ADP Azərbaycanda azad və ədalətli seçki keçirmək imkanının olmadığını bəyan edib

img

02-08-2010 [01:31]


Bu gün ADP sədri Sərdar Cəlaloğlunun sədrliyi ilə partiyanın İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ötən həftə ərzində baş vermiş və ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edən bir sıra ictimai-siyasi hadisələr müzakirə predmeti olub. İdarə Heyəti ilk öncə ötən həftə Haaqa Məhkəməsinin Kosova ilə bağlı qəbul etdiyi qərar və bu qərardan ermənipərəst qüvvələrin bəhrələnmək cəhdlərinə münasibət bildirərək qeyd edib ki, Kosova məsələsi Dağlıq Qarabağ problemində heç bir halda presedent rolu oynaya bilməz. Belə ki, Kosova xalqı serblərin genosidinə məruz qalmışdır, onların serblərlə bir yerdə yaşaması həyatlarına təhlükə törədirdi. Dağlıq Qarabağ münaqişəsində isə ermənilər azərbaycanlıları genosidə məruz qoyub, ərazilərimizi işğal edib, ermənilərin Dağlıq Qarabağ müharibəsində Azərbaycan hökuməti tərəfindən hər hansı bir genosidə məruz qalması faktı yoxdur. İdarə Heyəti həmçinin hakimiyyətdən ermənilərin bu təbliğatına qarşı beynəlxalq səviyyədə ciddi iş aparmağı tələb edib. Toplantıda ötən həftə ATƏT-in DTİHB-nun Azərbaycandakı seçkiqabağı situasiyanı dəyərləndirən hesabatı da müzakirə olunub. İdarə Heyəti qeyd edib ki, bu hesabat Azərbaycanda konstitusiyaya uyğun azad, bərabər və ədalətli seçki keçirmək imkanının olmadığını bir daha təsdiq edir. Çox təəssüf ki, Azərbaycan iqtidarı vəziyyətin dəyişdirilməsi üçün səmərəli addımlar atmır, beynəlxalq təşkilatlarla, o, cümlədən ATƏT-lə əkdaşlıq etmir və Azərbaycan Avropa dəyərlərindən getdikcə uzaqlaşır. Bu hesabatdan dərhal sonra iyul ayının 31-də Müsavat-AXJP və DUİ-nin keçirdiyi mitinq də bir daha göstərdi ki, ölkədə seçkiqabağı situasiya hələ də ağır olaraq qalmaqdadır. İdarə Heyəti mitinq qabağı həbsləri, o cümlədən ADP gəncləri Kamal və Orxan Hüseynov qardaşlarının həbslərini, mitinqin zorakılıqla dağıdılması və 10 nəfər aksiya iştirakçısının qeyri-qanuni olaraq həbs olunmasını qətiyyətlə pisləyib. Eyni zamanda hakimiyyəti ölkədəki seçkiqabağı situasiyanın yumşaldılması, sərbəst toplaşmaq azadlığının təmin olunması, azad mətbuata olan basqılar və s. sahədə irəliyə doğru addımlar atmağa çağırıb. İdarə Heyəti M.Brayzanın Azərbaycana səfir təyin olunması və onun bu təyinatına erməni lobbisi tərəfindən maneələr yaradılması məsələsinə də toxunaraq qeyd edib ki, uzun müddət Dağlıq Qarabağ probleminin həllində vasitəçilik edən, bölgəni yaxından tanıyan bu şəxsin ermənipərəst mövqedə durması hamıya aydındır və bu baxımdan onun ölkəmizdə səfir postunda olması arzuolunmazdır. Erməni lobbisinin onun təyinatına maneə törətməsi ilə bağlı hərəkətləri isə növbəti erməni bicliyindən başqa bir şey deyil. ?Yeni Müsavat? qəzetinin reportyorlarının döyülməsinə münasibət bildirən İdarə Heyəti üzvləri bildirib ki, korrupsiya faktlarını araşdıran curnalistlərin döyülməsini qətiyyətlə pisləyir, hüquq mühafizə orqanlarını bu fakt üzrə cinayət işi qaldırmağa və curnalistlərin döyülməsində iştirak edən şəxsləri dərhal məsuliyyətə cəlb etməyə çağırır. Eyni zamanda qiyməti milyonlarla ölçülən mülkləri olan şəxslərin vergi ödəməsinə aşkarlıq gətirilməsi ilə bağlı müvafiq orqanların açıqlama verməsi tələb olunub. Şəhid Mübariz İbrahimovun Milli Qəhrəman adına layiq görülməsini təqdir edən İdarə Heyəti bildirib ki, onun fərdi qərhərmanlığı təqdir olunmalı və əsgər heyətinin bu ruhda tərbiyə olunması ilə bağlı orduda ciddi işlər görülməlidir. İdarə Heyəti qeyd edib ki, Mübariz İbrahimovun qəhrəmanlığı onu göstərir ki, ortada siyasi iradə olacağı təqdirdə Azərbaycan əsgəri işğal altında olan torpaqlarımızı azad etmək iqtidarıdadır. İdarə Heyəti həmçinin Mübariz İbrahimovun meyidinin bu günədək erməni tərəfindən alınmamasından təəsüfləndiyini bildirib və hakimiyyəti bu məsələdə lazımi səy gstərməməkdə suçlayıb. İdarə Heyəti sonda cari məsələlərlə bağlı da bir sıra qərarlar qəbul edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA