21-07-2010 [05:07]
[b]Fazil Mustafa: "Lalə Şövkət Azərbaycan siyasətində xarakteri ilə kişi addımı ata biləcək az adamlardan biridir, amma ona verilən dəyəri gördük"
[/b]
Seçki yaxınlaşdıqca siyasi arenada maraqlı hadisələr baş verir. Xüsusən də, müxalifət düşərgəsindəki parçalanma və birləşmələr maraqlı seçki prosesinin keçəcəyini düşünməyə əsas yaradır. Müsahibə verən Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa isə deyir ki, əvvəlki illərdən fərqli olaraq, seçkiöncəsi hər hansı fəallaşma hiss olunmur.
- Təbii ki, artıq cinahlar müəyyənləşib, iqtidar seçkiyə ayrı gedir, müxalifətdə isə müəyyən bloklaşmalar var və ən azı əməkdaşlıq istiqamətləri bəllidir. Bunların hamısının çözülməsi ona gətirib çıxarır ki, parlament seçkiləri kifayət qədər gərgin keçəcək. Bütün hallarda iqtidarın resursları daha çox olduğuna görə seçkiyə geniş miqyasda hazırlaşırlar. Amma müxalifət cinahının da seçkilərdə uğur qazanmaq imkanları var. Əgər ağıllı taktika qurulsa parlamentdə təmsilçilik məsələsində ciddi uğurlar qazanmaq mümkündür.
[b]- Bəs, rəhbəri olduğunuz partiya necə? [/b]
- Bizim partiya bu istiqamətdə gücünü səfərbər edəcək. Birinci, real qalib gəlməsi mümkün olan namizədlərimizi müəyyən edirik.
İkinci, parlament seçkilərində partiyanın təbliği baxımından iştirak edən namizədləri müəyyənləşdiririk, çünki həm də efir vaxtı almaq və başqa taktiki məsələləri çözmək lazımdır. İndi bu istiqamətdə də hazırlığımız yekunlaşmaq üzrədir.
[b]- Fazil bəy, bu günə kimi müxalifət nümayəndələri Azərbaycanda seçki yox, təyinatın olduğunu bildirirdilər. Siz isə deyirsiniz ki, ağıllı taktika qurulsa, uğur qazanmaq olar. Belə çıxır ki, seçkinin demokratik keçəcəyini gözləyirsiniz? [/b]
- Mən dünyanın heç bir yerində müsbət mənada demokratik seçki olduğu düşüncəsində deyiləm. Söhbət İtaliyadan gedirsə, orada bir televiziya maqnatı baş nazirdir. Hansı yolla bu posta gəlib çıxıb, bunun özü müzakirə mövzusudur.
Azərbaycan demokratik dəyərləri mənimsəməmiş, özünün hansı siyasi, iqtisadi sistemə malik olduğunu müəyyənləşdirməmiş bir ölkədir. Belə bir vəziyyətdə hər şeyin təyin olunduğu anlayışı ilə proseslərə yanaşsan, onda hamı öz siyasət dükanını bağlayıb kənara çəkilməlidir. Əgər siyasətin içindəsənsə, hansı neqativ prosesin getməyindən asılı olmayaraq, hər şeyə hazır olmalısan. Qonşu ölkələrin nümunələri göstərdi ki, istənilən sürprizlər hər an baş verə bilər. Kim hazır olursa, daha ön mövqedə durur. Amma əvvəlki taktika ilə, ümidsiz, pessimist vəziyyətdə mübarizəyə qoşulursansa, təbii ki, uğur qazanmaqdan söhbət belə gedə bilməz. Məncə, prosesləri izləyərək daha aktiv rol almaq lazımdır.
[b]- Siz son 5-6 ildə yeni taktika seçsəniz də, ortada hər hansı uğurunuz yoxdur. Amma yenə də bu yolu təqdir edirsiniz... [/b]
- Bu sualları siyasi cəbhənin içərisində olan hər bir kəsə vermək olar. Məsələn, 93-cü ildə partiya yaradan adama da, hakimiyyətə qarşı ən sərt mübarizə aparan adamlara da vermək və soruşmaq olar ki, nə qazanmısan? Digərlərinə də - islahatlar yolu ilə dəyişikliyə nail olmaq istəyənlərə də bu sualı versən, yenə da cavab ala bilməyəcəksiniz. Bu, onunla bağlıdır ki, Azərbaycan kimi cəmiyyətlər stativ cəmiyyətlərdir və bu cəmiyyətlərdə dəyişiklik tədricən baş vermir. Bu cəmiyyətlərdəki tərəflərin arasındakı ziddiyyətlərin fonunda qəfil hadisələrin baş verməsi mümkün olur. Hələki bu qəfil hadisələr baş verməyib. İqtidar düşünür ki, hər şey belə rahatlıqla gedəcək, heç bir "sürpriz" olmayacaq. Müxalifət də fikirləşir ki, Allah göydən daş yağdıracaq və vəziyyət birdən-birə dəyişəcəkdir. Bu iki yanaşma ölkədə real dəyişikliyin yaranmasına imkan vermir. Amma bu baxmayaraq, müəyyən siyasi qüvvələr cəmiyyətin gələcəyində hər hansı bir qarşıdurmanın, kinin, barışmaz mövqelərin ortadan tədricən qaldırılması üçün çalışırlarsa, bunun birgünlük nəticəsi olmur. Bizim çalışdığımız odur ki, Azərbaycan cəmiyyəti Qırğızıstan yolu getməsin. Eyni zamanda, Rusiya yolu da getməsin, cəmiyyətlə iç-içə, barışıq içində olan bir dövlət formalaşsın. Biz buna çalışırıq, ancaq gücümüz, potensialımız nədirsə, ona uyğun addımlar atırıq. Hesab edirəm ki, bunun nəticəsi mütləq olacaq. Cəmiyyətin böyük əksəriyyəti təhlükəsiz dəyişiklik istəyir. Amma bunu küçəyə çıxmadan, döyülmədən, həbsə düşmədən arzulayır. Elə iqtidarın özündə də əksəriyyət hüququn işlədiyi bir cəmiyyət istəyir. Çünki nə qədər böyük pul yığırsan-yığ, əgər bunu qoruma mexanizmi yoxdursa, həmin insanlar üçün həyati təhlükə var. Bu reallıqları nəzərə alaraq bunun üzərində siyasət qurmağın tərəfdarıyam.
[b]- Belə çıxışlar edəndə də o fikirlər səslənir ki, Fazil Müstafanın mövqeyi bəlli deyil, müxalifətdirsə, niyə sərbəst toplaşmaq azadlığı tələbi ilə aksiyalara qoşulmur? [/b]
- Burada taktikalar fərqlidir. Bəziləri deyir ki, mən lider qalmaq üçün yüz nəfəri polis qüvvəsinin qabağına verib döydürərək özünümün cəmiyyətdə önəmli olduğumu göstərməliyəm. Amma çağırdığı mitinqə yüz nəfərdən artıq adam toplaya bilmir. Bizim siyasi taktikamız isə belədir: biz müxalifətik və bu hakimiyyətin də özünün demokratik islahatlara başlaması xəttini götürürük. Bunu hakimiyyət etmir, yalnız bunun imitasiyasi ilə məşğuldur. Bir çox məsələlərdə də Azərbaycan geriyə doğru gedir, bunu biz anlayırıq. Amma bu, o deməkdirmi ki, aşağıdan gələn barışmaz dalğa daha yaxşı islahat aparacaq? Bu dalğa Azərbaycanı Qırğızıstan modelinə gətirib çıxara bilər.
Sərbəst toplaşmaq və digər azadlıqlarla bağlı problemləri parlamentdə də, digər müstəvilərdə də dilə gətiririk. Sərbəst toplaşmaq azadlığının məhdudlaşıdırılması, juranlistlərin həbsi yanlışdır. Jurnalistlər də, bloqqerlər də azad olunmalıdır. Çünki bu, dövlətə də başaşağılıq gətirir. Kimsə bunu qışqıraraq, kimsə də sakit tempdə deyir.
Biz müxalifətçiliyi bir neçə qəzet yazarının bəh-bəh deməsi üçün eləmirik. Biz Azərbaycanın inqilab yolu ilə dəyişməsini istəmirik. Biz Azərbaycanın islahatlar yolu ilə dəyişməsini isəyirik. Bunun nəticəsinə indidən qiymət vermək lazım deyil. Bu gün müxalifətdə eyni cinahda olan adam sabah öz yanındakını düşmən sayır və kimsə öz blokunun üzvlərinə fırıldaq gəlirsə, mən hansı qarantiya ilə həmin adamlarla eyni taktikanı yürüdə bilərəm?
[b]- Yəqin ki, "Azadlıq" blokunun parçalanmasına səbəb olan narazılıqları nəzərdə tutursunuz. Tərəflərdən biri ilə vaxtiylə bir yerdə olmusunuz. Siz necə düşünürsünüz, bu qüvvə niyə dağıldı? [/b]
- Əvvəla onu deyim ki, mən "Azadlıq" blokunu qüvvə hesab etmirəm. Azərbaycanda siyasi müstəvidə qüvvə ola biləcək bir ciddi müxalifət təşkilatı var, o da Müsavat Partiyasıdır. Yəni AXCP, ALP, ADP və digərlərinin qüvvə olmaları sual altındadır. Ola bilsin ki, qəzet, mətbuat və başqa vasitələrlə göstərilə bilər, amma qüvvə tamam başqa şeydir. Əgər bir tədbir keçirirsənsə, cəmiyyətin müxtəlif təbəqlərindən sənə dəstək verilməlidir, belə bir şey isə AXCP-yə aid məsələ deyil. Baş verənlər Azərbaycan reallığında görünən mənzərədir ki, "Azadlıq" blokunda uzun illər bir yerdə getdiyi adamlarla AXCP arasında ziddiyyət yarandı. Bu ziddiyyətin yaranmasının səbəbi həm də subyektiv səbəbdir. Burada kiminsə daha fədakar olması söhbəti getmir. Həmişə hamını aldatmağa çalışan insan ola bilsin ki, hakimiyyətə korrupsioner, fırıqdaqçı deyə bilər. Həmin o adamlar partiyalarında anti-demokratik qərarları adi bir hala çevirmişdilər. Həmin adamlar öz dostları ilə bağlı kaset çıxarırdılar, şantaj etmək üçün istənilən addımı atırdılar. Bu gün isə hakimiyyət onlara qarşı onu çıxarır.
[b]- Fazil bəy, fikriniz konkertləşdirin, kimi nəzərdə tutursunuz? [/b]
- Konkretləşdirmək deyəndə, AXCP-nin mətbəxindən danışıram. Burada bir adamdan söhbət getmir. AXCP-də dostlarına fırıldaq gəlmək, şantaj etmək əxlaqı mövcuddur. Bu əxlaqın daşıyıcıları hamısı bir yerdədir. Məsələ ondadır ki, hakimiyyət də indi həmin "ənənəni" onlara qarşı tətbiq etməklə məşğuldur. Ayrılmaq, birləşmək olar. Amma hansı prinsiplə bir araya gəlirsiniz? Hakimiyyətə nifrət ümumi dəyərdimi? Dəyər odur ki, sən hakimiyyətdən fərqini göstərə biləsən. Hələ əlində imkan olmaya-olmaya yanındakını - blokda olan iki partiyanı şantaj eləmisən. Tam məsuliyyətimlə deyirəm, Lalə Şövkət Azərbaycan siyasətində xarakteri ilə kişi addımı ata biləcək az adamlardan biridir, amma ona verilən dəyəri gördük.
[b]- Bəs, Müsavatla AXCP-nin birləşmə məsələsini necə qiymətləndirirsiz? [/b]
- Bu, güclərin birləşməsi deyil. Müsavat bir gücdür. Müsavat-AXCP birliyi yamaqdır, bu, Müsavatın hörmətdən salınması üçün AXCP-nin ora birləşməsi aktıdır. AXCP-nin Müsavatın yanında olması İsa Qəmbərin nüfuzunun aşağı düşməsinə səbəb olan addımdır. Yəni Əli Kərimli ilə bir yerdə dayanması İsa Qəmbərin nüfuzunun aşağı düşməsinə gətirib çıxaran hadisədir. Ona görə də hesab edirəm ki, Müsavat öz platforması ilə getsəydi, daha çox dəstək ala bilərdi. Hörmətdən düşmüş, dəyərləri olmayan bir qüvvəni öz yanına almaqla seçkiyə getməsi Müsavat üçün müsbət sonluqla yekunlaşmayacaq. Amma bu, onların öz işdir.
[b]- AXCP-nin Müsavata yaxınlaşaraq onun gözdən salınmasını istəyən hakimiyyətdirmi? [/b]
- Onu deyə bilmərəm. Açığı, belə bir məlumatım yoxdur. Kiməsə qara yaxmaq baxımından hansısa fikir söyləməyim doğru olmaz. Bütün hallarda burada uduzan tərəf Müsavat Partiyası olacaq.
[b]- Proseslərə nəzərən seçkilərdən nə gözləyirsiniz? [/b]
- Hər halda bu seçkilərdə keyfiyyət baxımından yeni parlamentin formalaşacağı düşüncəsində deyiləm. Parlamentin rolunun qalxması imkanları da geniş deyil. Bu baxımdan da açığı seçki prosesinin davamı olaraq parlamentin səlahiyyətinin daha da artırılması məsələsində bir yenilik görmürəm. Bu olarsa, Azərbaycan cəmiyyətində demokratikləşmə prosesi güclənə bilər.
[b]Zaur ƏHMƏD [/b]