiyatlı olduğunuz hiss olunur. Buna görə sizə təşəkkür edirəm. Amma bəzən yenə də köhnə xasiyyətinizdən əl çəkməyərək, emosiyalarınızı cilovlaya bilmir, lazımsız, hətta mən deyərdim ki, yersiz fikirlər səsləndirirsiniz. Məsələn, bu yaxınlarda, yəni Bakı şəhərində yerləşən orta məktəblərdəki vakant yerlərə keçirilən imtahanlardan az öncə televizorda nə bilim məktəb məbəddir, ay orada təsadüfi adamlara yer olmamalıdır, biz tədricən məktəblərimizi savadlı və yüksək mənəvi keyfiyyətlərə malik kadrlarla təmin edəcəyik və s. bu kimi bəyanatlar verdiniz. Başa düşürəm, mikrofon qarşısında adam bir az həyəcanlı olur, ancaq daha bu qədər də olmaz da, Misir müəllim! İyirmi ilin nazirisiniz, ondan əvvəl də xeyli məsul vəzifələrdə işləmisiniz, bu pafoslu sözlərin, yekə açıqlamaların bir qara qəpiklik dəyəri olmadığını yəni bilmirsiniz, yoxsa özünüzü bilməməzliyə vurursunuz? Amma, Misir müəllim, insanın öz vərdişindən əl çəkməsi doğrudan da müşkül iş imiş; siz televiziyaya reallığı əks etdirməyən gurultulu bəyanatlar verməyi tərgidə bilmədiyiniz kimi, mən də ha istədim, bu məktubu yazmayım, özümlə bacara bilmədim. Çünki haqsızlığa, yalana, saxtakarlığa biganə qala bilmədiyimdən rəhbərlik etdiyiniz qurumun vakant yerlərə test imtahanı keçirmək adı altında min bir oyundan çıxdıqlarına, əsil müəllim adına layiq namuslu vətəndaşlarımızın heysiyyəti ilə oynamalarına, onları alçaltmalarına, göz yuma bilmədim. Allah işsizliyin üzünü qara eləsin, adamı Təhsil Nazirliyinin qapısına da apararmış... Bakı şəhərində yerləşən orta məktəblərdəki vakant yerlərə test imtahanları keçiriləcəyi ilə bağlı elanlardan sonra mən də internetdə qeydiyyatdan keçib sənədlərimi Təhsil Nazirliyinin qəbul şöbəsinə apardım. Etiraf edim ki, imtahanların obyektiv keçiriləcəyinə zərrə qədər də inamım yox idi, sizin televiziya çıxışlarınıza münasibətimi də az öncə açıqladığımdan təkrara ehtiyac duymuram. Amma rəhbərlik etdiyiniz qurumun əsil mahiyyəti haqda sizə və oxuculara bir daha operativ və obyektiv məlumat çatdırmaq üçün imtahanlara qatılmağa qərar verdim. Təxminən yüzə yaxın adamın doluşduğu 30-40 kv. metrlik qəbul otağında pik saatlarında metroda və avtobuslarda yaranan basabasları xatırladan sıxlığı, qovuluğun rəngiylə bağlı irəli sürülən tələbi və qəbz verilməməsini çıxsaq, sənədlərin qəbulu zamanı elə bir problem olmadı. Bəndənizin düşüncəsinə görə, bunlar da kifayət qədər ciddi məsələlərdir, ancaq təhsil nazirliyinin Azərbaycan vətəndaşlarının başına açdıqları oyunların yanında bunlar bir qum dənəsi qədər kiçik göründüyündən təfərrüata varmıram. İmtahan zamanı da ilk baxışda hər şey qaydasındaydı. Təhsilin informasiyalaşdırılması idarəsinin qarşısında imtahana gələnlərin sənədləri yoxlanılaraq içəri buraxıldı. Orada nazirliyin bir əməkdaşı (sonradan onun Xəyyam Fərəcov olduğunu öyrəndim) müəllimliyə iddialıların soyad və adları yazılmış siyahını oxuyaraq, adları çıxanlardan təsdiq cavabı vermələrini xahiş etdi. Amma nədənsə yanında əyləşən və əvvəlcədən mehriban söhbət etdiyi mini ətəkli gənc xanımın adını oxuyarkən onun cavabını gözləmədən "Semilova Könül xanım siz idiniz də?" sualını verdi və o da öz növbəsində "bəli" dedi. Hörmətli Misir müəllim, əgər həmin xanım imtahandan hamıdan əvvəl çıxmasaydı və sonradan onun 25 bal topladığını öyrənməsəydim, inanın ki, bu xırda detala əhəmiyyət verməyəcəkdim. Az sonra mən də sualların hamısına cavab verib qurtardım və məlum oldu ki, 18 bal toplamışam. Qoyulan sualların düzgünlüyünə əmin olmaq, verdiyim cavabları bir daha yoxlayıb, diqqətlə nəzərdən keçirmək üçün sualların çap variantının mənə təqdim olunmasını xahiş etsəm də, müsbət cavab almadım. Məndə imtahanın nəticələrinin obyektivliyinə şübhə yarandığından apellyasiya ərizəsi yazaraq təkrarən sualların və cavablarımın çap variantını tələb etdim. Bir neçə gündən sonra nazirliyə dəvət olunsam da, "Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması" şöbəsinin işçiləri başda cənab Xəyyam Fərəcov olmaqla tələbimi yerinə yetirməkdən qəti imtina etdilər. Yanlış hesab edilən cavablarımın həqiqətən doğru olmadığını şifahi şəkildə mənə sübut etməyə çalışsalar da, buna nail ola bilmədilər. Çünki suallar özləri düzgün tərtib olunmamış, elmi əsasdan məhrum və çaşdırıcı xarakterdəydilər. Dəvət olunan elmlər namizədinin köməyinə ümid edən əməkdaşlarınız yeddi yanlış hesab edilən cavabdan ikisinin belə elmiliyini sübut etməkdə aciz qalıb, yersiz hay-küy saldılar. Onlara bir daha xatırlatdım ki, mənə nəsə sübut etməyə çalışmaqdansa, sualların və cavablarımın çap variantını verin, mübahisə də bununla bitsin. Bildirdilər ki, bu səlahiyyət yalnız şöbənin müdiri Fərzəli Qədirova məxsusdur, əgər o, razılıq versə problem yoxdur. Fərzəli müəllim məni öz kabinetinə dəvət edib ekspert qismində dəvət edilən elmlər namizədi xanımın yanında yalvarmağa, xahiş etməyə başladı ki, bu tələbimdən vaz keçim. Ona "əgər imtahan obyektiv keçibsə, sualların düzgünlüyünə əminsinizsə, niyə onları mənə vermək istəmirsiniz?" sualını verəndə Fərzəli müəllim suala cavab verməkdənsə otağında əl basmağa Quran axtardı, tapa bilmədi, nə bilim əzizlərinin canına and içməyə başladı. Sualı bir də təkrar edəndə o, "bilirsən, bu mənim rəhəbərliyim altında nazirliyin ilk təcrübəsidir, ola bilər ki, sualların qoyuluşunda və digər məsələlərdə hansısa nöqsanlar olsun, doğrusu, biz bu cür məsələlərin ortaya çıxa biləcəyini hesablamamışıq, gəlin siz bizim işimizə kölgə salmayın, biz o sualları bir də araşdırarıq, siz yaxşı bal toplamısınız, sizin kimi savadlı kadra bizim məktəblərdə həqiqətən ehtiyac var" kimi yalvarıcı və şirnikdirici frazalar işlətməyə başladı. Fərzəli müəllimlə söhbətimiz bir az səmimiləşəndən sonra o, hətta dolaşdırıcı və çaşdırıcı xarakterli qeyri-elmi sualları testlərə qəsdən saldıqlarını da etiraf etdi və dedi ki, "bir yerə yüz namizəd olduqda başqa çıxış yolumuz qalmır". Söhbətimizin sonunda Fərzəli müəllim həmin qadın elmlər namizədinin yanında kişi kimi söz verdi ki, iki həftə ərzində mənim şikayətim obyektiv araşdırılacaq; ya işlə təmin olnacağam, ya da suallar mənə təqdim olunacaq... Elə bilirsiniz ona inandım, Misir müəllim, qətiyyən! Mən fərzəlikimiləri boynunun ardından tanıyıram... İki həftədən sonra şəxsən Fərzəli Qədirovun, onun dəstəyi qaldırmağa nədənsə tənbəllik edən, on dəfə zəng vurandan sonra yuxulu və şəhvani səslə cavab verən katibəsinin və qəbul otağında əyləşən digər məmurlarınızın qurduqları bürokratik sədləri aşa bilmədim. Məni üç saatdan artıq qəbul otağında gözlədən Fərzəli müəllim sonda qəbul otağında əyləşən yaşlı əməkdaşınız vasitəsilə (səhv etmirəmsə, adı Məmmədqulu müəllimdir) xəbər göndərdi ki, vaxtı olan kimi mənə zəng vuracaq. Bu hadisə oktyabırın 7-də olub, amma ondan hələ də xəbər çıxmadığından, sizə müraciət etmək zorunda qaldım. Düşünürəm ki, bura qədər dediklərim sizə aydın oldu. Ancaq mənim sizə bəzi suallarım da var; istərdim ki, o sualları məhz televiziya ekranlarında cavablandırasınız. [b]1. [/b]Hörmətli Misir müəllim, Azərbaycan dili və ədəbiyyatı fənni üzrə test imtahanına Bakının vur-tut dörd ucqar rayonunda (Suraxanı, Xəzər, Sabunçu, Qaradağ) yerləşən səkkiz məktəbdə səkkiz vakant müəllim yeri daxil edilib. Məgər şəhərin mərkəzində yerləşən bu qədər məktəbdə heç bir yer boşalmayıb? Əgər boşalıbsa, həmin vakant yerlərə müəllimlərin işə qəbulu hansı prinsip əsasında aparılır? [b]2.[/b] Niyə test sualları, hər bir imtahan iştirakçısının suallara verdiyi cavablar ictimaiyyətə açıqlanmır, tələb edən şəxslərə belə təqdim olunmaqdan imtina edilir? [b]3. [/b]Vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı Reqlamentin 14-cü bəndində göstərildiyi kimi işə qəbul edilən müəllimlərin siyahısı niyə hələ də dərc olunmayıb? Sonuncu sualım bir qədər qeyri-rəsmi və şəxsi xarakterli olduğundan, ona cavab verməyə də bilərsiniz. Misir müəllim, çox maraqlıdır, siz televiziyada məktəbi "məbəd" adlandırırsınız, şöbə müdiriniz Fərzəli müəllim isə vətəndaşları inandırmaq üçün ən güclü arqument kimi müqəddəs kitaba əl basmaq üsulundan faydalanmağa uğursuz cəhd edir. Bunu nazirliyinizin teokratiyaya meyillənməsi kimi başa düşmək olarmı? Diqqətinizə görə təşəkkür edirəm. Ardı var...

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR