Şahlar Əsgərov: "YAP əvvəlki YAP deyil"

img

10-10-2010 [04:34]


[b]"Bugünkü YAP Əli Əlirzayevin tanıdığı YAP deyil. Şəxsən mən YAP-a belə baxıram - gəldi, gördü, qurtardı" [/b] Hakim Yeni Azərbaycan Partiyasının (YAP) elan etdiyi deputatlığa namizədlər siyahısı hələ də müzakirə mövzusu olaraq qalır. Getdikcə partiyanın siyahısından narazıların sayı da artır. Xüsusiylə də kənarda qalan "köhnə qvardiya"nın bəzi nümayəndələri siyahıdan narazılıqlarını bildirməklə yanaşı, partiyanın tutduğu mövqeyi, seçdiyi taktikanı da bəyənmirlər. YAP İdarə Heyətinin üzvü, keçmiş deputat, 2005-ci ildə YAP-ın deputatlığa namizədlər siyahısında olsa da, mandat sahibi ola bilməyən Şahlar Əsgərov hakim partiyada baş verənləri tam şəkildə dəstəkləməsə də, bunun bir yeniləşmə olduğunu iddia edir: - İstənilən siyahı müəyyən konseptual məsələlər əsasında hazırlanır. YAP-ın bu siyahısında əsas gəncləşmə, qadınların siyasətdə rolunu artırmaq kimi istiqamət götürüldüyünə və bu ideyanın özü-özlüyündə müsbət ideya olduğuna görə, mən o siyahını müsbət qiymətləndirirəm. Düzdür, orda elə adam var ki, mən onu tanımıram, amma ümumilikdə ideya normaldır. [b]- YAP-ın qurucularından olan Şahlar Əsgərovun tanımadığı şəxslərin namizədlər siyahısına düşməsi nə qədər normaldır? [/b] - Belə praktika YAP-da var. 1995, 2000, 2005-ci il siyahısında da cəmiyyətin tanımadığı adamlar var idi. Sonra zaman göstərdi ki, pis namizəd deyillərmiş. Məsələn, 95-ci ildə səhv eləmirəmsə, Anar Axundov var idi, seçildi, sonra pis deputat da olmadı. Artıq siyahı cəmiyyətə elan olunub. Düşünürəm ki, onu analiz eləməyə də ehtiyac yoxdur. Düzü, məndə elə həvəs də olmadı ki, YAP-ın siyahısını analiz edim. Əsas odur ki, gənclər də, qadınlar da var. Eybi yox, nə olar ki? [b]- Şahlar müəllim, məsələ ondadır ki, YAP rəhbərliyi "köhnə qvardiya"nın nümayəndələrini...[/b] [i]- (Sözümüzü kəsərək) [/i]Bu, başqa söhbətin temasıdır. Deputat kim olmalıdır və sayı nə qədər olmalıdır,- sualına mən "Düşüncə tərzi" kitabında cavab vermişəm. Parlament qanunverici hakimiyyət olduğuna görə, təbii ki, deputat tanınmış adam olmalıdır. Allah rəhmət eləsin, Ziya Bünyadov kimi. Düzdür, hamı onun kimi ola bilməz. Amma Azərbaycan 9 milyonluq toplumdur. Bu toplumun arzularını düzgün həyata keçirmək üçün baxmaq lazımdır ki, Ziya Bünyadov kimi bizim neçə adamımız var. Əgər bu cür şəxslər 10 nəfərdirsə və bu adamlarla Milli Məclisi təşkil eləsək, onda gərək hər milyona bir deputat düşsün. Mən bunu xırdalıqlarına qədər hesablamışam. Deputat seçilən şəxs ən azı 10 min adam tərəfindən tanınmalıdır ki, səs toplaya bilsin. Qeyd etdiyim bir qədər nəzəri fikirlərdir. Biz müxtəlif siyasi sistemlər vasitəsi ilə də deputat seçə bilərik. Bu gün bizim əlimizdə olan sistem imkan verir ki, cəmiyyətdə bir o qədər tanınmayan adam da deputat seçilir. Azərbaycan gənc dövlətdir, yəqin ki, gələcəkdə təsadüfi adamların parlamentə düşməsinin qarşısı alınacaq. Mən həmişə açıq demişəm, hətta Milli Məclisdə müzakirələrdə də bildirmişəm ki, proporsional sistemin bərpa olunmasına böyük ehtiyac var. Bütün bunlar həll oluna biləcək problemlərdir, yəqin ki, gələcəkdə həllini tapacaq. [b]- Siz YAP-ın siyahısına normal yanaşsanızda, partiyada əziyyəti olanlar arasında narazılar var... [/b] - İnanıram ki, YAP-ın siyahısından narazı qalanlar olsun. Narazılıqlarını bildirə bilərlər, YAP da bir partiyadır, o da dəyişir. Hər mənada - formaca, məzmunca da dəyişir. Mən buna da təbii baxıram. YAP əvvəlki YAP deyil. Başlanğıc YAP başqı, bugünkü YAP başqa. [b]- YAP-da nə dəyişib ki? [/b] - Zaman dəyişib, Azərbaycan dəyişib, düşüncə tərzi dəyişib. YAP qurulanda sovet sisteminin qulağının dibindəyidik, indi ondan uzaqlaşmışıq. Əvvəlki YAP-la indiki YAP eyni ola da bilməz. Hər şey dəyişdiyimi kimi partiya da dəyişməlidir. [b]- Yaxşı, bütün mənalarda YAP əvvəl daha güclü idi, yoxsa indi? [/b] - YAP əvvəl cəmiyyət tərəfindən tanınmış, qəbul olunan bir qurum idi. Bu qurumun da qarşısında belə bir məqsəd qoyulmuşdu ki, Azərbaycanın vəziyyəti çox ağırdır. Cənubdan, Şimaldan Azərbaycanın parçalanması təhlükəsi var idi. Rayonlarımız da ard-arda işğal olunurdu. YAP-da toplanan bir qrup insan nəsə bir tədbir görməli idi. Bu tədbir də ondan ibarət idi ki, biz Heydər Əliyevi Bakıya çağıraq. Beləliklə, 91 nəfər tanınmış ziyalı qərara gəldilər və Heydər Əliyevə məktub yazdılar. Əslində bu, hakimiyyətin AXC-dən alınmasının nəzəriyyəsi idi. Yəni, hakimiyyətin AXC-dən alınması və YAP-ın hakimiyyətə gəlməsinin nəzəriyyəsini biz yazmışıq. Belə bir şey deyirlər, inqilabları nəzəriyyəçilər yazır. Bu, bir nəzəriyyə idi, biz yazdıq. Hakimiyyətə gəlmək isə ikinci etab idi. İndi isə üçüncü etapdır. [b]- Ancaq Sizin hakimiyyətə gətirdiyiniz YAP həmin o nəzəriyyəni yazanlara soyuq münasibət göstərir... [/b] - Həmin adamların çoxu indi yoxdur. Ziya Bünyadovun yerinə ikincisini tapıb qoymaq olmur. Fərəməz Maqsudovu da kiminləsə əvəzləmək mümkünsüzdür. [b]- Təbii ki, amma qalanları da kənarda saxlanılır, lazımi səviyyədə qiymətləndirilmir... [/b] - Əlbəttə, vacibdir. Mən bu fikirlərə etiraz eləmirəm. Amma mən özümə qarşı ciddi bir soyuqluq, hörmətsizlik görmürəm. Ona görə də öz təcrübəmdən çıxış edib, bir söz deyə bilmərəm. [b]- YAP-ın siyahısından narazı olanlardan biri - partiyadaşınız Əli Əlirzayev partiya rəhbərliyindən narazılıq edir. Onun sözlərinə görə, hazırda YAP-da onun kimi 10-15 təmiz adam var, ya yoxdu. Bu fikirlərlə razısınızmı? [/b] - Bəli, Əli Əlirzayev həqiqətən YAP-ın təmiz təmsilçisi idi, yaxşı alimdir, gözəl ailə başçısıdır. Görünür, cəmiyyətin təmiz adama tələbatı yoxdur. Təmizlik yaxşı bir xüsusiyyətdir, insani, mənəvi xüsusiyyətdir. Cəmiyyət heç zaman təmizlikdən imtina etməməlidir. Əli Əlirzayev hələ cavandır, güman edirəm ki, onun potensialından istifadə olunmalıdır və təmiz adamlar kənarda qalmamalıdır. [b]- Amma belə ziyalını kənarda qoyan YAP-dır, cəmiyyət yox... [/b] - Mən yenidən o məsələyə qayıtmaq istəmirəm. Qeyd etdiyim ki, YAP çox dəyişib. Bugünkü YAP Əli Əlirzayevin tanıdığı YAP deyil. Ona görə də partiyanın hazırkı siyasətini, tutduğu mövqeyi normal qarşılamaq lazımdır. Şəxsən mən YAP-a belə baxıram - gəldi, gördü, qurtardı. Görürsünüz, indi mən deputatlıq məsələsinə də yaxın durmuram. Daha bəsdir. Bilirsiniz, bizim vaxtımızda cəmiyyət belə deyildi. İndi deputatlar bir-birinə qarşı elə mövqe tuturlar, bir-birinə elə böhtanlar atırlar ki, adam təəccüblənir. Normal adam bunu götürə bilməz. Seçilən adamın kim olmasına diqqət yetirmək lazımdır. Seçkinin özü çox dərin mənaya malikdir. Niyə cəmiyyət monarxiyalardan, padşahlıqlardan seçkili sistemə keçdi? Ona görə ki, saray daxilində qüvvəli adamların sayı az olardı. Çox olması üçün gərək kənardan da kimlərsə gələydi. Cəmiyyətdən kadr almanın ən yaxşı yolu nümayəndələrin idarəetməyə göndərilməsidir. Savadlı adamlar idarəetməyə gəldikcə cəmiyyətin özü qüdrətlənir. Bu isə parlament deməkdir. Deməli, parlament idarəetməsi cəmiyyətin talantlı insanları hesabına qüdrətlənməlidir. Seçkinin fəlsəfəsi bundadır. Hər bir dövlət, hər bir partiya, siyasi qüvvə çalışmalıdır ki, parlamentdə güclü adamlar olsun. Bu yaxınlarda mənim bir məqaləm çıxıb, adı belədir: "Qəbul olunan qərarların xətası ilə təhsil arasında əlaqə". Orada bir cümlə gedir: insanlar düzgün qərar qəbul edə-edə şəxsiyyətlərə, dövlətlər düzgün qərar qəbul edə-edə qüdrətli dövlətlərə çevrilirlər. Amerika bu gün qüdrətli dövlətdirsə, bu təsdüfi deyil, deməli, bu günə kimi siyasi qərarlar verəndə az səhv edib. Ona görə də bu gün qüdrətli dövlətdir. Əgər bu gün biz böyüyə bilmiriksə, deməli, gündəlik qərarlarımızda səhvlərə yol veririk. Bu misalları ona görə gətirdim ki, fərqi yoxdur, partiya olsun, hakimiyyət olsun, həmişə düzgün qərar vermək lazımdır. [b]- Deyirsiniz ki, YAP bir yeniləşmə siyasəti aparır və dəyişib. Necə düşünürsünüz, hakim partiya bu dəyişikliklərlə parlament seçkilərində nə əldə edə biləcək? [/b] - YAP-ın qələbəsinə inanıram. Çünki siz deyən qədər də YAP-da yeniləşmə yoxdur. YAP-ın siyahısına təqribən 15 nəfər yeni adam daxil olub. Amma bunu da nəzərə alın ki, YAP hakim partiyadır. Ona görə də camaatın YAP-la münasibəti istidir. O gənclər ki var, indi biz onlar tanmırıq, Allah qoysa, onları da tanıyacağıq. Əvvəllər də elələri olub ki, tanımamışıq, amma indi üçüncü dəfə seçilir. Əgər gələcəkdə özünü göstərə bilcək adamlar olacaqsa, YAP-ı ancaq təbrik etmək olar. [b]- Şahlar müəllim, başqa bir məsələyə də toxunmaq istərdim. Ötən parlament seçkilərində Sizin alternativiniz olan Aynur Camalqızı bu dəfə həmin dairəyə getsə də, son anda problemlə üzləşdi. Bu barədə fikriniz necədir? [/b] - Vallah nə deyim? O cavandır, mən yaşlıyam, mən professoram, onun elmi dərəcəsi yoxdur. O qız haqqında heç nə demək istəmirəm. Bircə onun "mən seçilmişəm",- deməsi etiraz doğururdu. Axı sən seçilsəydin, belə olmazdı. Yadınızdadırsa, elə bu yaxınlarda Prezident Administrasiyasındakı Zeynal Nağdəliyev demişdi ki, icra başçısı mən deyəni eləməsə, onu işdən götürərəm. Yəni, hər şey ortadadır, başqa sözə ehtiyac yoxdur. Əgər o qız elə fikir səsləndirməsəydi, mən də danışıq eləməzdim. Ondan sonra danışmadığı üçün mən də danışmıram. Mən ötən dəfə elə sizin qəzetdə dedim ki, nə yaxşı seçilmədim. Çünki deputatlıqdan da daha vacib, cəmiyyət üçün daha səmərəli işlər gördüm. Deputat seçilsəydim, həmin işləri həyata keçirə bilməyəcəkdim. Ona görə də kiminsə deputat olub-olmaması məni bir o qədər də maraqlandırmır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA