isa Qəmbər Azərbaycan jurnalistlərini təbrik edib

img

21-07-2010 [04:22]


Müsavat Partiyasının Başqanı İsa Qəmbər Milli Mətbuat Günü münasibəti ilə Azərbaycan jurnalistlərini təbrik edib. Təbrikdə deyilir: ?Hörmətli media nümayəndələri! Milli Mətbuatımızın yaranmasının 135-ci ildönümü münasibəti ilə hamınızı təbrik edirəm. 135 il əvvəl böyük H. Zərdabinin yaratdığı ?Əkinçi? qəzetinin nəşri ilə Azərbaycanda milli mətbuatın əsası qoyuldu. ?Əkinçı? ilə başlayan, sonralar ?Şərqi-Rus? ?Həyat?, ?Fyüzat?, ?Açıq söz?, ?Molla Nəsrəddin? və onlarla bu kimi qəzet və jurnallarla yeni mərhələyə qədəm qoyan milli mətbuatımız ilk öncə maarifçilik ideyalarının təbliği sahəsində misilsiz rol oynadı. Həmin illər ərzində Ə. Hüseynzadə, Ə. Ağaoğlu, M. Ə. Rəsulzadə, Ü. Hacıbəyov, C. Məmmədquluzadə, M. Şaxtaxtinski, Ö. F. Nemanzadə və onlarla başqa fədakar qələm sahibləri böyük bir məktəbin əsasını qoydular. Daha sonra Azərbaycan mətbuatı milli mücadilə tariximizin də əsas güzgüsünə çevrildi. Təsadüfi deyil ki, Azərbaycanda siyasi jurnalistikanın təşəkkül tapması məhz ötən əsrin əvvəllərindən başlayıb. Həmin əsrin axırlarında, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda xalq hərəkatı başlayandan sonra mətbuatımız da yeni dirçəliş dövrünə qədəm qoydu, bu mübarizənin əsas mənəvi-ideoloji dayağına çevrildi. Ölkəmiz təkrar müstəqilliyə qovuşandan sonra yeni, azad, demokratik dəyərlərə əsaslanan, əsl peşəkar mətbuatın yaranması üçün unikal zəmin yetişdi. 90-cı illərinin əvvəllərində bu istiqamətdə xeyli irəliləyişlərə nail olundu. Təəssüf ki, 93-cü ilin 4 iyun qiyamından sonra hakimiyyətə gələn H. Əliyevin ölkədə yaratdığı və bu gün daha dözülməz səviyyəyə çatdığı avtoritar rejim əldə olunmuş az-çox nailiyyətlərin üstündən xətt çəkdi. Bu gün mətbuatımız çox acınacaqlı bir vəziyyətə düşüb. İndi ölkədə jurnalistlərin peşə fəaliyyətlərinə görə öldürülməsi və döyülməsi, fiziki və mənəvi təzyiqlərə məruz qalması, şərlənməsi, həbsə atılması adı hala çevrilib. Artıq Azərbaycan azad yazarların əsl həbs düşərgəsinə çevrilib. Beynəlxalq və yerli ictimaiyyətin davamlı etirazlarına baxmayaraq ölkənin 3 tanınmış jurnalisti ? Eynulla Fətullayev və gənc bloggerlər Emin Milli və Adnan Hacızadə hələ də qanunsuz olaraq həbsdə saxlanılır. Bu acınacaqlı vəziyyətdən qurtarmağın yeganə yolu jurnalistlərin həmrəyliyinə, ictimaiyyətin ayrı-ayrı təbəqələrinin, ziyalıların, siyasi qüvvələrin bütövlükdə cəmiyyətin fəallaşmasında, rejimin özbaşınalığına qarşı ciddi təpki göstərməsindədir. Hörmətli media nümayəndələri! Bütün bu təqib və təzyiqlərə, çətin və dözülməz şəraitə baxmayaraq şanlı keçmişə və ənənələrə malik Azərbaycan jurnalistikasının nümayəndələri öz peşə bayramlarını iftixar hissi ilə keçirməyə layiqdirlər. Bu gün ölkəmizdə həmin şanlı və fədakar jurnalistikanın çoxsaylı davamçıları var. Məhz onların rəşadəti və mətanəti sayəsində rejim azad və müstəqil jurnalistikanı birdəfəlik yox etmək planlarını gerçəkləşdirə bilmir. Bir daha Sizi Milli Mətbuat Günü münasibəti ilə təbrik edir, şəxsi həyatınızda xoşbəxtlik, peşə fəaliyyətinizdə uğurlar arzulayıram və inanıram ki, Azad Söz qalib gələcəkdir!?

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:25 06.08.2025

Xorxe Kosta vəfat edib