Mehman Əliyev:"Ölkədə iqtisadi, sosial və idarəetmə böhranı hökm sürür"

img

02-08-2010 [06:57]


[b]"Hazırda ölkədə vəziyyət pisdir, idarəçilik pozulub, proseslər orta səviyyədə belə idarə olunmur. Korrupsiya halları kifayət qədər artıb, demək olar ki, bütün strukturları əhatə edir" [/b] Hər seçkiöncəsi olduğu kimi, bu il də ölkdəki ictimai-siyasi durum, seçkiqabağı şərait və digər proseslərlə bağlı siyasi tərəflər fərqli mövqe sərgiləyirlər. Müxalifət ölkədə demokratik seçki mühitinin olmadığını, hakimiyyətin saxtakarlığa hazırlaşdığını bəyan edir, qarşı tərəf isə işlərin qaydasında olduğunu, demokratik seçki üçün bütün imkanların yaradıldığını bildirir. Hakimiyyətin də, müxalifətin də tərəf olduğunu nəzərə aladıqda, daha obyektiv münasibətə ehtiyac duyulur. Görəsən, müstəqil mövqedə olan şəxslər nə düşünür? Suallarımızı ictimai-siyasi proseslərdə yaxından iştirak edən "Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev cavablandırır: - Hazırda ölkədə vəziyyət pisdir, idarəçilik pozulub, proseslər orta səviyyədə belə idarə olunmur. Korrupsiya halları kifayət qədər artıb, demək olar ki, bütün strukturları əhatə edir. Bu mənada vəziyyət yaxşı deyil. Biznes adamları üçün hansısa iş görmək çox çətindir, çünki onlara fəaliyyətlərində süni əngəllər yaradılır. Adi vətəndaşlar üçün də vəziyyət pisdir. İqtisadi problemlər çoxalıb, inflyasiyanın səviyyəsi artıb. Tikinti sahəsində isə durğunluq var. Mənzillərin alqı-satqı bazarında qiymətlr aşağı düşür. Yəni, bütövlükdə ölkədə iqtisadi, sosial və idarəetmə böhranı hökm sürür. Bu da ölkədə gərginliyin artmasına səbəb olur və getdikcə cəmiyyətdə narazılıq artır. [b]- Mehman bəy, qeyd etdiyiniz bu problemlər və narazılıqlar seçkidə özünü hansı formada büruzə verə bilər? [/b] - Qeyd etməliyəm ki, əvvəlki illərlə müqayisədə hazırda narazılıq daha çoxdur. Bu narazı elektorat da hakim partiyanın nümayəndələrinə səs verməyəcək. Ola bilsin ki, hakimiyyəti dəstəkləyən müəyyən kəsim var, amma əksəriyyət hakimiyyətdən narazı olduğu üçün qarşı tərəfi dəstəkləyəcək. [b]- Necə düşünürsünüz, narazılıq yalnız hakimiyyət nümayəndələrinə səs verməməklə ifadə olunmalıdır, yoxsa başqa üsullara da əl atılmalıdır? [/b] - O, artıq vəziyyətdən asılıdır. Məsələn, Nardaranda yol çəkilir, camaat etirazını bildirib Ziya Məmmədovdan haqlarını tələb edir, yolu kəsir və hüquqlarını bu yolla qorumağa çalışırlar. Digər tərəfdən, Sabirabad, İmişli və başqa rayonlarda artıq üç aydır ki, selin yaratdığı fəsadlar aradan qaldırılmır, insanlar acınacaqlı durumdadırlar, kompensasiyalar verilmir, evləri bərpa olunmur, təsərrüfatları məhv olub, amma hökumət yenə də tərpənmir. Büdcədən 300 milyon ayrılıb, bizdə olan məlumata görə, 50-60 milyon manat artıq xərclənib, amma hara xərcləndiyi bilinmir. Yüz mindən çox vətəndaş acınacaqlı vəziyyətdədir, ev-eşiyindən didərgin düşüb, mal-mülkünü itirib, amma hökumət onlara gəlir mənbəyi kimi baxır. Hökumət nümayəndələri düşünürlər ki, nə qədər mümkündürsə, ayrılan pulları mənimsəsinlər. Camaatın dərdi bir tərəfdə, məmurların maraqları başqa tərəfdədir. Yəni, belə bir məqamda da məmurlar öz mənimsəmə niyyətlərini saxlaya bilmirlər. Təbii ki, bu da ölkə üçün böyük faciədir. Əlbəttə, o bölgənin sakinləri etiraz eləmişdilər, Nazirlər Kabinetinin, Prezident Administarsiyasının qarşısına gəlmişdilər. Amma bu gün onların problemləri həll olunmayıb, əlbəttə ki, bu narazılıq seçkilərdə də özünü göstərəcək. [b]- Ölkədə kifayət qədər problem və bundan narazı olan kütlə var, bəlkə müxalifətin rolu zəif olduğu üçün bu narazılığı sistemləşdirə bilmir? [/b] - Müxalifət bu məsələlərə qarışmır. Qarışarsa, hakimiyyət dərhal buna siyasi don geyindirəcək və deyəcək ki, camaatı qızışdıran müxalifətdir. Ondan sonra da vəziyyətin süni olduğu daha çox qabardılacaq və əlbəttə ki, böyük bir kampaniya başlayacaq. Müxalifətin bu proseslərdən kənarda dayanması bununla bağlıdır. Məncə, elə belə də olmalıdır. [b]- Hazırda müxalifət düşərgəsində birləşmə məsələsi də gündəmə gəlib. Xüsusən də AXCP-Müsavat yaxınlaşmasının ictimai-siyasi həyatda canlanma yaradacağını və hakimiyyətə alternativ güc mərkəzi kimi ortaya çıxacağı bildirilir. Bu barədə nə düşünürsünüz? [/b] - Bu fikirlərlə razıyam, proseslər elə o istiqamətə gedir. Hesab edirəm, son illər birinci dəfədir ki, belə bir birləşmə ortaya çıxır. Bu, onu göstərir ki, artıq nəinki müxalifət birləşməyin lazım olduğunu anlayır, o cümlədən, cəmiyyətin böyük bir təbəqəsi bu birliyi istəyir və bu birlik də reallaşmağa başlayır. [b]- Ancaq bu cür birliklərə beynəlxalq dəstək də lazımdır. Necə düşünürsünüz, belə bir dəstək olacaqmı? [/b] - Beynəlxalq dəstək var. Diqqət edirsinizsə, beynəlxalq təşkilatlar seçkiöncəsi vəziyyət, sərbəst toplaşmaq azadlığı və digər demokratik islahatlarla bağlı kifayət qədər ciddi bəyanatlar, təkliflər səsləndiriblər. Hesab edirəm ki, Şərq Tərəfdaşlıq Proqramı çox ciddi proqramdır, Azərbaycanda artıq bu proqram qəbul olunub. Artıq 16 iyuldan başlayaraq Azərbaycanla Avropa Birliyi arasında münasibətlər haqqında danışıqlar başlayıb. Bu, çox ciddi məsələdir. Yəni, Azərbaycan hakimiyyətindən kifayət qədər dərin və ciddi demokratik islahatlar tələb olunacaq. Azərbaycan bu dəyişikliklərə getməyə bilməz. Hesab edirəm ki, bu məsələdə xarici amillər də öz təsirini göstərəcək. [b]- Müxalifət birləşəndən sonra liderin kim olması məsələsi də gündəm gəlir. Bir vaxtlar müxalifətin vahid namizədi kimi Siz təklif olunurdunuz. İndi də yeni yaradılacaq birliyə rəhbər kimi Sizin də adınız hallanır. Bu barədə nə deyə bilərsiniz? [/b] - Öncə onu deyim ki, mən müxalifət nümayəndəsi deyiləm və heç vaxt da hər hansı partiyanın üzvü olmamışam. O başqa məsələdir ki, mənim baxışlarım müxalif yönümlüdür. Azərbaycanda demokratiyanın bərqərar olması, insan haqlarının yüksək səviyyədə qorunması, mətbuat və söz azadlığının təmin olunması, qanunun aliliyi və s. bu kimi məsələlər uğrunda əlimizdən gələni etməyə çalışırıq. Hesab edirəm ki, bu bizim - müstəqil jurnalistlərin yoludur. Amma buna baxmayaraq, hər hansı siyasi partiyada olmamışam, ona görə də özümü heç bir partiyanın, yaxud hansısa siyasi qüvvənin rəhbəri kimi görmürəm. Düşünürəm ki, bu işlə professional siyasətçilər məşğul olmalıdırlar. Əli Kərimli müsahibəsində bildirmişdi ki, o, bu birləşmədə rəhbər rolunda da, sıravi üzv rolunda da olmağa hazırdı. Yəni, hər şey ondan asılı olacaq ki, bu etimad ona göstəriləcək, ya yox. Onun üçün daha vacibdir ki, bu birləşmə olsun. İsa Qəmbər də təxminən bu mövqedədir. Mən də hesab edirəm ki, kimin birinci şəxs olması prinsipial məsələ deyil. Əsas odur ki, qüvvələr bir araya gəlib, vahid ideya ətrafında birləşsinlər. [b]- Mövzunu bir qədər dəyişmək istərdim. Bildiyiniz kimi, ötən həftə Milli Mətbuatın 135 illiyi ilə bağlı bir sıra tədbirlər keçirilirdi və dövlət tərəfindən mətbuat nümayəndələrinə yardımlar, mükafatlar verildi. Amma narazı qalanlar da oldu. Bu prosesdə ədalətsizliyin, qeyri-obyektivliyin olması ilə razısınızmı? [/b] - Əlbəttə razıyam. Bəlkə də mən hamıdan çox narazıyam ki, bu cür qərarlar verilib. Bu da onunla bağlıdır ki, dövlət yardımının hansı prinsiplərlə verildiyi bəlli deyil. Bilinmir ki, digərlərindən fərqli olaraq, hansı əsasda qeyd olunan qəzetlərə pul verilib. Çünki onların əksəriyyətinin təsir imkanlarını nəzərdən keçirsək, görərik ki, təsir dərəcəsi sıfırdır. O zaman bu ayrı-seçkilik nəyə lazımdır? Məsələn, "Turan" İnformasiya Agentliyinin abunədən qazandığı gəlir ekvivalentdir ki, mən, gündə 5 min qəzet satıram. Hansı qəzet rəhbəri mənə deyə bilər ki, o, gündə 5 min qəzet satır? Belə bir qəzet varmı? [b]- Məncə, yox... [/b] - Bəli, yoxdur. Amma bunlar gündə 30-40 nüsxə satılan qəzetə 20 min manat verir. Əgər bu qəzet gündə 30-40 nüsxə satılırsa, niyə ona 20 min, mənə 10 min manat verilir? Mən dövlətə o qədər vergi verirəm, onun bir hissəsini mənə qaytarır. Başa düşmürəm, heç bir ictimai təsiri olmayan, satılmayan qəzetə niyə məndən çox pul verilir? Onun məndən nəyi artıqdır? Bu cür qəzetləri kim saxlayır, onların arxasında kim dayanır? Bu cür mətbuat olmaz! Üstəlik, mətbuata bu cür dəstək verirlər, özü də rəsmi səviyyədə. Bu, sadəcə olaraq, biabırçılıqdı. [b]- Narazıların hədəfində əsasən KİV Fondu və Mətbuat Şurasıdır. Sizin özünüz də Mətbuat Şurası ilə bağlı sərt açıqlamalar vermişdiniz... [/b] [i]- (Tələsik)[/i] Mən artıq ötən ilin payızından Mətbuat Şurasından çıxmışam, bu gün o qurumun üzvü deyiləm. Mətbuat Şurasını yaradan 70 təşkilat var idi, təxminən 150-160 KİV var, onların 99 faizi özü-özünü dolandırmır, onları hakimiyyət dairələri qeyri-leqal vəsaitlərlə saxlayır. Yəni, Mətbuat Şurası həmin KİV-ləri təmsil edir. Bu mənada demişəm ki, Mətbuat Şurası satılmış mətbuatın təmsilçisidir. Ona görə də Mətbuat Şurası kimi bir qurumda təmsil olunmaq mənim üçün təhqirdir. [b]- Hazırda narazıların yeni bir qurum yaratmaq istəyi var. Hətta bu barədə Sizinlə də müəyyən görüşlər olub... [/b] - Bu məsələ ilə bağlı mənimlə çox adam görüşüb, danışıb, hətta ona rəhbərlik etmək təklifləri də var. Amma mən, Açıq Cəmiyyət İnstitutunun İdarə Heyətinin sədriyəm və istəməzdim ki, bu prosesə müdaxilə edim. Ancaq hər bir qrupun, redaksiyanın ixtiyarı var ki, hansısa birlik yaratsın. [b]- Alternativ Mətbuat Şurasının yaradılması ilə bağlı fikirlər də səslənir. Sizcə, alternativ Mətbuat Şurasının yaradılması lazımdırmı? [/b] - Biz, Mətbuat Şurasını yaradanda iş belə qurulmuşdu ki, orada müstəqil, müxalifət və hakimiyyətyönlü mətbuat təmsil olunsun. Bu gün isə həmin qurumun İdarə Heyətində əsasən iqtidaryönlü - həmin o idarəolunan və maliyyələşdirilən mətbuatın nümayəndələri qalıb. Yəni, Mətbuat Şurasında demək olar ki, real mətbuat yoxdur. Yenə də deyirəm, 30-40 nüsxə satılan qəzetə mətbuat deyə bilmərəm. Mətbuat Şurası artıq öz missiyasını və mahiyyətini itirib, ona görə də alternativ qurumun yaradılması məsələsi ortaya çıxıb. Hesab edirəm ki, bu, hakimiyyətin apardığı səhv siyasətin nəticəsidir. Biz 2003-cü ildə bütün jurnalistləri bir araya gətirdik ki, vahid mətbuat təşkilatı yaradaraq problemlərimizi həll edək. Təəssüflər olsun ki, hakimiyyət dairələri buna qarşı çıxıb və həmrəyliyi pozur. Nəticə olaraq, biz də o fikrə gəlmişik ki, artıq alternativ qurum yaradılmalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR