"Azərbaycan hakimiyyəti uçurumun kənarındadır"

img

10-10-2010 [04:24]


[b]Eldar Namazov: "Hazırkı komandanın ölkəni başqa cür idarə etməyə nəinki həvəsi, arzusu, heç potensialı da yoxdur" [/b] Artıq demək olar ki, noyabrın 7-də keçiriləcək parlament seçkilərinin birinci mərhələsi başa çatıb. Bu dönəmdə müxalifət nümayəndələrinə qarşı sərgilənən mövqeyi, eyni zamanda hakimiyyət namizədlərinin monolitlikdən kənar bir şəkildə prosesə qoşulmasını nəzərə alsaq, gərgin bir seçki marafonunun keçəcəyini demək olar. Maraqlıdır, görəsən, bütün bu fərqli yanaşmalar, intriqalar və gərgin mübarizə şəraitində demokratik ənənələr gözləniləcəkmi? Bu və ya digər suallarımızı Azərbaycan Naminə İctimai Forumun prezidenti, politoloq Eldar Namazov cavablandırır: - Budəfəki parlament seçkiləri ilə bağlı hələ bir müddət əvvəl ictimai rəydə iki fikir formalaşmışdı. Birincisi ondan ibarət idi ki, bu seçkilər əvvəlki seçkilərlə heç nə ilə fərqlənməyəcək, yəni, proses tam olaraq iqtidarın nəzarəti altında keçəcək. Bu mənada da həm namizədlərin sayı çox az olacaq, həm də seçiciləri fəallağı o qədər yüksək olmayacaq. İkinci fikir ondan ibarət idi ki, bu seçkilər əvvəlki seçkilərdən də pis şəraitdə keçiriləcək. 2005-ci ildə mövcud olan məhdud imkanlar da müxalifətin əlindən alınacaq. Ona görə ki, son seçkilərdən bəri qanunvericilikdə müxtəlif dəyişikliklər edilmişdi, bu dəyişikliklər isə vəziyyəti yaxşılaşdırmağa doğru yox, əksinə, müxalifətin məhdud imkanlarını da əlindən almağa yönəlmişdi. Misal üçün, ötən seçkidən sonra seçki kampaniyasının müddəti azaldılıb, depozit qoyulması məcəllədən çıxarılıb və s. Maraqlısı odur ki, heç kim demirdi irəliyə doğru bir adım atılacaq və bu seçkilər əvvəlki seçkilərdən demokratik şəkildə keçiriləcək. [b]- Niyə ki, hakimiyyət mənsubları hər seçkiöncəsi bu fikirləri səsləndirir... [/b] - Düzdür, bunu deyənlər var. Amma bunu ya MSK sədri, ya da Prezident Administrasiyasının nümayəndələri söyləyirlər. Cəmiyyətdə - həm siyasi qüvvələrdə, həm vətəndaş cəmiyyətində, ziyalılar arasında belə bir ciddi ümid yox idi ki, seçkilər əvvəlkindən daha yaxşı olacaq. Ya deyirdilər ki, əvvəlki kimi, ya da deyirdilər ki, onda da pis olacaq. İndi biz seçkinin birinci mərhələsini görürük. Müşahidə etdiyimiz proseslər göstərir ki, ikinci fikir özünü doğruldacaq. Yəni, 2005-ci ildə olan məhdud imkanlar da bu seçkidə olmayacaq. Hər halda indi lazımi sayda namizədi qeydə alıb, bununla pulsuz efir vaxtından istifadə etmək imkanı da şübhə altındadır. Böyük ehtimalla demək olar ki, bu imkanlar da müxalifətin əlindən alınacaq. [b]- Eldar müəllim, əslində bu tendensiya neçə ildir davam edir. Bəziləri iddia edirlər ki, vəziyyət hər seçkidən sonra daha da ağırlaşır. [/b] - Təbii ki, bu təsadüfi deyil. Mən özüm birinci peşəm üzrə tarixçiyəm, tarix fakültəsini bitirmişəm və tarix elmləri namizədiyəm. Həm Azərbaycan, həm region, həm də dünya tarixinə müəyyən mənada bələdəm. Deyə bilərəm ki, burada təəccüblü bir şey yoxdur. Müxtəlif ölkələrdə vaxtaşırı baş verən proseslər Azərbaycanda da baş verir. Bu prosesin də öz məntiqi var. Məntiq də ondan ibarətdir ki, avtoritar, korrupsiyalaşmış rejimlərin iki yolu olur. Ya elə bir fürsət yaranır və hakimiyyətin başında olanlar düşünürlər ki, vəziyyəti dəyişmək lazımdır və islahatlar yolu ilə addım-addım ölkəni düşdüyü durumdan çıxarmağa başlayırlar. Ya da ildən-ilə vəziyyəti daha da gərginləşdirirlər. Ona görə ki, bir yerdə dayanmaq olmaz. Çünki bu, velosiped sürməyə bənzəyir, əgər dayansan, yıxılacaqsan. Bu səbəbdən də mütləq pedalları fırladıb sürməlisən. O zaman da sual yaranır ki, hansı tərəfə sürməlisən? Ya rejimi daha da sərtləşdirməyə doğru sürməlisən, ya da islahatlar aparmağa doğru. Biz də isə ölkənin inkişafını təmin etmək üçün heç bir siyasi iradə və istək görsənmir. Yəni, Azərbaycan hakimiyyəti rejimi daha da sərtləşdirmək siyasəti aparır. Ona görə ki, daxili məntiq bunu tələb edir. Misal üçün, cəmiyyətin içərisində narazılıq artır. Əvvəllər isə yalnız müxalifət düşərgəsində, bir də ən yoxsul təbəqədə narazılıq var idi. İndi bu narazılıq artıq orta sinfə də keçib. Ona görə ki, maaşlar, pensiyalar ailəni dolandırmağa imkan vermir. Ondan sonra artıq böyük bizneslə məşğul olanlar da narazıdır. Ona görə ki, indi qanunvericilikdə təsbit olunur ki, hər bir kəsin mülkiyyəti məhkəmənin qərarı olmadan əlindən alına bilər. Bu narazılıq ziyalılar arasında da var. Onlara qarşı da müəyyən təzyiqlər olur. Bir sözlə, ölkədə bütün sferalarda narazılıq artıb. İndi ya narazılığı yaradan səbəbləri aradan qaldırmalısan, ya da rejimi daha da sərtləşdirib o narazılığı ifadə etmək imkanını məhdudlaşdırmalısan. Təəssüflər olsun ki, Azərbaycan hakimiyyəti ikinci yolu seçib. [b]- Axı, narazı kütləni sıxmaqda çox da davam etmək olmaz. Fikrinizcə, hakimiyyətin bu siyasəti nə ilə nəticələnə bilər? [/b] - Avtoritar rejimlərin heç vaxt müsbət sonu olmayıb. Bu cür rejimlərin hardasa bir hissəsi yarı yolda dayanıb islahatlar keçirməyə başlayır və ölkəni düşdüyü vəziyyətdən çıxarırlar. Əksəriyyəti isə dayanmadan rejimlərini sərtləşdirirlər. Bu da onunla nəticələnir ki, SSRİ-nin başına gələn hadisə həmin rejimlərin başına gəlir. Nədənsə hakimiyyətlər bunu nəzərə almaq istəmirlər. Azərbaycanda da avtoritar bir rejim var. Aparılan siyasət isə vəziyyəti kritikləşdirib. Demək olar ki, Azərbaycan hakimiyyəti uçurumun kənarındadır. Məsələ ondadır ki, vəziyyətdən çıxmaq üçün hər hansı addım atmaq barədə fikirləşmirlər. Hazırkı komandanın ölkəni başqa cür idarə etməyə nəinki həvəsi, arzusu, heç potensialı da yoxdur. [b]- Budəfəki seçkidə iştirak etməyəcəksiniz. Namizəd olmasanız da, prosesdə hansı formada iştirak edəcəksiniz və bunun hansı müsbət nəticəsi ola bilər? [/b] - Mən bundan əvvəlki dövrlərdə də seçkilərə qatılanda seçkiyə mandat qazanmaq imkanı kimi baxmırdım. 2005-ci ildə məni daha çox maraqlandıran başqa amil idi. Yəni, ölkədə müəyyən bir fəallıq, güclü müxalifət blokları var idi, o cümlədən də bizim yaratdığımız blok. Bundan əlavə, nəyisə dəyişmək perspektivləri var idi. Mənim mübarizəm o imkanlarla bağlı idi ki, əgər ölkədə vəziyyəti dəyişməyə imkan varsa, bu prosesə mütləq dəstək vermək lazımdır. Əgər mübarizə mandat uğrunda, - özü də xalqın iradəsi ilə yox, hakmiyyətin razılığı ilə verilən mandat uğrunda gedirsə, - mənim belə prseslərdə iştirak etmək niyyətim heç vaxt olmayıb, indi də yoxdur. Ancaq bu seçkilərdə namizəd kimi iştirak etməsəm də, çalışacam ki, cəmiyyət üçün faydalı nəticələr əldə edə bilək. Mənim aləmimdə belə bir faydalı nəticə yeni gənc dalğanın bu seçki prosesində fəallığını təmin etməkdir, onlara özlərini meydanda nümayiş etdirməyə dəstək verməkdir. Hesab edirəm ki, bu, Azərbaycanın gələcəyi üçün də çox önəmlidir. Ona görə də mən bir sıra namizədlərin seçki kampaniyasının hazırlıq işlərində iştirak edirəm. İnşallah, qeydiyyat məsələsi bitəndən sonra da həmin o dalğanın, gənclər təşkilatlarının nümayəndələrinin kampaniyalarında iştirak edəcəyəm. Söhbət ondan getmir ki, onlar bir mandat əldə etsinlər. Söhbət ondan gedir ki, Azərbaycanın siyasi medanında yeni, potensialı olan gənc nəslin nümayəndələri öz yerlərini tuta bilsinlər. [b]- Seçkiyə qoşulan müxalifət blokları var. Onlara hər hansı bir formada dəstək verə bilərsinizmi? [/b] - Fərdi qaydada mənə çoxlu müraciətlər olub. Açığını deyim, partiya sədrlərindən tutmuş, bir çoxları təklif edirdi ki, mən seçkilərdə onların ictimai vəkili olum. Mən ona da razılıq vermişdim. Sadəcə olaraq, qanunvericiliyə görə, rəsmi olaraq bir çox namizədin vəkili olmaq yasaqdır. Hər halda hüquqşünaslar bunu mənə belə izah ediblər. Amma mən öz dəstəyimi rəsmi ictimai vəkil kimi olmasa da, qeyri-rəsmi verə bilərəm. [b]- Artıq demək olar ki, mübarizəyə qoşulan tərəflər bəllidir. Necə düşünürsünüz, mübarizə hansı şəraitdə keçəcək?[/b] - Qeyd etdiyim kimi, müxalifətin imkanlarını çox məhdudlaşdırıblar. Əminəm ki, seçki kampaniyasında da bu imkanlar 2005-ci ildəkindən xeyli az olacaq. Ancaq buna baxmayaraq, cəmiyyətin özündə də böyük narazılığın olduğunu nəzərə alaraq, əminəm ki, müxalifət namizədləri kifayət qədər səs toplaya biləcəklər. Təəssüflər olsun ki, 2005-ci ildən fərqli olaraq, bu dəfə beynəlxalq təşkilatlar tərəfindən "exit-poll" da keçirilmir. Ümumiyyətlə, beynəlxalq təşkilatların marağının azalması da onu göstərir ki, 2010 parlament seçkilərinin demokratik keçirilməsinə ümidlər çox azdır. Ancaq burada mübarizə təkcə müxalifətlə iqtidar arasında getmir, eyni zamanda iqtidarın da içərisində müxtəlif qruplar mövcuddur və hər qrupun dəstəklədiyi namizəd var. Bu rəqabət iqtidar düşərgəsinin içərisində də mövcuddur. Bəzi hallarda bu rəqabət hansısa müxalifət namizədi ilə YAP-ın namizədi arasındakı rəqabətdən daha güclü olur. [b]- Belə çıxır ki, bu seçkilərdə hakimiyyətiçi mübarizə də özünü kifayət qədər göstərəcək... [/b] - Əslində bu, hər seçkidə olub və bu seçkidə də olacaq. Gördünüz ki, hakim partiyanın namizədlər siyahısında sonradan nə qədər dəyişikliklər oldu, hələ də bu proses tam başa çatmayıb. Bu onun göstəricisidir ki, hakimiyyətin içərisində də müxtəlif yanaşmalar var. [b]- Bu fərqli yanaşmaları gərgin vəziyyət kimi dəyərləndirmək olarmı? [/b] - Hər halda onun işarəsidir. Mövcud olan qruplar hakimiyyət daxilindəki qruplardır. Görünən odur ki, hakimiyyət daxilindəki qruplaşmaların mübarizəsi seçki ərəfəsində daha açıq müstəviyə keçib. Özü də onların mübarizəsi daha kəskin olur. Ona görə ki, onlar müxalifətin zəif olduğunu güman edir və düşünürlər ki, müxalifət tərəfindən seçkidə ciddi bir təhlükə yoxdur. Bu səbəbdən də daxildə olan monolitliyi zəiflədən qrup maraqlarını gizlətmirlər. [b]- Eldar müəllim, hər seçkidən sonra ictimai-siyasi arenada təmsil olunanlar növbəti seçkiyə hazırlaşırlar. Düzdür, hələ parlament seçkiləri bitməsə də, Sizin 2013-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.[/b] - Hesab edirəm ki, bu haqda danışmaq, hansısa planlar qurmaq tezdir. Hələ parlament seçkiləri başa çatmalıdır, güclərin balansı bir daha dəqiqləşdirilməlidir. İndi yeni bir amil meydana gəlib, bu da Avropa Məhkəməsinin seçkilərlə bağlı qərarlarıdır. 2005-ci ildən bəri 30-a yaxın işə baxılıb. Artıq iki dairə ilə bağlı qərar da verilib. Mənim şikayətimlə bağlı da məsələyə baxılıb, qərarların hamısı açıqlanacaq. Heç şübhə yoxdur ki, Avropa Məhkəməsinin qərarı ilə hüquqları pozulmuş şəxslərin hüquqları bərpa olunacaq. Mən nəyə görə bu fikri irəli sürürəm ki, 2010-cu il parlament seçkilərindən sonra da çoxlu şikayətlər Avropa Məhkəməsinə gedəcək. Artıq biz seçkilərlə bağlı Avropa Şurasının, ATƏT-in mövqeyinə yox, eyni zamanda beynəlxalq qurum kimi Avropa Məhkəməsinin də mövqeyini nəzərə almalı olacağıq. Ola bilsin, gələcəkdə bu mövqe daha effektli olsun. Avropa Şurası və ATƏT yalnız nəyisə tənqid edə bilir, apardığı monitorinqlərin nəticələrini elan edir, ondan sonra da hökumətə müəyyən təkliflər verir. Avropa Məhkəməsi isə baş vermiş qanun pzuntusu ilə bağlı arqumentlərə əsasən hökuməti cəzalandırır. Yəqin ki, bundan sonra da bu cür qərarlar veriləcək. Bunun özü də seçki məsələsinə münasibətlərdə müəyyən bir dəyişiklik edəcək. Hesab edirəm ki, Avropa Məhkəməsinin seçkilərdə baş verən saxtakarlığa qarşı verdiyi bu qərarlar həm ictimai rəyə, həm ictimai fəallığa ciddi şəkildə təsir edəcək. [b]- Növbəti prezident seçkilərinə ona görə toxundum ki, deyirlər, Eldar Namazov budəfəki parlament seçkilərinə qatılmasa da, 2013-cü il prezident seçkilərinə hazırlaşır. Hətta bununla bağlı hansısa bir blok, birlik yaratmaq niyyətinizin olduğu da güman edilir... [/b] [i]- (Gülür)[/i] Yuxarıda dediyim kimi, hələ prezident seçkiləri ilə bağlı fikirləşmək, hansısa plan qurmaq tezdir. Gəlin hələ bu parlament seçkilərini başa çatdıraq, ondan sonra növbəti mərhələdə, növbəti proseslərlə bağlı söhbət edərik.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA